Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

11. ŞARL DE MONTESKYÖ
  Hakimiyyətin bölünməsi haqqında


Fransanın siyasi filosofu baron Şarl de Monteskyö (1689-1755) orta səviyyəli hərbçi aristokrat ailəsində doğulmuşdur. O, Bordo və Paris universitetlərində yaxşı təhsil almış, vəkil işləmişdir. Monteskyö on iki il fasiləsiz olaraq  öz doğma Bordo dairəsində "parlament"ə - yerli şura və məhkəməyə başçılıq etmişdir. Məhz bu illər onun siyasi elmlərə marağını müəyyən etmişdir. O, 1721-ci ildə bütün ətrafı üçün gözlənilməz olaraq  "İran məktubları" əsərini yazır və tezliklə məşhurlaşır. "İran məktubları" Fransanın XIV Lüdovik dövrünə və İran sivilizasiyasına iki İran səyyahının gözü ilə baxan gözəl bir siyasi satira idi.

1726-cı ildə Monteskyö Parisə köçür və iki ildən sonra Fransa Akademiyasına seçilir. O, Avropa ölkələrinə çoxlu səyahətlər edir, müxtəlif ölkələrin dövlət hakimiyyətinin quruluşunu müşahidə edir və təhlillər aparır. Monteskyö dünyada ilk dəfə olaraq  siyasi proseslərin inkişaf qanunauyğunluqları haqqında ümumiləşdirilmiş nəticələr almaq üçün müxtəlif ölkə hüquqlarının müqayisəli öyrənilməsindən şüurlu və sistematik şəkildə istifadə etməyə başlayır.

Monteskyö "Qanunların ruhu haqqında" məşhur əsərində siyasi sistemlərlə ölkənin mədəniyyəti, coğrafi və tarixi kontekst arasında əlaqələri təhlil edir. 1748-ci ildə yazılmış bu əsər bütün dünyada dövlət hakimiyyətinin demokratik sisteminin inkişafına böyük təsir göstərmişdir. "Qanunların ruhu haqqında" essenin liberal və antiklerikal yönəlişi, gözəl siyasi təhlil onu tezliklə çox populyar edir və bu, katolik kilsəsini təşvişə salır. Nəticədə 1751-ci ildə bu əsər qadağan olunur.

Monteskyö Lokkun ənənələrini davam etdirərək Hobbsun, sonralar isə Russonun güclü və totalitar sistemindən fərqlənən liberal-demokratik dövlət quruluşunun prinsiplərini formalaşdırdı. Hobbs İngiltərə inqilabını izləyərək cəmiyyətin vətəndaş iğtişaşlarından xilas edilməsi problemini həll etməyə çalışırdı, Monteskyö isə Avropada mütləq monarxiyaları müşahidə edərək kral hakimiyyətinin vətəndaşa qarşı özbaşınalığını məhdudlaşdırmaq üçün səmərəli vasitələr axtarırdı. Bu məqsədlə Monteskyö hüquqi dövlət və hakimiyyətin bölünməsi konsepsiyasını irəli sürür.

Monteskyö yazırdı ki, hüquqi dövlətdə hamı qanun qarşısında bərabər olmalı və qanuna ciddi şəkildə riayət edilməlidir: "Azadlıq qanunun imkan verdiyi hər şeyi etmək hüququdur". Hakimiyyət tərəfindən özbaşınalığın qarşısını almaq üçün dövlət hakimiyyəti bir əldə cəmləşdirilməməlidir; hakimiyyət dövlətin qanunverici, icraedici və məhkəmə orqanları arasında bölünməlidir və qoy onlardan hər biri digərinə nəzarət etsin və yanlış addımlardan saxlasın.

Monteskyönün konsepsiyası dövlət hüququ nəzəriyyəsinə böyük təsir göstərdi. O, Böyük Britaniyada konstitusyon inkişafa təsir etdi, sonra ABŞ Konstitusiyasında öz parlaq əksini tapdı və daha sonralar müasir dünyanın, demək olar ki, bütün demokratik dövlətlərinin konstitusiyalarında öz yerini tutdu.

* * *


ŞARL DE MONTESKYÖ
İngiltərənin dövlət quruluşu haqqında (1748)

Hər bir dövlətdə üç hakimiyyət növü var: qanunverici hakimiyyət, beynəlxalq hüquq məsələləriylə məşğul olan icraedici hakimiyyət və mülki hüquq məsələlərinə baxan icraedici hakimiyyət.

Birinci hakimiyyətin əsasında hökmdar, yaxud idarə müvəqqəti, yaxud daimi qanunlar yaradır, qanunlarda düzəlişlər aparır, yaxud mövcud qanunları ləğv edir, ikinci hakimiyyətin əsasında müharibə elan edir, yaxud sülh bağlayır, səfirləri göndərir, yaxud qəbul edir, təhlükəsizliyi təmin edir, basqınların qarşısını alır, üçüncü hakimiyyət əsasında  cinayətləri cəzalandırır və fiziki şəxslərin ixtilaflarını həll edir. Axırıncı hakimiyyəti məhkəmə hakimiyyəti, ikincisini isə sadəcə olaraq dövlətin icraedici hakimiyyəti adlandırmaq olar.

Vətəndaş üçün siyasi azadlıq onun öz təhlükəsizliyinə olan inama əsaslanan ruhi sakitliyi deməkdir. Belə bir azadlığa malik olmaq üçün elə bir idarəetmə zəruridir ki, onun dövründə bir vətəndaş o biri vətəndaşdan qorxmaya bilsin.

Əgər qanunverici və icraedici hakimiyyətlər bir şəxsin, yaxud idarənin timsalında birləşsə, bu zaman azadlıq olmayacaqdır, belə ki, bu hökmdarın, yaxud senatın müstəbid qanunlar yaradacağı və bunları müstəbidcəsinə tətbiq edəcəyi təhlükəsi yaranacaqdır.

Məhkəmə hakimiyyəti qanunverici və icraedici hakimiyyətdən ayrılmadığı halda da azadlıq olmayacaqdır. Əgər o, qanunverici hakimiyyətlə birləşdirilibsə, bu halda vətəndaşların həyatı və azadlığı özbaşınalığın hakimiyyəti altına düşəcəkdir, çünki hakim həm də qanunverici olacaqdır. Əgər məhkəmə hakimiyyəti icraedici hakimiyyətlə birləşibsə, bu halda hakim müstəbid olmaq imkanı əldə edəcəkdir.

Əgər hakimiyyətin bu üç növü: qanunları yaradan hakimiyyət, ümumdövlət xarakterli qərarları icra edən hakimiyyət və cinayətləri, yaxud xüsusi şəxslərin mülki iddialarını mühakimə edən hakimiyyət eyni bir adamın şəxsində, yaxud əyanlardan, zadəganlardan və ya sadə insanlardan təşkil edilmiş eyni bir idarənin şəxsində birləşsəydi, o zaman hər şey məhv olardı.

Avropa dövlətlərinin əksəriyyətində mötədil idarə üsulu qurulmuşdur, çünki onların hökmdarları ilk iki hakimiyyəti öz əllərində saxlasalar da, üçüncü hakimiyyəti idarə etməyi öz təbəələrinin ixtiyarına vermişlər.


ƏSƏRİN TAM MƏTNİ ONUN ZİP FAYLINDADIR

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan