Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

36. KÖLƏLİYİN LƏĞV OLUNMASI

On doqquzuncu yüzilliyin əvvəlində ABŞ-da köləliyə qarşı mənəvi təzyiq tezliklə siyasi təsir formalarının yaranmasına səbəb oldu.  Federasiyanın dağılmasından ehtiyat edərək, Konqresin cənub ştatlarının tələblərinə güzəştə getməsinə, köləliyi saxlamasına baxmayaraq, şimal abolisionistləri köləliyə qarşı müvəffəqiyyətlə təbliğat aparır, cənubdan kölələrin qaçmasına yardım edir və onları gizlədirdilər. Bu dövrdə kölələrin onlarca üsyanı bütün ölkəni bürüyürdü. Üsyanlar quldarlar tərəfindən amansızcasına yatırılırdı. 19-cu yüzilliyin ortalarında bir sıra şimal ştatları şəxsi azadlıq haqqında qanunlar qəbul edir. Bu qanunlar ABŞ Konstitusiyasının Hüquqlar Haqqında Billinin əsas müddəalarını qaçqın kölələrə də aid edir, onların məhkəmə vasitəsilə quldarlara qaytarılmasının qarşısını alırdı. 1860-cı ildə köləliyin ləğv edilməsinin tərəfdarı Avraam Linkoln ABŞ-ın prezidenti seçilir. Bütün bunlar cənub ştatlarının narazılığına səbəb olur, onlar Cənubi Karolinanın ardınca ittifaqdan çıxdıqlarını və konfederasiya yaratdıqlarını elan edirlər. Şimal ştatları bu qərarı qeyri-qanuni elan edir və Linkoln başda olmaqla konfederalistlərə qarşı hərbi əməliyyatlara başlayırlar.

Şimalla cənub arasında vətəndaş müharibəsi köləliyin ləğv edilməsindən daha çox ittifaqı saxlamaq istəyinə görə başlanmışdı, belə ki, ABŞ Konstitusiyasının özü də köləliyi qəbul edirdi.  Lakin tezliklə köləliyin ləğv edilməsi döyüşən şimallıların əsas məqsədlərindən birinə çevrildi.

Şimallıların Antitamada qələbəsindən sonra 1862-ci ilin payızında Linkoln Azadlıq Bəyannaməsinin ilkin variantını dərc etdirir. O burada bildirirdi ki, 1863-cü il yanvarın 1-dən qiyamçı ştatlarda bütün kölələri azad edəcəkdir.  Hərbi və təbliğat məqsədilə qəbul olunmuş bu bəyannamə 1863-cü ilin başlanğıcında federasiya ordusu cənub ştatlarının daha çox ərazilərini tutduqca minlərcə köləni azad etdikcə, günün reallığına çevrilirdi.

 

 

AVRAAM LİNKOLN
Azadlıq Bəyannaməsi (1863)


Və ədalətli saydığımız... bu aktı mən bəşəriyyətin haqq məhkəməsinin və qadir Allahımızın ali iltifatının ixtiyarına verirəm.


Nəzərə alaraq ki, Birləşmiş Ştatların prezidenti tərəfindən Rəbbimizin anadan olmasının 1862-ci ilində sentyabrın 22-də elan edilən bəyannaməyə bir sıra məsələlərlə yanaşı, aşağıdakılar da daxil idi:

"Rəbbimizin anadan olmasının 1863-cü ilində yanvarın ilk günündən Birləşmiş Ştatlara qarşı qiyamda iştirak edən adamların yaşadığı hər hansı ştatda, yaxud onun müəyyən hissəsində kölə kimi saxlanılan bütün şəxslər bu tarixdən və həmişəlik azaddırlar; Birləşmiş Ştatların icra hakimiyyəti (hərbi və dəniz komandanlığı da daxil olmaqla) bu şəxslərin azadlığını tanıyır və müdafiə edir,  onların heç birinə qarşı, azadlıq qazanmaq uğrunda hər hansı hərəkətlərinə qarşı heç bir təzyiq göstərməyəcəyini öhdəsinə götürür".

"İcra hakimiyyəti yuxarıda göstərilmiş ilin yanvar ayının 1-dən etibarən öz bəyannaməsi ilə əhalisinin Birləşmiş Ştatlara qarşı qiyam vəziyyətində olduğu ştatları, yaxud ştatların bir hissəsini (əgər belələri varsa) müəyyən edəcəkdir. Əgər hər hansı ştat, yaxud onun əhalisi həmin gün üçün səlahiyyətli seçicilərin əksəriyyəti tərəfindən seçilmiş nümayəndələri vasitəsilə Birləşmiş Ştatların Konqresində təmsil olunarsa, bu fakt (açıq şəkildə ziddiyyət təşkil edən digər faktların olmaması şərti ilə) həmin ştatın və onun əhalisinin Birləşmiş Ştatlara qarşı qiyam qaldırmadığını göstərən şəksiz sübut hesab olunacaqdır".


Ona görə də bu gün - Rəbbimizin anadan olduğunun 1863-cü ilində yanvarın 1-də mən -  Birləşmiş Ştatların prezidenti Avraam Linkoln mənə verilmiş hakimiyyətə uyğun olaraq Birləşmiş Ştatların hakimiyyəti və hakimiyyətə qarşı qaldırılmış faktiki silahlı qiyam vaxtı ordu və hərbi dəniz donanmasının baş komandanı kimi və göstərilən qiyamı yatırmaq üçün zəruri və vacib tədbir kimi... elan edirəm ki, aşağıdakı ştatlar, yaxud ştatların ayrı-ayrı hissələri Birləşmiş Ştatlara münasibətdə qiyam vəziyyətindədirlər:
Arkanzas, Texas, Luiziana (Yeni Orlean şəhəri də daxil olmaqla, Sent-Bernar, Plakuimin, Cefferson qəsəbələrindən başqa), Missisipi, Alabama, Florida, Corciya, Cənubi Karolina, Şimali Karolina və Virciniya (Qərbi Virciniya kimi fərqləndirilən 48 dairədən başqa) və onların bu bəyannaməyə əhəmiyyət verməyən və həmin vəziyyətdə qalan digər hissələri.

Səlahiyyətimə uyğun olaraq və yuxarıda göstərilən məqsədin naminə mən əmr edir və elan edirəm ki, yuxarıda müəyyən edilən ştatlar və ştatların ayrı-ayrı hissələrində kölə kimi saxlanılan bütün şəxslər bundan belə azaddırlar; hərbi və dəniz komandanlığı da daxil olmaqla, Birləşmiş Ştatların icra hakimiyyəti yuxarıda göstərilən şəxslərin azadlığını tanıyacaq və müdafiə edəcəkdir.

Mən bu cür azad olmuş adamlara bununla əmr edirəm ki, zəruri özünümüdafiə istisna olmaqla, hər hansı zorakılığa əl atmaqdan çəkinsinlər; məsləhət görürəm ki, bütün mümkün olan hallardan sərfəli ödəniş müqabilində əməklə məşğul olsunlar.

Mən sonra elan edir və hamıya bildirirəm ki, bu adamlar yararlıdırlarsa, Birləşmiş Ştatların silahlı qüvvələrinə, fortların qarnizonlarına, mövqelərə, stansiyalara, gəmilərə və digər yerlərə xidmətə qəbul olunacaqlar.

Və ədalətli saydığımız, Konstitusiyanın hərbi zərurət haqqında müddəası ilə təmin olunan bu aktı mən bəşəriyyətin haqq məhkəməsinin və qadir Allahımızın ali iltifatının ixtiyarına verirəm.

Deyilənləri təsdiq edərək mən öz imzamı qoyur və ona Birləşmiş Ştatların möhürünü basıram.


Vaşinqton şəhərində,
Rəbbimizin anadan olmasının
1863-cü ilində yanvarın 1-də
və Amerika Birləşmiş Ştatlarının
müstəqilliyinin səksən yeddinci ilində
yerinə yetirilmişdir.

Avraam Linkoln

  
* * *

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan