Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

8. TOMAS HOBBS
İctimai müqavilə haqqında


Filosof Tomas Hobbs (1588-1679) 17-ci əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur.  Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır. 

Hobbs özünün başlıca əsərlərində ["Fəlsəfənin əsasları" (1642); "Leviafan" (1651); "Begemot" (1668)] ictimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür.  Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi.  Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi.

Hobbsa görə, insan anadan "təbii hüquqlar"ı (Rights of Nature) - tələbatlarının ödənilməsi haqları ilə doğulur.  Onlara yaşamaq, başlıca həyat tələbatları, düşmən təcavüzündən qorunmaq haqları daxildir.  Təbii haqlar vəhşi, cəmiyyətəqədərki tarixi dövr insanlarını səciyyələndirir, burada hələ nə qanun, nə də mülkiyyət - yalnız hər kəsin özünə lazım olan şeyləri qoparıb almaq haqqı var.  İnsan özü özünə hakimlik edir.  Və insan təbiəti etibarilə eqoist olduğuna görə hər kəs çalışır ki, daha çox şey ələ keçirsin, buradan da "hamının hamıya qarşı müharibəsi" başlayır.

Bu müharibənin qarşısını almaq məqsədilə insanlar öz aralarında öz təbii haqlarını, öz qeyri-məhdud azadlıqlarını hamılıqla könüllü məhdudlaşdırmaq haqqında razılığa gəlirlər.  İnsanlar onları bir-birindən müdafiə etməli olan bir dövlət yaratmaq haqqında ictimai müqavilə bağlayırlar.  Hobbs hər şeyə qadir olan dövləti Leviafanla - azman və hər şeyə qadir Bibliya əjdahası ilə eyniləşdirir.  Dövlət tam suverenliyə - vətəndaşlar üzərində tam hakimiyyətə malikdir.  Suveren qanuna tabe deyil, o, qanunları özü yaradır.  Suveren yalnız Allah qarşısında məsuldur.  Parlament də, aristokratiya da suveren rolunu oynaya bilər, lakin kral olsa, daha yaxşı olardı.

Hobbs vətənə dönəndə artıq I Karl edam olunmuş və ölkədə respublika qurulmuşdu.  Bu yeni şəraitdə o öz nəzəriyyəsinə aşağıdakı müddəanı əlavə edir: əgər dövlət daha vətəndaşların təhlükəsizliyini təmin edə bilmirsə (yaxud özü tapdalayırsa), ictimai müqaviləni ləğv etmək olar.

Cəmiyyət içərisində yaşayan hər bir insan "təbii qanun"a (Law of Nature), etik davranış normalarına tabe olmalıdır: insan mümkün olan qədər sülhə can atmalıdır; hər kəs başqalarını özünə bərabər hesab etməlidir; özünün şəxsi işində hakimlik etməməli, suverenin hakimliyini qəbul etməlidir; əsas qayda isə bizə yaxşı məlumdur: özünə rəva görmədiyini başqasına da görmə.

Hobbsun ideyalarını həm mütləqiyyətin, həm də demokratiyanın xeyrinə izah etmək olar.  Məsələn, Hobbsun nəzəriyyəsinin belə bir müddəası monarxistlər partiyasının qəzəbinə səbəb oldu ki, dövlət vətəndaşların könüllü razılığı ilə yaradılır və hökmdar vətəndaşların təhlükəsizliyini təmin edə bilmirsə, hakimiyyətdən salına bilər.

Hobbsun ictimai müqaviləsi ədalətli ictimai quruluşa dair antik və orta əsr baxışları ilə müqayisədə irəliyə doğru böyük bir addım oldu və liberalizm nəzəriyyəsinin inkişafına təkan verdi.


* * *

TOMAS HOBBS
Leviafan (1651)

İNSANLARIN XOŞBƏXTLİYİNƏ VƏ BƏDBƏXTLİYİNƏ
MÜNASİBƏTDƏ İNSAN NƏSLİNİN TƏBİİ
DURUMU HAQQINDA


İnsanlar yaranışdan bərabərdir.  Təbiət insanları fiziki və əqli qabiliyyət baxımından bərabər yaratmışdır, çünki biz bəzən bir insanın başqasından fiziki cəhətdən güclü, yaxud ağıllı olduğunu görsək də, hər şeyi bütövlükdə nəzərdən keçirəndə görərik ki, onların arasındakı fərq elə böyük deyildir ki, bir insan bu fərqə əsaslanaraq özü üçün hər hansı bir nemət iddiasında olsun, başqası isə eyni haqla bunu tələb edə bilməsin.  Fiziki gücə gəldikdə isə, daha zəif olanın kifayət qədər gücü vardır ki, gizli fırıldaqlar, yaxud eyni təhlükənin hədələdiyi digər insanlarla ittifaq yolu ilə daha güclü olanı öldürə bilsin.

Əqli qabiliyyətlərə gəlincə isə (mən əsasında sözün durduğu incəsənəti, xüsusilə elm adlandırılan ümumi və sarsılmaz qaydalara yetmək incəsənətini bir kənara qoyuram - bu cür qaydalara çox adam, özü də çox az şeylə əlaqədar yiyələnib, çünki bu qaydalar bizimlə birgə doğulmuş fitri qabiliyyətlər deyil, bunlar həmçinin nəyinsə üzərində müşahidə prosesində qazanılmış ağıl, kamal kimi qabiliyyətlər də deyil) mən bu sahədə fiziki güclə müqayisədə insanlar arasında daha çox bərabərlik görürəm.  Belə ki, ağıllılıq yalnız bütün insanların eyni vaxt ərzində eyni səylə məşğul olduqları şeylər barədə eyni dərəcədə əldə etdikləri təcrübədir.  Yəqin bu bərabərlik ona görə ağlasığmaz görünür ki, hər kəs bütün insanlara xas olan bir lovğalıqla öz şəxsi müdrikliyi haqqında xam xəyallara qapılaraq özünü "qara" camaatdan daha ağıllı bilir...


ƏSƏRİN TAM MƏTNİ ONUN ZİP FAYLINDADIR

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan