Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

26. ABŞ-da DİNİN DÖVLƏTDƏN AYRILMASI

ABŞ müstəqillik əldə etdikdən dərhal sonra müstəmləkə hakimiyyəti ilə sıx bağlı olan anqlikan kilsəsinin hökmranlığına Virciniya ştatında son qoyuldu. Bununla belə, Amerika kolonistlərinin başlıca məqsədlərindən birinin - vicdan və dini etiqad azadlığının həyata keçirilməsi bir sıra problemlərlə qarşılaşdı. Ştatın qanunvericilik məclisinin rəsmi qəbul olunmuş kilsələrin hamısına kömək məqsədilə vergi qoymaq hüququ varmı? Bu baxış əhali tərəfindən geniş müdafiə olunurdu. Bir çoxları hesab edirdi ki, vahid dövlət kilsəsi olmamalıdır, lakin din ştatın büdcəsindən maliyyələşməlidir. Virciniya əhalisinin digər hissəsi dərk edirdi ki, bu cür maliyyələşdirmə dinin adamlara sırınmasından başqa bir şey deyil və Avropanı vaxtilə tərk etmiş amerikalıların və onların əcdadlarının qəbul etməyərək mübarizə apardıqları şeyləri daha çox xatırladır.

Tomas Cefferson və Ceyms Medison (hər ikisi ABŞ-ın gələcək prezidentləri idi) təkid edirdilər ki, dini etiqad hər kəsin yalnız şəxsi işi olmalıdır və hər hansı dövlət müdaxiləsindən qorunmalıdır. İstənilən dini fəaliyyət tam könüllülük əsasında olmalıdır.

Cefferson və Medison əhalinin üzərinə təkcə bütün rəsmi kilsələrin maliyyələşdirilməsi üçün vergilər qoyulmasının deyil, həmçinin adamların öz xüsusi kilsələrinin xeyrinə vergi verməyə məcbur edilməsinin də əleyhinə çıxırdılar. Cefferson hesab edirdi ki, kilsə və dövlət bir-birindən uca divarla ayrılmalıdır.

1779-cu ildə Cefferson Virciniya ştatında dini azadlıq haqqında qanun layihəsi hazırladı, lakin bu layihə yalnız 7 ildən sonra - 1786-cı ildə Medisonun səyləri nəticəsində Virciniya ştatının qanunverici məclisi tərəfindən qəbul olundu. Bu günə qədər bu qanun Virciniya ştatının Konstitusiyasının tərkib hissəsini təşkil edir. Sonralar qanunun surəti bir çox digər ştatlar tərəfindən çıxarılmışdır, qanun həmçinin ABŞ Konstitusiyasının dini azadlıq haqqında müddəasının əsasını təşkil etmişdir.  

Həm Cefferson, həm də Medison bu qanunu həyatları boyu qazandıqları ən böyük nailiyyətlərdən hesab edirdilər. Cefferson vəsiyyət etmişdi ki, başdaşında tutduğu yüksək dövlət vəzifələrini deyil, İstiqlaliyyət Bəyannaməsinin, dini azadlıq haqqında qanunun müəllifi və Virciniya Universitetinin yaradıcısı olduğunu yazsınlar.

 

TOMAS CEFFERSON
Virciniya ştatında dini azadlıq haqqında qanun

Qanun layihəsini 1779-cu ildə T. Cefferson yazmış, qanun 1786-cı ildə qəbul olunmuşdur


Bu qanuna görə, kimsəni hər hansı dini ibadət yerlərinə getməyə, yaxud onlara yardım göstərməyə məcbur etmək qadağandır...

 

Nəzərə alaraq ki...

qadir Allah idrakı azad yaratmış və onun gələcəkdə də azad qalmasını istəmişdir, bunun üçün də onu məhdudiyyətlərə yatımsız etmişdir;

ağla müvəqqəti cəzalar, yaxud çətinliklər, ya da vətəndaş hüquqlarından məhrum etməklə təsir göstərmək cəhdləri yalnız ikiüzlülük hallarının yaranmasına və şərəfsiz addımların atılmasına gətirib çıxarır, bu isə müqəddəs dinimizi Yaradanın niyyətlərindən uzaqdır, Yaradan canımızın və ruhumuzun sahibi olmasına, hər şeyə qadir olmasına baxmayaraq, dini bu və ya başqasına zorla qəbul etdirməyə üstünlük verməmişdir;

özünün baxışlarını yeganə düzgün və xətasız baxış kimi təqdim edərək onu başqalarına qəbul etdirən qanunverici hakimiyyət, dini və mülki rəhbərlər bu hərəkətləri ilə günah edirlər;

qəbul etmədiyi baxışların yayılmasına görə pul verməyə insanı məcbur etmək günah və müstəbidlikdir;

insanı hətta öz dininə məxsus hər hansı müəllimə yardıma təhrik etmək də onu əxlaq nümunəsinə əməl etmək istədiyi konkret pastora yardım göstərmək azadlığından məhrum edir...;

mülki hüquqlarımız fizika, yaxud həndəsə sahəsində baxışlarımızdan asılı олolmadığı kimi, dini baxışlarımızdan da asılı deyildir; buna görə də insanın bu və ya digər dini təlimə etiqada, yaxud onu qəbul etmədiyinə görə ictimai etimaddan kənar elan olunması, məsul vəzifələr tutub müvafiq ödənc almaq imkanından məhrum edilməsi başqa vətəndaşlar kimi malik olduğu təbii hüquqlardan... ədalətsizcəsinə məhrum edilməsi deməkdir;

insanların baxışları mülki hakimiyyətə tabe və onun yurisdiksiyasına daxil deyil;

mülki hakimiyyətə insanların dünyagörüşü sahəsinə müdaxilə etməsinə, hər hansı prinsipləri yanlış hesab edərək onların təbliğ edilməsinə, yaxud yayılmasına mane olmaq imkanının verilməsi bütün dini azadlığı dərhal məhv edə biləcək təhlükəli bir yanlışlıqdır, belə ki, bu halda şəksiz hakim rolunda çıxış edən mülki hakimiyyət öz baxışlarını mühakimə meyarlarına çevirəcək və başqalarının baxışlarını özününkünə uyğun gəlib-gəlməməsinə görə bəyənəcək, yaxud rədd edəcəkdir;

vəzifəli şəxslər mülki hakimiyyətin ədalətli niyyətlərinə əsaslanaraq yalnız o vaxt müdaxilə edə bilərlər ki, kiminsə prinsipləri sülhün və mövcud asayişin pozulmasına yönəldilən aşkar hərəkətlərlə nəticələnsin;

və nəhayət, həqiqət güclüdür və onu öz ixtiyarına buraxdıqda qalib gəlir; o, yanlışlıqlara qarşı möhkəm və davamlı sipərdir, insanların müdaxiləsi onu əsas silahından - diskussiya və mübahisələr azadlığından məhrum etməsə, heç bir münaqişə ona təhlükəli deyildir;  açıq şəkildə təkzib etmək mümkün olduqda səhvlər təhlükəli olmur...

Biz, Virciniyanın Baş Assambleyası bu qanunu təsdiq edirik. Bu qanuna görə, kimsəni hər hansı dini ibadət yerlərinə getməyə, yaxud onlara yardım göstərməyə məcbur etmək qadağandır, həmçinin kimsəyə dini baxışlarına, yaxud əqidəsinə görə zor tətbiq etmək, onun fəaliyyətini məhdudlaşdırmaq, təzyiq göstərmək, yaxud şəxsiyyətinə xələl yetirmək, əmlakına zərər vurmaq, onu hər hansı başqa cür iztirablara düçar etmək olmaz;

bu qanuna görə, bütün insanlar dini etiqadlarında azaddırlar və dini məsələlərə dair öz baxışlarını sərbəst şəkildə müdafiə edə bilərlər, bütün bunlar heç bir halda insanların mülki hüquqlarını məhdudlaşdırmamalı, yaxud hər hansı formada onlara təsir etməməlidir.

Əlbəttə, bizə məlumdur ki, bu Assambleya yalnız adi qanunların qəbul olunması üçün seçilmişdir və bizim Assambleya ilə eyni səlahiyyətlərə malik sonrakı assambleyaların aktlarını məhdudlaşdırmaq ixtiyarına sahib deyildir, buna görə də bu aktın ləğvedilməz olduğunu elan etməyin qanuni gücü olmazdı, lakin biz bəyan etməkdə azadıq və bəyan edirik ki, bu sənəddə müdafiə olunan hüquqlar insanın "təbii hüquqlar"ıdır və gələcəkdə bu sənədin ləğv olunmasına, yaxud məhdudlaşdırılmasına yönəlmiş akt qəbul olunarsa, bu, "təbii hüquq"un pozulması demək olacaqdır.


   * * *

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan