Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


40. AMERİKA DÜNYA DEMOKRATİK SİSTEMİNİN LİDERİ OLUR
Franklin Delano Ruzvelt

Prezident Franklin Delano Ruzvelt (1882-1945) ölkəyə onun tarixinin ən böhranlı anlarından birində başçılıq etməyə başlamışdır.  20-ci illərin sonlarında ABŞ dünya istehsalında ona qədər tarixdə heç bir ölkənin əldə edə bilmədiyi üstünlüyə yetişir: dünya istehsalının 34,4%-i məhz ABŞ-a məxsus idi. Digər dövlətlər bu göstəricilərə görə xeyli geridə qalırdı: Britaniya - 10,4%; Almaniya - 10,3%; Rusiya - 9,9%; Fransa - 5,5%; Yaponiya - 4,0%; İtaliya - 2,5%.  Lakin 1929-cu ildə baş verən "böyük depressiya" bu üstünlüyü heçə endirir, aksiyaların kəskin aşağı düşməsinə səbəb olur, ümumi çaşqınlıq, qorxu doğulur və tezliklə ölkəni sosial partlayış həddinə gətirib çıxarır.

1932-ci ildə prezident seçilmiş Ruzvelt amerikalıların qəlbində ümid yaratmağa çalışır: "Qorxmalı olduğumuz bir şey varsa o da qorxudur".  Ruzvelt çıxış yolu kimi o vaxtlar ölkədə dəbdə olan sosialist metodunu - "vəhşi kapitalizm"dən əl götürmək və "yeni iqtisadi kurs"u qəbul etmək təklifini irəli sürür.  İndən belə dövlət iqtisadiyyatı planlaşdırmalı və fərdi biznesin işlərinə daha fəal müdaxilə etməli idi.  Sonralar Ruzvelt etiraf edəcək: "Mən bunu inqilabdan qurtulmaq üçün elədim". 

Yeni kurs iqtisadiyyata elə bir uğur gətirmir, bununla belə, amerikalıların "son ümid yeri" olan Ruzvelt 1936-cı ildə ikinci, 1940-cı ildə isə üçüncü müddətə prezident seçilir.  Ölkə yalnız İkinci dünya müharibəsinin başlanması ilə bir vaxtda böhrandan çıxmağa başlayır - hərbi sifarişlər ölkə istehsalını canlandırır.

1940-cı ildən ABŞ Britaniyaya onun Hitlerlə apardığı müharibədə maddi yardım göstərir, lakin Amerika cavanlarını Avropaya qırğına göndərmək üçün Birinci dünya müharibəsindən elan olunmuş Avropada siyasi tarazlığı bərpa etmək səbəbindən daha inandırıcı və kəsərli dəlil göstərmək gərək idi.  Ruzvelt Konqresə göndərilən hər ilki müraciətində (yanvar, 1941-ci il) Amerika milləti qarşısında duran yeni məqsədi bəyan edir - bütün dünyada insan hüquqlarının pozulması hallarına qarşı mübarizə aparmaq!

Maraqlıdır ki, Amerikanın dünyaya aşılayacağı əsas insan azadlıqları sırasında Ruzvelt ölkə tarixində ilk dəfə olaraq insanın sosial hüququnu - onun layiqincə, ehtiyacdan azad yaşamaq hüququnu da bəyan edirdi. Belə ki, o vaxta qədər Amerika dövləti öz vətəndaşlarının istər İstiqlaliyyət Bəyannaməsində, istərsə də ölkə Konstitusiyasında qeyd edilməmiş bu hüququnu tanımaq belə istəmirdi.

ABŞ müharibədən dünyanın fövqəldövləti, özünün yaratdığı dünya demokratik sisteminin danılmaz lideri kimi çıxdı.  Əgər müharibəyə qədər dünyada cəmi 12 demokratik dövlət var idisə, artıq 1962-ci ildə Amerikanın yardımı, bəzən isə bilavasitə müdaxiləsi sayəsində onların sayı 32-yə, 80-ci illərin sonlarında isə 60-a çatmışdı. 

* * *

FRANKLİN DELANO RUZVELT
Dörd azadlıq (1941)

...Sağlam və güclü demokratiyanın təməlində müəmmalı heç nə yoxdur.  Xalqımızın siyasi və iqtisadi sistemindən gözlədiyi əsas şeylər çox sadədir.  Budur gözlənilənlər:
    
gənclər və bütün digər adamlar üçün imkan bərabərliyi;
    
işləyə bilənlər üçün iş;
    
ehtiyacı olanların təhlükəsizliyi;
    
seçmə adamlar üçün xüsusi imtiyazların ləğvi;
    
hamı üçün vətəndaş azadlıqlarının saxlanılması;
    
həyat səviyyəsinin daim yüksəlməsi üçün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması.
    

Narahat və son dərəcə mürəkkəb müasir dünyada gözdən uzaq qalmamalı sadə və əsas şeylər bunlardır.  İqtisadi və siyasi sistemimizin daxili və birləşdirici gücü onun bu gözləncləri nə dərəcədə doğrulda biləcəyindən asılıdır...
     
Təhlükəsiz etmək istədiyimiz gələcəkdə biz dörd mühüm insan azadlığına əsaslanan bir dünya yaratmağa çalışacağıq.
      
Birinci azadlıq - dünyanın istənilən hissəsində söz azadlığı və öz fikrini ifadə etmək azadlığı.
       
İkinci azadlıq - dünyanın istənilən hissəsində hər bir adamın istəyincə ibadət etmək azadlığı.
       
Üçüncü azadlıq - dünyanın istənilən hissəsində ehtiyac əsarətindən azadlıq; daha sadə dildə bu, hər bir ölkə üçün onun xalqının sağlam, dinc həyatını təmin edən iqtisadi razılaşmaları bildirir.
        
Dördüncü azadlıq - dünyanın istənilən hissəsində qorxu hissindən azadlıq; daha sadə dildə bu, silahların elə tərzdə və elə səviyyəyə qədər ümumi ixtisar edilməsidir ki, heç bir ölkənin öz qonşusuna fiziki təcavüz etmək imkanı olmasın.
        
Bu, uzaq minilliklərin perspektivi deyildir.  Bu, belə bir dünyanın artıq bizim dövrümüzdə və nəslimiz tərəfindən yaradılması üçün real təməldir.  Bu cür dünya - diktatorların bombaların gücü ilə yaratmağa çalışdığı tiraniyanın "yeni qayda"sı deyilənin antipodudur.
        
Biz bu "yeni qayda"ya qarşı mənəviyyatlı qaydanın dahi ideyasını qoyuruq.  Firavan cəmiyyət çəkinmədən dünya ağalığı və inqilab ixracı ideyalarına qarşı dayanmağa qadirdir.
        
Amerika tarixinin lap başlanğıcından biz həyatımızı daim dinc inqilab, öz inkişafında sabit və şəraitdən asılı olaraq dəyişməyə qabil olan inqilab yolu ilə yeniləşdirməyə çalışırıq.  Bu  yol həbs düşərgələrini və yaxud meyitlərlə doldurulmuş xəndəkləri rədd edir.  Yaratmaq istədiyimiz dünya qaydası dost və sivil cəmiyyətdə fəaliyyət göstərən azad dövlətlərin əməkdaşlığı üzərində qurulur.

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan