Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

24. İLK AMERİKA KOLONİSTLƏRİ
VƏ İLK KONSTİTUSİYALAR

15-ci yüzilliyin sonlarında Amerikanın kəşfindən sonra bu əfsanəvi torpaq haqqında şayiələr bütün Avropaya yayılır.  Amerikada məskən salmağa ilk gələnlər sırasında dini dissidentlər - İngiltərənin Plimut şəhərindən olub ingilis kralı və anqlikan kilsəsinin özbaşınalığından bu "həsrəti çəkilən diyar"da sığınacaq axtaran piliqrimlər (puritan sektası) də vardı.

Anqlikan kilsəsinin təqibindən bir müddət Hollandiyada gizlənən piliqrimlər məchul Amerikaya köçmək qərarına gəlirlər ki, orada, Bibliyada deyildiyi kimi, "təpədə müqəddəs şəhər salıb" onların azadlıq haqqındakı təsəvvürlərinə və yüksək mənəvi tələblərinə uyğun gələn yeni həyata başlasınlar.  Piliqrimlər "Meyflauer" adlı gəmini kirələyir və 1620-ci ildə Atlantik okeanını adlayırlar.  Əvvəlcə onlar hələ 1607-ci ildə ilk ingilis yaşayış məntəqəsinin bina edildiyi Virciniyada məskən salmaq qərarına gəlirlər.  Lakin tezliklə məlum olur ki, Virciniya sakinləri arasında yekdillik olmadığından bu koloniya, demək olar, dağılmışdır.

Kod burnunda yad sahilə (hazırda ABŞ-ın Plimut şəhəri, Massaçusets ştatı) çıxmazdan əvvəl gəminin 103 sərnişini qarşılıqlı razılıq əsasında sənəd - ictimai müqavilə tərtib edir, koloniyada ədalətli qaydalar təyin etmək və bunlara sözsüz tabe olmaq vəzifəsini üzərlərinə götürürlər.

İctimai müqavilə ideyasını piliqrimlər Bibliyadan mənimsəmişdilər, belə ki, orada Allah insanlarla (İsrail tayfası ilə) müqavilə bağlayaraq Allah-təalanın qoyduğu qanunlara ciddi əməl etdikləri halda onlara himayədarlıq etməyi öz öhdəsinə götürüb.  Bundan əlavə, piliqrimlərin inanışına görə, cəmiyyətdə birgəyaşayış barədə müqavilələri insanlar da öz aralarında bağlamalıdırlar.  Belə müqavilələrə əməl etməmək böyük günah sayılırdı.

"Meyflauer" gəmisində bağlanmış bu müqavilə çox vaxt ilk Amerika Konstitusiyası hesab olunur, o mənada ki, ilk dəfəydi hökumət idarə olunanların ümumi razılığı əsasında qurulmuşdu.  Amerikaya köçərək Konnektikutda, Rod-Aylenddə və Yeni İngiltərənin digər yerlərində özünü idarə edən koloniyalar yaratmağa başlamış siyasi və iqtisadi mühacirlər də öz aralarında gələcək ölkə Konstitusiyasının müjdəçiləri sayıla biləcək bu cür müqavilələr bağlamağa başladılar.  Bu müqavilələrin çoxunda insanların qanun qarşısında bərabərliyi, özünüidarəetmə və istər dövlətin, istərsə də cəmiyyətin vicdan azadlığı məsələlərinə müdaxilə etməməsi barədəki müddəalar əks olunmuşdur.

Rod-Aylend kolonistləri isə ingilis kralından onların tələbləri əks olunmuş aşağıdakı fərmanı (1663) əldə edə bilmişdilər: "Heç bir şəxs...  indən belə və bütün zamanlarda din barədə hər hansı fikir ayrılığı ilə əlaqədar narahatlığa, yaxud şübhələrə məruz qoyula bilməz".

Elə həmin zamanlar Nyu-Cersidəki koloniyanın qəbul etdiyi Konstitusiya "insanın azadlıq haqqında gələcək anlamı üçün özül yaratdı ki, xalq onun öz razılığı olmadan heç vaxt heç kəsin tabeliyində olmasın, belə ki, biz hakimiyyəti xalqa vermişik" - deyə Pensilvaniyanın yaradıcısı Uilyam Penn yazırdı.

* * *

"Meyflauer" sazişi (1620)

 "Biz, adları burada yazılanlar, həşəmətli hökmdar ağamız kral Ceyms cənablarının, Allahın iradəsi ilə Böyük Britaniyanın, Fransanın və İrlandiyanın kralının, dinin müdafiəçisinin sadiq təbəələri rəbbimizin şərəfinə, xristian dininin uğuru, kralımızın və ölkəmizin şöhrəti naminə Virciniyanın şimal hissəsində ilk koloniyanı yaratmaq üçün səfər edərək Allahın və bir-birimizin qarşısında bu müqavilə ilə aramızda qayda-qanun yaratmaq üçün vətəndaş ittifaqında birləşirik...  Buna görə isə biz elə ədalətli və hamımız üçün eyni qanunlar... və vəzifələr yaradacağıq ki, koloniyamızın rahatlıq və əmin-amanlığı üçün gərəkli ola bilsinlər və onlara əməl edəcəyimizə, tabe olacağımıza söz veririk.  Biz Kod burnunda hökmdarımız kral Ceymsin İngiltərə, Fransa və İrlandiyanı idarə etməsinin on səkkizinci ilində, Şotlandiyanı idarə etməsinin əlli dördüncü ili noyabrın 11-də və rəbbimizin anadan olduğunun 1620-ci ilində adlarımızı burada yazmaqla yuxarıda deyilənləri təsdiq edirik"


   * * *

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan