Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

10. CON LOKK
Vicdan azadlığı haqqında


İnsanın şəxsi əqidəyə (hətta yanlış olsa belə), təkrarsız daxili aləmə malik olmaq hüququnu dərk etməsi Qərbi Avropanın ictimai şüurunda dini reformasiya uğrunda kütləvi hərəkat dövründə yayılmağa başlamışdır. Burada çoxsaylı protestant cərəyanlarının və təriqətlərin meydana gəlməsi, təriqətçilərin öz əqidələrini inadkarlıqla müdafiə etməsi cəmiyyətdə dini dözümlülük ideyasının yaranmasına, vahid dövlət dininin tətbiqindən imtina edilməsinə səbəb oldu. Hələ Birinci İngiltərə inqilabının gedişində independent və leveller partiyaları əsas tələblərdən biri kimi etiqad azadlığını irəli sürürdülər.

Lokkun "Dini dözümlülük haqqında məktub"u demokratik ədəbiyyatın klassik əsərlərindən hesab olunur. İnsanın öz müqəddəratını təyin etməsinin tərəfdarı olan Lokk dini etiqad azadlığını dövlətin insanı məhrum edə bilməyəcəyi əsas "təbii hüquq"lardan biri kimi qəbul edirdi.  Lokk "Dini dözümlülük haqqında məktub"u 1685-ci ildə Hollandiyada mühacirətdə olarkən yazmışdır. Məhz bu vaxt Fransa kralı XIV Lüdovik protestantlara dini etiqad azadlığı verən Nant Ediktini (1598) ləğv etmiş, bunun nəticəsində Fransanı 200 minə yaxın protestant tərk etmişdi. "Dini dözümlülük haqqında məktub" Şanlı İngiltərə inqilabının qələbəsindən və ingilis demokratlarının bir neçə nəslinin uğrunda uzun müddət mübarizə apardığı "Dini dözümlülük haqqında akt" qəbul olunandan sonra - 1698-ci ildə İngiltərədə dərc olunmuşdur. Lokk "Dini dözümlülük haqqında məktub"unda qızğınlıqla kilsənin dövlətdən ayrılması və dini etiqad azadlığı uğrunda çıxış edib. Lokkun fikrincə, bu azadlıq yalnız protestant təriqətlərinə aid olmalı və katoliklərə şamil edilməməli idi. İngiltərədə katoliklərin və yəhudilərin şəxsi və siyasi hüquqlarının məhdudlaşdırılması ondan sonra 150 il davam etmişdir.

* * *

CON LOKK
Dini dözümlülük haqqında məktub (1685)


REMONSTRANTLAR KOLLEGİYASINDA İLAHİYYAT PROFESSORU,
TİRANİYANIN DÜŞMƏNİ, AMSTERDAMLI CƏNAB MÖHTƏRƏM LİMBORXA SÜLHÜN DOSTU VƏ ZÜLMÜN DÜŞMƏNİ İNGİLİS CON LOKKDAN


Hörmətli cənab, xristianların qarşılıqlı dini dözümlülüyü haqqında mənim fikrimə dair sənin sualına qısa cavab verirəm: mən onu əsl kilsənin əsas meyarı sayıram... Əgər insanları od və qılıncla məlum ehkamlara etiqad etməyə və onları yad ibadətləri yerinə yetirməyə məcbur etmək lazım gəlirsə və bu zaman onların mənəviyyatı haqqında  fikirləşilmirsə, əgər kimsə başqa dinə qulluq edənləri inanmadıqları şeyə etiqad etməyə məcbur edərək öz dininə döndərirsə, İncilin ona inanan xristianlara icazə vermədiyi şeyləri etməyə imkan yaradırsa, onda mən şübhə etmirəm ki, belə adam özünün etdiyinə etiqad bəsləyənlərdən ibarət böyük insan kütləsi əldə etməyə çalışır; lakin kim inanar ki, o, xristian kilsəsi yaratmaq istəyir?..

Və qoy heç kəs xristianlığa bu qədər yad olan amansız təqibləri dövlətə qayğı və qanunların yerinə yetirilməsi adı altında gizlətməsin və əksinə, qoy heç kəs başqa dinə istinadla pərdələnərək özü üçün tam hərəkət azadlığı və cəzasızlıq mühiti yaratmağa çalışmasın...

Hər şeydən əvvəl, mən dövlət məsələləriylə dini məsələləri bir-birindən fərqləndirməyi, kilsə və dövlət arasında həddi lazımi dərəcədə müəyyənləşdirməyi vacib sayıram. Əgər bu edilməsə, onda ruhun xilasını, yaxud dövlətin xeyrini özünə ya doğrudan da əziz sayan, ya da yalandan göstərən adamlar arasında mübahisələrə son qoymaq mümkün olmayacaqdır.

Dövlət, məncə, yalnız mülki nemətləri qorumaq və artırmaq üçün qurulmuş insanlar toplumudur.

Mülki nemətlər dedikdə mən həyat, azadlıq, bədən sağlamlığı və fiziki iztirabların olmamasını, torpaq, pul, avadanlıq və s. kimi zahiri şeylərə malik olmağı nəzərdə tuturam.


ƏSƏRİN TAM MƏTNİ ONUN ZİP FAYLINDADIR

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan