Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


2. İLK ANTİDEMOKRATLAR
Afinalı Platon

Platonun (e.ə. 427/8-347/8-ci illər) fəlsəfi irsi Azərbaycan oxucularına yaxşı tanışdır.  O, Periklin ölümündən bir il sonra aristokrat ailəsində doğulmuşdur.  Demokratik Afina o vaxtlar Sparta müdaxiləsi dövrünü yaşayırdı.  Ölkəni bürüyən vətəndaş müharibəsi e.ə. 404-cü ildə "On üç tiranın hakimiyyəti" adı ilə məşhur olan mürtəce aristokrat rejiminin bərqərar olmasına gətirib çıxardı.  Bu rejimin liderlərindən ikisi - Kriti və Karmid Platonun yaxın qohumları idi.  Lakin tezliklə demokrat partiyası aristokratları hakimiyyətdən uzaqlaşdırdı, Platonun hər iki qohumu hadisələrin gedişində öldürüldü.  Ölkədə demokratik rejim bərqərar oldu.

Platonun gənclik illərində Afinanı bürümüş qanlı hadisələr, aclıq və epidemiyalar onda hər hansı sosial dəyişikliklərə qarşı güclü nifrət yaratmışdı.  Onun müəllimi - aristokratların yaxını və böyük filosof Sokrat demokratiya bərpa ediləndən sonra Afina şurası tərəfindən ataların dinini təhqir etməkdə və gənclərin şüurunu zəhərləməkdə günahlandırılaraq ölümə məhkum edildi (220 səsə qarşı 280 səslə).  Platon və onunla yanaşı Sokratın digər şagirdləri e.ə. 399-cu ildə Afinanı tərk etdilər.  Platon Yunanıstan, Misir və İtaliyanın şəhərləri boyunca səyahətə çıxdı.  Siciliyada olarkən o, Sirakuz tiranı Dionisinin sarayında siyasi mübarizəyə qoşuldu və sonra Sirakuzdan qovuldu.  Platon e.ə. 387-ci ildə Afinaya qayıdaraq akademiya (müasir universitetlərin prototipi) yaratdı və 40 il orada fəlsəfəni tədris etdi.

Platonun əsərləri Avropa idealizminin və etikasının təməlini qoymuş və sovet filosoflarının arasıkəsilməyən amansız tənqidləri sayəsində keçmiş SSRİ məkanında yaxşı tanınmışdır.  Platonun cəmiyyətin siyasi və sosial quruluşuna dair baxışları isə bizə daha az məlum olmuşdur; onun yaradıcılığının bu tərəfi sovet filosofları tərəfindən az xatırlanmamış və tənqid edilmişdir.  Bu, onunla izah olunur ki, Platonun təsvir etdiyi dövlət kommunistlərin ölkədə qurmaqda olduqları utopiyaya (yaxud antiutopiyaya) çox oxşayırdı.

Platonun siyasi baxışları mürtəce mühafizəkarlıq fəlsəfəsi üçün təmələ çevrilmişdir.  Əslində Platon bu günə qədər qalmaqda olan ümumi antidemokratik ənənələrin banisi olmuşdur.  Periklin demokratiyanın müdafiəsinə söylədiyi alovlu nitqindən 80 il sonra Platon israr edirdi ki, cəmiyyəti kəmsavad xalqın iradəsi deyil, ləyaqətli və bilikli insanlar, ruhən aristokratlar idarə etməlidir; dövlətdə hərc-mərcliyin əsas səbəbi isə insan azadlığıdır.

Hər halda, demokratiyanın Platon tərəfindən tənqidinə diqqətlə yanaşılmalıdır.  Biz burada dərhal görəcəyik ki, Platonun keçirdiyi qorxu və şübhə hisslərini ölkəmizdə demokratiyanın inkişafını izləyərkən hər birimiz də keçiririk; bundan başqa, Platonun dövlətin idarə olunmasında iştirak etmək istəyən insanların (demokratik ölkələrdə bu, bütün vətəndaşlara aiddir) öz bilik səviyyələrini daim artırmalı olmalarına dair tələbi tamamilə haqlıdır.
 

* * *

AFİNALI PLATON
Demokratiyanın əleyhinə (təx. e.ə. 350-ci il)

Demokratiya, məncə, o vaxt həyata keçirilir ki, yoxsullar qalib gələrək düşmənlərinin bir hissəsini məhv edir, digər hissəsini qovur, yerdə qalanların isə vətəndaş hüquqlarını və dövlət vəzifəsi tutmaq imkanlarını bərabərləşdirirlər.  Demokratik quruluşda dövlət vəzifələrinin tutulması əsasən püşkatma yolu ilə həyata keçirilir...

İnsanlar bu şəraitdə necə yaşayırlar? Bu dövlət quruluşu nədən ibarətdir?  Aydındır ki, o, demokratik xüsusiyyətlər əldə edən insanda da öz əksini tapır...

Hər şeydən öncə, bu, azad insanlar olacaqdır: dövlətdə tam azadlıq, aşkarlıq və istədiyini etmək imkanı olacaqdır...  Buna imkan verilən yerdə isə hər kəs öz həyatını istədiyi kimi quracaqdır...

Demokratik dövlətdə hətta qabiliyyətin çatsa da, idarəetmədə iştirakın vacib deyildir; həmçinin başqaları döyüşərkən döyüşmək istəmirsənsə, ya da sülh tərəfdarı deyilsənsə və başqaları kimi sülhü gözləmək istəmirsənsə, tabe olmağa borclu deyilsən.  Və bir də, tutaq ki, hər hansı qanun sənə idarə, yaxud mühakimə etməyi qadağan edir, amma ağlına batsa, istədiyini edə bilərsən.  Belə həyat ilk baxışdan gözəl və cazibədar deyilmi?..  

Sonra.  Məgər burada bəzi məhkum edilmişlərə münasibətdə mərhəmət əla deyilmi? Yoxsa sən bu dövlət quruluşunda ölümə, ya da sürgünə məhkum edilmiş adamların cəmiyyətdə qalıb yaşadıqlarını görməmisən? Elə bil, heç kəsin onunla işi yoxdur və heç kəs onu görmür, beləsi az qala yarımallah kimi özü üçün gəzib dolaşır... Bu yumşaqlıq demokratik quruluşun heç də xırda təfsilatı deyildir; əksinə, [ideal] dövlətimizi yaradarkən mühüm hesab etdiyimiz hər şeyə qarşı nifrəti əks etdirir.  Biz deyirdik ki, insanın təbiəti gözəl deyilsə, o, heç vaxt xeyirxah ola bilməz; eynilə uşaqlıqdan (oyunlarda və məşğələlərdə) o, gözəlliklə təmasda olmur.  Bununla belə, demokratik quruluş təkəbbürlə bütün bunları tapdalayır, heç fərqinə də varmır ki, dövlət qulluğuna keçənlər əvvəl nə ilə məşğul olublar.  Adamlara yalnız kütlənin rəğbətini qazandığına görə hörmət göstərirlər.  Bu və bu kimi cəhətlər demokratiyaya xasdır.  Bu quruluş zəruri idarəçiliyə malik deyil, lakin xoşagələn və rəngarəngdir.  Bu quruluşda bərabər olanları və olmayanları bərabərləşdirən qəribə bir bərabərlik var... Lakin ən qəribə dövlət quruluşu və ən qəribə adam haqqında hələ danışmamışıq: bu, tiraniya və tirandır.  Gəl baxaq görək, əziz dost, tiraniya necə meydana gəlir.  Onun demokratiyadan törədiyi, deyəsən, aydındır.

Belə ki, demokratiyanın xoşbəxtlik kimi qəbul etdiyi və yorulmadan can atdığı şey [azadlıq] elə onun özünü dağıdır.  Onun xoşbəxtlik kimi qəbul etdiyi şey, səncə, nədən ibarətdir? Demokratik dövlətdə elə ancaq eşidirsən ki, azadlıq necə gözəldir və təbiətən azad olanlar yalnız bu cür dövlətdə yaşaya bilərlər...

Demokratik quruluşun və azadlıq yanğısının hökm sürdüyü dövlətin başına axmaq şərabpaylayan gəlib çıxanda bu dövlət "su qatılmamış" azadlıqdan hədsiz məst olur, öz vəzifəli şəxslərini isə yalnız ona görə cəzalandırır ki, onlar kifayət qədər iltifatlı deyillər və hamıya tam azadlıq vermirlər...

Orada hakimiyyətə itaətkar vətəndaşları heç nəyə dəyməyən könüllü qullar kimi hörmətsiz edir, ancaq təbəələrə oxşayan hakimləri və hakimlərə oxşayan təbəələri isə tərifləyir və onlara həm şəxsi, həm də ictimai həyatda hörmətlə yanaşırlar.  Məgər belə dövlətdə azadlıq labüd olaraq hər şeyə sirayət etmirmi?..  Mənim dostum, o, şəxsi evlərə də nüfuz edir və axırda hətta heyvanlar da itaətsizlik göstərməyə başlayır...

Bəli, məsələn, ata uşağa uyğunlaşmağa məcbur olur və öz uşaqlarından çəkinir, oğul isə atasından yuxarıda dayanır; orada valideynlərə nə hörmət edir, nə də onlardan çəkinirlər (bütün bunlar azadlıq adı altında edilir), köçkün yerli vətəndaşa, vətəndaş isə köçkünə bərabər tutulur; yadellilərə münasibət də belədir...

Bundan başqa, digər xırda şeylər: bu cür şəraitdə müəllim şagirdlərdən çəkinir və onların qarşısında alçalır, şagirdlər isə öz müəllim və tərbiyəçilərini veclərinə də almırlar.  Ümumiyyətlə, gənclər böyükləri yamsılamağa, fikir və işlərində onlarla yarışmağa başlayırlar; böyüklər isə gənclərə uyğunlaşmağa və onları yamsılamağa məcbur olaraq xoş gəlmək və hökmlü görünməmək üçün yersiz zarafatlaşmaqdan və şuxluq etməkdən çəkinmirlər...

Lakin bu cür dövlətin əhalisi üçün ifrat azadlıq ondan ibarətdir ki, satın alınmış qul və kənizlər heç də öz sahiblərindən az azad deyillər.  Hə, az qala burada qadınların kişilərə və kişilərin qadınlara münasibətdə nə cür azad olduqlarını deməyi unutmuşduq.

Bax, mən də elə onu deyirəm.  Adamların ixtiyarında olan heyvanların nə qədər azad olduğunu gözlərinlə görməyincə inanmazsan.  Lap "itlər evin sahibidir" məsəlində olduğu kimidir; ...burada atlar və ulaqlar vüqarla və tam sərbəst keçib getməyə və hətta yoldan çəkilməyəndə qabaqlarına çıxanı döşləməyə vərdiş ediblər. Bax, beləcə, hər şey azadlıq hissi ilə aşıb-daşır...

Əgər bunların hamısını bir yerə yığsaq, ən əsas şey vətəndaşların qəlbinin hətta xırda məsələlərə də son dərəcə həssas olmasından ibarətdir:  məcburi olan hər şey onlarda hiddət doğurur...  Onlar sonda elə bir həddə gəlib çıxacaqlar ki, hətta yazılmış və yazılmamış qanunlarla hesablaşmamağa başlayacaqlar, kiminsə onların üzərində hakimiyyətinin olmasını istəməyəcəklər.

Bax, beləcə, dostum, belə gözəl və gənc kimi ötkəm idarəetmədən, məncə, tiraniya yaranır...  Özbaşınalıq demokratiyanı kölə halına salır...  İfrat azadlıq, görünür, həm ayrı-ayrı adamlar, həm də dövlət üçün ağır köləliyə çevrilir...

Mən dəliqanlı igidlərin rəhbərliyi altında çox cəsur olmasalar da, onları təqlid etməyə çalışan, xüsusi növ avara və israfçı adamların peyda olmasını da o cür xəstəlik sayıram: biz onları tüfeyli arılara bənzədirik, onların bəzilərinin iynəsi var, digərləri isə bundan məhrumdur...

Hər iki qrup meydana gələn kimi iltihab və səfranın bədənə təsir göstərdiyi qaydada istənilən dövlət quruluşunu dağıdır.  Həm yaxşı həkim, həm də yaxşı dövlət başçısı təcrübəli arıçı kimi əvvəlcədən tədbir görməlidir ki, tüfeyli arıların meydana gəlməsinə imkan verməsin.  Əgər onlar, hər halda, meydana gəlsələr, onları şanıları ilə birlikdə kəsib atmaq lazımdır.

Nəyi fərqləndirmək istədiyimizin aydın olması üçün belə edək.  Demokratik dövləti xəyalən üç hissəyə bölək - bu, həqiqətdə də belədir.  Bir hissə tüfeyli arılara oxşayanlardan ibarətdir...  Demokratiya şəraitində onlar nadir istisnalarla başda dayanırlar: tüfeyli arıların ən zəhərliləri nitq söyləyir və fəaliyyətdədirlər, qalanları isə kürsüyə yaxın yerləşir, hay-küy salır və heç kəsin başqa cür danışmasına imkan vermirlər.  Belə çıxır ki, bu cür dövlət quruluşunda belə adamlar çox az istisnalarla hər şeyi idarə edirlər...

Kütlədən adətən başqa bir hissə də ayrılır...  İşbazların içərisində təbiətcə ən sahmanlılar əksərən ən varlı adamlara çevrilirlər.  Tüfeyli arılara məhz onlardan bal toplamaq daha rahatdır.  Belə varlıları adətən tüfeyli arıların şanı adlandırırlar.

Üçüncü hissə xalqdan ibarətdir.  Bunlar o adamlardır ki, öz əlləri ilə zəhmət çəkirlər, işbazlıqdan uzaqdırlar və elə bir əmlakları yoxdur.  Onlar hamıdan çoxdurlar və demokratik quruluşda daha çox təsirə (xüsusilə də bir yerə toplaşanda) malikdirlər.  Hakimiyyətin varlıların əmlakını alıb xalqa paylamaq imkanı var (düzdür, çox hissəsini özünə saxlayır)... Əmlakı alınanlar isə özlərini müdafiəyə, xalq yığıncağında çıxış etməyə və ümumiyyətlə, mümkün olan hər şeyə əl atmağa məcbur olurlar... Onlar çevriliş etmək fikrində olmasalar da, xalqa qarşı fitnə törətməkdə ittiham olunurlar... İttihamlar, məhkəmə araşdırmaları, çəkişmələr başlayır...

Məgər xalq kimi isə - bir nəfəri xüsusilə fərqləndirməyə, ona pərəstiş etməyə və yüksəltməyə öyrəncəli deyilmi? Əlbəttə, öyrəncəlidir...

Deməli, heç olmasa o aydındır ki, tiran məhz bu kökün üzərində, yəni xalqın adamı kimi yetişib meydana çıxır.  Xalq adamının tirana çevrilməsi nədən başlayır?

İxtiyarında son dərəcə itaətkar kütlə olan bir adam öz həmqəbilələrinin qanını tökmək istəyini cilovlaya bilərmi? Əksinə, həmişə olduğu kimi, o, onları ədalətsiz ittihamlarla məhkəməyə çəkəcək və həyatdan məhrum edərək özünü ləkələyəcəkdir: öz günahları doğmalarının ölümünə bais olacaqdır. O, sürgün və dəhşətli edamlarla yanaşı, borcların ləğv edilməsi və torpaqların yenidən bölünməsi haqqında da vədlər verəcəkdir.  Məgər bütün bunlardan sonra bu adam iki yoldan birini seçmək məcburiyyətində qalmırmı: ya öz düşmənlərinin əlində həlak olmalı, ya da tiran olmalı və insanlıqdan çıxıb canavara çevrilməlidir.  O, həmin adamdır ki, mülkiyyəti olanlara qarşı üsyan qaldırır...

İlk günlər, ümumiyyətlə, ilk vaxtlar o, qarşısına çıxanların hamısının üzünə gülür, özü haqqında isə tiran olmadığı fikrini formalaşdırır;  ayrı-ayrı adamlara və cəmiyyətə çoxlu vədlər verir;  adamları borclardan azad edir, xalqa və öz məiyyətinə torpaq paylayır...

O, düşmənlərindən bəziləri ilə barışdıqdan, digərlərini narahatlıq törətməmələri üçün məhv etdikdən sonra, düşünürəm ki, əsas vəzifə kimi vətəndaşları daim hər hansı müharibələrə cəlb edəcəkdir ki, xalq başçıya ehtiyac hiss etsin...  Bunu həm də ona görə edəcəkdir ki, adamlar vergilərdən yoxsullaşsınlar və ona qarşı pis fikrə düşməyə vaxt tapmayaraq özlərini birtəhər dolandırsınlar.

O, azadfikirlilikdə və hakimiyyətə qarşı olmaqda şübhələndiyi adamları isə məhv edəcək və bəhanə kimi onları düşmənə satılmaqda suçlandıracaqdır...

Yeri gəlmişkən, onun yüksəlişinə yardım etmiş bəzi nüfuzlu adamlar da açıq şəkildə, öz aralarındakı söhbətlərdə baş verənlərə narazılıqlarını bildirəcəklər...  Tiran öz hakimiyyətini saxlamaq üçün onların hamısını məhv etməli olacaqdır.  Sonra isə nə düşmənlərin, nə də dostların içərisində işə yarayan adam qalacaqdır...  Deməli, tiran bütün mərd, alicənab, ağıllı, varlı adamları diqqət mərkəzində saxlamalıdır.  Tiranın rahatlığı istər-istəməz bu cür adamlara qarşı düşmənçilik və dövləti onlardan təmizləyənə qədər onlara qarşı fitnələrin qurulması üzərində dayanır...  Görünür ki, hakimiyyəti saxlamaq istəyirsə, bu, tiran üçün vacibdir.  O, ya ona nifrət bəsləyən yaramazlar dəstəsi ilə firavan yaşamaq, ya da həyatla vidalaşmaq seçiminə məhkum edilmişdir...

Vəziyyət "yağışdan çıxdıq, yağmura düşdük" məsəlindəki kimidir: xalq azad adamların tabeliyindən çıxıb despotik hakimiyyətin nökərinə, tam azadlığını ən ağır və acı köləliyə dəyişərək kölələrin köləsinə çevrilir...


"Dövlət" əsərindən

* * *

PLATONUN İDEAL DÖVLƏTİ
Birlik, harmoniya və ləyaqətlilərin hakimiyyətinə itaətkarlıq

...Beləliklə, hər bir insan bu və ya digər tələbatını ödəmək üçün gah bir, gah da digər adamdan istifadə edir. Çox şeyə ehtiyac duyan adamlar bir yerə toplaşırlar ki, birgə yaşasınlar və bir-birlərinə kömək etsinlər: bu cür birgəyaşayış bizdə dövlət adlanır...
 
Bizdə [ideal dövlətdə] çəkməçilik işinin müvəffəqiyyətlə getməsindən ötrü çəkməçiyə əkinçi, yaxud toxucu, ya da bənna olmağa hətta cəhd göstərməyi də qadağan etmişik; elə beləcə də hər kəsə fitri qabiliyyətinə uyğun yalnız bir iş tapşırmışıq: o məhz bununla bütün ömrü boyu məşğul olacaq, diqqətini başqa şeyə yayındırmayacaq və uğur qazanacaq...
 
Burada ən əsası odur ki, heç kəs heç vaxt- kişilər də, qadınlar da başçısız qalmamalıdır. Ciddi məşğələlərdə və oyunlarda heç kəs özünü şəxsi rəyi ilə hərəkət etməyə öyrətməməlidir.  Yox, həmişə - müharibədə də, sülh vaxtı da hər kəsin bir gözü başçıda olmalı, onun göstərişlərinə əməl etməlidir.  Hətta ən əhəmiyyətsiz şeylərdə də onların rəhbərliyi əsas götürülməlidir, məsələn, başçının əmri ilə dərhal yerində dayanmalı, irəli getməli, təlimlərə başlamalı, yuyunmalı, qidalanmalı və keşik çəkməli, yaxud tapşırıqları yerinə yetirmək üçün oyanıb durmalı... Bir sözlə, qoy insanın qəlbi başqalarından ayrılıqda nəyisə etməməyə və hətta bunun necə mümkün ola biləcəyini başa düşməməyə vərdiş etsin...
 
Tərbiyə necə olmalıdır?.. Nəhənglərin döyüşlərini, Tanrı və qəhrəmanların öz qohumları və yaxınları ilə digər Çoxsaylı ixtilaflarını təsvir etməyə və şişirtməyə heç bir ehtiyac yoxdur - əksinə, əgər biz vətəndaşlardan heç birinin digərinə heç vaxt düşmənçilik bəsləməməsi və bunun şərəfsizlik olması fikrini beyinlərə yeritmək istəyiriksə, onda qocalar və qarılar yubanmadan uşaqlara elə onlar böyüyəndən sonra da məhz bu barədə və mümkün qədər Çox danışmalıdırlar.

Mif yaratmaq [dövlətin] əsasını qoyanların işi deyil - onlara bədii yaradıcılığın əsas cizgilərini bilmək və onların təhrif edilməsinə yol verməmək kifayətdir...   

Axı həqiqəti hər şeydən üstün tutmaq lazımdır.  Bu yaxınlarda demişdik ki, yalanın allahlara mahiyyətcə heç bir faydası yoxdur, adamlara isə yalan müalicə dərmanı kimi faydalı ola bilər.  Dediklərimiz düzdürsə, onda bu dərmanı həkimlərin ixtiyarına buraxmaq lazımdır, nadan adamlar isə ona əl vurmamalıdır...
 
Kimə olmasa da, dövlət başçılarına həm düşmənə qarşı, həm də dövlətin xeyri naminə öz vətəndaşlarından ötrü yalan işlətməsinə yol vermək olar, lakin yerdə qalan heç kəsə ona əl atmasına şərait yaratmaq olmaz.  Əgər ayrı-ayrı şəxslər hökmdarlar kimi yalan danışmağa  başlasalar, onda bunu xəstənin həkimə yalan deməsindən də betər hərəkət sayacağıq...
 
Eşq zövqündən daha güclü və şiddətli həzzin adını çəkə bilərsənmi? Bununla belə, düzgün eşq sadəliyi və gözəlliyi sevir, bunları mühakimə və harmoniya ilə edir.  Deməli, həqiqi məhəbbətə azğınlıq və pozğunluqla bağlı şeyləri calamaq olmaz.  Sözsüz ki, ona eşqbazlığı da əlavə etmək olmaz: həqiqi sevənlərlə onu bağlayan heç bir ümumi cəhət yoxdur...
 
Beləliklə, dövlətimizin güclənməsi və abadlaşması şəraitində bütün təbəqələrə imkan yaratmaq lazımdır ki, fitri qabiliyyətlərinə uyğun olaraq ümumi inkişafımıza öz paylarını verə bilsinlər...
 
Bax gör bu deyilmi o biri ustaların hamısını korlayan, onları yararsız edən?..  Sərvət və yoxsulluq. Varlanmış dulusçu, səncə, öz sənətində daha da təkmilləşməyə çalışacaqmı?..
 
Dövlətin bizim dediyimiz kimi deyil, başqa cür adlanmağa layiq olduğunu sayırsansa, xoş halına.  Başqa cür yanaşsaq, ad çox uzun alınacaqdır, çünki onlardan hər biri "şəhər"i [şəhər-dövləti] deyil, çoxlu dövləti bildirəcəkdir.  İstənilən halda onlar bir-birinə düşmən iki dövlətdən ibarətdir: biri yoxsulların, digəri varlıların; onların hər biri də çoxlu dövlətdən ibarətdir, ona görə də onları vahid saysanız yanılmış olarsınız...
 
Əgər sən onlara çoxluğa yanaşdığın kimi yanaşsan, pul vəsaitini və hakimiyyəti birindən alıb digərinə versən, yaxud onların özünü bir qrupdan digərinə dəyişsən özünə əbədi müttəfiqlər qazanarsan, düşmənlərin isə azalar... 
 
Bu ərlərin [keşikçilərin] arvadları ümumi olmalıdır, təklikdə isə qoy heç bir qadın heç kəslə nikahda olmasın.  Uşaqlar da ümumi olmalıdır, qoy ata hansı uşağın onun olduğunu, uşaq isə atasının kim olduğunu bilməsin...
 
Biz abad dövləti bədənə bənzətdik, onun ağrıları, yaxud sağlamlığı isə üzvlərinin vəziyyətindən asılıdır...
 
Məncə, bircə dəyişikliyin baş verməsi kifayətdir ki, bütün dövlətin necə başqalaşdığını nümayiş etdirə bilək; doğrudur, bu dəyişiklik asan olmasa da, hər halda, mümkündür.  O nədən ibarətdir? Nə vaxta qədər ki dövlətləri filosoflar idarə etməyəcəklər, yaxud indiki üzdəniraq şahlar və hökmdarlar nəcibliklə və ürəkdən filosofluq etməyə başlamayacaq və dövlət hakimiyyəti ilə fəlsəfə birləşib bir araya gəlməyəcək və nə vaxta qədər ki ayrı-ayrılıqda ya hakimiyyətə, ya da fəlsəfəyə can atan adamlar (onlar isə çoxdurlar) məcburi qaydada kənarlaşdırılmayacaq, o vaxta qədər də dövlət fəlakətlərdən qurtula bilməyəcək və indicə təsvir etdiyim dövlət quruluşu işıq üzü görməyəcək və bəşər nəslinə qismət olmayacaqdır.

Platonun "Dövlət" və "Qanunlar" əsərlərindən


  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan