Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

29. DÜNYADA DEMOKRATİK, SÜLH VƏ QANUNİ YOLLA
İLK HAKİMİYYƏT DƏYİŞİKLİYİ

 

Amerika politoloqu S. Hantinqtonun fikrincə, ölkədə demokratik sistemin bərqərar olduğunu birinci demokratik seçkilərdən sonra deyil, hakimiyyətin dinc və qanuni yolla rəqabət aparan bir siyasi qüvvədən digərinə keçməsini təmin etmiş növbəti seçkilərdən sonra söyləmək olar.  Belə dinc və qanuni hakimiyyət dəyişikliyi ilk dəfə ABŞ-da 1800-cü il prezident seçkilərində baş vermişdir.

Bu seçkilərdə hakim Federalistlər Partiyasından ABŞ-ın ikinci prezidenti Con Adams və respublikaçı Tomas Cefferson mübarizə aparırdılar.  Qeyd edək ki, Adams prezident postunu 1797-ci ildə heç bir problem olmadan elə həmin Federalistlər Partiyasının banisi Corc Vaşinqtondan qəbul etmişdi. 

1800-cü il seçkiləri olduqca gərgin şəraitdə keçdi və seçicilərin böyük əksəriyyəti öz səslərini respublikaçı Tomas Ceffersona verdi.  Lakin Konstitusiyada seçimçilərin səslərinin hesablanmasına dair göstərilən üsulun mükəmməl olmaması ucbatından seçkilər ABŞ Konqresinin Nümayəndələr Palatasına keçirildi.

Konqresdə uduzan federalistlər seçkilərin nəticələrini ləğv etməyə və öz namizədlərini Konqresdə səsvermə ilə seçməyə cəhd etdilər.  Lakin gərgin mübahisələrdən sonra Nümayəndələr Palatası hər halda xalqın səs verdiyi namizədi - Tomas Ceffersonu prezident kimi tanıdı.   Konstitusiyaya sonrakı düzəlişlə bu problem aradan qaldırıldı, lakin presedent yarandı: müxalif partiyanın nümayəndəsi əksəriyyətin iradəsi ilə ölkənin prezidenti oldu, hakimiyyətdə olan partiya isə sakitcə müxalifətə keçib növbəti seçkiləri gözləməyə başladı.

Ceffersonun seçilməsindən onun Nümayəndələr Palatasında qəti təsdiqinə qədərki dövr ərzində bir çox Avropa müşahidəçiləri gözləyirdi ki, ABŞ tezliklə vətəndaş müharibəsi girdabına düşəcək, çünki tarix hələ bir fraksiyanın öz səlahiyyətlərini sakitliklə başqasına təhvil verməsi nümunəsini görməmişdi.  Buna baxmayaraq, hakimiyyət dəyişikliyi baş verdi və o, sakit keçdi.

Bəziləri gözləyirdi ki, Cefferson özünün inaqurasiya nitqində federalistlərə hücum və onların siyasətini tənqid edəcəkdir. Lakin bunun əvəzində o, demokratiyanı müdafiə edən parlaq nitq söylədi və ölkənin bütün siyasi qüvvələrini əməkdaşlığa çağırdı.   Beləliklə, daha bir demokratik ənənə yaradıldı - seçkilərin nə qədər gərgin keçməsindən asılı olmayaraq ondan sonra bütün siyasi qüvvələr millətin mənafeyi naminə əməkdaşlıq etməlidir.

* * *

 

TOMAS CEFFERSON
İnaqurasiya nitqi (1801)


Mən... sizin qərarınıza uyğun olaraq...
istefaya getməyə hazıram - bunu
etməyə sizin haqqınız var. 

 

 


Dostlar və yurddaşlar!

Mən sizin tərəfinizdən ölkənin ali icraedici vəzifələrini yerinə yetirmək üçün seçilmiş adam kimi həmvətənlərimin bir hissəsinin burada olmasından istifadə edərək mənə göstərilmiş etimada görə təşəkkürümü bildirirəm.  Mən səmimi şəkildə anlayıram ki, bu vəzifə mənim qabiliyyətimdən yuxarıda dayanır və mən bunu üzərimə qoyulan vəzifələrin böyüklüyü və gücümün zəifliyindən irəli gələn narahat və həyəcanlı hisslərlə dərk edirəm...

Arxada qalmış mübahisələrin gedişində canlı diskussiya və gərginliklər özünün bəzi cəhətləri ilə azad düşünməyə, düşündüklərini deməyə və yazmağa adət etməmiş kənar adamlara pis təsir edə bilərdi; lakin indi - bütün bunların xalqın səsi ilə həll olunduğu və Konstitusiyaya uyğun elan edildiyi zaman, əlbəttə, bütün iradələr qanunun iradəsinə tabe ediləcək və ümumi mənafe naminə birgə səylərdə cəmləşdiriləcəkdir.  Hamı həmçinin o müqəddəs prinsipə riayət edəcəkdir ki, əksəriyyətin iradəsinin bütün hallarda hökmran olmalı olmasına baxmayaraq, ədalətli olması üçün o, ağlabatan olmalıdır; həmçinin azlıq bərabər hüquqlara malikdir, bu hüquqları bərabər qanunlar müdafiə etməlidir və onların pozulması sıxışdırılma demək olardı.  Yurddaşlar, onda gəlin ürəyimiz və ağlımızla birləşək.  Gəlin ictimai münasibətlərdə harmoniya və məhəbbəti bərpa edək, onlarsız azadlıq da, hətta həyatın özü də sönük bir şeyə çevrilərdi.  Və gəlin bir düşünək ki, bəşəriyyətin uzun müddət nəticələrindən əzab çəkdiyi və qanlar tökdüyü dini dözümsüzlüyü torpağımızdan uzaqlaşdırıb despotik, mənəviyyatsız, qəddar və qanlı təqiblərə qabil olan siyasi dözümsüzlüyə imkan veririksə, deməli, hələ çox şeyə nail ola bilməmişik...  Axı hər fikir ayrılığı prinsip ayrılığı demək deyildir.  Biz eyni prinsipə müxtəlif adlar qoyduq.  Biz hamımız respublikaçıyıq və biz hamımız federalistik.  Və əgər aramızda bu Birliyi pozmaq, yaxud onun respublika formasını dəyişmək istəyən adamlar varsa, qoy onlar ağlın fikir yanlışlıqları ilə mübarizə etməyə azad olan yerdə yaranan təhlükəsizliyə ucaldılmış abidələr kimi farağat dayansınlar.

Mən həqiqətən bilirəm ki, bəzi ləyaqətli insanlar qorxurlar ki, respublika quruluşu möhkəm ola bilməz, bu dövlət kifayət qədər möhkəm deyildir.  Lakin ləyaqətli bir vətənpərvər uğurlu təcrübənin gedişində bizi hələlik azad və mətin şəkildə qoruyub saxlayan hökumətdən imtina edəcəkdirmi; o, nəzəri və güman edilən təhlükələrə görə bütün dünyanın böyük ümid bəslədiyi bu dövlətin özünü qoruyub saxlamağa gücünün yetəcəyinə şübhə edəcəkdirmi? İnanıram ki, yox! Əksinə, mən inanıram ki, bu, dünyada ən güclü dövlət quruluşudur.  Mən inanıram ki, yeganə dövlətdir ki, burada hər bir insan qanunun tələbi ilə dərhal ona tabe olacaqdır və hər bir insan burada ictimai asayişin pozulmasını özünün şəxsi problemi kimi qəbul edəcəkdir.  Bəzən deyirlər ki, insana özünü idarə etməyi etibar etmək olmaz.  Onda o, başqalarının onu idarə etməsinə etibar edə bilərmi? Yoxsa biz kralların simasında mələklər tapmışıq ki, onu idarə etsin? Qoy bu suala tarix cavab versin...

Yer kürəsinin dörddə birinin məhvedici hərc-mərcliyindən təbiətin və geniş okeanın iltifatla ayırdığı; başqalarının pozğunluğuna dözə bilməmək qədər yüksək əxlaqlı; minlərcə nəsillərimizə yetəcək qədər geniş ərazili ölkəyə malik olaraq; qabiliyyətimizdən istifadə olunması üçün bərabər hüquqlarımızdan həzz alaraq...; bütün bu nemətlərlə bizi xoşbəxt və firavan etmək üçün daha nə çatışmır?  Yurddaşlar, yalnız bir şey - müdrik və qənaətcil hökumət çatışmır.  Bu hökumət adamların bir-birinə ziyan vurmasının qarşısını almalıdır, onları öz işləri ilə məşğul olmaq və öz həyatlarını yaxşılaşdırmaq üçün sakit buraxmalıdır, fəhlənin qazandığı çörəyi onun ağzından dartıb almamalıdır.  Yaxşı hökumət elə bu deməkdir, tam xoşbəxtliyimiz üçün lazım olan da elə budur.

Yurddaşlar, sizin üçün əziz və dəyərli olan şeylərin hamısını özündə ehtiva edən vəzifələrin yerinə yetirilməsinə başlamazdan öncə mənim dövlət quruluşumuzun başlıca prinsipləri, buradan da hökumətimizin siyasətini formalaşdırmalı olan prinsiplər kimi nəyi gördüyümü bilməlisiniz.

Mən onlar haqqında yalnız ümumi prinsipləri qeyd etməklə, lakin məhdudiyyətlərin heç də hamısını göstərməməklə qısa danışacağam - bu, dini, yaxud siyasi əqidəsindən asılı olmayaraq bütün adamlar üçün bərabər və dəqiq qanunçuluqdur; dövlətlərdən heç biri ilə dolaşıq ittifaqa girmədən bütün dövlətlərlə sülh, ticarət və təmiz dostluqdur; daxili işlərimizdə daha səriştəli orqanlar sayılan və antirespublika meyllərinə qarşı ən ciddi sədlər olan ştatların hökumətlərinin bütün hüquqlarının müdafiə edilməsidir;  ölkədə sülhümüzün, xaricdə təhlükəsizliyin əsası kimi ümumi hökumətin bütün Konstitusiya gücü ilə qorunub saxlanılmasıdır; insanların seçki hüquqlarına, sui-istifadələrə qarşı bu mülayim və təhlükəsiz (əks halda dinc vasitələrin tətbiq edilə bilmədiyi yerlərdə sui-istifadələr inqilabın qılıncı ilə kəsilib atılır) mübarizə üsuluna münasibətdə ən incə qayğıdır; mülki hakimiyyətin hərbi hakimiyyətиdən üstünlüyüdür; məlumatın [azad] yayılması və sui-istifadələrə görə cəmiyyət qarşısında məsuliyyətdir; vicdan azadlığıdır; mətbuat azadlığıdır; habeas corpus'un(1) müdafiəsi altında insan azadlığıdır; ədalətlə seçilmiş andlılar məhkəməsidir - bu prinsiplər qarşımızdan keçən, bizi inqilab(2) və reformasiya əsrindən keçirib aparan parlaq ulduzlar bürcünü formalaşdırır. Bu prinsiplər müəllimlərimizin müdrikliyi və qəhrəmanlarımızın qanı bahasına əldə edilmişdir.  Onlar siyasi baxışlarımızın dini təliminə, vətəndaş kodeksinin mətninə, məsləkimizə xidmətimizin standartına çevrilməlidir.  Və əgər səhvlər, yaxud həyəcanlar anında bu prinsiplərdən geri çəkilsək, gərək addımlarımızı tez də düzəldək və sülhə, azadlığa, təhlükəsizliyə doğru aparan bu yeganə yolu bərpa edək...

Mən indi sizin xoş niyyətinizə söykənməyə ümid bəsləyərək itaətkarlıqla işə başlayıram və sizin qərarınıza uyğun olaraq (belə qərarın daha yaxşı olduğunu hesab etsəniz) istefaya getməyə hazıram - bunu etməyə sizin haqqınız var.  Və qoy kainatın taleyini idarə edən Sonsuz hakimiyyət dövlət şuralarımızı uğura doğru aparsın və onlara əmin-amanlığınız və çiçəklənməyiniz üçün xoş nəticələr qismət etsin.

 

 


______________________________________________
1 Habeas corpus (lat.) - şəxsiyyətin toxunulmazlığı haqqında akt - red. 
2 17-ci əsrin İngiltərə inqilabı nəzərdə tutulur - red.  

  

* * *

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan