Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


22. BƏRABƏRLİYƏ QARŞI QİYAM
Fridrix Nitsşe

 

19-cu yüzillik insanın şəxsi azadlığı ideyasını, eləcə də bərabərlik ideyasını bir sıra ağır sınaqlara çəkdi. Fransa inqilabının qanlı hadisələri, demokratik ölkələrdə "çoxluğun tiraniyası", Konstan və Millin təsvir etdikləri kimi, cəmiyyətin insanın şəxsi həyatına müdaxiləsi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində intellektuallar arasında etiraz dalğası doğurdu. Yaradıcı şəxsiyyətlər şəxsi azadlıqla vətəndaş bərabərliyi arasında əyyami-qədimdən mövcud olan ziddiyyətlərdən danışmağa başladılar.

Bir çox intellektuallar demokratiya və kapitalizmin özündə daşıdığı konformizmə və alverçilik ruhuna qarşı qiyama qalxdılar. Boğucu qayda-qanun mühitinin hökm sürdüyü cəmiyyət sənətkarı mənən əzirdi, lakin ən dəhşətlisi bu idi ki, indi sənətkar maddi cəhətdən də kütlənin "bəsit" zövqündən asılı idi. İncəsənət "xalqa məxsus" olmağa başlamışdı. Əgər əvvəlki zamanlarda sənətkar maddi cəhətdən elmli, bilikli aristokratdan asılı idisə, indi, bazar münasibətləri şəraitində zövqləri və sənətkara verilən qiyməti yeni alıcı - kapitalist cəmiyyətinin o qədər də incə zövqü olmayan orta vətəndaşı müəyyən edirdi. Burjua zövqünün yedəyində sürünmək istəməyən intellektuallar yaradıcı şəxsiyyəti əzən bərabərlikdən "fövqəlinsan"ın hüququ lehinə imtina etməyə çağırırdılar.

Bu "romantik qiyam"ın liderlərindən biri də alman filosofu Nitsşe (1844-1900) idi. Nitsşe protestant keşişi ailəsində doğulmuşdur. Uşaqlıqdan dini mühitdəki həyatı müşahidə etmiş Nitsşedə dinə, eləcə də burjua cəmiyyətinin mənəvi əsaslarına dərin  nifrət oyanmışdı. Nitsşe əsərlərində müasir insan davranışının Qərb mədəniyyətinin dərin qatlarında gizlənmiş həqiqi motivlərini açıb göstərməyə çalışır, Qərb mədəniyyətini özünüaldatma mədəniyyəti adlandırırdı.

Nitsşenin fikrincə, insanı hakimiyyət əzmi və dünyanı öz istəklərinə uyğun dəyişmək ehtirası idarə edir. Bərabərlik istedadsızları törədib çoxaldır. Ləyaqəti itaət və mütiliklə eyniləşdirən xristian əxlaqı insanın öz imkanlarından tam istifadə etməsi yolunda başlıca əngəldir. Allah ölüb, - deyə Nitsşe bəyan edirdi, - insanın azad yaradıcılığı və nailiyyətləri erası başlanıb.

Nitsşe yaradıcılığının Qərbin intellektual fikrinə güclü təsiri olmuşdur. Nitsşenin milliyyətçiliyə, antisemitizmə, dövlətin zor siyasətinə olan nifrətinə baxmayaraq, faşistlər, sosialist terrorçular və ümumiyyətlə özlərini "fövqəlinsan" sayanlar onun ideyasını təhrif edərək özlərinə bayraq etmişdilər. Onlar üçün "fövqəlinsan" bəşəriyyət qarşısında, ali məqsədə yetmək naminə mənəvi öhdəliklərdən azad edilməli olan insan demək idi.

 

 


FRİDRİX NİTSŞE
Xeyir və şərin o tayında (1886)


...Demokratik hərəkatda yalnız siyasi təşkilatın düşkünlüyü formasını deyil, həm də insanın düşkünlüyü formasını, yəni onun ortabablıq dərəcəsinə endirildiyini,  dəyər-qiymətdən düşdüyünü görən bizlər nə etməliyik?..


... Cəmiyyətin tarixində xəstə bir yumşalma, zərifləşmə məqamları olur ki, bu zaman cəmiyyət öz düşməninə, cinayətkara tərəfdar çıxır və bunu olduqca ciddi və namusla edir. Bəzi hallarda o, cəza verməyə ədalətsizlik kimi baxır - inamla söyləmək olar ki, "cəza" və "cəzalandırmaq vəzifəsi" barədəki anlayışların özü ona mənəvi ağrılar verir, onda qorxu, vahimə hissi oyadır. "Məgər canini zərərsizləşdirmək bəs etməzmi? Daha cəza vermək nə üçün? Cəza ki dəhşətdir!" - bu sualla da sürü əxlaqı, qorxaqlıq əxlaqı son qərarını vermiş olur. Əgər ümumiyyətlə təhlükənin özünü, qorxunun səbəbini məhv etmək mümkün olsaydı, o zaman bu əxlaqın özü də məhv olardı - o, daha gərək olmazdı, öz-özünü lazımsız hesab edərdi! Müasir avropalının vicdanını araşdıran şəxs onun vicdanının minlərlə əxlaq çalarında və ən xəlvət guşələrində eyni bir imperativi - sürü hürküsü imperativini tapmış olar: "Kaş haçansa elə bir dövr yetişsin ki, daha heç nədən qorxmaq lazım gəlməsin". Həmin o "haçansa"ya canatma və yol hazırda Avropada "tərəqqi" adlandırılır.

Yüz dəfə söylədiyimiz həqiqəti bir daha yada salaq, çünki bu həqiqətləri - bizim həqiqətləri hazırda həvəssiz dinləyib qulaqardına vururlar. Biz artıq yaxşı bilirik ki, kimsə heç bir mübaliğə və bənzətməyə yol vermədən insanı birbaşa heyvanlar sırasına aid edəndə bu necə təhqiredici səslənir və bizim "müasir ideyalı" insanlarla bağlı olaraq daim "sürü", "sürü instinkti" və s. bu kimi ifadələri işlətməyimiz, heç şübhəsiz ki, az qala  günah kimi bizim ayağımıza yazılacaqdır. Lakin nə etməli? Biz başqa cür hərəkət edə bilmərik, çünki yeni baxışımız məhz bu təsəvvürdən ibarətdir.  Biz aşkar etmişik ki, Avropa və Avropanın təsiri altında olan ölkələr bütün əsas əxlaqi mülahizələr üzrə tam razılığa gəlmişlər - onların fikrincə, Avropada hətta Sokrata da bəlli olmayan və bir zamanlar qədim və məşhur İlanın öyrətməyə boyun olduğu bir şeyi - xeyir və şərin olduğunu "bilirlər". Bu, qulaq üçün nə qədər kobud və xoşagəlməz səslənsə də, biz yenə təkrar edirik: bu təsadüfdə özünü bilən saymaq, öz alqışı və qarğışıyla özünü öymək, rəhmdil adlandırmaq elə sürü insanı instinktidir...

Hazırda Avropadakı əxlaq sürü heyvanlarının əxlaqıdır və bizim fikrimizcə, bu, insan əxlaqının yalnız bir növüdür, bu növdən əlavə, ondan öncə və ondan sonra digər bir çox əxlaq növləri, ilk növbədə də ali əxlaq növləri, yaxud bunların ola bilməsi mümkündür.  Lakin mövcud əxlaq bu cür "mümkünlüyü", bu cür "olabilmə"ni var gücüylə inkar edir; o, əzm və inadla təkrar-təkrar deyir: "Mən əxlaqın özüyəm və məndən savayı heç şey əxlaq deyildir!"...  Ən ali sürü ehtiraslarının qulluğunda duran və bunlara ləbbeyk söyləyən dinin köməyi ilə iş o yerə çatmışdır ki, həm siyasi, həm də ictimai qanun-qaydalarda biz bu əxlaqın getdikcə daha aşkar və qabarıq ifadəsini görürük - demokratik hərəkat xristianlıq hərəkatı irsinə yiyə durmağa başlamışdır. Lakin onun sürəti sözügedən instinktin daha səbrsiz, xəstəhal və cəfakeş ifadəçiləri üçün hələ ki, xeyli ləng və cansıxıcıdır; bunu hazırda Avropa mədəniyyətinin kandarlarında sülənən anarxist köpəklərin getdikcə daha qəzəblə ulaşıb diş qıcırtmalarından görmək olar; guya onlar sülhsevər, işlək demokratlar və inqilab ideoloqlarıdır və daha artıq dərəcədə, özlərini sosialist adlandıran və "azad cəmiyyət" arzusunda olan qardaşlığın kütbeyin filosofcuğazları və fanatikləriylə ziddiyyət təşkil edirlər, əslində isə onlar cəmiyyətin muxtar sürü formasından başqa hər hansı digər formasına dərin və instinktiv ədavət bəsləməkdə onlarla eyniləşirlər (və bu ədavətdə o həddə gəlib çatırlar ki, hətta "ağa" və "qul" anlayışlarını belə inkar edirlər; məsələn, sosialist düsturlarından biri bəyan edir ki, "ni dieu ni maitre"(1).  Onlar hər hansı bir müstəsna iddiaya, hər hansı bir müstəsna hüquqa və üstünlüyə inadlı müqavimət göstərməkdə eyniləşirlər (bu da son nəticədə hər bir kəsə eyni hüquqların verilməsi deməkdir; belə ki, hamı bərabər olanda artıq heç kəsə "hüquqlar" gərək olmur). Onlar cəzaverici ədalət mühakiməsinə inamsızlıqda eyniləşirlər (guya ki, cəza vermək zəif üzərində zorakılıq, bütün əvvəlki cəmiyyətlərin zəruri məhsuluna münasibətdə ədalətsizlikdir). Onlar bəşəri mərhəmət əxlaqına olan inamda eyniləşirlər, guya bu mərhəmətin özü elə əxlaq deməkdir və guya bu əxlaq zirvədir, insanlığın əldə edə bildiyi ən yüksək zirvədir, gələcəyin yeganə ümid yeri, müasir insanlar üçün təsəlli vasitəsi, hər cür əski günahların bağışlanması deməkdir...

Bəs bizlər - başqa bir dinin insanları demokratik hərəkatda yalnız siyasi təşkilatın düşkünlüyü formasını deyil, həm də insanın düşkünlüyü formasını, məhz insanın cılızlaşması formasını, yəni onun ortabablıq dərəcəsinə endirildiyini, dəyər-qiymətinin aşağı düşdüyünü görən bizlər nə etməli, öz ümidlərimizi nələrə, yaxud kimlərə bağlamalıyıq?  Əlbəttə ki, yeni filosoflara - çarəmiz yoxdur; biz öz ümidlərimizi şeylərin zidd qiymətləndirilməsi təcrübəsinin özülünü qoymaq, "əbədi dəyərlər"i yenidən saf-çürük etmək, bunlara yeni gözlə baxmaq üçün kifayət qədər güclü və orijinal ağlı olan insanlara bağlamalıyıq; biz öz ümidlərimizi yeni eranın sələflərinə, minilliklərin iradəsini yeni yollarla sürüyüb apara biləcək kəməndi indiki dövrün boynunda bərkidən gələcəyin insanlarına bağlamalıyıq.  Biz bunu insanın gələcəyinə, insan iradəsindən asılı olan bir şeyə baxan kimi baxmağı öyrətmək üçün, indiyədək tarix adlandırılan ağılsızlığın və təsadüflərin bu müdhiş ağalığına son qoymaq məqsədilə, tərbiyə və intizamlaşdırma işində böyük və cəsarətli kollektiv təcrübələri hazırlamaq üçün etməliyik - "əksəriyyətin" ağılsızlığı onun yalnız son formasıdır...

 

________________________________
1 Nə Allah, nə ağa (frans.) - red.

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan