Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

9. CON LOKK
İctimai müqavilə haqqında


İngilis filosofu Con Lokk (1632-1704) haqlı olaraq liberal demokratiyanın atası hesab edilir. Hobbsun siyasi fəlsəfəsini Birinci İngiltərə inqilabının nəzəri təhlilinin nəticəsi kimi qiymətləndirmək olarsa, Lokka parlament quruluşunu bərqərar etmiş (1688-1689) ikinci, yaxud Şanlı İngiltərə inqilabının ideoloqu kimi baxılmalıdır.

Lokk orta səviyyəli protestant ailəsində doğulub. Atası əqidəli demokrat idi və Birinci İngiltərə inqilabında parlament tərəfində vuruşub. Lokk Oksfordda yaxşı təhsil alıb. Monarxiyanın bərpasından sonra II Karlın vaxtında diplomatik xidmətdə olub. Lakin o, həmişə Viqlər Partiyasına (Britaniyanın gələcək Liberal Partiyası) rəğbət bəsləmişdir. Bu partiya kral hakimiyyətinin məhdudlaşdırılmasının tərəfdarı idi. Viqlərin II Karla qarşı üsyanı amansızlıqla yatırılır və Lokk 1683-cü ildə Hollandiyaya qaçmalı olur. 1689-cu ildə Şanlı inqilabın qələbəsindən sonra Lokk yeni kral Oranlı Vilhemlə birlikdə vətənə dönərək təntənə ilə qarşılanır və tezliklə viqlərin qəbul etdiyi  intellektual liderə çevrilir.

Lokk Hobbsdan fərqli olaraq, ictimai müqavilə nəzəriyyəsinin başqa bir istiqamətini yaratmışdır. O, bu nəzəriyyədən cəmiyyət tərəfindən mütləqiyyətin məhdudlaşdırılmasını əsaslandırmaq üçün istifadə edib, liberal demokratiya və konstitusiyaçılığın ilkin nəzəri şərtlərini yaradıb.

Lokkun başlıca əsəri üzərində on ildən artıq işlədiyi "İdarəetmə haqqında iki traktat" kitabıdır. Burada Lokk "təbii hüquq"un teoloji şərhinə qarşı çıxır. Bu şərhə əsasən, mütləqiyyətin sarsılmazlığı haqqında müddəa ortaya atılırdı. İnsanı eqoist varlıq hesab edən Hobbsdan fərqli olaraq, Maarifçilik dövrünün ideallarına sadiq olan Lokk inanırdı ki, insan xeyrin daha sərfəli olduğunu dərk etməyə qadirdir. Qorxu deyil, ağıl insanları dövlətdə birləşməyə məcbur edir. İnsanın "təbii vəziyyət"indən çıxaraq dövlətə verdiyi yeganə "təbii hüquq"u ümumi razılıqla qəbul olunmuş qanunlar əsasında öz vətəndaşını mühakimə etmək və cəzalandırmaq haqqıdır. Cəmiyyətdə insanların iradəsi ümumi razılıqla qəbul olunmuş qanunlardan başqa heç nə ilə əngəllənmir. Dövlət insanların həyatı, azadlığı və mülkiyyətini qorumalı, cəmiyyəti xarici təcavüzdən müdafiə etməlidir. Dövlət qanunlara əməl olunmasına nəzarət etməli və insanların mübahisələrinin həllində yalnız arbitr kimi xidmət etməlidir.

Lokka görə, suveren xalqın özüdür. Hətta xalqın özünün yaratdığı dövlət hakimiyyəti də, Hobbsun iddia etdiyi kimi, mütləq deyil, o, insan haqları ilə məhdudlaşdırılmalıdır. Və insan dövlətin zorakılığına şərtsiz müqavimət göstərmək haqqına malikdir. Aydındır ki, bu nəzəriyyə mütləqiyyətlə ideoloji mübarizənin əsasını təşkil etmişdir.  Lokku hətta o da çəkindirmirdi ki, bu nəzəriyyə vətəndaş müharibəsinə aparır. Onun fikrincə, bu halda öz haqlarını müdafiə edənləri yox, vətəndaşların haqlarını tapdalayaraq bu müharibəni törədənləri suçlandırmaq lazımdır.

Lokkun dəqiq və başadüşülən şəkildə əsaslandırdığı klassik liberalizm prinsipləri tezliklə Qərbdə populyarlıq qazanır və yüz ildən sonra Amerika və Fransa inqilablarının əsas sənədlərində öz əksini tapır. Lokkun təsiri indi də zəifləmir. Onun formalaşdırdığı prinsiplər öz avtoritar keçmişindən yaxa qurtarmağa çalışan cəmiyyətlərdə siyasi fikrə xüsusilə güclü təsir göstərir.

* * *


CON LOKK
İdarəçilik haqqında ikinci traktat (1690)
 
SİYASİ, YAXUD MÜLKİ CƏMİYYƏT HAQQINDA

...Artıq sübut edildiyi kimi, insan dünyanın hər hansı bir insanı kimi tam azad yaşamaq, təbii qanunun bütün hüquq və imtiyazlarından digər insanlar kimi eyni dərəcədə qeyri-məhdud bəhrələnmək hüququ ilə birgə doğulur və o, fitrətən öz mülkiyyətini, yəni öz həyatını, azadlığını, əmlakını digər insanların qəsd və hücumlarından yalnız qorumaq deyil, həm də başqaları bu qanunu pozduqda onları mühakimə etmək, onun fikrincə, həmin cinayətin layiq olduğu cəzanı vermək və əməlin rəzaləti buna layiq olduqda hətta ölümlə cəzalandırmaq hakimiyyətinə malikdir.

Siyasi cəmiyyətin özünün öz mülkiyyətini qorumaq və bu məqsədlə bütün üzvlərini cinayətlərə görə cəzalandırmaq hüququ olmasa o, mövcud olub yaşaya bilməz; belə cəmiyyət yalnız o yerdə ola bilər ki, orada onun üzvlərindən hər biri bu təbii hakimiyyətdən imtina edərək, onu (həmin üzvün bu cəmiyyətin təyin etdiyi qanundan müdafiə ummasına maneçilik törətməyən bütün hallarda) cəmiyyətin ixtiyarına vermiş olsun.

Və beləliklə, cəmiyyətin hər bir ayrıca üzvünün hər cür şəxsi məhkəməsi istisna olunur və cəmiyyət "münsiflər məhkəməsi"nə çevrilərək qərəzsiz və hamı üçün eyni qaydalar təyin edir və cəmiyyətdən səlahiyyətlər almış insanların köməyilə bu qaydaları həyata keçirir, bu cəmiyyətin hər hansı üzvləri arasında hər hansı hüquqi məsələ barədə yarana biləcək bütün ixtilafları həll edir, eyni zamanda bu cəmiyyətin hər hansı üzvünün cəmiyyətə qarşı  cinayətini qanunun müəyyən etdiyi cəzalarla cəzalandırır.


ƏSƏRİN TAM MƏTNİ ONUN ZİP FAYLINDADIR

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan