Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


27. MƏHDUDLAŞDIRILMIŞ HÖKUMƏT
ABŞ KONSTİTUSİYASI

1777-ci ildə müstəqillik uğrunda müharibənin gedişində öz tərkibində 13 ştatın nümayəndələrini toplamış Kontinental Konqres öz hərəkətlərini uzlaşdırmaq məqsədilə Konfederasiya və Daimi Hökumət Haqqında Əsasnaməni bəyəndi.  Üsyana qalxmış ştatlar sərt Britaniya idarəsinin acı taleyindən ibrət alaraq mərkəzləşdirilmiş hökumətin hakimiyyətini məhdudlaşdırmaq üçün bütün tədbirləri gördülər: burada bütün qərarlar konsensusla qəbul edilməli idi.  Nəticədə bu, ittifaqın öz idarəetmə qabiliyyətini tam itirməsi ilə nəticələndi.  Axır müharibə dövründə Konfederasiya ştatların üzərinə vergilər qoya bilmir, yalnız onlardan kömək diləyirdi; o, qoşun yığmaq və onu maliyyələşdirmək, ticarət və sənayeni tənzimləmək, xarici siyasət yürütmək imkanından da məhrum idi.

1786-cı ildə 5 ştat Konqresə Konfederasiya Haqqında Əsasnaməyə düzəliş vermək tələbi ilə müraciət etdi; bundan məqsəd ittifaq üçün daha səmərəli idarəetmə formasını tapmaq idi.  Federasiyanın - daha sıx ittifaq yaratmağın tərəfdarları başda Corc Vaşinqton olmaqla ölkə Konstitusiyası üzərində işə başladılar.  Layihə üzərində işə Ceyms Medison rəhbərlik edirdi.

Konstitusiya ilk növbədə güclü icraedici hakimiyyət yaratmalı, lakin eyni zamanda bu hakimiyyət hüdudsuz olmamalı idi.  Habelə ittifaqın səmərəli qanunverici və vahid məhkəmə sistemini yaratmaq zəruri idi.  Medison bu vəzifənin öhdəsindən ustalıqla gəldi.  O, "əyləclər və balanslar" (checks and balances) və ya "qarşılıqlı nəzarət və əks təsir" prinsipinə - ideyasını Monteskyödən mənimsədiyi hakimiyyət bölgüsü prinsipinə əsaslanan siyasi quruluş yaratdı.

Bu quruluşda ittifaqı idarə edəcək qanunları Konqres qəbul edirdi; bu qanunlar əsasında ittifaqın işlərini prezident idarə və nəhayət, qanunların icrasının düzgünlüyünə məhkəmə nəzarət etməli idi.  Beləliklə, hakimiyyətin hər üç qolu bir-birini qarşılıqlı şəkildə tamamlamalı və bir-birini nəzarətdə saxlamalı idi. "Hakimiyyət bölgüsü" sisteminin fəlsəfi əsaslandırılması ondan ibarət idi ki, insan öz təbiətinə görə mənən zəifdir və hakimiyyət düşkünüdür.  İnsan nə qədər namuslu və təmiz olursa-olsun, digər insanlar üzərində hüdudsuz hakimiyyət əldə etdikdən sonra çox keçmədən tirana çevriləcəkdir.  İstiqlaliyyət Bəyannaməsi kimi, Medisonun layihəsi də ingilis inqilabının bütün demokratik təcrübəsini mənimsəmişdi.

Dünyanın ilk Konstitusiyasının layihəsi Amerika millətinin iftixar mənbəyidir, ən azı ona görə ki, bu Konstitusiya indiyə qədər dünyanın bütün konstitusiyaları üçün əvəzsiz nümunə olaraq qalır.  Konstitusiya bu sözlərlə başlanırdı: "Biz, Birləşmiş Ştatlar xalqı...". Bu o demək idi ki, ittifaq ayrı-ayrı ştatların razılığı ilə deyil, özünün bütün əhalisinin razılığı ilə yaradılır və deməli, ittifaqa daxil olmuş ştat bu ittifaqdan öz iradəsi ilə çıxa bilməz, bunun üçün Birləşmiş Ştatlar xalqının ümumi razılığı gərəkdir.

İttifaqın əsas prinsiplərini əks etdirən Konstitusiya ölkənin qalan qanunları üzərində üstünlüyü olan ən ali dövlət qanunu kimi düşünülmüşdü.  Konstitusiyaya hər hansı bir dəyişiklik yalnız ştatların hər biri ayrı-ayrılıqda bu dəyişikliyi qəbul etdikdən sonra edilə bilərdi.  Bu müddəa sənədin hüquqi gücünü xeyli artırırdı.  Belə ki, indən belə Konqres qəbul edilmiş prinsipləri, Britaniya parlamentində ola biləcəyi kimi, səsvermə yolu ilə dəyişdirə bilməzdi.

1787-ci ilin yazında Filadelfiyada öz işinə başlamış Konstitusiya Konventi (qurultay) uzun müzakirələrdən sonra sentyabrın 17-də Konstitusiya layihəsini qəbul etdi.  Bir müddətdən sonra ştatların qanunverici yığıncaqlarının ratifikasiya etdiyi Konstitusiya 4 mart 1789-cu ildə qüvvəyə mindi.

Hələ Konstitusiyanın qəbulu üzrə müzakirələrin gedişində Tomas Ceffersonun başçılıq etdiyi bir dəstə nümayəndə onun mətninə dövlətin məhdudlaşdıra bilməyəcəyi insan hüquqlarının siyahısını daxil etmək tələbini irəli sürdü.  Medison buna etiraz edərək göstərdi ki, Konstitusiyaya əsasən hökumət onsuz da öz hüquqlarında xeyli məhdudlaşdırılıb.  Lakin Cefferson öz inadından dönməyərək bildirdi: "Hüquqlar Haqqında Bill insanları yer üzündəki istənilən hökumətdən - mərkəzi, yaxud yerli hökumətdən qoruyur və heç bir ədalətli hökumət insanı ona məxsus olan hüquqlardan məhrum edə, yaxud bunlara öz istədiyi kimi yanaşa bilməz".

Konstitusiya qəbul olunduqdan sonra Konqres 1789-cu ilin yazında öz iclasına toplaşdı və Ceffersonun irəli sürdüyü düzəlişlər siyahısını dərhal qəbul edərək, bunları ştatlara göndərdi.  Ştatlar 1791-ci ilə qədər bu düzəlişlərin 10-nu təsdiqlədilər və o vaxtdan bunlar ABŞ Konstitusiyasının Hüquqlar Haqqında Billi adı ilə tanınır.  Bu Billə əsasən Konqres vicdan, söz və dinc yığıncaqlar azadlığını məhdudlaşdıra biləcək qanunlar qəbul edə bilməz.

ABŞ-ın 200 illik tarixi ərzində Konstitusiyaya 27 düzəliş edilmişdir.  Bu düzəlişlər əsasən vətəndaş hüquqlarını (köləliyin ləğvi, seçki hüquqlarının genişləndirilməsi və s.) genişləndirmiş və vətəndaşların dövlət üzərindəki nəzarətinin güclənməsinə kömək etmişdir. 

* * *

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
KONSTİTUSİYASI (1787)

Biz, Birləşmiş Ştatlar xalqı(1) daha mükəmməl ittifaqın yaradılması, ədalətin bərqərar edilməsi, daxili sakitliyin qorunması, birgə müdafiənin təşkili, ümumi rifah səviyyəsinə yardım göstərilməsi, bizim və bizdən sonrakı nəsillərin azadlıq nemətləri ilə təmin edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları üçün bu Konstitusiyanı təntənə ilə bəyan və təsis edirik.


I MADDƏ
(Qanunvericilik hakimiyyəti)

1-ci bölmə.  Qanunvericilik hakimiyyətinin burada təsbit edilən bütün səlahiyyətləri Senatdan və Nümayəndələr Palatasından ibarət Birləşmiş Ştatlar Konqresinə məxsusdur.

2-ci bölmə.  Nümayəndələr Palatası hər ştatın əhalisi tərəfindən iki ildə bir dəfə seçilən üzvlərdən ibarətdir və hər ştatdakı seçicilər onun Qanunverici yığıncağının ən çoxsaylı palatasının seçicilərinə irəli sürülmüş tələblərə cavab verməlidir.
İyirmi beş yaşına çatmayan, yeddi il Birləşmiş Ştatların vətəndaşı olmayan və seçildiyi zaman onu seçən ştatın sakini olmayan heç kəs Nümayəndə ola bilməz.
Həm Nümayəndələr, həm də birbaşa vergilər bu ittifaqa daxil olacaq bütün ştatların öz əhalisi nisbətində bölünür; bu tənasüb müəyyən müddətə xidmətdə olan şəxsləri daxil etməklə və vergi ödəməyən hinduları çıxmaqla, bütün azad adamların sayına bütün başqa şəxslərin beşdə üçünü artırmaqla müəyyənləşdirilir.
Əhalinin əsl siyahıyaalınması Birləşmiş Ştatlar Konqresinin ilk sessiyasından sonrakı üç il ərzində həyata keçirilir, sonra isə xüsusi qanunla müəyyənləşdirilən qaydada hər on ildən bir təkrarlanır.  Hər otuz min sakinə bir Nümayəndədən artıq seçmək olmaz.  Bu cür siyahıyaalma keçirilənədək Nyu-Hempşir ştatı əhalisinin üç, Massaçusetsin səkkiz, Rod-Aylendin və Providens koloniyasının bir, Konnektikutun beş, Nyu-Yorkun altı, Nyu-Cersinin dörd, Pensilvaniyanın səkkiz, Delaverin bir, Merilendin altı, Virciniyanın on, Şimali Karolinanın beş, Cənubi Karolinanın beş və Corciyanın üç Nümayəndə seçmək hüququ olacaqdır.
Hər hansı ştatın nümayəndəliyində boş yer yarandıqda oranın icra hakimiyyəti bu boş yeri doldurmaq üçün seçkilər təyin edir.
Nümayəndələr Palatası öz spikerini və başqa vəzifəli şəxslərini seçir; impiçment qaydasında təqibetmə məsələsini qaldırmaq hüququ yalnız ona məxsusdur.


KONSTİTUSİYANIN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan