Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


25.  AMERİKA İNQİLABI
Xoşbəxtliyə canatma hüququ

Amerika kolonistləri özlərini ingilis taxt-tacının təbəələri saydıqları halda, Britaniya hökuməti onlara "ikinci növ" adamlar kimi baxırdı - kolonistlər Britaniya sakinlərinin öz vətənlərində istifadə etdikləri bir çox hüquqlardan, o cümlədən öz nümayəndələrini parlamentə seçmək hüququndan məhrum idilər.

Amerika koloniyaları uğrunda 7 illik İngiltərə-Fransa müharibəsi başa çatdıqdan sonra qalib gəlmiş İngiltərənin külli miqdarda borcunun yığıldığı məlum oldu.  1764-cü ildə parlament bu borcun ödənilməsini kolonistlərin üzərinə qoymaq qərarına gəlir və bunu onunla əsaslandırır ki, bəs bu müharibə ilk növbədə onların təhlükəsizliyi naminə aparılıbmış.  Dönə-dönə qoyulan həddən artıq vergilər kolonistlərin qəzəbinə və çaxnaşmaya səbəb olur.  Azadlıqların Böyük Xartiyası (1215) və Hüquqlar Haqqında Billdən (1689)  gələn ənənələrə istinad edən kolonistlər təkidlə bildirirlər ki, onların nümayəndələrinin parlamentdə iştirakı olmadan parlamentin onların üzərinə vergi qoymağa haqqı yoxdur.  Ölkədə əhalini vergi verməkdən boyun qaçırmağa, Britaniya hökumətinə itaətsizlik göstərməyə və Britaniyadan ayrılmağa çağıran vərəqələr və pamfletlər yayılmağa başlayır.  Pamfletlərdə gələcək müstəqil dövlətin siyasi quruluşu da müzakirə olunur.

13 koloniyanın Birinci Kontinental Konqresə (1774) toplanmış nümayəndələri kral III Georqa təbəəlikdə sədaqətli vətəndaşlarını parlamentdən və "qəddar" nazirlərdən qorumaq xahişi ilə müraciət edirlər.  Konqres həmçinin Britaniya müstəmləkə hakimiyyətinə vətəndaş itaətsizliyi göstərməyə çağırır.  Kral Konqresin müştərək ərizəsinə cavab vermir, əksinə, kolonistləri qiyamçı elan edir, qoşunlara qiyamı yatırmaq əmri verilir.

Lakin ingilislərin cəza dəstələri Corc Vaşinqtonun başçılıq etdiyi kolonistlər ordusunun ciddi müqavimətinə rast gəlir və böyük itkilər verir (1775).  Fransa və İspaniyanın hər biri kolonistlər ordusuna bir milyon livr pul ayırır (1776).

2 iyul 1776-cı ildə İkinci Kontinental Konqres daha Britaniyadan asılı olmadığını elan edir, Ceffersona, Franklinə və Adamsa istiqlaliyyət haqqında bəyannamə tərtib etməyi tapşırır.  Bəyannamənin əsasən Tomas Cefferson tərəfindən yazılmış mətnini Konqres 4 iyul 1776-cı ildə təsdiq edir.  Həmin gün ABŞ-da istiqlaliyyət günü kimi qeyd olunur.

Bu zaman hərbi əməliyyatlar hələ də davam edir.  Müharibə 1781-ci ilin payızında amerikalıların tam qələbəsiylə başa çatır.  1782-ci ildə Britaniyanın yeni Nazirlər Kabineti Amerika Birləşmiş Ştatlarının müstəqilliyini tanımağa razılıq verir...

İstiqlaliyyət Bəyannaməsi dünya demokratiyasının başlıca sənədlərindən biridir; onun əhəmiyyəti müstəqilliyin elan olunması faktı hüdudlarından çox-çox kənara çıxır.  Heç bir Amerika sənədi amerikalıların azad insanı necə təsəvvür etməsi və fərdlə dövlətin qarşılıqlı əlaqələrinin hansı şəkildə qurulmalı olması barədə bu qədər geniş məlumat verə bilməz.

İlk baxışdan adama elə gələ bilər ki, bəyannamədə diqqəti çəkə biləcək orijinal ideyalar yoxdur; burada "Azadlıqların Böyük Xartiyası"nın, levellerlərin "Xalq sazişi"nin və Con Lokkun ideyalarından istifadə olunub.  Doğrudan da bu belədir.  Lakin məsələ burasındadır ki, əgər Britaniyada ingilis inqilabının ideyaları daim feodal ənənələriylə toqquşduğu halda, Amerikada öz vətənlərini dövlətin təqibi üzündən tərk etmiş insanların qurub-yaratdığı bir ölkədə "yaşamaq, azadlıq və xoşbəxtliyə canatma" hüquqları hamı tərəfindən alqışlanır və dəstəklənirdi.  Bu hüquqlar bəyannamədə təkcə amerikalıların deyil, həm də bütün bəşər nümayəndələrinin ayrılmaz hüquqları kimi tanınırdı.

Ceffersonun bəyannaməyə daxil etdiyi şikayətlər siyahısı amerikalıların necə dövlət qurmaq istədiyini və orada dövlətlə insanın qarşılıqlı münasibətlərinin necə olmasını bizə aydın göstərir:

"Dövlət insanlar arasında bağlanmış müqavilə əsasında yaradılmalıdır; o, vətəndaşların şəxsi işlərinə müdaxilə etməməlidir; dövlətin vəzifəsi vətəndaşların mülkiyyət hüquqlarını təmin etməkdir; xalq öz öhdəliklərini yerinə yetirməyən və insan hüquqlarını pozan hökumətə qarşı üsyan etmək hüququna malikdir; insan yalnız andlılar məhkəməsinin hökmü ilə məhkum edilə bilər; hökumət axtarış üçün order olmadan evlərə soxula bilməz; vergilər adamların və onların parlamentdəki nümayəndələrinin razılığı olmadan qoyula bilməz."

Bəyannamənin müddəaları amerikalılar üçün gözlənilməz deyildi.  Artıq 1770-ci ilə qədər Britaniya müstəmləkə idarəsi tamamilə dağılmışdı və Amerika koloniyalarını əslində yerli özünüidarə orqanları idarə edirdi ki, onlar da Ceffersonun bəyannamədə əks edilmiş ideyalarını daim müzakirə edir və elliklə bunları dəstəkləyirdilər.

"Köhnə dünya"da monarxiyalar və imperiyalar dağılıb yeni dövlət-millətlər meydana gəldikcə dövlətin vəzifələri haqqında belə bir ümumi fikir yaranırdı ki, dövlət ilk növbədə cəmiyyətdə sabitliyi təmin etmək üçün gərəkdir.  İstiqlaliyyət Bəyannaməsi isə sabitlik zərurətini inkar etməsə də, dövlətin başlıca vəzifəsini insan hüquqlarını müdafiə etməkdə görürdü.

Maraqlıdır ki, bəyannamə insanın "xoşbəxt olmaq hüququ"nu deyil, məhz onun "xoşbəxtliyə canatma" hüququnu tanıyır.  Amerikalıların ümumi fikrincə, hökumət hər bir insanı xoşbəxt etmək, yəni ona iş və təhsil verib, peşə öyrədib, müalicə etmək zorunda deyildir.  Hökumət yalnız onun öz məqsədlərinə yetməsi üçün azadlıqlarını qoruya bilər. 

Bəyannamə bütün insanların qanun qarşısında bərabər olduqlarını elan etdi; lakin o zaman bu bərabərlik hindulara, zəncilərə, qadınlara və mülkiyyətsiz adamlara şamil edilmirdi.  Amma əhalinin bu qrupları hüquq bərabərliyi uğrunda apardıqları uzun sürən mübarizənin gedişində başlıca ideoloji və hüquqi alət kimi məhz bəyannaməyə istinad edirdilər. 

1783-cü ildə Massaçusets Ali Məhkəməsi ştatın ərazisində köləliyi qanunsuz elan etdi.  Məhkəmə öz qərarını bəyannamənin aşağıdakı sözlərinə istinadən çıxardı: "Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, insanlar bərabərhüquqlu yaradılıb".

* * *

TOMAS CEFFERSON
İstiqlaliyyət Bəyannaməsi (4 iyul 1776-cı il)
AMERİKANIN ON ÜÇ ŞTATI TƏRƏFİNDƏN HAMILIQLA VƏ BİR SƏSLƏ QƏBUL EDİLMİŞDİR


Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona da bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılılıqsız mövqe tutmağa çalışır və belə olanda həmin xalq bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, özünün müstəqilliyə canatma səbəblərini, heç şəksiz ki, izah etməlidir.

Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir; belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur; odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır.  Əlbəttə, sağlam şüurun kəsdiyi odur ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməsin, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə dözməyə, imkan varsa, daha meyllidirlər.  Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd - xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əmin-amanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur.  Həmin bu kolonistlər də həmçinin uzun müddətdir ki, müxtəlif sıxıntılara düçar olublar və ancaq zərurət onları keçmiş dövlət quruluşunu dəyişməyə məcbur edir.

Hazırda taxtda olan Böyük Britaniya kralının hökmranlıq tarixi əslində bizim ştatlarda mütləqiyyəti bərqərar etmək kimi birbaşa məqsəd güdən, ardı-arası kəsilməyən zülm və zillət tarixidir.  Bunu sübuta yetirmək üçün insaf yiyəsi olan dünyanın nəzərinə aşağıdakı faktları çatdırırıq.

Kral camaatın güzəranı üçün gərəkli və xeyirli olan qanunlara razılıq vermirdi. 

O, qubernatorlara qadağan etmişdi ki, nə qədər təxirəsalınmaz olsa belə, özü təsdiq etməyincə heç bir qanun qüvvəyə minməsin. Həmin qanunların tətbiqi bu yolla dayandırılanda onlara zərrəcə məhəl qoymurdu.

O, geniş, əhalisi çox bölgələrin sakinlərinə sərfəli, zalımlara isə xatalı görünən, qanunvericilik qurumunda təmsil hüququndan əl çəkməyincə mənafelərinə uyğun qanunları qəbul etməyə icazə vermirdi.

O, qanunvericiləri fiziki cəhətdən yormaq, beləliklə də onların iradəsini yalnız özünə tabe etdirmək məqsədilə toplantıları ucqar məskənlərdə, arxivlərdən uzaq, narahat yerlərdə çağırtdırırdı.

O, qanunverici məclisləri həmin səbəbdən dəfələrlə buraxmışdı, çünki onlar xalqa məxsus hüquqların kral tərəfindən pozulmasına qətiyyətlə müqavimət göstərirdilər.

Kral qanunvericiləri buraxandan sonra uzun müddət yeni seçkilər keçirmək istəmir, bu zaman ləğv oluna bilməyən qanunvericilik camaatın əlinə keçir, ölkə zəifləyir, xarici müdaxiləyə, daxili sarsıntılara uğrayırdı.

O, əhalinin bu ştatlarda məskunlaşmasına, əcnəbilərin burada oturaqlaşması barədə mövcud qaydaların tətbiqinə maneçilik törədir, mühacirəti şirnikləndirən və torpaq paylarının alınmasına ixtiyar verən yeni qanunların təsdiqinə mane olurdu.

O, ədliyyənin icrasına yol vermir, məhkəmələrin yaranışı haqda qanuna qol qoymurdu.

O, hakimlərin qulluq müddətini, məvacibini istədiyi kimi müəyyən edir, onları təkcə öz iradəsindən asılı vəziyyətə salırdı.

O, saysız-hesabsız vəzifələr təsis edir, üstümüzə xalqı soyub-sıxışdıran məmurlar dəstəsi göndərirdi.

O, qanunverici məclislərimizin razılığı olmadan dinclik dövründə torpaqlarımızda daimi ordu saxlayırdı.

O, hərbi hakimiyyəti müstəqil etməyə və mülki qurumdan üstün tutmağa çalışırdı.

O, bizləri quruluşumuza və qanunlarımıza yabançı olan hakimiyyətə tabe etdirməkdən ötrü başqaları ilə sazişə girirdi; qeyri-qanuni hökumətin aktlarını çap etdirməklə aşağıdakı riyakar məqsədlər güdürdü:

- aramızda iri hərbi hissələr yerləşdirmək;

- adamlarımızı qətlə yetirən hərbçiləri qurama məhkəmələrlə müdafiə etmək;

- Yer kürəsinin başqa tərəfləri ilə ticarət əlaqələrimizi kəsmək;

- bizimlə razılaşdırmadan üstümüzə vergilər qoymaq;

- əksər hallarda bizi andlılar məhkəməsindən məhrum etmək;

- bizləri okeanın o tayına yollamaq və uydurma cinayətlər üstündə mühakimə etmək;

- qonşu əyalətdə(1) azad ingilis qanunları sistemini yoxa çıxarmaq, orada özbaşınalığa söykənən quruluş yaratmaq və onun sərhədlərini elə genəltmək ki, həmin quruluş bizə görk olsun, mütləqiyyətin bizim tərəflərdə yayılmasına vasitəçilik etsin; qanunları ləğv etməklə bizim idarəçilik sistemini kökündən dəyişdirmək;

- qanunverici məclisləri buraxmaqla bizim əvəzimizə hər cür qanun-qaydaların qəbul edilməsinə yiyə çıxmaq.


Kral bizə yiyə durmadı, bizə himayə göstərməkdən əl çəkib müharibəyə əl atdı.

O, dənizlərimizdə quldurluq edir, sahillərimizi qarət edir, şəhərlərimizi oda qalayır, həmvətənlərimizi öldürürdü.  İndi də hətta qatı barbarlıq dövründə belə rast gəlinməyən, azad bir millətin hökmdarına yaraşmayan amansızlıqla, namərdcəsinə başladığı qırğın, qarət və qəddarlığı sona yetirmək üçün əcnəbi muzdlulardan ibarət nə boyda orduları üstümüzə göndərir.

O, açıq dənizdə əsir düşən soydaşlarımızı öz yurdlarına qarşı silah işlətməyə məcbur edirdi və beləcə, onlar ya dost-doğmalarının cəlladına çevrilir, ya da özləri onların əlindən əcəl tapırdılar.

O, öz içərimizdə nifaq törədir, həm də yaşından, cinsindən asılı olmayaraq qabağına keçəni qırıb-çatan vəhşi hinduları bizim camaatımızla salışdırmağa cəhd göstərirdi.

Bu dərdləri çəkdikcə zaman-zaman acizanə şəkildə də olsa öz hüquqlarımızın bərpasını diləmişik.  Bu barədə dönə-dönə etdiyimiz xahişlərə yeganə cavab isə yeni haqsızlıqlar olub.

Müstəbid keyfiyyətlərinə malik hökmdar azad xalqın hökmdarı ola bilməz.

İngilis soydaşlarımız da yadımızdan çıxmayıb.  Vaxtaşırı onların nəzərinə çatdırmışıq ki, onların qanunverici palataları bizi qanunsuz şəkildə özlərinə tabe etdirmək niyyətindədir.  Mühacirətimizə və köçüb burada məskən salmağımıza səbəb olan şəraiti xatırlatmışıq.  Onlara xas fitri alicənablıq və ədalət hissini andırmaqla aramızdakı qan qohumluğuna da and vermişik ki, əvvəl-axır aramıza ayrılıq gətirəsi, eləcə də əlaqələrimizi üzən və bizə qarşı yönələn haqsızlığı yamanlayıb qınasınlar.  Ancaq onlar nə haqqın, nə də qan qohumluğunun səsinə etina göstərdilər.  Odur ki, ayrılmağımızın labüdlüyü ilə barışası olmalıyıq və bundan sonra onlara münasibətimiz özgə xalqlara necədirsə elə olasıdır, belə ki, müharibədə düşmən, dinc vaxtı dostuq.

Ona görə də biz, yəni Amerika Birləşmiş Ştatlarının nümayəndələri Ali Konqresə toplaşıb və niyyətimizin səmimiliyinə Ulu Tanrını şahid çağırıb rəhmdil camaatımızın iradəsinə tabe oluruq və xalqın adından təntənəli şəkildə, uca səslə bəyan edirik - necə ki, bir ixtiyar sahibi, bizim birləşmiş müstəmləkələr indən belə azad və müstəqil Ştatlar olacaq, yəni onlar Britan taxtü-tacına sadiq olmaqdan yaxasını qurtarır və beləliklə, Böyük Britaniya ilə hər cür siyasi əlaqələr büsbütün ləğv edilir.  Bundan sonra Ştatların kiməsə müharibə elan etməyə, sülh bağlamağa, ittifaqa girməyə, ticarət aparmağa, bir sözlə, istədiyi səviyyədə, yəni azad dövlətlər tək təşəbbüsdə bulunub davranmağa tam ixtiyarı var.

Bu bəyannaməyə sübut olaraq və Allah-təalanın imdadına güvənərək, bu yolda heç nəyimizi əsirgəmədən, malımızı, canımızı qurban verməyə, öz şərəfimizi daim uca tutmağa and içirik.

 

 


__________________________________
1 Kanada nəzərdə tutulur - red.


  
* * *

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -2 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan