Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

1. İLK DEMOKRATLAR 
Afinalı Perikl

 

Afina demokratiyası dünya tarixində dolğun təsvir olunmuş ilk demokratik dövlət sistemidir.  Qullar istisna olmaqla şəhərin bütün vətəndaşları üçün ümumi bərabərlik və şəxsi azadlıq ideyası afinalılar arasında aristokratların hakimiyyətinin doğurduğu yoxsulluq və istibdada qarşı cavab reaksiyası kimi yayılmağa başlamışdı.  Qədim yunan salnamələrinə görə, demokratlarla aristokratlar arasında e.ə. 7-ci əsrdə başlanan və demək olar ki, fasiləsiz davam edən mübarizə e.ə. 460-cı ildə demokratlar partiyasının qələbəsi ilə nəticələnmişdi.  Bu partiyaya görkəmli siyasətçi və sərkərdə, əqidəli demokrat Perikl 32 il başçılıq etmişdir (e.ə. 495-429-cu illər).

Afina demokratiyası ziddiyyətlərlə zəngin olmuşdur.  O, bəzi afinalı intellektuallar (o cümlədən Platon və onun həmfikirləri) tərəfindən kütlələrin nəzarətsiz hakimiyyəti, korrupsiya və xaos mənbəyi kimi qəbul olunurdu.  Lakin Periklin rəhbərliyi dövründə Afina uğurlu daxili siyasət yeridərək, həmçinin İranın istibdad və Spartanın totalitar rejimlərinin (Sparta ilə Afina on illərcə davam edən üzücü müharibələr aparmışlar) təcavüzlərini dəf edərək iqtisadi, siyasi və mənəvi yüksəlişə nail olmuşdur.

Yalnız düzgünlüyünə əmin olduqdan sonra hər hansı əmri yerinə yetirən azad insanlara - demokratik cəmiyyətin üzvlərinə rəhbərlik etmək, əlbəttə, liderin istənilən əmrini sözsüz yerinə yetirməyə hazır olan insanlardan ibarət totalitar cəmiyyətin üzvlərinə rəhbərlik etməkdən müqayisəolunmaz dərəcədə çətindir.  Lakin Perikl populizmdən uzaq idi, "o, kütləyə ona görə rəhbərlik edə bilirdi ki, hakimiyyətə ləyaqətsiz vasitələrdən istifadə etmədən gəlmişdi; onun kütləyə yarınmağa ehtiyacı yox idi və o, hörmətə malik olduğundan kütləyə qarşı kəskin şəkildə çıxa bilirdi", - deyə tarixçi Fukidid yazırdı.

Bütün bu vaxt ərzində Afina dövlətinin siyasi quruluşu haqqında mübahisələr səngimirdi. Demokratiyanı amansızcasına tənqid edənlər israr edirdilər ki, əsl-nəcabəti olmayan vətəndaşların şəhərin idarə olunmasında iştirakına yol vermək olmaz - şəhəri "ləyaqətli və bilikli" adamlar idarə etməlidir. Bundan başqa, Afina cəmiyyətindəki azadlıq və açıqlıq tənqid olunurdu; iddia edirdilər ki, əmlak ziddiyyətlərindən və demək olar ki, bütövlükdə fərdi azadlıqlardan məhrum olan hərbiləşdirilmiş Sparta cəmiyyəti sosial cəhətdən daha səmərəli və müharibə aparmaq üçün daha sərfəlidir.

Sparta ilə müharibə əslində vətəndaş müharibəsi idi. O həm Afinanı, həm də bütün yunan şəhərlərini iki hissəyə parçaladı: bütün Elladada aristokratiyanın tərəfdarları öz nəzərlərini Spartaya dikir, demokratlar isə Afinaya rəğbət bəsləyirdilər.

Sparta ilə müharibədə ilk həlak olmuş döyüşçülərin dəfn mərasimində Periklin söylədiyi və Afina tarixçisi Fukididin yazıya aldığı, öz zəmanəsini min-min illər qabaqlamış və indinin özündə də insanları həyəcana gətirən bu nitq demokratiyanın müdafiəsinə söylənilmiş bizə bəlli ilk nitqdir və yaxşı olardı ki, bizim məktəblilər də demokratik təhsil çərçivəsində bu nitqi əzbər öyrənsinlər.

"...Qonşumuz öz davranışında şəxsi meyllərinə uyğun hərəkət edirsə biz ona pis gözlə baxmırıq" - Periklin bu ifadəsi ilə tarixdə ilk dəfə liberalizmin başlıca ideyası - insan şəxsiyyətinə hörmət və onun şəxsi həyatına müdaxilə etməmək ideyasının mahiyyəti səslənmişdir.  "...Biz azad yaşayırıq... bununla yanaşı, bizə bərabər olan rəqibə qarşı cəsarətlə mübarizə aparırıq..." - Periklin bu sözləri hərbiləşdirilmiş Sparta həyat tərzinin tərəfdarlarına ünvanlanmışdır. "Və güman edirəm ki, bizlərdən hər birimiz ən müxtəlif həyat şəraitlərində öz şəxsi keyfiyyətlərini asanlıq və incəliklə təsdiq edə bilər..." - burada Perikl həmvətənlərinə açıq cəmiyyətin çox gözəl bir cəhətini xatırladır və haqlı olaraq zənn edir ki, şəxsi keyfiyyətlərini göstərmək, öz şəxsiyyətini cəmiyyətdə təsdiqləmək imkanı insan təbiətinin can atdığı əsas istəklərdəndir və onun uğrunda mübarizə aparmağa dəyər.

İyirminci əsrin görkəmli filosofu Karl Popperin yazdığı kimi, Periklin nitqi "yalnız proqram deyildir.  Bu həm də müdafiə, bəlkə də hücumdur.  Bu nitq yalnız Spartanın donub qalmış tayfa quruluşuna qarşı deyil, həmçinin Afinanın totalitar dairəsinə, yaxud "totalitar birliyə" qarşı, "ata dövlət" uğrunda hərəkata qarşı yönəlmişdir.

E.ə. 431-ci ildə Sparta Perikllə bağladığı sülhü pozdu və İranın yardımına arxalanaraq Afina torpaqlarına soxuldu və, son nəticədə qələbə çaldı.

Bu, istibdad və totalitarizmin demokratiya üzərində çoxsaylı qələbələrindən birincisi idi.  Lakin 2500 ildən sonra dünya demokratiyası öz mənfəətləri, "ali məqsədləri" naminə, bəzən isə elə-belə, məqsədsiz olaraq insanların həyatını qurban verən rejimləri iyirminci əsrin sonunda darmadağın edərək öz tam qələbəsini çaldı...

* * *


AFİNALI PERİKL
Demokratiyanın müdafiəsinə dair
Afina şəhid oğullarının dəfnində qəbirüstü nitq (təx. e.ə. 430-cu il)


...Bu müharibədə həlak olanların şərəfinə nitq söyləmək vaxtı çatanda natiq qismində Ksantippin oğlu Perikli seçdilər.  O, hamı eşitsin deyə, məqbərə önündə ucaldılmış meydançadan bu nitqlə çıxış etdi...

...Bu gün burada dəfn etdiyimiz qəhrəmanların şəninə təriflər söyləməyə başlamazdan əvvəl mən şəhərimizi hazırkı əzəmətə yetirmiş quruluş, həyat tərzimizin qanun-qaydaları barədə danışmaq istəyirəm.

...Biz öz dövlət quruluşumuz üçün heç bir yadelli qanunları nümunə götürməmişik. Əksinə, biz nədəsə kimlərisə təqlid etməkdənsə özümüz başqaları üçün həmişə örnək olmuşuq. Şəhərimizi bir ovuc şəxs deyil, xalqın böyük əksəriyyəti idarə etdiyinə görə dövlət quruluşumuz xalq idarəçiliyi adlanır. Bizdə şəxsi işlərdə hamı qanunlar əsasında eyni hüquqlardan istifadə edir. Dövlət işlərinə gəldikdə isə, bizdə hər bir kəs yalnız ləyaqətinə görə fəxri dövlət vəzifələrinə irəli sürülür, belə ki, həmin şəxs müəyyən zümrəyə mənsub olduğuna görə deyil, şəxsi fədakarlığına görə nəyləsə fərqlənə bilmişdir. Əgər hər hansı bir insan dövlətə xidmət göstərməyə qadirdirsə, yoxsulluq, əsil-kökün olmaması, yaxud aşağı ictimai hal onun fəxri vəzifə tutmasına mane olmur.

Biz dövlətimizdə azad yaşayır və gündəlik həyatımızda qarşılıqlı şübhələrə yol vermirik: qonşumuz öz davranışında şəxsi meyllərinə uyğun hərəkət edirsə, biz ona pis gözlə baxmırıq və öz ziyansız, lakin qan qaralda biləcək narazılığımızı ona bildirmirik.

Şəxsi münasibətlərimizdə biz bir-birimizin günahlarından keçsək də, ictimai həyatda qanunları heç vaxt pozmuruq, başlıcası ona görə ki, biz qanunlara hörmətlə yanaşırıq, hakimiyyətə və qanunlara, ələlxüsus da incidilənlərin müdafiəsi üçün qoyulmuş qaydalara, habelə yazıya alınmasalar da, pozulmasını eyib saydığımız qanunlara tabe oluruq...

...Rəqiblərimiz də öz tərbiyə üsullarına əsasən öz cavanlarının mətanətini lap kiçik yaşlarından sərt intizamın köməyilə möhkəmləndirməyə can atırlar, biz isə sərbəst, bu cür sərtliklərdən azad yaşayır, bununla belə, bizə bərabər olan düşmənə qarşı cəsarətlə mübarizə aparırıq...

...Biz gözəlliyə olan meylimizi israfçılığa yol vermədən inkişaf etdirir və elmlərlə mənəvi gücümüzə xələl gətirmədən məşğul oluruq. Var-dövləti biz boş bir lovğalıq xatirinə deyil, ondan faydalı şəkildə istifadə etdiyimizə görə qiymətləndiririk.

Bizdə yoxsulluğu etiraf etmək heç kəs üçün rüsvayçılıq sayılmır, lakin biz ən böyük rüsvayçılığı onda görürük ki, insan öz əməyi ilə bu rüsvayçılıqdan qurtulmağa çalışmasın.

Bizdə elə adamlar var ki, eyni vaxtda həm öz işləri ilə, həm də ictimai işlərlə məşğul olurlar. Lakin qalan vətəndaşların hər biri öz peşəsi ilə məşğul olsa da, siyasətdən yaxşı baş çıxarırlar. Çünki yalnız biz ictimai fəaliyyətlə məşğul olmayanı qeyrətli vətəndaş deyil, gərəksiz adam sayırıq.

Biz heç də düşünmürük ki, açıq müzakirə dövlət işlərinin gedişinə ziyan vura bilər. Əksinə, biz belə hesab edirik ki, hər bir lazımlı qərar lehinə və əleyhinə çıxışların köməyilə qabaqcadan hazırlıq görülməklə qəbul olunmalıdır.

Çox az adam siyasətçi ola bilər, lakin siyasətçilərin əməllərinə qiymət verməyə hamının haqqı var.

Başqalarından fərqli olaraq biz cəsarət sahibi olmağımıza baxmayaraq, planlarımızı qabaqcadan əsaslı surətdə düşünüb yalnız bundan sonra risq etməyi üstün tuturuq;  başqalarında isə nadanlıq ötkəm bir cəsarət, ayıq mülahizə isə qətiyyətsizlik törədir. Yalnız o adamları həqiqi igid saymaq olar ki, onlar dərdin də, sevincin də nə olduğunu yaxşı bilirlər və məhz bunu bildiklərinə görə təhlükələrdən qorxub çəkinmirlər...

...Bir sözlə, mən israr edirəm ki, şəhərimiz bütün Ellada üçün bir məktəbdir və güman edirəm ki, bizlərdən hər birimiz ən müxtəlif həyat şəraitlərində öz şəxsi keyfiyyətlərini asanlıq və incəliklə təsdiq edə bilər...

...Buna görə də mən şəhərimizin şan-şöhrəti barədə bu qədər geniş danışdım. Mən həm də onu göstərmək istəyirdim ki, biz öz mübarizəmizlə bu cür sərvətdən məhrum insanların müdafiə etdiyindən daha böyük bir şeyi müdafiə edirik...

...Və şəhərimizin əzəmətinə görə fərəhlənərkən unutmayın ki, bu şəhəri şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən insanlar yaratmışlar...

Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi təhlükələrin gözünə dik baxın...


Fukidid, "Pelopones müharibəsinin tarixi" 


  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan