Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


28. DEMOKRATİYA DƏSTƏBAZLIĞIN ÖHDƏSİNDƏN GƏLƏ BİLƏCƏKMİ?

Medisonun hazırladığı Konstitusiya layihəsi Konqresdə təsdiq olunarkən, eləcə də ictimaiyyət tərəfindən müzakirə edilərkən bir sıra çətinliklərlə üzləşdi.  Amerikanın hər yerində onun müddəalarının həm lehinə, həm də əleyhinə çıxış edən qruplar var idi.  Təklif olunan sistemin məziyyətləri və nöqsanları barədə müzakirə qəzet və jurnal səhifələrinə çıxarıldı.  Güclü mərkəzləşdirilmiş hökuməti nəzərdə tutan Konstitusiyanın tərəfdarları və əleyhdarları xalq arasında "federalist" və "antifederalist" adını aldılar.

Tomas Ceffersonun da qoşulduğu antifederalçılar Konstitusiya layihəsinə qarşı kifayət qədər ciddi dəlillər irəli sürürdülər.  Onlar mərkəzləşdirilmiş hökumətin hakimiyyətinin məhdudlaşdırılması, Konstitusiyanın əsas insan hüquqlarına təminat verməsini tələb edirdilər. 

Bundan əlavə, xalq arasında idarəetmənin respublika formasının səmərəsinə şübhəylə yanaşanlar da az deyildi.  Antifederalçılar deyirdilər: Amerika kiçik Afina deyil və heç bir hökumət ölkədəki saysız-hesabsız qrupların, dəstələrin mənafeyini ortaq məxrəcə gətirə bilməz.  Yaranmış fraksiyalar öz mənafelərini güdməklə ölkəni parçalayacaqlar.  Çoxluğu təmsil edən fraksiya azlığın mənafeyini düşünmədən öz dar mənafelərini həyata keçirməyə can atacaq və s.

Çoxpartiyalılıq demokratiyasından hətta ABŞ-ın birinci prezidenti Corc Vaşinqton da qorxuya düşmüşdü; o, vəzifəsini tərk edərkən vida müraciətində (1796) milləti partiyalara bölünməməyə çağırmışdı: "Bu ruh [partiya ruhu], bədbəxtlikdən, bizim təbiətimizdən ayrılmazdır və insan şüuruna xas olan ehtiraslarda kök salır. O dövlət şuralarını dağıdır və idarə işini zəiflədir. O, cəmiyyətdə əsaslandırılmamış qısqanclıq oyadır və yalançı həyəcanlar törədir; bütövün bir bölümünü digərinə qarşı qaldırır; gözlənilməz üsyanlara və qiyamlara gətirib çıxarır. O, xarici təsirə və partiya ehtirasları yoluyla hökumətin özünə də asanlıqla nüfuz edən korrupsiyaya qapıları taybatay açır".

Konstitusiyaya qarşı hücumlar federalistləri layihəni müdafiə etmək üçün ictimai kampaniyaya başlamağa vadar etdi.  Konstitusiyanın xeyrinə ən mühüm dəlillər Ceyms Medison, Aleksandr Hamilton və Con Ceyin qələmə aldıqları 85 qəzet essesindən ibarət  seriyada peyda oldu.  Sonralar bu esselər "Federalist" adlı kitabda toplandı.

Həmin esselər ABŞ Konstitusiyasının ən istedadlı və nüfuzlu yozumu sayılır və bu gün də Konstitusiyanın müddəalarını incədən-incəyə anlamağa çalışan alim və hüquqşünaslar onları diqqətlə öyrənirlər.

Ən çox istifadə edilən sitatlar Medisonun qələmə aldığı və respublika quruluşuna həsr olunmuş 10 saylı essenin payına düşür.  Medisonun yazdığına görə, fraksiya labüd, qaçılmaz bir bəladır, elə bir bəladır ki, istər-istəməz onunla barışmaq lazım gəlir.  Axı demokratiya çoxluğun hakimiyyəti, özü də azlığın hesabına olan hakimiyyəti deməkdir. 

Fraksiyaları qadağan etmək üçün ya azadlığı qadağan etmək, ya da bütün insanları eyni cür düşünməyə və eyni maraqlarla yaşamağa məcbur etmək gərəkdir.  Medisonun qəti əqidəsincə, bu hər iki yol demokratiyanı məhvə aparardı.

Fraksiyaları qadağan etmək olmaz, lakin onlara Konstitusiya vasitəsilə nəzarət etmək mümkündür.  Fraksiyaların çoxluğu ona gətirib çıxarmalıdır ki, onlardan heç biri daimi çoxluğa yiyələnə bilməsin.  Azlıq nümayəndələrinə müzakirələrin gedişində fikir söyləmək və çoxluğu inandırmaq imkanı veriləcəkdir; ola bilər ki, məhz bundan sonra milli mənafelərə cavab verən qərarlar ortaya çıxsın.  Konqresdə həmişə elə nümayəndələr olacaq ki, hətta çoxluq xalqın mənafeyini gözdən qaçırdıqda da onlar yalnız ümumi mənafe və fayda barədə düşünəcəklər.

Göründüyü kimi, Medisonun dəlilləri bir az idealist təsir bağışlayır, demokratiya qorxuları isə xeyli gerçək və bizə də yaxşı tanışdır.  Bununla belə, Amerika demokratiya təcrübəsinin "ayağı sayalı" oldu və bütün dünyanı bu yöndə fəaliyyət göstərməyə ruhlandırdı.  Ola bilsin ki, demokratiyanın uğuru üçün insanlarda bir qədər idealizm də gərəkdir. 
* * *


CEYMS MEDİSON
10 saylı "Federalist" (1787)

Yaxşı təşkil olunmuş ittifaqın vəd etdiyi çoxsaylı üstünlüklər içərisində ittifaqın fraksiyaçılığın vurduğu zərərin qarşısını almaq və onu nəzarətdə saxlamaq qabiliyyəti daha dəqiq işlənməyə layiqdir.  Xalq hakimiyyətinin tərəfdarı heç vaxt onun xarakteri və taleyi üçün xalq hökumətlərinin bu təhlükəli qüsura meylliliyi haqqında düşündüyü andakı  qədər narahat olmur.  Ona görə də o, xalq hakimiyyəti prinsiplərini pozmadan bu xəstəliyin sağaldılmasına yardım edən hər hansı planı layiqincə qiymətləndirərsə, səhv etməz.  Dövlət şuralarındakı qeyri-sabitlik, ədalətsizlik və hərc-mərclik həqiqətən hər yerdə xalq hakimiyyətini məhvə gətirib çıxaran dəhşətli xəstəliklərdir; bu qüsurlar azadlığın əleyhdarlarının bəlağətli çıxışları üçün sevimli mövzulardan olmaqda davam edir.  

Amerika konstitusiyaлаðылаðыlarının qədim, eləcə də müasir xalq hakimiyyəti modellərində həyata keçirdikləri mühüm təkmilləşdirmələr, əlbəttə, bizi çox da heyrətə salmamalıdır; onların istədiyimiz, yaxud gözlədiyimiz kimi bu təhlükədən yan keçməyə imkan verəcəyinə ümid etməyə heç bir əsas yoxdur.  Daha diqqətli və ləyaqətli vətəndaşlarımızın (adətən, cəmiyyətə və insana inanan dostlarımızın, ictimai və şəxsi azadlıq tərəfdarlarının) hər yerdən şikayətləri gəlir ki, hökumətimiz son dərəcə qeyri-sabitdir, rəqabət aparan  partiyaların qarşıdurmasında heç kəs ümumi mənafe haqqında düşünmür, görülən işlər çox vaxt ədalətli tələbləri və azlıqda olan partiyanın hüquqlarını nəzərə almaqla deyil, maraqlı tərəfin, hakimiyyətdəki çoxluğun üstün qüvvələrinə uyğun həyata keçirilir.  Bizim bu şikayətlərin heç bir ciddi əsasının olmamasını istəməyimizə baxmayaraq, tanınmış şəxslərin şəhadətləri onların müəyyən dərəcədə haqlı olduqlarını inkar etməyə imkan vermir... Əsasən, bəlkə də bütövlükdə bu, qeyri-sabitliyin və ədalətsizliyin təsiridir, fraksiyaçılıq dövlət idarəçiliyimizi zəhərləyir.


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan