Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

13. BÖYÜK FRANSA İNQİLABI ƏRƏFƏSİNDƏ
Emmanuel Jozef Siyes


1789-cu il Fransa inqilabı elə ilk günlərdən müşahidəçilər tərəfindən Avropanın sosial və siyasi xəritəsini kökündən dəyişdirmiş mühüm tarixi hadisə kimi qiymətləndirildi. Bu inqilab cəmi üçcə ildə qüdrətli monarxiyanı yerlə yeksan elədi, təkəbbürdən dərisinə sığmayan aristokratiyanın nüfuzunu heçə endirdi və katolik kilsəsinin dünyəvi hakimiyyətini büsbütün aradan qaldırdı. İnqilab yeni respublika dövləti yaratdı, bu mütərəqqi quruluşun indiyəcən dünyanın demokratik ölkələri üçün örnək olan qanunları və institutları az bir zaman içində bütün Avropaya yayıldı.

Avropanın mühafizəkar dairələri dünya sivilizasiyasının "axirət günü"ndən, min ildən də çox müddətdə Avropanı idarə etmiş "namus", "şərəf", "nəcabət", "ağsaqqala hörmət", dini inam kimi "əbədi" dəyərlərin məhvindən dəm vurur, liberallar isə xurafat və zorakılıq üzərində qurulmuş rejimin sonundan və yeni əsrin - İnsan Hüququ, Qanun və Ədalət sırasının başlanğıcından xəbər verirdilər. Bu, şəxsi və siyasi hüquqların əvvəllər heç bir hüququ olmayan əhalinin bütün təbəqələri arasında ildırım sürəti ilə yayılması və genişlənməsi prosesi idi.

O zamanlar Fransa əhalisi üç silkə bölünmüşdü. Hakimiyyət və var-dövlət ən imtiyazlı zümrənin - zadəganlığın və ruhaniliyin əlində cəmlənmişdi. Əhalinin qalan 90 faizi heç bir hüququ olmayan "üçüncü silk"ə aid idi. Vergilərin əsas ağırlığı onların belində idi və bu, azmış kimi, həmin zümrə ölkənin idarə olunması üzrə hər hansı hüquqdan tam məhrum idi.

İnqilab ərəfəsində Maarifçilik dövrünün Volter, Didro, Russo, Monteskyö və Dalamber kimi xadimlərinin demokratik dəyişikliklərin zərurəti barədə yaydığı ideyalar, ingilis və Amerika inqilablarının ideyaları fransız cəmiyyətinin bütün təbəqələrinin fikrini möhkəm məşğul etməkdə idi.

İnqilaba bilavasitə təkanı bədxərc kral hökumətinin 1787-ci ildə düşdüyü dərin maliyyə böhranı verdi. Külli miqdarda büdcə kəsirini aradan qaldırmaq üçün kral hakimiyyəti bu dəfə imtiyazlı sinfin üzərinə də vergi qoymaq qərarına gəldi. Maliyyə naziri Əsilzadələr Şurasını çağırdı ki, zadəgan və ruhaniləri yeni vergidən xəbərdar etsin. Lakin onlar öz var-dövlətlərini xəzinə ilə bölüşməkdən boyun qaçırdılar və bununla kifayətlənməyərək tezliklə hökumətin siyasətini sabotaj etməyə başladılar. Aristokratiyanın bu müqavimətinə 17 may 1788-ci il tarixli kral fərmanı ilə hakimiyyətləri məhdudlaşdırılmış ali məhkəmə orqanları başçılıq edirdi.

Əsilzadələrin başladıqları etiraz aksiyasına 1788-ci ilin yayında üçüncü silkin nümayəndələri də qoşuldu. Kral hakimiyyətinə qarşı ümumi narazılıqdan doğan etiraz dalğası Fransanın əksər iri şəhərlərini bürüdü. Xalq Silklər Məclisinin - fransız parlamentinin çağırılmasını tələb edirdi. Kral XVI Lüdovik 5 may 1789-cu ilə qədər Silklər Məclisinin çağırılacağını elan etməyə məcbur oldu. Kral həmçinin ümumi tələbə boyun əyərək söz azadlığı və ibtidai senzuranın ləğv olunduğunu da elan etdi; ölkəni inqilaba çağıran pamfletlər və demokratik islahat layihələrindən danışan esselər bürüdü.

1789-cu ilin əvvəllərində Silklər Məclisinə seçkilər bütün ölkəni silkələyib hərəkətə gətirdi. Silklər Məclisinin çağırılacağı günü parlamentin köməyi ilə ölkədəki siyasi rejimi dəyişdirməyə ümid bəsləyən üçüncü silk xüsusi həsrətlə gözləyirdi.

Əslində bütün ölkə köklü dəyişikliklər ümid və həsrətində idi. Bir çox əsilzadə və ruhanilər də üçüncü silkin ölkədə ümumi bərabərliyin bərqərar olması, əsas insan hüquqlarına və dövlət üzərində cəmiyyətin nəzarəti prinsipinə əməl edilməsi barədəki tələblərini bütövlükdə dəstəkləyirdilər.

Fransa inqilabının ideoloq və siyasi xadimlərindən biri - abbat Emmanuel Jozef Siyes (1748-1836) öz məşhur "Üçüncü silk" pamfletində fransız demokratlarının əsas vəzifələrini yığcam şəkildə belə ifadə etmişdi: "Üçüncü silk nədir? Hər şey! İndiyəcən o nə olub? Heç nə! O nə olmaq istəyir? Nəsə bir şey!".

Özünün "İmtiyazlar haqqında" essesində Siyes ölkədə inqilab ərəfəsindəki feodal qaydalarını təsvir edərkən silk bölgüsünə söykənən mövcud siyasi sistemi amansızcasına ifşa edir, aristokratiyanın və ruhaniliyin imtiyazlarına qarşı öz qəti etirazını bildirirdi. Siyes sübut edirdi ki, bu imtiyazlar nəinki qeyri-qanunidir, eləcə də büsbütün əxlaqsızdır, çünki həm insanı, həm də cəmiyyəti mənəvi iflasa və pozğunluğa sürükləyir.

 

 

EMMANUEL JOZEF SİYES
İmtiyazlar haqqında esse (1789)


Xalq sadəlövhlüklə hesab edir ki, yalnız qanunda yazılan hüquqlara malikdir... Azadlıq hər hansı cəmiyyətdən, hər hansı qanunvericidən əvvəl yaranmışdır...


Adətən belə deyilir ki, imtiyaz onu əldə edənlərə xoşbəxtlik, başqalarına yoxsulluq gətirir. Əgər bu belədirsə, onda razılaşın ki, imtiyaz yararsız bir şeydir. Təsəvvür edək ki, hər hansı cəmiyyət yüksək inkişaf edib və mümkün olan qədər xoşbəxtdir; aydın deyilmi ki, onun tam dağılması üçün bir qismə hər şeyə icazə verib, başqalarını hər şeydən məhrum etmək kifayətdir?..  Bütün imtiyazlar ya qanuna tabe olmaqdan azad edir, ya da qanunla hamı üçün müəyyənləşdirilmiş hər hansı şeyə müstəsna hüquq verir. İmtiyazların mənası da bundadır ki, kimlərsə ümumi qanunlara tabe olmasın, buna isə bu iki yoldan biri ilə nail olmaq olar.

Hər şeydən öncə özümüzə sual verək: qanunun mövzusunu nə təşkil edir? Əlbəttə, bu, kiminsə başqasının azadlığına və ya mülkiyyətinə qəsdinin qarşısını almaqdan ibarətdir. Qanunlar əhli-keflikdən yaranmır. Vətəndaşların azadlığını, əfsus ki, məhdudlaşdıran qanunlar isə sonda istənilən insan birliyi ilə ziddiyyətə girir və onların tez aradan götürülməsi daha yaxşı olardı...

Zəkanın uzun müddət köləlikdə saxlanılması təəssüf doğuran imtiyazların meydana gəlməsinə səbəb olmuşdur. Xalq sadəlövhlüklə hesab edir ki, yalnız qanunda yazılan hüquqlara malikdir. Göründüyü kimi, xalq yaddan çıxarmışdır ki, azadlıq hər hansı cəmiyyətdən, hər hansı qanunvericidən əvvəl yaranmışdır; adamlar ona görə cəmiyyətdə birləşmişlər ki, şərəfsizlərə qalib gəlsinlər və əldə etdikləri təhlükəsizliyin sayəsində mənəvi və fiziki istəklərinin qəti, çoxsahəli və məhsuldar inkişafına nail olsunlar. Qanunverici bizə hüquqlar vermək yox, hüquqlarımızı qorumaq üçündür. Əgər qanunverici azadlığımızı məhdudlaşdırırsa, qoy onda onun hakimiyyəti yalnız cəmiyyətə zərər gətirə biləcək hərəkətlərə qarşı yönəlsin; buna görə də vətəndaş azadlığı qanunla yasaq olmayan hər şeyi əhatə edir.

Bu əsas prinsiplərə arxalanaraq imtiyazlar üzərində məhkəməyə başlayaq. Qanunun asılılığından azad edən imtiyazlar bu məhkəmənin qarşısında duruş gətirə bilmir. Belə ki, istənilən qanunda birbaşa və ya dolayısı ilə deyilir: "Yaxınlarına pislik etmə". Buradan da belə çıxır ki, "imtiyazlılara yaxınlarına pislik etməyə icazə verilir". Lakin kimliyindən asılı olmayaraq heç kəsin bu güzəşti verməyə ixtiyarı yoxdur. Əgər qanun yaxşıdırsa, hamı üçün məcburi olmalıdır, əgər pisdirsə, azadlığa qəsd etdiyinə görə ləğv edilməlidir...

Belə çıxır ki, bütün imtiyazlar ədalətsizliyi, şəri və istənilən siyasi orqanizmin yüksək amalına zidd olanları əks etdirir.

Fəxri imtiyazlar məhv edilməli olan imtiyazların ümumi siyahısından silinə bilməz. Çünki yuxarıda deyilmiş xüsusiyyətlərdən birini - qanunla qadağan olunmamış şeylərə müstəsna hüququ təmsil edir.  Hələ onu demirik ki, çox vaxt imtiyazların ikiüzlülüklə "fəxri" adlandırılması ən rəzil pul maraqlarını gizlətməyə xidmət edir.

Məhz bu imtiyazlar çoxlu sayda insanların alçaldılmasına yönəlmişdir. İnsanın alçaldılmasını isə xırda günah hesab etmək olmaz. Necə ola bilərdi ki, üç yüz min adamın şərəfləndirilməsi xatirinə iyirmi beş milyon yeddi yüz min adam  alçaldılsın. Bunu başa düşmək olmur. Bu faktın, şübhəsiz, ictimai maraqla ortaqlı heç nəyi yoxdur...

Bir anlıq təsəvvür edin ki, imtiyazı alan adam hansı yeni hissləri keçirir.  O, özünə bərabərlərin arasında özünü başqa zümrənin nümayəndəsi, millətin içərisində isə xüsusi ayrılmış millətin nümayəndəsi kimi hiss edir.  O belə fikirləşir ki, əvvəla, yalnız onunla bir kastaya daxil olanlara borcludur... Cəmiyyət onu artıq maraqlandırmır. Sözündə və fikirlərində cəmiyyət onun üçün tezliklə xidmət etməkdən ötrü yaranmış insan sinfindən, sürüdən, tör-töküntüdən  başqa bir şey deyildir.  O özü isə hökm etmək və həzz almaq üçün yaranmışdır.

Bəli, imtiyazlılar həqiqətən bu fikrə gəlirlər ki, onlar başqadırlar... Mən imtiyazı olan hər bir vicdanlı və səmimi (əlbəttə, belələri varsa) adamdan soruşuram ki, o, xalq içərisindən çıxmış bir adamın mühafizəçi kimi deyil, elə-belə onun yanında görünməsindən ikrah hissi keçirirmi, xırda bəhanələrlə, kəskin və təhqiramiz sözlər işlədərək onu başdan rədd etməyə çalışırmı?..

Burayadək mən fərq qoymadan bütün imtiyazlar haqqında danışırdım... Əgər şər və mənasızlıqlar siyahısında dərəcə varsa, onda irsi imtiyazlılar, şübhəsiz, birinci yerdə olmalıdır. Və mən bu aydın həqiqəti sübut etmək üçün öz dəlillərimdən geri çəkilməyəcəyəm...

Gözlərimiz qarşısında millətin itaətkarlığı şəraitində imtiyazlılar kütləsinin necə artdığını müşahidə edirik. Onlar arxayındırlar ki, yalnız mənşələrinə görə malik olduqları hüquq onlara şan-şöhrət və insan nəslinin bir hissəsinə yiyəlik etmək imkanı verir.

İmtiyazlı cənabların təkcə özünü nəsə ayrı bir insan nəsli hesab etməsi də kifayət edərdi, amma yox... Onlar monarxiya rejimindəki istənilən cəmiyyət üçün özlərini bütöv bir imtiyazlı sinif kimi zəruri hesab edirlər.  Onlar hökumət başçısı, yaxud monarxın özü ilə danışanda özlərini taxt-tacın dayağı və onu xalqın qəsdindən qoruyan təbii qoruyucular kimi təqdim edirlər, əksinə, xalqa müraciət edəndə onun guya həqiqi müdafiəçilərinə çevrilirlər - guya onlar olmasaydı, istibdad xalqı əzib məhv edərdi.

Bir az mərifəti olsaydı, hökumət başa düşərdi ki, cəmiyyətə yalnız qanunun himayəsi altında yaşayan və fəaliyyət göstərən vətəndaşlar, bir də üzərinə müdafiə və qoruma funksiyaları qoyulmuş mühafizə hakimiyyəti lazımdır.

Yeganə vacib iyerarxiya hakimiyyət aparatı işçilərinin arasında qoyulur; burada səlahiyyətlərin dərəcələnməsi vacibdir, aşağı və yuxarı pillələr arasında həqiqi qarşılıqlı münasibətlər yaradılmalıdır. Belə ki, ictimai mexanizm yalnız bu münasibətlərin əsasında hərəkətə gətirilə bilər.

Bunlardan başqa, qanun qarşısında yalnız bərabər vətəndaşlar mövcuddur.  Onlar bir-birlərindən yox (bu, mənasız bir quldarlıq olardı), onları qoruyan, mühakimə, müdafiə və s. edən hakimiyyətdən asılı olmalıdır.

Ən zəngin mülklərə sahib olanlar gündəlik qazancla dolananlardan üstün olmamalıdır. Əgər varlı daha çox vergi verirsə, ondan öz mülklərinə daha çox qayğı göstərməsi tələb olunur. Və məgər ən məzlum dilənçi daha az qiymətlidir, onun hüquqlarına daha az hörmət edilməlidir?..

Vətəndaşlar arasında bütün münasibətlər azad xarakter daşıyır. Biri öz vaxtını, yaxud malını təklif edir, digəri isə əvəzində pulunu verir. Burada birinin digərindən asılılığının qoxusu da gəlmir, yalnız daimi mübadilə mövcuddur. Bütün vətəndaş sinifləri öz funksiyalarına malikdir, ümumi işin bir hissəsini təşkil edən öz işləri ilə məşğuldurlar ki, bu da cəmiyyətin ümumi inkişafını təmin edir...

Aşağı təbəqələrdən kimsə öz şəxsi əməyi sayəsində, yaxud sənətkarlığı ilə az-çox sərvət toplayarsa, ya da dövlət qulluqçusu daha asan yolla nəyəsə nail olarsa, dərhal imtiyazlı cənabların tamah dolu gözləri onlara yönəlir.  Belə çıxır ki, yazıq millətimiz imtiyazlı sinfin zənginləşməsi üçün işləməyə və günbəgün yoxsullaşmağa məhkum edilmişdir.

Əkinçiliyin, fabriklərin, ticarətin və incəsənətin inkişafına çalışmağın, yüksəlməyin və yaratdıqları kapitalın bir hissəsini, xalqın rifahını artırmağa səy göstərməyin  mənası yoxdur: imtiyazlı cənablar kapitalı da, adamları da udublar, hər şey qəti olaraq imtiyazlılar sinfinə verilmişdir.

İmtiyazlar mövzusu onu törətmiş və müdafiə etməkdə olan xurafat kimi sonsuzdur. Bu mövzunu kənara qoyaq və özümüzü nəticə çıxarmaq əziyyətindən qurtaraq. Vaxt gələr, gələcək nəsillər tariximizi oxuyarkən təhqirin ağırlığından donub qalacaq və layiq olanların adlarını ən ağır sözlərlə lənətləyəcəklər.


  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan