Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


31. AMERİKALILAR VƏ YERLİ AMERİKALILAR
Qara Tərlan
 
Avropa kolonistlərinin Amerikanın yerli əhalisinə - Kolumbun dövründən qalmış səhvə görə "hindu" adlandırılan əhaliyə qarşı münasibəti, əlbəttə, Birləşmiş Ştatların bütün tarixi boyu ən böyük ədalətsizliklərdən biri olmuşdur.  İnkişaf etmiş mədəniyyəti və uğurlu ictimai təşkilatları olan hindu tayfaları amansız təqiblərə məruz qalmış, öz torpaqlarından qovulmuş və hətta məhv edilmişlər.

1820-ci ildə ABŞ-da hindu tayfalarının Böyük Amerika səhrasına köçürülməsi haqqında proqram qəbul olunmuşdu.  Amerikada hindu torpaqlarını ələ keçirmək istəyənlər deyirdilər ki, yaxşı hindu ölü hindudur.  1830-cu ildə Konqres "Hinduların köçürülməsi haqqında qanun" qəbul etdi və hinduların əksəriyyəti 10 il ərzində bəzi yerlərdə torpaq alqı-satqısı haqqında müqavilə yolu ilə, digər yerlərdə zorla boş qərb torpaqlarına köçürüldü.

1832-ci ildə bir hindu tayfası öz rəhbəri Qara Tərlanın başçılığı altında İllinoys və Viskonsindəki torpaqlarına qayıtmağa cəhd etdi.

Ağ amerikalıların silahlı qüvvələri hindulara hücum edib onların qadınlarını, uşaqlarını doğradı.  Hər tərəfdən düşmənin qüvvələri ilə mühasirəyə alınmış Qara Tərlan təslim olmağa məcbur oldu və nitqində ağ kolonistlərin onun xalqını düçar etdikləri bədbəxtliklərdən danışdı. 

Məğlubiyyətdən sonra prezident Ceksonun əmriylə Qara Tərlanı və onun oğlu Çaxan  Şimşəyi qandallayaraq şəhərbəşəhər gəzdirməyə, "dava qəniməti" kimi nümayiş etdirməyə başladılar.  Lakin bu iki əsir əzab və işgəncələr içində də özlərini elə ləyaqətlə apardılar ki, elə ilk günlərdən amerikalıların rəğbətini qazandılar.

Lakin hinduların qovulması davam edirdi. İndi də onları qərb torpaqlarından sıxışdırıb çıxarmağa başladılar.  Onların təqib olunması siyasətinə yalnız XX yüzillikdə - bütün hinduları artıq məhv etdikdən, ya da rezervasiyalara doldurduqdan sonra son qoyulmuşdur.  Yalnız bu vaxt ağ Amerika xatırladı ki, firavanlığa hindu torpaqlarında nail olublar və yerli əhalinin müdafiəsinə dair proqramlar qəbul etməyə başladı.  В1934-cü ildə Konqres hinduların torpaq haqqına yenidən baxılması ilə bağlı qanun qəbul etdi.  Bu qanuna görə, rezervasiyalarda olan torpağın qəbilə mülkiyyət forması bərpa olundu.  Qanun yerli amerikalıların torpaqlarının alınması üçün xüsusi kredit fondu yaratdı.  1980-ci ildə ABŞ-ın Ali Məhkəməsi səkkiz siu tayfasından qeyri-qanuni alınmış torpaqlara görə federal hökumətə onlara 120 milyon dollar əvəz ödətmişdir. 
 

* * *

QARA TƏRLAN
Təslim nitqi (1832)

Qara Tərlan hindudur.  O, hindunun utana biləcəyi heç nə etməmişdir.  O öz həmvətənləri, hindu qadınlar və uşaqlar uğrunda buraya onları aldatmaq və torpaqlarını əllərindən almaq üçün ildən-ilə gələn ağ adamlara qarşı mübarizə aparmışdır.  Siz bizim nə üçün vuruşduğumuzu bilirsiniz.  Bu, bütün ağ adamlara məlumdur.  Buna görə onlar utanmalıdırlar.  Ağ adamlar hindulara nifrət edir və onları evlərindən qovub çıxarırlar.  Lakin hindular yalançı deyillər.  Ağ adamlar hindular haqqında pis danışır və onlara qəzəblə baxırlar.  Lakin hindu yalan danışmır, oğurluq etmir.

Əgər hindu ağ adam kimi pis olsa, bizim xalqın içərisində yaşaya bilməz; o, ölümlə cəzalandırılacaq və canavarlara atılacaqdır.  Ağ adamlar pis müəllimdirlər; onların baxışları yalançıdır və onlar ticarətdə aldadırlar; onlar yazıq hindunun üzünə gülürlər ki, onu aldatsınlar; onlar hindunun əlini sıxırlar ki, özlərinə qarşı inam yaratsınlar, onları sərxoş olanacan içirtsinlər və bizim qadınları korlasınlar.  Biz onlara dedik ki, bizi sakit buraxsınlar və bizdən uzaq olsunlar, lakin onlar bizi təqib edir, öz cığırlarımızla getməyimizə mane olur və ilan kimi içərimizdə hərlənirdilər.  Onlar toxunmaqları ilə bizi zəhərlədilər.  Biz təhlükə qarşısında idik.  Biz təlaş içərisində yaşayırdıq.  Biz də zəhməti yaddan çıxararaq zəhmətkeşlərə yox, onlar kimi ikiüzlü və yalançılara, zinakarlara, tənbəllərə, boşboğazlara çevrildik.

Biz Böyük Ruha müraciət etdik.  Biz böyük atamızın hüzuruna getdik.   Biz ruhlandıq.  Onun ali məsləhətləri bizə şərəfli sözlər və böyük ümidlər verdi, lakin biz məmnun ola bilmədik.  İşlər pis gedirdi.   Meşədə marallar yoxa çıxdı.  Opossum(1) və qunduzlar qaçıb getdi, qadınlarımız və uşaqlarımız ərzaqsız qalıb aclıq keçirdilər; biz böyük şura çağırdıq və böyük tonqal qaladıq.  Atalarımızın ruhları gəldi və bizimlə danışdılar ki, səhvlərimizi və yanlışlıqlarımızı bizə göstərsinlər.  Biz hamımız şura odu qarşısında danışırdıq.  Bu, çox isti və xoş idi.  Biz müharibəyə çağırdıq və tomaqavkları(2) çıxartdıq; bıçaqlarımız hazır idi və Qara Tərlanın ürəyi öz döyüşçülərini savaşa apararkən sinəsində fərəhlə döyünürdü.  O, məmnun oldu.  O, məmnun ruhların dünyasına gedəcəkdir.  O öz borcunu yerinə yetirdi.  Atası onu orada qarşılayacaq və tərifləyəcəkdir.

 


_____________________________________
1 Amerikada yaşayan kisəli siçovul.
2 Hindularda döyüş baltası.


   * * *

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan