Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


32.  AMERİKA KÖLƏLİKLƏ MÜBARİZƏ CƏMİYYƏTİ

On səkkizinci yüzilliyin sonunda Avropa və Amerikada başlanmış köləliyə qarşı ümumdünya hərəkatı demokratiya tarixinin ən parlaq səhifələrindəndir.  Öncə Böyük Britaniyada, sonra Amerikanın bir sıra ştatlarında, İspaniya və respublika Fransasında köləliyi və kölə alverini qadağan edən qanunlar qəbul edilir.  Köləliklə mübarizə yüksək mənəvi əhəmiyyət kəsb edirdi, belə ki, bu mübarizəni qaradərili kölələrdən daha çox ağdərili demokrat fəallar, din, siyasət və dövlət xadimləri aparırdı. 

İlk 24 qul Amerikaya Afrikadan 1619-cu ildə gətirilib fermerlərə satılmışdı, Amerika inqilabı dövrü üçün isə ölkənin üç milyon nəfər ümumi əhalisi olan on üç ştatında yarım milyona qədər kölə var idi.  18-ci əsrin sonu - 19-cu əsrin əvvəllərində insanların hüquq və bərabərliyi prinsipləri üzərində qurulmuş ölkədə insanın insana zülm etməsinin ləğvinə çalışan ağdərili insanların hərəkatı - abolisionistlər(1) hərəkatı başlanmış və genişlənmişdir.  Bu hərəkat köləliyin iqtisadi cəhətdən əhəmiyyətini itirdiyi şimal ştatlarında deyil, qaradərili kölələrin əməyinin son dərəcə yüksək gəlir gətirdiyi cənub ştatlarında başlanmış və güclənmişdir.  Bu hərəkata müqavimət göstərərək,  quldar cənub ştatları ABŞ Konqresi aktla köləliyi qadağan edərsə, federasiyadan ayrılacaqları ilə hədələyirdilər.  Abolisionistlər hərəkatı ideoloji çətinliklərlə də qarşılaşırdı: təhkimçilik hüququ Avropada təzəcə ləğv olunmuşdu, maarifçiliyin nümayəndələri öz əsərlərində köləlik problemlərinə toxunmurdular, Bibliya kölə əməyindən istifadə olunmasını pisləmirdi, on doqquzuncu əsrin əvvəlində ABŞ Konstitusiyası da köləliyə loyal yanaşırdı.

Lakin köləliyə qarşı mübarizə getdikcə güclənirdi.  1833-cü ildə Filadelfiyada alovlu abolisionist Uilyam Lloyd Harrisonun başçılıq etdiyi Amerika Köləliklə Mübarizə Cəmiyyəti yaradıldı.  Bu cəmiyyətin təsis qurultayında qəbul olunmuş Niyyətlər Bəyannaməsində köləlik Konstitusiyaya (o vaxtkı Konstitusiyanı Harrison "şeytanla saziş" adlandırırdı) görə olmasa da, "təbii hüquq"a görə qeyri-qanuni elan olunurdu.  Cəmiyyətin üzvlərinin sayı sürətlə artırdı, 1838-ci ildə ölkədə özünün deyil, başqasının azadlığı uğrunda 250 mindən çox fəal mübarizə aparırdı.  Bu mərd insanlar öz məqsədlərinə çatmaq üçün otuz ilə qədər mübarizə aparmalı oldular.

 


AMERİKA KÖLƏLİKLƏ MÜBARİZƏ CƏMİYYƏTİ
Niyyətlər Bəyannaməsi (1833)

...Dərisinin rəngindən asılı olmayaraq başqalarından tələb olunan keyfiyyətlərə malik hər bir şəxsin hamı kimi eyni imtiyaz və ixtiyara malik olmasına dərhal imkan yaradılmalıdır... 


Biz buraya elə bir vəzifənin yerinə yetirilməsi üçün toplaşmışıq ki, bunsuz atalarımızın işi yarımçıq qalardı.  Mənəvi həqiqət fiziki gücdən üstün olduğu kimi, bu vəzifənin də böyüklüyü, əzəməti və dünyanın taleyinə təsir imkanı atalarımızın işi ilə müqayisədə daha üstündür.  İstər fikrimizin təmizliyinə, istər istəklərimizin qanuniliyinə, istər niyyətlərimizin qətiliyinə, istər addımlarımızın cəsarətliliyinə, istər əqidəmizin möhkəmliyinə, istərsə də ruhumuzun səmimiliyinə görə biz onlardan geri qalmamalıyıq...

Ciddiliyindən asılı olmayaraq, əcdadlarımızın şikayətləri burada bəhs etdiyimiz ədalətsizlik və iztirablarla müqayisədə heç nədir.  Atalarımız heç vaxt kölə olmayıblar; onları heç vaxt heyvan kimi alıb-satmayıblar; onları heç vaxt bilik və din nurundan məhrum etməyiblər; onları heç vaxt kobud nəzarətçilər qamçılamayıb.

Lakin azadlığı uğrunda mübarizə apardığımız və həmvətənlərimizin ən azı altıda birini təşkil edən insanları qanun kobud heyvanlara bərabər tutur; onların gündəlik əməyinin bəhrəsi əvəzi ödənilmədən qarət edilir; onlar şəxsiyyətlərinə qarşı yönəldilmiş ədəbsiz və öldürücü hərəkətlərdən müdafiə olunmaq üçün nə Konstitusiya, nə də hüquqdan istifadə edə bilirlər.  Məsuliyyətsiz tiranların şıltaqlığı və özbaşınalığı ucbatından zərif körpə dəli edilmiş anasının əlindən amansızlıqla alınır, ürəyi parça-parça olan qadın hönkürən ərindən ayrılır.  Yalnız qaradərili olduqlarına, yalnız bu "cinayətlər"inə görə onlar aclıq əzabına, döyülməyə, kobud kölə rüsvayçılığına məhkum edilmişlər.  Qanunlar onları bütpərəst cahilliyində saxlayır.  Bu qanunlar onların təhsil almasına imkan verməmək üçün qəbul olunmuşdur.

İki milyondan artıq adamın həyat şəraitinin dəhşətli təfsilatları bundan ibarətdir.  Dediklərimizi sübut etmək üçün minlərcə şəksiz faktlara və quldar ştatların qanunlarına müraciət etmək olar.

Beləliklə, biz hesab edirik ki, bu ölkənin mülki və dini imtiyazları baxımından onların pozulması dünyada hər hansı pozuntudan daha ağırdır, bu ağır yükdən xilas olmaq və məzlumları azad etmək üçün bu pozuntulara dərhal son qoyulmalıdır...

Köklü afrikalının satın alınması, yaxud oğurlanması və onun köləyə çevrilməsi quldurluqdur.  Şübhəsiz ki, bu günah da amerikalının köləyə çevrilməsi kimi böyük bir günahdır.

Biz inanır və bildiririk ki, prinsipcə afrikalı kölə alveri ilə amerikalı kölə alveri arasında heç bir fərq yoxdur; başqasını öz mülkiyyəti kimi məcburi köləlikdə saxlayan hər bir Amerika vətəndaşı Müqəddəs Kitaba uyğun olaraq adam oğrusudur; kölələr dərhal azad edilməli və qanunun himayəsinə verilməlidir; əgər onlar nəsildən-nəslə fironların dövründən bəri yaşayıb qala bilmişlərsə, onların azadlıq hüquqları əllərindən alına bilməz; beləliklə, köləliyə imkan yaradan qanunların hamısı Allah qarşısında etibarsızdır, çünki bu qanunlar "ilahi hüquqlar"ı açıq-aşkar zəbt edir, "təbii hüquq"u kəskin şəkildə pozur; ictimai müqavilənin özünün əsaslarını, bütün münasibətləri, insanlararası qarşılıqlı hörmət və yardım hisslərini dağıdan, həmçinin bütün müqəddəs kəlamları pozan amilə çevrilir.  Deməli, onlar dərhal ləğv edilməlidir.

Daha sonra, biz inanır və bildiririk ki, dərisinin rəngindən asılı olmayaraq başqalarından tələb olunan keyfiyyətlərə malik hər bir şəxsin hamı kimi eyni imtiyaz və ixtiyara malik olmasına dərhal imkan yaradılmalıdır; onlar üçün də ağ adamlar kimi cəmiyyətdə mövqe tutmağa, rifah halını yaxşılaşdırmağa və əqli inkişafına şərait yaradılmalıdır. 

Biz hesab edirik ki, köləni azad edərkən plantasiya sahibinə heç bir əvəz ödənilməməlidir, belə ki, bu, yalnız böyük və əsas prinsipin yerinə yetirilməsi demək olardı, bu prinsipə görə, insan digər insanın mülkiyyəti ola bilməz...

Əgər əvəz ödənilməlidirsə, o, kölələri qarət edənlərə, onları ələ salanlara deyil, təhqir edilmiş və heç bir günahı olmayan kölələrə verilməlidir.

Biz birbaşa, yaxud dolayısı ilə kölələrin azad edilməsi probleminin həllinə iddia edən, yaxud köləliyin dərhal və tam ləğvinə alternativ kimi nəzərdən keçirilən ekspatriasiyanın(2) istənilən variantını səhv, amansız və təhlükəli hesab edirik.

Biz köləlik probleminə dair öz səlahiyyətləri daxilində qanun qəbul edən ştatların hər birinin suverenliyini tam və yekdilliklə qəbul edirik.  Biz nəzərə alırıq ki, hazırkı milli sazişə(3) əsasən, Konqresin bu mühüm məsələyə münasibətdə quldar ştatlardan heç birinin işinə qarışmağa hüququ yoxdur.

Lakin biz belə bir mövqedən çıxış edirik ki, Konqresin müxtəlif ştatlar arasında daxili kölə alverinin qarşısını almağa və ölkənin Konstitusiya tərəfindən özünün müstəsna yurisdiksiyasına aid etdiyi hissələrində köləliyi ləğv etməyə həm hüququ var, həm də bunu etməyə borcludur.

Biz hesab edirik ki, indi azad ştatların adamlarının üzərinə mühüm vəzifələr -  Birləşmiş Ştatların Konstitusiyasında göstərilən mənəvi və siyasi təsir vasitələri ilə köləliyin ləğv edilməsi vəzifələri düşür.  Bu adamların malik olduqları böyük fiziki güc cənub ştatlarının milyonlarca adamının əl-ayaqlarında təhqiramiz istibdad qandalının saxlanılmasına imkan verir; onlar istənilən vaxt kölələrin üsyanlarını yatırtmaq üçün səfərbər edilə bilərlər; onlar quldarın kölələrinin beşdə üçünü öz mülkiyyəti hesab edərək səsverməsinə şərait yaradır (4), beləliklə də, quldarın zülmünün əbədiləşdirilməsinə imkan verirlər; onlar quldarın müdafiəsi üçün cənubda ordunun saxlanılmasına kömək edirlər; onların ərazisinə qaçıb gəlmiş kölələri tutur, geri qaytarır, burada isə qəzəblənmiş sahibkarlar, yaxud qəddar nəzarətçilər qaçqın köləyə işgəncələr verirlər.  Köləliyə belə münasibət cinayətdir və çox təhlükəlidir. Və buna son qoyulmalıdır...

 

 

 

 

_________________________________________________________
1 Abolish (ing.) - [köləliyi] ləğv etmək - red.
2 O vaxtlar Amerika zəncilərinin geriyə - Afrikaya məcburi qaydada qaytarılmasına dair müzakirə olunan planlar nəzərdə tutulur - red.
3 Müstəqil olan ştatları federativ dövlətdə birləşdirmiş ABŞ Konstitusiyası nəzərdə tutulur - red..
4 Səsvermədə iştirak etmək üçün lazım olan əmlak senzi nəzərdə tutulur - red.

 

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan