Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

33. GƏNC AMERİKA AVROPALININ GÖZÜ İLƏ
Aleksis de Tokvill

İngiltərə və Fransa respublikaları məğlubiyyətə uğradıqları bir zamanda gənc Amerika dövlətinin uğurlu təcrübəsi Avropada böyük maraq doğurur.  Bu təcrübə Avropa cəmiyyətində, siyasi və akademik dairələrdə geniş müzakirə olunur.  Bir çox tədqiqatçılar Amerikaya təşrif buyurur, onun dövlət quruluşunu, sadə amerikalının həyat və psixologiyasını öyrənir.  Amerikanın çoxsaylı tədqiqatçıları arasında xüsusi yeri fransız politoloqu, əqidəcə monarxist olan Aleksis de Tokvill (1805-1859) tutur.  Onun Amerika həyatının tədqiqinə həsr olunmuş "Amerikada demokratiya" adlı kitabı bu qəbildən olan əvəzsiz əsər sayılır. 

1831-ci ildə Fransa hökuməti tərəfindən Amerikanın həbsxana sistemini öyrənmək üçün göndərilmiş Tokvill və onun dostu Qustav de Bomon doqquz ay ABŞ-ı qarış-qarış gəzirlər.  Burada Tokvill yalnız həbsxana sistemini deyil, ölkənin ictimai həyatını müxtəlif aspektlərdən öyrənərək Amerika uğurunun sirrini tapmağa çalışır.

Tokvill sadə amerikalının xasiyyətini, həm Amerika cəmiyyətinin xarakterini, həm də Amerika siyasi sisteminin səmərəliliyini formalaşdıran əxlaqı və həyat tərzini incədən-incəyə təsvir edir.  O bu nəticəyə gəlir ki, amerikalılar özlərində yüksək dini əxlaqı azadlıqla birləşdirə biliblər və Amerika cəmiyyətinin uğurlarının bir səbəbi də elə bundadır. 

1831-ci ildə ABŞ əhalisi artıq 13 milyonu aşmışdı, özü də bu əhali daim qərbə doğru "köç edərək" yeni-yeni torpaqları mənimsəyirdi.  Tokvill amerikalıları cəsur, sərt, heç bir silki üstünlüyü, imtiyazları tanımaq istəməyən müstəqil bir xalq kimi görür və təsvir edir; şərtiliklər və xurafat demokratiya və azadlığı canlarından çox sevən bu nikbin adamlarda yalnız gülüş doğurur.

Tokvill amerikalıların daim şəxsi müstəqilliyə can atmasını, onların insan hüquqlarına xüsusi münasibətlərini, elə özlərinin təyin etdiyi qanunlara (avropalılar üçün qəribə görünə biləcək) bir həssaslıqla yanaşmalarını, onların təkcə öz həyatlarını deyil, həm də əhatəsində yaşadıqları mühiti yaxşılaşdırmaq şövqünü dəqiq detallar və ustalıqla təsvir edir.

Tokvill gizlətmək istəmədiyi bir heyranlıqla göstərir ki, Amerikada hakimiyyət həqiqətən də əksəriyyətə (Avropada olduğu kimi ziyalı azlığa yox) məxsusdur, bütün yaşlı ağdərili kişilərə seçmək və seçilmək hüququ verilib.

Amerikalıların daim özünüidarəetməyə can atması da Tokvilldə xüsusi maraq doğurur.  Burada kimsə xəstəxana tikmək fikrinə düşəndə hökumətə müraciət etmir, bunu digər vətəndaşlarla könüllü əməkdaşlıq yolu ilə təşkil etməyə çalışır.  Amerikanın hər yerində olan bu cür fəallıq cəmiyyətə mənən böyük təsir göstərir.  Amerikalılar həqiqətən də hökuməti deyil, özlərini ölkənin ağası sayırlar.

Eyni zamanda, Tokvill Amerika cəmiyyətinə xas olan müəyyən konformizmi, çoxluğun formalaşmış tiraniyasını, onun fikrincə, həlli mümkün olmayan irqi ziddiyyətləri də diqqətdən qaçırmır.

"Amerikada demokratiya" kitabı 19-20-ci əsrlərdə dönə-dönə nəşr edilib və dünyanın bütün əsas dillərinə tərcümə olunub.  Tokvill Amerikada ən çox oxunan və sevilən müəlliflərdən biridir.  Görünür, başqalarına nisbətən o, Amerika uğurunun sirrini açmağa daha yaxın olub. 

* * *

ALEKSİS DE TOKVİLL
Amerikada demokratiya (1835)


ANQLOAMERİKANLARIN MƏNŞƏYİ VƏ BUNUN ONLARIN
GƏLƏCƏYİNƏ TƏSİRİ


Amerika.  - Nümunəsi ilə böyük xalqın yaranışının ilkin mərhələsini aydın görə bildiyimiz yeganə ölkə...  İctimai müqavilə.  - Musa qanunlarından götürülmüş cinayət kodeksi.  Dinpərəstlik.  - Respublika ruhu.  - Dinə bağlılıqla azadlıq ruhu arasında sıx əlaqə.

 

...Amerikanın tarixini dərindən öyrənib siyasi və ictimai quruluşunu diqqətlə təhlil etməyə başlayarkən belə bir həqiqətin düzgünlüyünə əmin olursan ki, bu cəmiyyətin yaranışının ilkin mərhələsini  bildikdən sonra izah edilməyəsi heç bir prinsip, heç bir vərdiş, heç bir qanun, hətta deyərdim ki, heç bir hadisə yoxdur...

Görünür, dil insanlar arasında ən möhkəm və uzunmüddətli əlaqə vasitəsidir.  Bütün mühacirlər eyni [ingilis] dildə danışırdılar, onlar hamısı bir xalqın övladları idi.  Ta qədimdən müxtəlif partiyaların mübarizəsi nəticəsində qaynayan ölkədə, hər cür qruplaşmaların növbə ilə qanuna sığınmaq məcburiyyətində qaldıqları ölkədə doğulmuş bu adamlar sərt məktəbdə ciddi siyasi bişkinlik qazanmışlar və buna görə də Avropa xalqlarının çoxundan daha yaxşı başa düşürdülər ki, insan hüquqları və həqiqi azadlıq prinsipləri nə deməkdir.  İlk məskənlər salınarkən icma özünüidarəsi - azad hakimiyyət institutlarının bu rüşeymi artıq ingilislərin adətlərində özünə dərin kök salmışdı və beləliklə, Tüdorlar monarxiyasının özünün daxilində xalq hakimiyyəti prinsipi bərqərar olmuşdu.


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan