Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

12. JAN-JAK RUSSO
                      İctimai müqavilə haqqında

İsveçrə filosofu Jan-Jak Russonun (1712-1778) əsərləri Avropanın ictimai şüuruna böyük təsir göstərmişdir.  Əgər Con Lokk Amerika inqilabının ilhamvericisi sayılırsa, Russonu haqlı olaraq Böyük Fransa inqilabının (1789) və hətta Rusiya bolşevik inqilabının (1917) intellektual atası hesab etmək olar.

Russo Cenevrədə saatsaz ailəsində doğulub və anasının vəfatından sonra atası onu tərbiyə etmişdir.  O, sistemli şəkildə təhsil almamış, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məşğul olmuşdur.  Oymaçı emalatxanasında işə düzələn Russo 1728-ci ildə Cenevrəni tərk edir və madam Varensin yanında məskunlaşaraq onunla dostluq edir; onun köməyi ilə şəxsi qaydada öz təhsili ilə ciddi məşğul olmaq imkanı qazanır.  1742-ci ildə Russo Parisə - o vaxtkı dünyanın intellektual mərkəzinə köçür.  O burada Dalamber və digər fransız filosof ensiklopediyaçıları ilə tanış olur.  1750-ci ildə Russonun "İncəsənət və elm haqqında düşüncələr" essesi Dijon şəhəri akademiyasının keçirdiyi müsabiqədə qalib gəlir.  Onun sonrakı əsərləri, xüsusilə də "İctimai müqavilə haqqında" şah əsəri müəllifinə Ümumavropa şöhrəti gətirir, eyni zamanda həm Fransa, həm də İsveçrə hakimiyyətlərinin qəzəbinə səbəb olur.  Russonun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 1770-ci ildə qayıda bilir.

Russo ictimai müqavilə nəzəriyyəsini parlaq şəkildə populyarlaşdırmış və eyni zamanda ona bir sıra xüsusi cizgilər əlavə etmişdir.  Russo bütün insanların bərabərliyini tanımayan və insanı anadangəlmə xudbin və qüsurlu varlıq hesab edən Aristotel və Hobbsu kəskin tənqid edirdi.  Russo bildirirdi ki, "insan azad doğulur, lakin hər yerdə zəncirlənmişdir".  Bu vəziyyətin səbəbi ədalətsiz ictimai quruluşda, konkret olaraq isə feodal qaydalarında və insanları bir-birinə düşmən etmiş xüsusi mülkiyyətdədir.  Cəmiyyətdə mövcud ziddiyyətləri aradan qaldırmaq üçün insanlar arasında tarixəqədərki harmonik münasibətlərə qayıtmaq lazımdır.

Russo hesab edirdi ki, insanlar öz mülkiyyət və azadlıqlarını müdafiə etmək üçün ictimai müqavilə bağlayırlar.  İctimai müqavilənin bağlanması nəticəsində vahid ictimai və mənəvi orqanizm - Dövlət meydana gəlir.  Russoya görə, Suveren - xalqdır, onun iradəsi mütləqdir və dəyişikliyə məruz qala bilməz.  Russo insanın fərdi təbiətindən başlayaraq sonda ictimai, kollektiv başlanğıcın insan hüquqlarından üstünlüyü ideyasına gəlib çıxır.  Beləliklə, Russonun nəzəriyyəsi bəşəriyyətin tarixində ən totalitar doktrinalardan birini təmsil edir.

Russonun mütləq ümumi iradə haqqında tezisi sonralar Hegel, Marks və Leninin siyasi doktrinalarına ciddi təsir göstərmişdir.  Russo bildirir ki, cəmiyyətin bütün üzvlərinin razılığı ilə yaradılan və ümumi iradəni ifadə edən ali hakimiyyət insanların maraqlarına zidd ola bilməz, ona görə də hakimiyyətə cəmiyyət tərəfindən nəzarət edilməsindən heç söhbət də gedə bilməz.  Russonun ümumi iradə haqqında nəzəriyyəsi Fransa və Rusiya inqilablarının birpartiyalı diktaturası və qanlı terrorunun ideoloji əsasına çevrildi.

Russo yazırdı ki, "əgər kimsə ümumi iradəyə tabe olmaqdan imtina edərsə, bütün orqanizm tərəfindən o buna məcbur ediləcəkdir; bu, yalnız o deməkdir ki, onu zorla azad edəcəklər".  Bunu kommunist və faşist ölkələrinin rəhbərləri artıq nümayiş etdirmişlər.  Bu halı Corc Oruell öz antiutopik romanında ("1984") belə müəyyən etmişdir: "Azadlıq köləlikdir".

* * *

JAN-JAK RUSSO
İctimai müqavilə haqqında (1762)

Mən insanları olduğu kimi, qanunları isə olmalı olduğu kimi qəbul etdikdə mülki vəziyyətdə etibarlı və qanunlara əsaslanan hər hansı bir idarəetmə prinsipinin mümkünlüyünü araşdırmaq istəyirəm.  Bu araşdırmada mən hüququn icazə verdiyini mənafenin tələb etdiyi ilə daim uyğunlaşdırmağa çalışacağam ki, ədalət və fayda arasında heç bir ziddiyyət olmasın. 

Məndən soruşa bilərlər: məgər mən hökmdar, yaxud qanunvericiyəm ki, siyasətdən yazıram? Əgər mən hökmdar, yaxud qanunverici olsaydım, nə etmək lazım gəldiyi barədə söhbətlərə vaxt itirməzdim - ya bunu edərdim, ya da susardım. 

Bir halda ki, azad Dövlətin vətəndaşı və Suverenin üzvüyəm , mənim səsimin ictimai işlərdə əhəmiyyəti nə qədər az olsa da, bu işlərin müzakirəsi zamanı səsvermə hüququm kifayətdir ki, bu işlərin mahiyyətini özüm üçün aydınlaşdırmaq vəzifəsini öhdəmə götürüm və xoşbəxtəm ki, hər dəfə idarəetmənin formaları haqqında mülahizələr yürüdərkən öz ölkəmin idarəetmə tərzini sevmək üçün yeni-yeni səbəblər tapıram.


ƏSƏRİN TAM MƏTNİ ONUN ZİP FAYLINDADIR

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan