Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

21.  AZADLIQSIZ XOŞBƏXTLİK
Fyodor Dostoyevski

Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin (1821-1881) yaradıcılığı XX yüzilliyin mənəvi həyatına əsaslı təsir göstərmiş, ədəbi modernizm, ekzistensializm, psixologiya, ilahiyyat və ədəbi tənqidin müxtəlif məktəbləri onun ideyalarının bilavasitə təsiri altında formalaşmışdır.

Moskvada qatı dindar ailəsində doğulmuş Dostoyevski hərbi həkim olan atasının tələbi ilə hərbi-mühəndislik akademiyasına daxil olmuşdur.  Lakin akademiyanı bitirdikdən sonra (1848) ixtisasını atmış, özünü bütövlükdə ədəbi yaradıcılığa həsr etmişdir.

1847-ci ildə Dostoyevski sosialistlər dərnəyinə getməyə başlayır və tədricən dərnək pərdəsi altında fəaliyyət göstərən inqilabi terrorçu təşkilata cəlb edilir.  Terrorçular çara qarşı sui-qəsd təşkil etməyə cəhd göstərirlər.  Qəsd baş tutmur, dərnək üzvləri həbs olunur (1849) və ölüm cəzasına məhkum edilirlər.  Lakin çar lap güllələnmə ərəfəsində edamı Sibirə sürgünlə əvəz edir.  Yaşanmış iztirablar Dostoyevskinin dünyagörüşünü büsbütün dəyişdirir.  Sosializm ideyasından məyus olan Dostoyevski daha inqilabi zorakılığı mübarizə metodu kimi qəbul etmək istəmir.  On ildən sonra sürgündən qayıdan Dostoyevski ədəbi yaradıcılığa qurşanır, başlıca mövzuları ləyaqət, mərhəmət, fərdi məsuliyyət və insan qəlbinin rəhmdilliyinə inam olan dahiyanə romanlarını yaradır.

Dostoyevskini ən çox insan münasibətlərinin psixologiyası maraqlandırır, lakin o, gənclik illərindən cəlb olunduğu sosial-siyasi problemlərə də böyük diqqət yetirir.  Onun "Ölü evdən qeydlər", "Karamazov qardaşları", "Əcinnələr" romanları peyğəmbəranə əsərlər sayılır, belə ki, Dostoyevskinin yaratdığı, onun müasirləri olan peşəkar inqilabçıların portreti onların 1917-ci ildə hakimiyyətə gəldikdən sonra nümayiş etdirdikləri davranışa tam uyğun gəlir.

Əvvəlcə "Karamazov qardaşları"nın bir fəsli kimi nəzərdə tutulmuş və çap edilmiş "Böyük inkvizitor" povestində Dostoyevski yaranmaqda olan demokratiyanın başlıca və həlledilməz problemlərindən birinə - azadlığın daşınması bu qədər çətin olan "ağır yükü" probleminə müraciət edir. 

Azadlıq məqsəddir, yoxsa yalnız xoşbəxtliyə nail olmaq alətidir? Azadlıqdan yalnız ayrı-ayrı güclü şəxsiyyətlər istifadə edə bilirlər, bəs onda daimi himayəyə ehtiyacı olan milyonlarca zəif nə etsin? İnsan üçün hansı yaxşıdır: azad cəmiyyətdə bədbəxtlik, ya totalitar rejim şəraitində xoşbəxtlik?

"Böyük inkvizitor" əsəri dünyada yeni ədəbi ənənənin - antiutopiya romanlarının əsasını qoydu.  Bu əsərlər Dostoyevskinin başladığı mövzunun müzakirəsinin davamı idi: insanı zorən xoşbəxt eləmək mümkündürmü və ümumi xoşbəxtlik naminə insanı qurban vermək olarmı? Vladimir Zamyatinin "Biz", Oldos Hakslinin "Yeni şanlı dünya", Corc Oruellin "1984", Entoni Bercesin "Yaylı portağal", Ken Kizinin "Ququ quşu yuvası üzərində uçuş" - bunlar azadlıqsız xoşbəxtliyə malik cəmiyyəti təhlil edən əsərlərin yalnız kiçik bir qismi, lakin ən məşhurlarıdır.

Dostoyevskinin bədbin proqnozları çin oldu və XX yüzillik Lenin, Hitler, Mao Tszedunun və bunlardan da xırda çoxsaylı "millət ataları"nın simasında "bəşəriyyətin xoşbəxtliyi naminə dünyanın yarısını yandırmağa" cəhd etmiş böyük inkvizitorları üzbəsurət seyr edə bildi.


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FİYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan