Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

6. İNGİLTƏRƏ İNQİLABI. LEVELLERLƏR
Demokratiya və insan haqları uğrunda ilk kütləvi hərəkat

17-ci əsr İngiltərə inqilabı bəşəriyyətin həyatında Yeni Tarix dövrünü açır.  Bu, feodal zülmündən qurtulma, kapitalist istehsalının inkişafı, insanların bərabərlik və azadlıqlarını bəyan etmiş liberalizm ideologiyasının çiçəklənməsi və mənəvi yeniləşmə uğrundakı kütləvi hərəkatlar dövrüdür.  17-ci əsr liberallarının, yalnız vətəndaşların  ümumi razılığı ilə fəaliyyət göstərməli olan dövlət haqqında və hakimiyyətin insan  həyatına müdaxiləsini məhdudlaşdırmaq barədəki  ideyaları müxtəlif sənədlərdə - parlament aktlarında, üsyana qalxmış demokratların çağırışlarında, esse və pamfletlərdə hərtərəfli əksini tapmışdır.  Yüz il sonra bu ideyalar liberalizm məfkurəsini əvvəlcə Avropaya, sonralar isə bütün dünyaya yaymış, Amerika və Fransa inqilablarına ruh və təkan vermişdir...

1625-ci ildə İngiltərə taxtına gənc və özündənrazı I Karl qalxdı.  Az sonra kralın və onun əyanlarının özbaşınalığı ölkədə və parlamentdə ciddi narazılıqlar doğurdu.  Lakin I Karl öz nazirlərini ayağa verməkdənsə parlamenti buraxmağı üstün tutdu.  Fəqət parlamenti buraxmaqla kral vəsaitsiz qalmış oldu: ingilis azadlıq ənənələrinə sadiq qalan əhali özünün parlamentdəki nümayəndələrinin razılığı olmadan vergiləri ödəməkdən boyun qaçırırdı.  Kral yenidən parlamenti yığmağa məcbur oldu, lakin deputatlar əvvəlki tək kralın sevimli naziri - dövlət işlərini başlı-başına buraxmış və dövlət vəsaitini dədə malı kimi öz bitib-tükənməyən əyləncələri yolunda səpələyən hersoq Bekingemin məhkəməyə verilməsini təkid etdilər.

Kral təzədən parlamenti buraxdı, lakin xalq yenə parlamentsiz vergi ödəməkdən imtina etdi və 1628-ci ildə parlament yenidən çağırıldı.   Deputatlar kraldan Magna Carta-da müəyyən edilmiş və parlamentin razılığı olmadan vergi toplamağı krala qadağan edən parlament hüquqlarını və İngiltərə xalqının azadlıqlarını təsdiq edən "Hüquqlar haqqında müştərək ərizə"ni (Petition of Rights) qanuna mindirməyi tələb etdilər.  Qəzəblənmiş kral növbəti dəfə parlamenti buraxdı və düz on bir il onu toplamadı.  Ölkədə əsl terror başladı - vergi verməkdən boyunqaçırma, hakimiyyətin hər hansı şəkildə tənqidi, dövlət anqlikan kilsəsi ehkamlarından yayınma kral məhkəmələri tərəfindən qəddarcasına cəzalandırılırdı.  Zülm və təqiblərdən yaxa qurtarmağa can atan on minlərlə dindar dissident-puritan - əsasən sənayeçi və ticarətçilər  Amerikaya mühacirət etməyə məcbur oldular ki, bu da istehsalın kəskin azalmasına və kütləvi işsizliyə gətirib çıxardı.  Lakin güclü təzyiq və irticaya baxmayaraq kral yenə də əhalini xəzinəyə kifayət qədər vəsait verməyə məcbur edə bilmədi.  Xalqın narazılığı günü-gündən güclənir, repressiyalar və iqtisadi böhran ölkəni üsyan həddinə gətirib çıxarırdı.

1640-cı ildə şotland protestantlarının qiyamını boğmaqda aciz qalan I Karl yenidən parlamenti topladı - ona pul gərəkdi.  Lakin toplaşmış parlament kralın bütün qeyri-qanuni fərmanlarını və vergilərini ləğv etdi, dövlət kilsəsi yepiskoplarını parlamentdən qovdu və kralın sevimli naziri Straffordun dara çəkilməsini tələb etdi.  Kral üsyan hədəsi altında bu tələbləri qəbul etməyə məcbur oldu.  Fəqət parlament bununla kifayətlənmədi, indi o, artıq kraldan nazirləri təyin etmək və vəzifəsindən götürmək, habelə kralın bütün hərəkətlərinə nəzarət etmək hüquqlarını, yəni konstitusiyalı monarxiyanın qurulmasını tələb etdi.  Kral Londonu tərk etdi, varlı feodal və zadəganlardan ibarət qoşun yığmağa başladı.

Parlament də öz növbəsində Yeni Nümunə Ordusu (New Model Army) adlandırdığı qoşunu təşkil etdi.  Parlament qoşunu tarixdə şəxsən krala, şəhər-dövlətə deyil, bütövlükdə millətə qulluq etməyə and içmiş ilk peşəkar ordu sayılır.  Parlamentin lideri Oliver Kromvelin başçılıq etdiyi bu ordunun əsgərləri öz yüksək döyüş əzmkarlığı, bəyan edilmiş ideyalara sədaqəti, sarsılmaz nizam-intizamı ilə seçilirdi. Yeni Nümunə Ordusu əsgərlərindən biri öz məktubunda yazırdı:

"Briqadamız [kralı təqib edərək] şimala doğru uzun marşlarla hərəkət edir.  Əsgərlər xüsusilə ayaqqabı və corab çatışmazlığından əziyyət çəkirlər, bizim heç birimiz bunları ala bilmirik, çünki əmək haqqı aylarla verilmir.  Biz bunları yalnız soyğunçuluqla əldə edə bilərdik, lakin general-leytenantın [Kromvelin] ordusunda heç vaxt belə şeylər olmayıb və heç vaxt da olmayacaqdır; bundansa biz ayaqyalın getməyi üstün tutarıq, çoxlarımız elə bu cür də getməyə məcburdur...".

Bu, ölkənin azad vətəndaşlarının ordusu idi və bu ordu kralın və onun əshabələrinin hərbi dəstələrini məğlub etdi.  1649-cu ildə I Karl parlamentin qərarı ilə edam edildi, İngiltərədə respublika quruldu...

Yeni Nümunə Ordusunun əsgər və zabitləri arasında levellerlər (1) adını almış radikal demokratlar hərəkatı nümayəndələrinin ideyaları geniş şöhrət qazanmışdı.  Levellerlər parlamentin ilkin - konstitusiyalı monarxiya qurulması  planını rədd edirdilər, bu, Yeni Tarix dövründə xalq suverenliyi və monarxiyanın tamamilə aradan götürülməsi uğrunda mübarizə aparan ilk hərəkat idi.  Levellerlər tarixdə birinci olaraq insan hüquqlarını dövlətin müdaxiləsindən qorumalı olan yazılı Konstitusiyanın qəbul olunmasını tələb edirdilər; bu, bizim insan hüquqları haqqındakı bugünkü təsəvvürümüzə uyğun şəkildə, yəni bu hüquqların toxunulmaz və ayrılmaz olması uğrunda mübarizə aparan ilk kütləvi hərəkat idi.  Levellerlərin liderləri - Con Lilbern, Riçard Overton, Uilyam Uolvin, Con Uildman hələ inqilabdan əvvəl mübarizəyə başlayaraq öz əsər və çağırışlarında bizim bu gün əziz tutduğumuz şəxsi və siyasi hüquqları: məhkəmədə öz əleyhinə şəhadətlik etməmək hüququ (insanın dini mənsubiyyətinin aşkar edilməsi üçün işgəncələr verilməsi təcrübədə geniş yayılmışdı); söz və din azadlığı; əmək və ticarət azadlığı, inhisarların ləğvi; qanun qarşısında bərabərlik; öz ölkəsini parlamentdəki nümayəndələri vasitəsilə idarə etmək hüququ; İngiltərənin bütün azad doğulmuş kişilərinin seçki hüququ və müstəbid hökumətə qarşı üsyan etmək hüququ uğrunda mübarizə aparırdılar.  Levellerlərin liderləri bütün bu tələbləri İngiltərənin yeni Konstitusiyası sayılan "Xalq sazişi"ndə (Agreement of the People) (1647) əks etdirmişdilər.  Levellerlərin alaylarda əksəriyyət təşkil edən tərəfdarları - əsgərlər bu sənədə az qala sitayiş edir və onun mətni yazılmış vərəqələri öz şlyapalarına sancaqlayırdılar...


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan