Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

16.  İLK MÜHAFİZƏKARLAR İLK LİBERALLARA QARŞI
Edmund Börk

 

Fransa inqilabı təkcə Avropanın mütləqiyyətin hökmran olduğu ölkələrində deyil, həmçinin parlamentli Britaniyada da düşüncələrdə təlatüm yaratdı.  Tarixdə görünməmiş dövlət quruluşu - insan hüquqlarının qorunmasını özünün məqsədi elan edən respublika o dövrün siyasi filosoflarının diqqətini cəlb edərək onların öyrənmə, mədh və narahatlıq obyektinə çevrildi.  Britaniya, sonra isə XIX əsrin Avropa mühafizəkarlığı məhz qalib gəlmiş fransız liberalizminin ideyaları ilə mübarizədə formalaşmağa başlamışdı...

Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk (1729-1797) hesab olunur.  Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır.  Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir.  Viqlər Partiyasının əqidəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür.  Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır.  Börk həmçinin hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır. 

 


EDMUND BÖRK
Təbii hüquqlara hücum (1790)


Dövlət "təbii hüquq"ların müdafiəsi üçün yaradılmır...  Dövlət...  insanın ehtiyaclarını ödəmək üçün yaradılmışdır.


...əgər mülki cəmiyyət [ictimai] müqavilənin nəticəsi kimi yaranırsa, onda bu müqavilə onun qanununa çevrilməlidir.  Bu müqavilə onun əsasında formalaşdırılan dövlət quruluşunun bütün tərəflərini məhdudlaşdırmalı və onlara düzəlişlər verməlidir.  Qanunverici, məhkəmə, yaxud icra hakimiyyətinin istənilən forması bu müqavilədən irəli gəlmişdir.  Onlar hər hansı başqa vəziyyətdə mövcud deyildir və necə ola bilər ki, mülki cəmiyyət müqaviləsinin təsiri altında olan hər hansı şəxs bu müqavilədən irəli gəlməyən hüquqları tələb etsin, ona tamamilə zidd olan hüquqlar tələb etsinə

Mülki cəmiyyətin ilkin motivlərindən biri - sonralar onun əsaslı qaydalarından birinə çevrilmiş bu motiv ondan ibarətdir ki, heç kəs onun öz işində hakim olmamalıdır (1).  Bununla mülki cəmiyyətdə yaşayan hər bir şəxs dərhal özünü müqavilə ilə möhkəmləndirilməyən əsas insan hüquqlarının birincisindən (yəni özü ilə bağlı məsələdə hakim olmaq və öz işində öz hüquqlarını müdafiə etmək hüququndan) ayırır.  Burada o özünün hökmdarı olmaq hüquqlarının hamısından imtina edir.  Onun bu hüquqdan imtina etməsinə özünümüdafiə hüququndan da - ilkin təbii hüququndan imtina etməsi də daxildir.  İnsanlar eyni vaxtda qeyri-mülki və mülki hüquqlardan bəhrələnə bilməzlər.  İnsan onun üçün ən vacib məsələlərlə bağlı qərar qəbulu hüququndan imtina edir, lakin ədalət məhkəməsi əldə edir.  O, bir qədər azadlıq qazanır və ona görə də öz hüquqlarından onların bütövlükdə qorunacağına inanaraq imtina edir... 

Dövlət "təbii hüquq"ların müdafiəsi üçün yaradılmır...  Dövlət - bu insan müdrikliyinin törəməsi insanın ehtiyaclarını ödəmək üçün yaradılmışdır.  İnsanların haqqı var ki, onların ehtiyacları bu müdrikliklə ödənilsin.  Bu ehtiyacların içərisində mülki cəmiyyət üçün çox vacib olan bir ehtiyac - insan ehtiraslarının kifayət qədər məhdudlaşdırılması zərurəti xüsusi olaraq nəzərə alınmalıdır.  Cəmiyyət yalnız tək adamın ehtiraslarının cilovlanmasını deyil, insan kütlələrinin, qruplarının meyllərinin məhdudlaşdırılmasını, onların iradəsinə nəzarət olunmasını, onların hamısının ehtiraslarının asılı vəziyyətə salınmasını tələb edir.

Bütün bunlar иinsanların iradə və istəklərinə tabe etdirilmiş hakimiyyətlə deyil, onlardan kənarda olan hakimiyyətlə, vəzifəsi cilovlamaq və tabe etdirməkdən ibarət olan hakimiyyətlə həyata keçirilə bilər.  Bu mənada insanların üzərinə qoyulmuş məhdudiyyətlər (onların azadlıqları kimi) onların hüquqları sayılmalıdır.  Lakin nə qədər ki, azadlıq və məhdudiyyətlər zaman və şəraitdən asılı olaraq dəyişilir və burada sonsuz modifikasiyalara məruz qalır, onlar hansısa mücərrəd qaydalara əsaslana bilməz; və belə prinsipə(2) əsaslanaraq bu azadlıq və məhdudiyyətləri müzakirə etməkdən də axmaq bir şey yoxdur...


"Fransada inqilab haqqında düşüncələr"

 

 

 

 

_____________________________________________
1 Bax: Tomas Hobbs, "Sülhün qaydaları" - red.
2. İnsanın təbii hüquqlarının ayrılmazlığı prinsipi nəzərdə tutulur - red.


  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan