Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

18.  KOMMUNİZM KABUSU
Karl Marks və Fridrix Engels

Bütün ömrünü kommunist rejimi şəraitində yaşamış nəsil kommunist hərəkatının baniləri Karl Marks (1818-1883) və Fridrix Engelsin (1820-1895) əsərləri ilə yaxşı tanışdır.  Balacalardan tutmuş böyüklərə qədər hamı bu müəlliflərin yazdıqlarını az qala əzbər öyrənməyə məcbur idi.  Marksist doktrinasına zidd olan hər şey (istər ictimai elmlər sahəsində, istərsə də hətta fizika, riyaziyyat və biologiya sahəsində olsun) ya qadağan edilmişdi, ya da amansızcasına tənqid olunurdu.

80-ci illərin sonlarında dünya kommunist sistemi dağıldıqdan sonra postkommunist ölkələrində marksizm klassiklərinin baxışları ya büsbütün unuduldu, ya da istehza və gülüş hədəfinə çevrildi.  Bütün bunlara baxmayaraq, indiki gənc nəsil üçün "Kommunist Partiyasının manifesti" ilə - 150 il ərzində dünyanın mənzərəsini əsaslı şəkildə dəyişmiş, bəşəriyyətin böyük bir hissəsinin düşüncəsinə, təfəkkürünə nüfuz etmiş bir sənədlə tanışlıq maraqlı və faydalı olardı.

Marks tarixin hərəkətverici qüvvəsi kimi istismar olunan və istismar edən siniflərin mübarizəsini sayırdı.  Birgə əməyin nəticəsində əldə edilən gəlirin sahibkar və işçi arasında bazarda təyin edilmiş qiymətlərə uyğun şəkildə bölündüyünü iddia edən liberal iqtisadçılardan fərqli olaraq Marks belə hesab edirdi ki, sahibkar həmişə əlavə olaraq gəlirin qanuna görə ona məxsus olmayan hissəsini də mənimsəyir. 

O göstərirdi ki, bu cür soyğunçuluq nəticəsində kapitalistlər getdikcə daha da varlanacaq, proletariat isə tədricən daha da yoxsullaşıb dilənçi kökünə düşəcəkdir.  Bu acınacaqlı həyatdan əvvəl-axır cana doyan bütün ölkələrin proletarları birləşəcək, inqilab edəcək, kapitalistləri bir sinif kimi aradan qaldıracaq və yeni cəmiyyət - hamının bərabərlik və xoşbəxtliyini təmin edən kommunizm cəmiyyəti quracaqdır.  Bu cəmiyyətdə heç bir ziddiyyət olmayacaq, hər kəs vicdanla, pulsuz zəhmət çəkəcək və nemətlərdən öz tələbatına görə istifadə edəcəkdir. 

Marksın fikrincə, kommunizm cəmiyyətində insan hüquqları problemi öz mənasını büsbütün itirməli idi.  Belə ki, Russonun da iddia etdiyi kimi, kommunist dövlətində ya hər bir fərd ümumi məqsəd naminə öz hüquqlarını qurban verməlidir, ya da onu zorla azad və xoşbəxt etməli olacaqlar.

Lakin tezliklə gerçək həyat Marksın iddialarını təkzib etdi.  Artıq XIX əsrin sonlarında Avropa ölkələri əhalisinin müxtəlif qruplarının gəliri haqqındakı statistik məlumatlar göstərdi ki, kapitalistlərlə muzdlu fəhlələrin gəliri arasındakı fərq heç də artmır, əksinə, əhəmiyyətli dərəcədə azalır.  Avropa ölkələrində çoxsaylı və nüfuzlu orta təbəqə yaranmağa başlasa da, bu faktlar marksistləri öz fikirlərindən döndərə bilmədi.

Marks nəzəriyyəsi Vladimir Lenin tərəfindən genişləndirildi və Oktyabr Sosialist inqilabından (1917) sonra Rusiyada tətbiq edildi.  Bütün şəxsi mülkiyyət dövlətin əlinə keçdi; çar güllələndi, zadəganlar, burjuaziya və ruhanilər repressiya edildi, ölkədə Kommunist Partiyasının diktaturası quruldu.  Bu eksperiment nəticəsində artıq 1922-ci ildə ölkə iqtisadiyyatı tamamilə dağıdıldı və çıxış yolu axtaran Lenin bazar iqtisadiyyatına qayıtmaq barədə fərman verməli oldu.

Leninin ölümündən sonra (1924) hakimiyyətə gəlmiş Stalin tez bir zamanda daha ardıcıl marksist olduğunu sübut etdi.  O, bazar münasibətlərini heçə endirdi, ölkədə dövlət tərəfindən planlaşdırılan və idarə olunan sərt "sosialist iqtisadiyyatı"nı tətbiq etməyə başladı.  Stalinin qurduğu modeldə işçini işləməyə qorxu məcbur edirdi - işə çıxmayan adamı həbs cəzası gözləyirdi.  Bütün ölkə icbari əməkli böyük həbs düşərgəsinə çevrildi.  Və sistem, nəhayət, işə düşdü.  "Siyasi və iqtisadi sabotaja qarşı" kütləvi Stalin terrorunun gedişində ölkədə təxminən 20 milyondan çox vətəndaş məhv edildi.  Stalin əhalinin bir hissəsini "ali məqsəd" naminə qurban verərək, SSRİ-ni sənaye dövlətinə çevirdi.

SSRİ-nin İkinci dünya müharibəsində (1939-1945) qələbəsindən sonra kommunist rejimi Şərqi Almaniyadan başlayaraq Çinə qədər yayıldı.  İlk baxışda elə görünə bilərdi ki, kommunizmin "cahanşümul qələbəsi"nə lap az qalıb.  Lakin Stalinin ölümündən sonra (1953) sovet kommunistləri ölkənin idarə olunması üzrə repressiya tədbirlərindən imtina etdilər.  Nizam-intizam aşağı düşür, korrupsiya durmadan artırdı, ən başlıcası isə mərkəzləşdirilmiş iqtisadiyyat demokratik ölkələrin bazar iqtisadiyyatı ilə rəqabətə daha dözə bilmirdi.  80-ci illərin sonlarında Şərqi Avropa ölkələri gərgin mübarizədən sonra SSRİ-nin təsiri altından çıxıb çoxpartiyalı demokratiyaya və bazar iqtisadiyyatına tərəfdar olduqlarını elan etdilər.  26 dekabr 1991-ci ildə SSRİ dağıldı.  19-cu yüzilliyin ortalarında Avropada gəzən Marksın "kommunizm kabusu" elə kabus olaraq da qaldı...

* * *

KARL MARKS VƏ FRİDRİX ENGELS
Kommunist Partiyasının manifesti (1847)

Avropada bir kabus dolaşmaqdadır - kommunizm kabusu.  Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər...

Artıq bütün Avropa qüvvələri kommunizmi bir qüvvə hesab edir.

Artıq indi kommunistlərin öz baxışlarını, öz məqsədlərini, öz niyyətlərini bütün dünya qarşısında açıq söyləməli olduqları və kommunizm kabusu haqqındakı əfsanələrə qarşı partiyanın öz manifestini irəli sürməli olduqları vaxt gəlib catm?sd?r...


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FİYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan