Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


3. İLK SİYASİ TƏHLİL
Aristotel

Qədim yunan filosofu Aristotel (e.ə. 384-322) iyirmi il ərzində Platonun şagirdi olmuş, onun Afina akademiyasında o dövrün elmi biliklərinə mükəmməl yiyələnmişdir. Platonun ölümündən sonra Aristotel Afinanı tərk etmiş, gələcəyin böyük fatehi gənc İsgəndərə müəllimlik etmək üçün Makedoniyada məskən salmışdır. E.ə. 334-cü ildə Makedoniyalı İsgəndərin öz Asiya fütuhatına başlaması ilə Aristotel Afinaya qayıdaraq öz akademiyasını - məşhur liseyi təsis etmişdir.  İsgəndərin ölümündən sonra aristokratlar partiyasına yaxın olan Aristotel ateizmdə ittiham edildiyindən Afinanı tərk etmək məcburiyyətində qalmış və bir il sonra dünyasını dəyişmişdir.

Aristotelin "Etika", "Politika", "Ritorika" və digər əsərlərində cəmlənmiş elmi irsi əsrlər boyu əvvəlcə Şərq, sonralar isə Qərb fəlsəfəsinə öz həlledici təsirini göstərmişdir.  Orta əsrlərdə Avropada Aristoteli sadəcə olaraq "filosof" adlandırırdılar.  İndiyəcən çoxları fundamental fəlsəfi problemləri bütün dərinliyi ilə əhatə etdiyinə və ensiklopedik biliyinə görə onu bütün zamanların və xalqların ən böyük filosofu sayır.

Aristotelin "Politika" əsəri Qərbin siyasi fəlsəfəsində başlanğıc nöqtəsi hesab edilir.  Bu, yunan filosofunun siyasi rejimlərin müxtəlif növlərini, vətəndaşlığın mənasını və siyasi həyatda təhsilin rolunu sistemli təhlilə çəkən ilk böyük elmi iş idi.

Aristotelə görə, demokratiya siyasi rejimlərin (bunların arasında o, habelə monarxiya, oliqarxiya, tiraniya və politiya rejimlərini nəzərdən keçirirdi) yalnız bir formasıdır.  Aristotel monarxiya tərəfdarı idi, lakin bir şərtlə ki, monarx təhsil görmüş, bilikli adam olsun və dövləti hamının xeyri naminə idarə etsin. 

Aristotel ən geniş yayılmış rejim kimi demokratiyaya yaxın olan, həm də özündə oliqarxiyanın və müasir konstitusiyalı monarxiyaların elementlərini daşıyan politiyanı qeyd edirdi. 

Aristotelin fikrincə, cəmiyyət daxilində yaşayan insan siyasi varlıqdır.  Dövlət təbii şəkildə ailədən törəyərək hakimiyyət və tabeçilik münasibətlərini (ağa və kölə, ər və arvad, ata və övladlar) yeni səviyyədə qurub həyata keçirir.

Aristotel quldarlığı müdafiə edirdi.  Platon kimi o da belə hesab edirdi ki, insan ümumən siyasi azadlıq şəraitində yaşamaq iqtidarında deyildir.  Lakin Platondan fərqli olaraq, Aristotelin ideal dövləti müxtəlif mülkiyyət formalarına, iqtisadi özünütənzimləmə mexanizminə malik, siyasi hakimiyyəti isə geniş yayılmış institutlar sistemi (şəhər məclisi, magistrat, məhkəmə) və cəmiyyətin təyin etdiyi vəzifəli şəxslərin vasitəsilə həyata keçirilən açıq, dinamik inkişaf edən cəmiyyətdir.  Aristotel üçün hakimiyyət Platonda olduğu kimi hamıdan yüksəkdə duran əzm, iradə deyil, bir neçə müstəqil iradənin məcmusudur.

Aristotel demokratiyanı idarəetmənin ən pis formalarından ən yaxşısı kimi tövsif edirdi, belə ki, onun fikrincə, burada hakimiyyət adətən əksəriyyət təşkil edən yoxsul və əsil-nəcabətsiz vətəndaşlara məxsus olacaqdır.  Aristotel iddia edirdi ki, demokratiyanın ən yaxşı forması ən az demokratik olanıdır; belə demokratiyada insanların çoxu yoxsul deyil və yoxsulların bərabər hüquqları yoxdur.  

* * *


ARİSTOTEL
Politika (təx. e.ə. 330)

ƏDALƏTLİ DÖVLƏT QURULUŞU HAQQINDA

* Dövlət quruluşunun növlərini və onların fərqləndirici cəhətlərini incələməzdən öncə dövlətin nə olduğuna baxmaq gərəkdir.  Bu barədə baxışlar cürbəcürdür. Hazırda bu baxışlarda fikir ayrılığı var, bunlardan biri təsdiq edir ki, bəlli bir hərəkəti dövlət etmişdir, başqaları deyirlər: yox, dövlət etməmişdir, oliqarxiya, yaxud tiranlıq etmişdir.


* Dövlət hər hansı bir bütöv kimi çoxlu hissələrdən ibarət olduğu üçün ilk öncə vətəndaşın (polites) nə olduğu aydınlaşdırılmalıdır, belə ki, dövlət vətəndaşların toplusudur... Biz isə o şəxsləri vətəndaş sayırıq ki, məhkəmədə və xalq iclaslarında iştirak edir...  


* Biz görürük ki, dövlət adamı və qanunvericinin bütün fəaliyyəti istisnasız olaraq dövlətə (polis) yönəlmişdir, dövlət quruluşu (politiya) isə dövlətin sakinlərinin məlum təşkilatıdır...

Bir çoxları bu və ya başqa hərəkətin dövlət hərəkəti kimi qəbul edilib-edilməməsində çətinlik çəkirlər; məsələn, oliqarxiyadan, yaxud tiranlıqdan demokratiyaya keçiddə bəziləri öz öhdəliklərindən imtina edir, deyirlər ki, bu öhdəliyi öz üstünə dövlət yox, tiran götürmüşdü. Bu sıradan olan bir çox məsələlərdə ona söykənilir ki, dövlət quruluşunun bəzi növləri ümumi fayda naminə deyil, zorakılıq sayəsində mövcuddur...


* Həm idarə etməyi, həm də tabe olmağı bacarmaq alqışa layiqdir, görünür, vətəndaş fəziləti layiqli idarə etmək və tabe olmaq bacarığıdır...


* Dövlət hakimiyyətini növlərə ayırmaq çətin deyil: onların barəsində biz ekzoterik əsərlərdə danışmışıq. Ağanın nökər üzərində hakimiyyəti anadan ağa və kölə doğulmuşların hər ikisi üçün faydalı olsa da, başlıca olaraq ağanın xeyrinədir, kölə üçün isə təsadüfi faydadır (kölə məhv olarsa, ağanın onun üzərindəki hakimiyyəti də təbii olaraq qurtarmalıdır)...


* Beləliklə, aydın olur ki, ümumi faydanı nəzərə alan dövlət quruluşu ciddi ədalət baxımından düzgün sayılır; yalnız hakimiyyətdə olanların rifahını güdən quruluşlar isə düzgün deyildir, səhvdir: onlar yalnız hökmranlığa əsaslanır, dövlət isə azad insanların ünsiyyətidir. İndi düzgün dövlət quruluşlarının təbiətini və sayını gözdən keçirmək olar...


* İlk öncə oliqarxiyanın və demokratiyanın göstərilən sadə fərqləndirici prinsipləri və bir də oliqarxiyanın və demokratiyanın gözündə nəyin ədalətli sayıldığı araşdırılmalıdır. Axı hamı ədalət deyilən şeyə söykənmir, amma ədalətin yalnız bəzi əlamətlərindən söz açırlar, lakin onların ədalət adlandırdıqları heç də ədalətin bütünü deyildir. Göründüyü kimi, ədalət bərabərlikdir, bu, doğrudan da, belədir, ancaq hamı üçün yox, yalnız bərabərlər üçün bərabərlikdir; və bərabərsizlik də ədalətdir, bu da, doğrudan, belədir, amma yenə də hamı üçün yox; yalnız bərabər olmayanlar üçün bərabərsizlik ədalətdir. Belə ki, "kim üçün" sualı diqqətdən qaçırıldığından səfeh mühakimə yürüdülür; səbəbi də odur ki, özləri barədə fikir yürüdürlər, öz işləri barədə mühakimələrdə isə bəlkə də bir qism insanlar pis hakimdirlər...


* Ədalət nisbi anlayış olduğundan və "Etika"da öncə xatırlatdığımız kimi, subyektin xassələrindən asılı olduğu dərəcədə də obyektin xassələrindən asılı olaraq fərqləndirildiyindən, obyektlərə aid olan bərabərliyin nisbi olduğu ilə hamı razılaşır, ancaq subyektlərə aid olan bərabərlik barədə indicə göstərilən səbəbdən, yəni öz şəxsi işləri haqqında səfeh mühakimə üzündən qərarsızlıq vardır: sonra da həm onlar, həm də başqaları ədalətin nisbi anlayışı ilə razı olduqlarını zənn edərək, onu tam anladıqlarını israr edirlər...


* Bəziləri deyirlər: əgər subyektlər bəlli cəhətdən, məsələn, pul sarıdan bərabər deyilsə, onda onlar ümumiyyətlə bərabər deyillər; başqaları isə belə düşünürlər: əgər subyektlər hər hansı bir cəhətdən, məsələn, heç olmazsa azadlıq baxımından bərabərdirlərsə, deməli, onlar ümumiyyətlə bərabərdirlər. Amma başlıcası odur ki, onlar ən mühüm olanı gözdən qaçırırlar.


* Doğrudan da, əgər onlar ünsiyyətə girib yalnız varlanmaq naminə birləşsəydilər, varlılıq dərəcəsinə görə dövlət həyatında iştirak etmək iddiasında olardılar. Belə olduqda, oliqarxiya prinsipi tam qüvvədə olardı: azı yüz min ümumi məbləğə kiminsə cəmi bir min qoyaraq sonra da bütün məbləği qoyan şəxslə ilkin məbləğə və onun gətirdiyi faizə eyni dərəcədə iddia etməsi ədalət sayılmır...

Dövlət, ümumiyyətlə, yaşamaq üçün deyil, xoşbəxt yaşamaq üçün qurulur; əks halda, kölələrdən yaranan və heyvanlardan təşkil olunan birliyi də dövlət saymaq lazım gələrdi, bu isə gerçək olmazdı, çünki onlar hamının rifahına can atan və öz iradələri ilə birlik qurmurlar...

Dövlət qarşılıqlı incikliklərin qarşısını almaq, ticarət və xidmət mübadiləsi xatirinə də yaranmır; belə olsaydı, etrusklar, karfagenlilər və ticarət əlaqəsində olan bütün insanlar bir dövlətdə birləşmiş sayılardılar...


* Amma doğrudan da, ticarət aparan tərəflər arasında malların çıxarılması, gətirilməsi barədə razılaşmalar olur. Lakin bu işləri həyata keçirmək üçün onların ümumi vəzifəli şəxsləri olmur, əksinə, tərəflərin hər birində onlar ayrı-ayrıdır; bir-birinin ədalətli olub-olmaması barədə, alçaq hərəkət etməsinin qarşısını almaq barədə düşünmür, onlar yalnız bir-birinə ziyan vurmamaq barədə fikirləşirlər. Dövlətdə isə qanunauyğunluğa riayət edilməsi naminə mənəvi keyfiyyətə qayğı ilə göz qoyulur; gerçəkdən dövlətdə vətəndaşların mənəviyyatı barədə qayğıya ehtiyac da buradan irəli gəlir. Əks halda dövlət münasibətləri müttəfiqlərin yalnız məkan baxımından yaratdıqları sadə ittifaqa çevrilərdi. Hətta qanun da bu halda sadə müqavilələrdən ibarət olub, Likofronun söylədiyi kimi, sadəcə şəxsi hüquqların qarantından başqa bir şey olmazdı...


* ...Beləliklə, dövlət yurd, məkan ümumiliyi deyil, qarşılıqlı təhqirlərin qarşısını almaq, yaxud əlverişli mübadilə xatirinə də yaradılmır. Doğrudur, dövlətin yaşaması üçün bütün bu şərtlər olmalıdır, amma dövlət bunların bir yerə yığılması deyil; dövlət ləyaqətli həyat naminə, kamil və mənalı həyat sürmək məqsədilə ailələrin və qəbilələrin münasibətlərindən doğur.


* Ona görə də belə münasibətlərdə payı çox olan adam sərbəstlik və əsl-nəcabət baxımından ona bərabər və ya ondan üstün olanlara nisbətən dövlət həyatında daha çox iştirak etməlidir və dövlətçilik fəzilətində onlar onunla müqayisə oluna bilməzlər; onun dövlətçilik fəziləti maddi sərvətdə üstün olanlarla da müqayisə oluna bilməz...


* Oliqarxiyanın birinci növünün fərqləndirici əlaməti - vəzifə tutmaq vara görə müəyyənləşdirilir. Yoxsullar çoxluq təşkil etsələr də, onlar vəzifələrə buraxılmır...


* Demokratiya və oliqarxiyadan başqa, dövlət quruluşunun iki növü də vardır. Onlardan birini hamı qəbul edir - biz yuxarıda onun haqqında danışmışdıq. Dövlət quruluşunun dörd növü bunlardır: monarxiya, oliqarxiya, demokratiya və aristokratiya. Dövlət quruluşunun beşinci növünü politiya adlandırırlar. Bu quruluş növünə az rast gəlinir, ona görə də dövlət quruluşunun növlərini araşdıranlar onu diqqətdən qaçırırlar; onlar da Platon kimi dörd növü göstərməyi yetərli bilirlər...


* Ədalət naminə deyək ki, aristokratiya ilkin əlamətlərindən igidliyinə görə seçilən yox, fəzilətinə görə seçilən kişinin idarə etdiyi quruluşdur. Yalnız belə dövlət quruluşunda yaxşı kişi və yaxşı vətəndaş eynidir. O biri quruluşlarda isə "yaxşı" anlayışı quruluşdan asılı olaraq işlədilir...


* Belə ki, aristokratik quruluş dövlətə ən yaxşı vətəndaşların gəlməsinə çalışır, oliqarxiya da bütün cəhətləri ilə mükəmməl insanlardan ibarət olur. Təbii ki, yaxşı və yetkin insanların deyil, səfehlərin idarə etdiyi dövlət rifah quruluşu ola bilməz, eynilə yaxşı qanunları olmayan dövləti ən yaxşı adamların idarə etməsi də mümkün deyil. Yaxşı qanunlar o deyil ki, heç kəsi günahlandırmasın. Əksinə, qanunçuluğun bir növü mövcud qanunlara riayət etməkdir, o biri növü riayət olunan qanunların yaxşı tərtib olunmasıdır (axı pis tərtib olunan qanunlara da itaət oluna bilər). Burada iki hal ola bilər: dövlət ya onun üçün mümkün olan, ya da gerçəkdən ən yaxşı olan qanunlara söykənir...


* Aristokratiya quruluşunun mahiyyətini fəxri hüquqların mənəvi keyfiyyətə görə verilməsi (belə ki, aristokratiyanın təməli yüksək mənəvi keyfiyyətdir), oliqarxiyanın mahiyyətini var-dövlət, demokratiyanın mahiyyətini azadlıq təşkil edir...


DEMOKRATİYA HAQQINDA

* Lakin dövlət quruluşunun, görünür, iki başlıca növü vardır, - deyilənə görə, küləyin iki əsas növü (quzey və güney) olduğu və qalanları sapdırma sayıldığı kimi, dövlət quruluşunun da iki başlıca növü vardır: demokratiya və oliqarxiya...


* ...Beləliklə, azad və kasıb insanların çoxluq təşkil edərək ali hakimiyyəti öz əlinə aldığı quruluş demokratiya, ali hakimiyyətin varlı və ali mənşəli azlığın əlində olduğu quruluş isə oliqarxiya sayılmalıdır...


* Demokratiyanın birinci növü bərabərlikdir. Bərabərlik demokratiyanın bu növü üçün əsas qanun olub nə kasıblara, nə də varlılara hər hansı bir üstünlük vermir; ali hakimiyyət nə onun, nə də o birinin əlində toplanır, hər ikisi bərabərdir. Əgər azadlıq və bərabərlik demokratiyanın mühüm əlamətləridirsə, bu özünü onda göstərə bilər ki, dövlətin idarə olunmasında hamı mütləq iştirak etsin. Xalq demokratiyada çoxluqda qaldığından və onun qərarları həlledici olduğundan, belə dövlət quruluşu demokratikdir. Bu, demokratiyanın bir növüdür...


* Demokratiyanın başqa bir növü vəzifələrin tutulmasında, çox olmasa da, zənginlik şərtinin, əmlak senzinin qoyulmasıdır. Bu senzi alan adam vəzifəsinə başlaya bilər. Onu itirən vəzifədən azad edilir.  Demokratiyanın üçüncü növü nəzərdə tutur ki, mənşəcə vətəndaş olanların hamısının vəzifə tutmaq hüququ var, amma yalnız qanun hökm edir. Demokratiyanın dördüncü növü yenə də vətəndaşın vəzifə tutmaq hüququnu, qanunun aliliyini nəzərdə tutur. Demokratiyanın beşinci növü qanunun deyil, sadə xalqın ali hakimiyyətini nəzərdə tutur...


* Burada son söz qanunun deyil, xalq iclasının demaqogiya yolu ilə qəbul edilən qərarınındır. Qanunun həlledici rol oynadığı demokratik dövlətlərdə demaqoqlara yer yoxdur, orada yaxşı vətəndaşlar birinci yerə qoyulur; qanunun aliliyi olmayan yerdə isə demaqogiya yaranır.  Xalq çoxluğu mütləq hökmran olur: ali hakimiyyət ayrılıqda heç kəsin, bir yerdə hamınındır...

* Bu halda sadə xalq qanunla idarə olunmur və özü monarx olur, monarxiya qaydaları ilə idarə edib despota çevrilir və demokratiyanın bu növü monarxiyanın tiranlıq növünü xatırladır; odur ki, onların hər ikisi eyni xarakterlidir: ifrat demokratiya və tiranlıq yaxşı vətəndaşlarla despotcasına davranır; belə demokratiyanın qərarı və tiranın sərəncamı eynidir. Yaltaqlar və demaqoqlar bir-birinə oxşayır; belə demokratiyanın demaqoqları və tiranın yaltaqları güclüdür...


* Çünki xalq iclasının qərarı və tiranın sərəncamı onların canfəşanlığı ilə olur; belə demokratiyada ali hakimiyyət xalqın olsa da, demaqoqlar onun rəyi üstündə hakim olur, kütlə onların sözü ilə hərəkət edir, yaltaqlar da tiranın rəyinə nəzarət edirlər.  Demaqoqlar vəzifəli şəxsləri təqsirləndirir və deyirlər ki, onları xalq mühakimə etməlidir, onlar isə suçu həvəslə qəbul edirlər və vəzifəli şəxslərin rolu heçə endirilir...


* Belə demokratiya dövlət quruluşu adlandırıla bilməz - qanun hakimiyyəti olmayan yerdə dövlət quruluşu da yoxdur. Qanun hamının üstündə hakim olmalıdır; vəzifəli şəxslərə və xalq iclasına xüsusi məsələlərin müzakirəsi tapşırılmalıdır. Beləliklə, hər şeyin xalq iclaslarının qərarları ilə idarə olunduğu dövlət quruluşunu demokratik quruluş adlandırmaq olmaz, çünki heç bir qərar ümumi xarakter daşımır, qanunun gücü ümumiliyindədir. Demokratiyanın növləri, bax, bu üsulla fərqləndirilməlidir...

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan