Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

39. AMERİKADA ÖZÜNÜİFADƏ  AZADLIĞI
Ənənə, Konstitusiya, Ali Məhkəmə

Britaniyanın vahid dövlət kilsəsi və azadlığın məhdudlaşdırılması praktikası, əlbəttə, Böyük Britaniyanın Amerika koloniyalarına da keçmişdi.  Lakin Amerika kolonistlərinin içərisində çoxsaylı müxtəlif dini təriqətlərin nümayəndələrinin olması ona gətirib çıxardı ki, burada başqalarının fikrinə və dini etiqadına daha demokratik yanaşma formalaşa bildi.

1734-cü ildə Nyu-York naşirlərindən Con Peter Zenger ingilis qubernatorunun fəaliyyətini tənqid etdiyinə görə həbs edilmişdi.  Maraqlıdır ki, o vaxtkı Britaniya Ümumi Hüququna görə, şəxsiyyətə böhtan atılması, onun təhqir edilməsi, yaxud hökumət məmurunun tənqid edilməsi yazılanın düzgünlüyündən asılı olmayaraq "Qiyamçı iftiralar haqqında" qanunla cəzalandırılırdı.  Zengerin vəkili ilk dəfə bu cür işə andlılar məhkəməsində baxılmasına nail oldu, andlı iclasçıları inandıra bildi ki, hər hansı adamın dediyi faktlarla sübut olunursa, onu böhtançılıqda ittiham etmək olmaz və o, prosesi uddu.  Bu nümunədən sonra özünü təhqir olunmuş hesab edən şəxs yalnız ona qarşı yazılanların böhtan olduğunu məhkəmədə sübut etdikdən sonra işi uda bilərdi.  Andlılar məhkəməsi bundan sonra böhtançının zərərçəkənə ödəməli olduğu maddi zərərin həcmini də müəyyənləşdirirdi.

Müstəqillik uğrunda mübarizə vaxtlarından söz, dini və dinc yığıncaqlar azadlığının daxil olduğu özünüifadə azadlığını Amerika inqilabı liderləri yeni dövlət quruculuğunun ideoloji əsası hesab edirdilər.  Tomas Cefferson deyirdi ki, "əgər qəzetlərsiz hökumət, yaxud hökumətsiz qəzetlər seçimi qarşısında qalsam, bir saniyə də tərəddüd etmədən ikinciyə üstünlük verərdim".

ABŞ Konstitusiyasına 1791-ci ildə daxil edilmiş Birinci düzəliş Konqresə özünüifadə  azadlığını məhdudlaşdıran qanunların qəbul olunmasını qadağan edirdi, lakin Amerika məhkəmələri XX əsrə qədər söz azadlığını müdafiə etmək üçün Konstitusiyaya müraciət etmək istəmir, adətən Britaniya ənənələrinə söykənən və ayrı-ayrı ştatların fərqlənən qanunlarını əsas götürürdülər.

1789-cu ildə ABŞ-ın Fransa ilə müharibəsi ərəfəsində Konqres xaricilər və qiyamçı aksiyalar haqqında qanunlar qəbul edir.  Sonuncu qanun hakimlər tərəfindən tez-tez "hakimiyyətin nüfuzuna xələl gətirən", yaxud "ictimai iğtişaşlara səbəb ola biləcək tənqidlərə qarşı" tətbiq olunurdu.  Bu qanunlarla təkcə bir ildə onlarca naşir cərimələnmişdi, lakin 1800-cü ildə prezident seçilmiş Tomas Cefferson mühakimə edilmiş bütün jurnalistləri və naşirləri əfv etdi, ödənilmiş cərimələrin geri qaytarılması üçün göstəriş verdi.

Birinci dünya müharibəsinin son illərində Konqres "Casusluq haqqında" (1917) və "Qiyamçı aksiyalar haqqında" (1918) qanunlar qəbul edir.  Bu qanunlar fikirləri "dövlətin dayaqlarını sarsıdan" "alman" və "kommunist" meylli ünsürlərə qarşı tətbiq olunurdu.  Taleyin ironiyasıdır ki, ABŞ-ın, elan edildiyi kimi, "dünyada demokratiyanın bərqərar olması uğrunda" Avropada apardığı müharibə öz ölkəsində vətəndaş azadlıqlarının kütləvi surətdə pozulması ilə müşayiət olunurdu.   Məsələn, adamlar müharibəyə qarşı təbliğat apardıqlarına, yaxud Konstitusiyanı tənqid etdiklərinə görə məhkəmələrə çəkilirdilər.  Cəmi iki il ərzində bu qanunlarla 1956 halla bağlı 877 adam haqqında hökm çıxarılmışdı.

ABŞ Ali Məhkəməsi ilk dəfə 1919-cu ildə böhtan və qiyamçı aksiyalar haqqında qanunla işə baxmışdır.  Bu, tanınmış sosialist Şenkin "hərbi xidmətdən imtinaya çağırışda" ittiham edilməsi ilə bağlı olmuşdur.  Baş hakim Oliver Vendell Holmsun təklifi ilə Ali Məhkəmə ittiham hökmünü qüvvədə saxladı.  Holms bildirmişdi ki, "biz özünüifadə  azadlığını hətta ən ciddi şəkildə müdafiə etdikdə belə onu ağzınacan dolu teatrda "yanğın" qışqırıb təlaş və çaxnaşma salan adama tətbiq edə bilmərik".  Ali Məhkəmə bu halda Holmsun müəyyənləşdirdiyi belə bir yanaşma meyarını tətbiq etmişdi:  "Konkret olaraq söylənilən fikir, deyildiyi şəraiti və onun xarakterini nəzərə almaqla, elə zərərli nəticələrin alınması üçün aşkar və birbaşa təhlükə (clear and present danger) yarada bilərmi ki, onların qarşısını almağa Konqresin hüququ olsun? Bu, hadisənin yaxınlığı və təhlükənin dərəcəsi haqqında məsələdir".

Şenklə bağlı hadisə Holms üçün adi və aydın idi.  Lakin o, ABŞ-ın akademik dairələrində liberal hüquqşünaslar, fikirlərinə hörmət etdiyi və hesablaşdığı adamların tənqidi ilə qarşılaşdıqda çox təəccübləndi.  Çikaqo Universitetinin professoru Ernest Freynd bildirirdi ki, "əks fikrə dözümlülük nəciblik məsələsi deyil, siyasi müdriklik məsələsidir".  "Söz azadlığı mühüm milli məqsədlərə xidmət edir, - deyə harvardlı professor Çaffi Holmsu inandırmağa çalışırdı, - ölkə daha çox qeyri-populyar doktrinalardan irəli gələn şübhəli və müəmmalı təhlükələrdən deyil, söz azadlığının məhdudlaşdırılmasından ziyan çəkəcəkdir".  Hakim Holmsun sonrakı addımları göstərir ki, alimlər Ali Məhkəmənin üzvünü inandıra biliblər.

Elə həmin ildə ABŞ Ali Məhkəməsi rus mühaciri Yakov Abramsın və onun üç yoldaşının işinə baxırdı.  Onlar bolşevik Rusiyasına qoşun göndərmiş prezident Vilsonun siyasətini tənqid edən iki vərəqəni yaydıqlarına görə ittiham olunurdular.  Vərəqələrdə aşağıdakı ifadələrdən ibarət məqalələr verilirdi:

"Alman militarizmi Rusiyada inqilabı boğmaq üçün özünə yaxın olan kapitalizmlə birləşmişdir". "Prezident o qədər qorxaqdır ki, deyə bilmir: "Biz, kapitalist dövlətləri, Rusiyada proletar respublikasının mövcudluğuna imkan verə bilmərik". "Dünya fəhlə sinfinin yalnız bir düşməni vardır - kapitalizm!". "Fəhlələr! Siz yalnız Almaniyaya qarşı deyil, həmçinin Rusiya Fəhlə Sovetlərinə qarşı işlədilən güllələrin istehsalına görə pul alırsınız". "Fəhlələr! Vəhşi müdaxiləyə biz ümumi tətillə cavab verməliyik". "Rusiyada bizim qaydaları bərqərar etmək məqsədilə ona qarşı silah işlədilərsə, biz də silaha əl atacağıq". 

Aşağı pillə məhkəməsi bu çağırışları ABŞ-ın Almaniyaya qarşı hərbi əməliyyatlarına mane olmaq cəhdləri, açıq silahlı qiyam hədələri kimi qiymətləndirmişdi.  Abrams və onun yoldaşları 3 ildən 20 ilə qədər həbs cəzasına məhkum edilmişdilər.

Ali Məhkəmə üzvlərinin əksəriyyəti Holmsun "aşkar və birbaşa təhlükə" formuluna əsaslanaraq hökmü dəyişmədən saxladılar.  Lakin Holms və ona qoşulmuş hakim Luis Brandeys məhkəmədə xüsusi rəylə çıxış etdilər.  Bu mövqe ilk dəfə olaraq söz azadlığına ənənəvi Britaniya baxışından fərqlənirdi.  Mövqe problemə xüsusi Amerika baxışının başlanğıcını qoydu.  Bu baxışa görə, hər kəs öz fikrini azad və əngəlsiz, hökumətə, yaxud daha kiməsə nə dərəcədə təhqiramiz görünməsindən asılı olmayaraq ifadə etməlidir və heç bir ideya və fikir dövlət tərəfindən təqib oluna bilməz.

Hakim Holmsun mövqeyi "azad ideya bazarı" nəzəriyyəsi adını aldı.  Bu nəzəriyyəyə görə, zərərli fikirlərə qarşı ən yaxşı vasitə başqa fikirlərin, ən düzgün fikrin qalib gələcəyinə qədər irəli sürülməsindən ibarətdir.  Lakin əgər müvafiq reaksiyanın ortaya gəlməsi üçün vaxt kifayət etmirsə (teatrın ağzınacan dolu tamaşaçı zalı haqqında gətirdiyimiz nümunədə olduğu kimi), bu nəzəriyyənin tətbiq edilməsi mümkün olmur, belə ki, hadisə sonrakı diskussiyadan əvvəl baş verə bilər.

"Azad ideya bazarı" nəzəriyyəsi Ali Məhkəmə tərəfindən 1969-cu ildə, Ohayo ştatında Ku-Kluks-Klanın siyasi dəyişikliklərə nail olmaq məqsədilə zorakılığa çağırmış liderinə qarşı hökmə baxılarkən təqdir edilmişdir.  Ali Məhkəmə birbaşa qeyri-qanuni hərəkətlərə təhriketmə halları, yaxud bu təhlükənin real olduğu hallar istisna olmaqla özünüifadə  azadlığının müdafiə olunmasını zəruri sayaraq bu hökmü ləğv etdi.

Amerika məhkəmələrində Konstitusiya təminatları uğrunda mübarizə özünüifadənin digər sahələrini də əhatə edirdi.  1943-cü ildə ştat məhkəməsində "Qərbi Virciniya Təhsil Komitəsi Barnettə qarşı" işinə baxılırdı.  Bu iş "Yeqovanın şahidləri" sektasının üzvü olan məktəblilərin valideynləri tərəfindən qaldırılmışdı.  Onlar dini təsəvvürlərinə uyğun olaraq ştat hakimiyyətinin tələb etdiyi kimi milli bayrağı salamlamaqdan və ona and içməkdən imtina edirdilər. Məhkəmə məktəblilərin əqidə və etiqad azadlığını pozduğuna görə bayrağa məcburi andiçmə mərasimini ləğv etdi və göstərdi ki, əqidə və etiqad azadlığı dövlətin təzyiqindən kənar olmalıdır.  Məhkəmənin qərarında göstərilirdi: "İqtidara sədaqət andı Birləşmiş Ştatlarda həmişə ikrah hissi doğurur.  Məcburiyyət altında deyilmiş söz yalnız şəxsi marağa sədaqəti sübut edir.  Şəxsiyyətin əqidə azadlığına riayət olunmasını iqtidarın məcbur etdiyi konformizmdən üstün tutmaq lazımdır.  Tarixin öyrətdiyi kimi, belə konformizmi acı və faciəli sonluq gözləyir".

1962-ci ildə Nyu-York ştatının təhsil şurası gündəlik məktəb dualarının ənənəvi formasını dəyişmək qərarına gəlir və elə bir dua mətni tərtib edir ki, bütün dinlərin tərəfdarları onu qəbul edə bilsin.  Bir qrup məktəblinin valideynləri tətbiq olunan duaların "məktəblilərin və onların valideynlərinin əqidəsinə, dininə və dini praktikasına zidd olduğu" qənaətinə gələrək öz narazılıqlarını bildirdilər. Nyu-York ştatının məhkəməsi valideynlərin tələblərini rədd edərək göstərdi ki, məktəblilərin dua mərasimində iştirakı könüllüdür və heç kəs öz vicdanının əksinə olaraq bu mərasimdə iştirak etməyə məcbur olunmur.  Lakin ABŞ Ali Məhkəməsi məktəblərdə gündəlik duaları, dövlətin dini işlərə müdaxiləsini Konstitusiya qadağasına zidd hal kimi ləğv etdi.  Məhkəmə həmçinin məktəblilərin dua mərasimlərində iştirakının könüllü olacağına verilən bəyanata inanmadığını bildirdi, belə ki, müəllimin aparmağa başladığı gündəlik dua mərasimlərindən hansısa məktəblinin imtina etməsi çətin olacaqdır; yəni o, birbaşa, yaxud dolayısı ilə vicdan azadlığı məsələlərində təzyiqə məruz qalacaqdır, bu isə Konstitusiyaya Birinci düzəlişə ziddir.

Ali Məhkəmənin Montqomeri şəhərinin polis rəisi Sallivanın "Nyu-York tayms" qəzetinə qarşı qaldırdığı iş üzrə 1964-cü il qərarı söz azadlığının müdafiə olunması sahəsində mühüm addımlardan biri olmuşdur.  Sallivan dörd zənci keşişi və onların məktubunu dərc etmiş "Nyu-York tayms" qəzetinin redaksiyasına qarşı iddia ilə çıxış etdi. Keşişlərin məktubunda, doğrudan da, Montqomeri polisini qəddarlıqda ittiham edən bəzi əsassız ittihamlar var idi.  Aşağı dərəcəli məhkəmə Sallivanın şikayətini təmin etmişdi, lakin ABŞ Ali Məhkəməsi dövlət məmurlarının və ictimai xadimlərin tənqidinin xüsusi Konstitusiya müdafiəsinə ehtiyacı olduğu qərarına gələrək bu hökmü ləğv etdi.  Ali Məhkəmə hesab etdi ki, "azad mübahisələrdə səhv fikirlər labüddür... və əgər fikir azadlığının qorunub saxlanılması üçün zəruri olan "oksigen yastığı"nı almaq istəyiriksə, onlar da müdafiə olunmalıdırlar".  Ali Məhkəmə səhv fikirləri bilərəkdən deyilən yalanlardan ayırdı və bundan sonra bütün dövlət qulluqçuları (polismendən prezidentə qədər) və cəmiyyətdə yüksək mövqeyə malik olan hər hansı şəxs məhkəmədə böhtan haqqında işləri yalnız o vaxt uda bilərdilər ki, jurnalistin yanlış informasiyanı bəd niyyətlə dərc etdiyini, yəni "(verilən informasiyanın) yalan olduğunu başa düşdüyünü", yaxud onun "düzgün, ya da səhv olduğunu lazımi dərəcədə yoxlamadan" çap edildiyini sübuta yetirsin.

1971-ci ildə "Nyu-York tayms" qəzeti ABŞ-ın Vyetnamda müharibəyə başlamasının səbəbləri haqqında Pentaqonun məxfi məruzəsini dərc etməyə başladı.  ABŞ Ədliyyə Nazirliyi nəşrin davam etdirilməsinə qadağa qoydu, onda materialların nəşr olunmasını "Vaşinqton post", hökumət onu məhkəməyə verəndən sonra isə "Boston Qlob" qəzeti öz üzərinə götürdü.  Pentaqonun məxfi məruzəsini dərc etməyə başlayandan on yeddi gün sonra Ali Məhkəmə "Nyu-York tayms" ABŞ hökumətinə qarşı" işinə baxaraq məruzənin nəşrinə qoyulmuş qadağanı ləğv etdi və hökumətin bu cür nəşrlərə gələcəkdə qadağa qoyulması tələbini rədd etdi.  Ali Məhkəmə qərara aldı ki, bu məruzənin nəşri ölkənin milli təhlükəsizliyinə zərər gətirmir və Birləşmiş Ştatlarda yaşayan xalq hökumətin nə ilə məşğul olduğunu bilmək hüququna malikdir.  Ali Məhkəmənin qərarında deyilirdi ki, "mətbuat idarə edənlərə deyil, idarə olunanlara xidmət etməlidir.  Hakimiyyətin mətbuat üzərində senzura hüququ [Konstitusiya ilə] həmişəlik ləğv olunmuşdur ki, mətbuat azad olsun və hakimiyyətə nəzarət edə bilsin. Mətbuata [Konstitusiyada] müdafiə verilib ki, hakimiyyətin sirlərini üzə çıxara və bu haqda əhaliyə məlumat çatdıra bilsin...  Azad mətbuatın başlıca vəzifəsi hakimiyyətin xalqı aldatmasının qarşısını almaqdan ibarətdir...  Hakimiyyətin Vyetnamda müharibəyə gətirib çıxarmış fırıldaqlarını ifşa etməklə qəzetlər Yaradıcı Ataların onlardan gözlədikləri ləyaqətli hərəkətləri yerinə yetirmişlər"...

1989-cu ildə ABŞ Ali Məhkəməsi prezident Reyqanın siyasətinə etiraz olaraq 1984-cü ildə Amerika bayrağını yandırdığına görə bir illik həbs və 2000 dollar cərimə ilə cəzalandırılmış Consonun işi üzrə hökmü ləğv etdi.  Ali Məhkəmə ittihamçıların belə bir fikrini rədd etdi ki, milli birliyin simvolu olan bayrağın təhqir olunması ətrafdakıların qəzəbinə və iğtişaşlarına səbəb ola bilər.  Məhkəmə belə nəticəyə gəldi ki, "əgər [Konstitusiyaya] Birinci düzəlişin söykəndiyi hər hansı əzəl prinsip varsa, o da bundan ibarətdir ki, hakimiyyət hər hansı baxışın bildirilməsini yalnız cəmiyyətin onu təhqiramiz və zərərli hesab etməsinə görə qadağan edə bilməz".

ABŞ-da bu gün də özünüifadə azadlığını müdafiə konsepsiyasının axtarışları davam edir.  Səs-küy salmış "Xalq Larri Flintə qarşı" Amerika filmi (filmi məşhur Miloş Forman olmuş hadisələr əsasında çəkmişdir) bu azadlığın genişləndirilməsi yolunda ABŞ Ali Məhkəməsinin hər bir növbəti addımının nə qədər gərgin və vacib olduğunu yaxşı nümayiş etdirir.  İctimai baxışlarda daim baş verən dəyişikliklər, dini və mənəvi problemlərin həllində dövlətin iştirakının forma və dərəcəsinə dair fikir toqquşmaları, hər şeyi bilməyə can atan mətbuatla şəxsi həyatın toxunulmazlığı, yaxud dövlət sirri arasında əbədi ziddiyyətlər səksən ildir ki, ABŞ Konstitusiyasına Birinci düzəlişin mənası və hüdudları haqqında baş hakim Oliver Vendell Holmsun başladığı qızğın mübahisələrə son qoyulmasına imkan vermir.

ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan