Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

30. ABŞ-ın ALİ MƏHKƏMƏSİNİN KONSTİTUSİYAYA İLK MÜRACİƏTİ
 "Konstitusiyaya zidd olan qanun qüvvəyə malik deyildir".


ABŞ Ali Məhkəməsi ölkənin ən yüksək məhkəmə orqanıdır.  Onun qərarlarına nəinki bütün məhkəmə sistemi tabe edilmişdir, onun  həmçinin qanunverici və icra hakimiyyəti tərəfindən qəbul edilmiş, lakin Konstitusiyaya zidd olan qanun və fərmanları ləğv etmək haqqı var.  Ali Məhkəmə və daha mühümü isə, ABŞ-da bütün məhkəmələr Konstitusiyadakı "azadlıq", "mülkiyyət hüququ", "müvafiq qanuni prosedur" kimi ifadələri təfsir etmək və insanın bu sözlərlə ifadə edilmiş Konstitusiya hüquqlarının bu qanunverici, yaxud icra aktı ilə pozulub-pozulmadığını həll etmək hüququna malikdirlər. Amerika məhkəmələrinin məhz bu haqqı Konstitusiyanı real fəaliyyət göstərən sənədə çevirir, siyasi mütəfəkkirlərin haqqında bu qədər çox danışdıqları "çoxluğun istibdadı" qarşısına sədd çəkir və Konstitusiyada yazılmış, lakin çoxluğun öz maraqlarını təmin etmək istəyi ilə çox vaxt pozulan insan hüquqlarını müdafiə etməyə imkan verir.

Amerika məhkəmələrinin bugünkü nəhəng hakimiyyəti Konstitusiyada aydın göstərilməmişdi. O, tədricən məhkəmələrin özü tərəfindən "yaradılmışdır". Ali Məhkəmə tərəfindən bu yolda ilk addım ölkənin müstəqilliyinin başlanğıcında, 1803-cü ildə "Marbüri Medisona qarşı" işi üzrə qərar qəbul olunarkən edilmişdir. Bu qərarın müəllifi Ali Məhkəmənin üçüncü sədri, görkəmli hüquqşünas Con Marşall (1755-1835) olmuşdur.

ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun və onun xələfi Con Adamsın vaxtında hakim vəzifələrinə yalnız hakimiyyətdə olan Federalistlər Partiyasının üzvləri təyin olunurdu və onlar, Konstitusiyaya görə, nümunəvi davranış göstərərək vəzifədə ömürlük qala bilərdilər.

1800-cü ildə müxalif Respublikaçılar Partiyasının namizədi Tomas Cefferson prezident seçildikdən sonra məlum oldu ki, prezident administrasiyasının və Konqresin respublikaçıların əlində olmasına baxmayaraq, məhkəmə sistemində federalistlər üstünlük təşkil edir.  Yeni rəhbərliyin ilk aktlarından biri 1800-cü il tarixli "Məhkəmələr haqqında qanun"un ləğv edilməsindən ibarət oldu.  Bu qanuna görə, çoxlu sayda yeni hakim vəzifələri yaradılırdı.  Prezident Adams öz vaxtında bütün boş hakim vəzifələrinin hamısını doldurmağa cəhd etsə də, onun vəzifəyə təyin etdiyi Uilyam Marbüri və 41 digər hakim hələ də təyinat haqqında ondan yazılı əmr ala bilməmişdilər.  Yeni prezidentin göstərişi ilə yeni dövlət katibi Ceyms Medison federalistlərin təyin etdikləri hakimlərə təyinat haqqında əmr verməkdən imtina etdi.  Onda Marbüri icra vərəqəsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etdi.  Bu icra vərəqəsi Medisonu təyinat haqqında əmri verməyə məcbur etməli idi.

Ali Məhkəmənin yeni sədri Con Marşall başa düşürdü ki, əgər Marbüriyə icra vərəqəsi verərsə, prezident administrasiyası məhkəmənin bu qərarını yerinə yetirməyəcək və bu da bütövlükdə məhkəmə sisteminin nüfuzuna ciddi zərbə olacaqdır.  Əgər o, Marbürinin iddiasını yerinə yetirməsə, hamıya aydın olacaqdır ki, məhkəmə güclü prezident qarşısında qorxudan geri çəkilmişdir.

Və Marşall həqiqətən tarixi bir qərar qəbul etdi.  Məhkəmə qərar qəbul etdi ki, dövlət katibi Medison hakim Marbüriyə təyinat verməyə borcludur, lakin sonra belə bir qərar da verdi ki, Konqresin 1789-cu ildə qəbul etdiyi "Məhkəmə sistemi haqqında qanun"un Ali Məhkəməyə bu hallarda icra vərəqələri vermək hüququnu təsbit edən bölməsi qanuni qüvvəsini itirir, çünki bu səlahiyyətlər Konstitusiyanın 3-cü maddəsi ilə Ali Məhkəməyə verilən səlahiyyət hədlərini aşır.  Beləliklə, bu işin məhkəmə tərəfindən qanuni əsasla həll edilməsi yolu tapılmışdı.  Marşall prezident tərəfindən rədd ediləcəyindən çəkinməyərək onun iradəsinin əleyhinə qərar qəbul etməyə nail olmuşdu.

Bu misilsiz qərarı ilə Ali Məhkəmə, Konstitusiyaya zidd olarsa, Konqresin və prezidentin qərarlarını ləğv etmək səlahiyyətini öz üzərinə götürdü; Ali Məhkəmə Konstitusiyanı təfsir edən əsas orqana, Konstitusiyanın konkret müddəalarının hansı mənanı daşıdıqlarını müəyyən edərkən son sözün sahibi olan bir orqana çevrildi.  Beləliklə, Ali Məhkəmə icra və qanunverici hakimiyyətlərin bərabərhüquqlu tərəfdaşına çevrildi, Konstitusiyanın nəzəriyyəsi də müzakirə olunarkən məhz belə nəzərdə tutulmuşdu.

Ali Məhkəmə XIX əsrdə ölkə Konqresi və hökumətinin qeyri-konstitusion aktlarını ləğv etmək hüququndan nadir hallarda istifadə edirdi, XX əsrin 2-ci yarısından başlayaraq isə o bu hüquqa əsaslanaraq adamların fərdi və siyasi hüquqlarını dövlətin qeyri-konstitusion hərəkətlərindən qoruyan əsas mexanizmə çevrilmişdir. 

 


CON MARŞALL
Marbüri Medisona qarşı (1803)
Baş hakim Con Marşall məhkəmənin qərarını elan edir


Konstitusiyaya zidd olan qanun hüquqi qüvvəyə malik deyildir; məhkəmələr, həmçinin digər dövlət orqanları bu prinsipə bağlıdır.


Sonuncu iclasda oxunan (məhkəmə klerkinin təqdim etdiyi) məktubda dövlət katibindən tələb olunurdu ki, məhkəmə tərəfindən onu Uilyam Marbürini Kolumbiya dairəsində Vaşinqton qraflığının hakimi təyin etmək haqqında əmr verməyə vadar edəcək mandamus (1) verilə bilməməsinin səbəblərini göstərsin.  Heç bir səbəb göstərilmədi və bu təqdimat məhkəmənin mandamus verməsi üçün həyata keçirilir.

Bu işin özünəməxsus incəlikləri, bəzi cəhətlərin yeniliyi və onun bəndlərinin başa düşülməsi ilə bağlı real çətinliklər məhkəmənin istinad etməli olduğu prinsiplərin tam şərh olunmasını tələb edir...

Məhkəmənin bu işə baxdığı ardıcıllığa uyğun olaraq aşağıdakı məsələlər nəzərdən keçirilmiş və həll edilmişdir:


1.  İddiaçının belə bir əmr almaq hüququ varmı?

2.  Əgər onun belə bir hüququ varsa və o hüquq pozulmuşdursa, ölkəsinin qanunları onu müdafiə etməyə imkan verirmi?

3.  Əgər qanunlar onun müdafiə olunmasına imkan verirsə, məhkəmənin verdiyi mandamus onu müdafiə edə bilərmi?..


Beləliklə, birincisi, məhkəmənin mövqeyi belədir ki, təyinat haqqında əmr prezident tərəfindən imzalanıbsa, deməli, təyinat artıq edilib və bu sənədə dövlət katibi tərəfindən Birləşmiş Ştatların möhürünün vurulması ilə təyinat başa çatdırılıb...  Buna görə də bu sənədin saxlanılaraq ləngidilməsi məhkəmə tərəfindən qeyri-qanuni hərəkət və rəsmi müəyyən edilmiş hüquqların pozulması kimi qiymətləndirilir.

Bu, bizi ikinci məsələyə gətirib çıxarır.  Vətəndaş azadlığının mahiyyəti, şübhəsiz, hər bir şəxsin ona zərər yetirilən hər bir halda qanunla qorunmasını tələb etmək hüququndan ibarətdir.  Dövlətin başlıca öhdəliklərindən biri bu müdafiənin təmin edilməsindən ibarət olmalıdır.  Birləşmiş Ştatların hökuməti dəfələrlə şəxslərə deyil, qanunlara tabe olan hökumət kimi səciyyələndirilmişdir.  Əgər burada qanunlar insanların qanuni hüquqlarını müdafiə etməsə, əlbəttə, o bu yüksək ada layiq olmayacaqdır...

Birləşmiş Ştatların Konstitusiyasına görə, prezidentə müəyyən mühüm siyasi səlahiyyətlər verilir.  Bu səlahiyyətlər onun bildiyi kimi həyata keçirilir və yalnız öz ölkəsində, öz siyasi statusunda və öz vicdanı qarşısında hesabat verə bilər.  Bu səlahiyyətlərin yerinə yetirilməsinə kömək etmək üçün onun öz hakimiyyətinə tabe olan və onun əmrlərinə əsasən hərəkət edən müəyyən vəzifəli şəxsləri təyin etmək ixtiyarı var.

Bu hallarda onların hərəkəti onun hərəkətidir və bu qərarın tətbiq olunması haqqında mövqedən asılı olmayaraq, burada bu qərara nəzarət edəcək heç bir hakimiyyət yoxdur və ola da bilməz.  Bu, siyasi məsələdir.  Burada onlar fərdi hüquqlara deyil, millətə hörmət nümayiş etdirirlər və müəyyən edildiyi kimi, rəisin qərarı qətidir.

Lakin qanunverici məclis bu məmurun üzərinə başqa vəzifələr qoyarkən, o, müəyyən işləri görməyə yollanarkən, fərdlərin hüquqları bu işlərin yerinə yetirilməsindən asılı olarkən o, qanundan asılı vəziyyətə düşür və başqalarının qanuni hüquqlarını kefi istədiyi kimi qulaqardına vura bilməz... Və özünü zərərçəkmiş sayan şəxsin zərərin ödənilməsi üçün ölkənin qanunlarına müraciət etmək hüququ var...

Buna görə də məhkəmə hesab edir ki, Marbüri öz təyinatını almaq hüququna malikdir; belə ki, bu sənədi ona verməkdən imtina etmək onun bu hüququnun pozulması demək olardı, ölkənin qanunu isə onu bu pozuntudan qoruyur.

Üçüncü məsələni həll etmək qalır.  O, xahiş etdiyi müdafiə hüququna malikdirmi? Bu, birincidən - almaq üçün müraciət etdiyi icra vərəqinin xarakterindən və ikincidən - bu məhkəmənin səlahiyyətlərindən asılıdır.

Birincisi, nəzərdən keçirilən hal mandamus üçün tələb olunan təyinatın, yaxud onun surətinin çatdırılmasından asılı olmayaraq adi hadisədir.  Və bir şeyi aydınlaşdırmaq qalır: bu məhkəmə mandamus haqqında qərar verə bilərmi?

Birləşmiş Ştatların məhkəmə sistemini bərqərar edən akta (1798-ci il) görə, Ali Məhkəmə "istənilən təyin olunmuş məhkəmələr, yaxud Birləşmiş Ştatlara xidmət edən şəxslər üçün prinsiplər və qanunun istifadə olunması praktikası ilə təminatların mövcud olduğu hallarda mandamus icra vərəqələri vermək səlahiyyəti" alır.

Dövlət katibi Birləşmiş Ştatlara xidmət edən məmurdur və bu maddə tam dəqiqliklə ona şamil edilə bilər; əgər bu məhkəmə bu vəzifəli şəxsə mandamus icra vərəqəsi vermək səlahiyyətinə malik deyilsə, onda bu akt Konstitusiyaya ziddir...

...Beləliklə, Birləşmiş Ştatların məhkəmə sistemini bərqərar etmiş aktla Ali Məhkəməyə verilən və onun dövlət məmurlarının hərəkətləri barəsində qərar qəbul etməsinə şərait yaradan səlahiyyətlər, göründüyü kimi, Konstitusiya ilə təmin olunmamışdır; indi bir şeyi aydınlaşdırmaq vacibdir ki, bu cür yurisdiksiyanı həyata keçirmək, ümumiyyətlə, mümkündürmü?

Konstitusiyaya zidd olan akt ölkə qanununa çevrilə bilərmi? Bu, Birləşmiş Ştatlar üçün mühüm məsələdir.  Xoşbəxtlikdən o, mühüm olduğu qədər dolaşıq deyildir.  Bu problemi həll etmək üçün qəti və yaxşı müəyyən edilmiş ayrı-ayrı prinsipləri bilmək lazımdır.

İnsanların öz dövlətləri üçün, onların fikrincə, xoşbəxtliklərinə daha çox şərait yaradacaq prinsipləri müəyyən etmək hüququna - bu əzəli hüquqa malik olması məhz bütün Amerikanın mayasını təşkil edir.  Belə əzəli hüquqların həyata keçirilməsi böyük səylər tələb edir; bu, tez-tez təkrar oluna bilməz və olunmamalıdır.  Ona görə də bu yolla müəyyən olunmuş prinsiplər fundamental prinsiplər hesab olunur.  Və onları ortaya gətirən səlahiyyətlərin aliliyinə və azişləkliyinə görə onlar elə müəyyənləşdirilir ki, uzunömürlü ola bilsinlər.

İlkin və ali iradə dövlət yaradır və onun departamentlərinə uyğun səlahiyyətlər verir.  Bu iradə onunla kifayətlənə, yaxud bu departamentlərin fəaliyyəti üçün müəyyən məhdudiyyətlər qoya bilər.

Birləşmiş Ştatlar dövləti məhz sonuncu hala uyğun gəlir.  Qanunverici hakimiyyət yaradılmış və məhdudlaşdırılmışdır və bu məhdudiyyətlərin pozulmaması, yaxud yaddan çıxarılmaması üçün Konstitusiya yazılmışdır.  Əgər bu məhdudiyyətlər istənilən vaxt onu qorumalı olan adamlar tərəfindən ləğv edilə bilərsə, bu hakimiyyətin məhdudlaşdırılmasına, bu məhdudiyyətlərin yazıya alınmasına nə ehtiyac var idi? Əgər məhdudiyyətlər onların aid olduqları şəxslərə şamil edilmirsə, icazə verən və verməyən aktlar bərabər gücə malikdirsə, onda məhdud və qeyri-məhdud hakimiyyətə malik hökumətlər arasında fərqlər yox olur.  Konstitusiyanın onunla ziddiyyət təşkil edən istənilən qanunverici aktdan üstün olmasına, yaxud qanunverici məclisin Konstitusiyanı adi qanunla dəyişə bilməməsinə dair mübahisə etməyə ehtiyac yoxdur.

Bu alternativlər arasında orta vəziyyət yoxdur.  Konstitusiya ya adi vasitələrlə dəyişdirilməsi mümkün olmayan ali, birinci dərəcəli qanundur, ya da o, adi qanunverici aktla eyni səviyyədə dayanır və başqa aktlar kimi qanunverici məclis tərəfindən istənilən vaxt dəyişdirilə bilər.

Əgər ilk mülahizə düzgündürsə, Konstitusiyaya zidd olan akt qanuni deyildir; əgər sonuncu düzgündürsə, konstitusiyaların yazılması öz təbiəti baxımından qeyri-məhdud olan hakimiyyətin məhdudlaşdırılmasına edilən boş cəhddən başqa bir şey deyildir.

Şübhə yoxdur ki, yazılı Konstitusiya yaradanların hamısı ölkənin əsas və birinci dərəcəli qanununu ortaya gətirdiklərini fikirləşirdilər, buradan da hər bir belə dövlət nəzəriyyəsi hesab edir ki, qanunverici məclis tərəfindən qəbul edilən və Konstitusiyaya zidd olan aktlar qanuni qüvvəyə malik deyildir...

Əgər qanunverici məclisin Konstitusiyaya zidd aktı qanuni qüvvəyə malik deyilsə, məhkəmələr buna baxmayaraq onu nəzərə almalıdırmı? Yaxud, başqa sözlə, bu akt qeyri-qanuni olmasına baxmayaraq qanun kimi fəaliyyət göstərən qaydaya çevrilə bilərmi? Bu, nəzəriyyəni tamamilə alt-üst edir və o qədər mənasızdır ki, təkid etməyinə dəyməz.  Lakin buna baxmayaraq, bu halı diqqətlə nəzərdən keçirmək lazımdır.

Qanunun nə olduğunu izah etmək məhkəmə hakimiyyətinin birbaşa fəaliyyəti və səlahiyyəti daxilindədir.  Kim konkret hallara qayda tətbiq edirsə, bu qaydanın mütləq izahı və təfsirini də verməlidir. Əgər iki qanun bir-birinə ziddirsə, məhkəmələr hər birinin qanuniliyini müəyyən etməlidir.

Əgər qanun Konstitusiyaya ziddirsə və hər ikisi konkret hala tətbiq olunursa... onda məhkəmə bu bir-birinə zidd qaydaların hansının baxılan hala tətbiq oluna biləcəyini müəyyən etməlidir.  Burada məhkəmə hakimiyyətinin vəzifəsinin mahiyyəti öz əksini tapır.

Sonra, əgər məhkəmələr konstitusiyalara hörmət etməlidirsə və Konstitusiya qanunverici məclisin istənilən aktından üstündürsə, hər ikisinin tətbiq olunduğu halda adi akt deyil, Konstitusiya qanunidir...  [Əks halda] bizim siyasi institutların yaradılmasında böyük nailiyyət hesab etdiyimiz yazılı Konstitusiyanın mənası heçə enir...  [Konstitusiyada] bəyan olunur ki, "hər hansı ştatdan gətirilən mala görə vergi, yaxud rüsum tutula bilməz".  İndi təsəvvür edin ki, pambıq, tütün, yaxud una bu cür rüsumların bərpa olunması haqqında qanun qəbul olunmuşdur.  Bu halda hansı qərar qəbul olunmalıdır? Hakimlər Konstitusiyaya göz yumub yalnız qanunu nəzərə almalıdırmı?..

Konstitusiya bəyan edir ki, vətəndaş və əmlak hüquqlarından məhrumetmə haqqında billər və hər hansı ex post facto(2) qanunlar qəbul edilə bilməz.  Əgər buna baxmayaraq belə bir qanun qəbul olunarsa və hər hansı adam onun əsasında məhkəməyə verilərsə, məhkəmə Konstitusiyanın qorumağa çalışdığı bu adamı ölümə məhkum etməlidirmi?

Konstitusiyada deyilir ki, heç kim dartışılan hadisənin iki şahidinin ifadəsi ilə, yaxud müttəhimin özünün boynuna alması ilə açıq məhkəmə iclasında təqsiri təsdiqlənmədən xəyanətdə günahkar sayıla bilməz.

Burada Konstitusiya sətirləri birbaşa məhkəmələrə ünvanlanmışdır.  Bu göstəriş rədd edilməsi mümkün olmayan qaydaya yönəlmişdir.  Əgər qanunverici məclis bu qaydanı dəyişərsə və hökm çıxarmaq üçün bir şahidin, yaxud məhkəmədənkənar etirafın yetərincə olduğunu elan edərsə, Konstitusiya prinsipi qanuna güzəştə getməlidirmi?

Bu və gətirə biləcəyimiz digər iqtibaslar aydın göstərir ki, Konstitusiya yazanlar bu aləti məhkəmə məclisləri(3), həmçinin qanunverici məclislər üçün fəaliyyət qaydaları kimi nəzərdə tutmuşdular.  Əgər bu belə deyilsə, Konstitusiya nə üçün hakimlərin onu müdafiə edəcəklərinə and içməsi qaydasını müəyyən edir? Bu andiçmə, şübhəsiz, onlar üçün öz vəzifələrində müvafiq fəaliyyət tərzini müəyyənləşdirir.  Əgər onlardan müdafiə edəcəklərinə and içdikləri qaydaları pozmaq üçün mexanizm kimi istifadə olunsaydı, onların and içməyə məcbur edilməsi mənəviyyatsızlıqdan başqa bir şey olmazdı!

Həmçinin qanunverici məclis tərəfindən müəyyən edilən and bu məsələ ilə bağlı qanunvericiliyin vəziyyətini əyani olaraq göstərir.  O bu sözlərdən ibarətdir: "Mən təntənəli surətdə and içirəm ki, ədalət məhkəməsini şəxsiyyətindən asılı olmayaraq yoxsullara və varlılara eyni cür yanaşaraq həyata keçirəcəyəm; mənim üzərimə ______________  kimi qoyulan bütün vəzifələri düzgün və qərəzsiz, qabiliyyətimə və dərrakəmə uyğun, Birləşmiş Ştatların Konstitusiyasına və qanunlarına əsasən ən yüksək şəkildə yerinə yetirəcəyəm".  Əgər bu Konstitusiya hakimin fəaliyyəti üçün heç bir qayda yaratmırsa, nə üçün o öz vəzifələrini Birləşmiş Ştatların Konstitusiyası əsasında yerinə yetirəcəyinə and içir? Əgər Konstitusiya onun üçün bağlıdırsa və onun tərəfindən təfsir oluna bilməzsə, nə üçün bu andı içir?

Əgər məsələ belədirsə, bu, təntənəli lağlağılıqdan başqa bir şey deyil.  Bu andı müəyyən etmək, yaxud onu içmək cinayət kimi bir şeydir.

Qeyd etmək yerinə düşərdi ki, Torpağımızın Ali Qanunu elan olunarkən Konstitusiya ilk növbədə göstərilməlidir və Birləşmiş Ştatların qanunlarının hamısı deyil, onlardan Konstitusiya üçün qəbul olunanları bu dərəcəyə layiqdir.

Beləliklə, Birləşmiş Ştatların Konstitusiyasının konkret dili bütün yazılı konstitusiyalar üçün əhəmiyyətli olan prinsipi təsdiq edir və gücləndirir:  Konstitusiyaya zidd olan qanun hüquqi qüvvəyə malik deyildir; məhkəmələr, həmçinin digər dövlət orqanları bu prinsipə bağlıdır.

Deməli, [1798-ci il tarixli aktın] müddəa ləğv olunmalıdır.

 


________________________________________
1 Mandamus (lat.) - məhkəmə qətnaməsi - red.
2 Ex post facto (lat.) - geriyə qüvvəsi olan.
3 Court (ing.) - həm məhkəmə, həm məclis deməkdir - red.

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -2 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan