Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

23. KAPİTALİZM ADAMI, DEMOKRATİYA ADAMI
Maks Veber

Nə üçün bir sivilizasiya uğurla inkişaf edir, digəri daim durğunluqda qalır, üçüncüsü isə, ümumiyyətlə, yer üzündən silinib gedir?  Bu suallar bəşəriyyətin fikrini çox qədimlərdən məşğul edirdi və elə indinin özündə də ictimai elmlərin başlıca problemi olaraq qalır.

Nə üçün kapitalizm və demokratiya bir ölkədə kök salıb çiçəkləyir, digərində isə məğlubiyyətə uğrayır? Qərbin demokratik cəmiyyəti insanında fövqəladə nəsə varmı və o, digər mədəniyyətin nümayəndəsindən nə ilə fərqlənir?  Qərb dünyasından parlamenti, Konstitusiyanı əxz edərək qanun vasitəsilə şəxsi mülkiyyəti və bazar münasibətlərini həyata keçirməyimiz kifayətdirmi ki, ölkəmiz uğurla inkişaf yoluna qədəm qoysun?

Görkəmli alman filosofu və sosioloqu Maks Veber (1864-1920) XX yüzilliyin astanasında bu suala "yox" cavabını verirdi.  Veberin fikrincə, kapitalizm və demokratiyanın uğurlu inkişafı üçün insan xüsusi mədəniyyətə - həyata münasibətdə rasional və tənqidi baxışa, eləcə də, protestantizm dini təlimi və dini praktikası vasitəsilə təşəkkül tapmış əməyin kapitalist etikasına yiyələnməlidir.

Veber yazırdı ki, kapitalizm münasibətləri Qərbdə uydurulmayıb, bunlar bütün sivilizasiyaya xasdır, ancaq protestant kapitalizminin əsaslı fərqi əməyə xüsusi münasibətdədir.  Digər mədəniyyətlərdə "insan yaşamaq üçün işləyir, protestantlar isə işləmək üçün yaşayırlar".  Çünki kalvinistlərin(1) dini təliminə görə, Allaha sonsuz dualar deyil, uğurlu, Allah-təalanın adını şöhrətləndirəcək əmək xoşdur.  Və əgər insanın əməyi uğurludursa - ona var-dövlət gətirirsə, ümid edə bilər ki, cənnətdə əbədi həyat üçün Allah məhz onu seçib.  Protestantizmin yayılmasından yüzilliklər sonra əmək etikasının dini motivi, demək olar ki, unudulmuşdu.  Lakin Veberin yazdığı kimi, əməyə xüsusi münasibət Qərb insanı psixologiyasında özünə möhkəm yer eləmişdi.

Veberin uğurlu kapitalizm və sabit demokratiyanın protestant etikası ilə əlaqəsi haqqındakı nəzəriyyəsi dəfələrlə tənqid hədəfinə çevrilmişdi.  Veberin opponentləri buna istinad edirdilər ki, 19 - 20-ci yüzilliklərdə dünyada katolik Fransası, İtaliyası və İspaniyası, yaxud 20-ci əsrin sonlarında xristian ənənələrinə büsbütün yad olan Sakit okean bölgəsi ölkələri və müsəlman Türkiyəsi kimi uğurla inkişaf edən kapitalist ölkələri peyda olmuşdu.

Veberin özü və onun tərəfdarları buna belə cavab verirdilər ki, inkişaf edən qeyri-protestant ölkələr çox güman ki, öz mədəniyyətlərində əvvəllər gizli qalan ehtiyatları üzə çıxara bilmiş və bu, onlara protestant etikasına bənzər əmək etikasını formalaşdırmağa imkan vermişdir.

Veberin nəzəriyyəsi Marksın da mənsub olduğu fəlsəfi məktəbə meydan oxumaq demək idi.  Marks iddia edirdi ki, şüuru maddi varlıq təyin edir.  Veber isə bunun tam əksini sübut edirdi - protestantizm ideyası Qərb ölkələrinin maddi inkişafını təmin etmişdir.

Hətta biz Veberlə razılaşmalı olsaq ki, protestant ölkələrinin inkişafını məhz dini reformasiya irəlicədən müəyyən etmişdir, bu halda da inkişaf probleminin əsas sirri yenə açılmamış qalacaqdır.  Axı indiyədək aydın deyildir ki, nə üçün reformasiyanı məhz Şimali Avropanın almandilli xalqları birinci olaraq (hələ 16-cı əsrdə) həyata keçirmişlər? Nə üçün Cənubi və Şərqi Avropa xalqları bu reformasiyanı rədd etmişdir? Nə üçün katoliklər öz dinləri daxilində liberal islahatı yalnız 20-ci yüzilliyin ortalarında həyata keçirə bilmişlər? Və nə üçün pravoslav xristianlar, eləcə də müsəlmanlar indiyəcən öz dinlərində reformasiya aparmamışlar?

Hər necə olsa da, ümumi rəyə görə, Veberin "Protestant etikası və kapitalizm ruhu" əsəri Qərb insanının davranış motivlərini və Qərb cəmiyyətinin xüsusiyyətlərini anlayıb dərk etmək üçün əvəzolunmaz mənbə sayılmalıdır.


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FİYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan