Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

42. ABŞ-ın XARİCİ YARDIMI VƏ İNSAN HÜQUQLARI

İqtisadi qüdrəti artdıqca iyirminci yüzilliyin ortalarında ABŞ daha çox beynəlxalq siyasətə cəlb olunur və digər sahələr kimi, hökumətin fəaliyyətinin bu istiqaməti də sıravi amerikalıların ciddi nəzarəti altına düşür. Amerikalıları öz ölkələrində insan hüquqları uğrunda mübarizə aparmağa təhrik edən yüksək mənəvi dəyərlər onları həmçinin öz dövlətlərinə demokratik xarici siyasət yeritməsi, dünya meydanında qarşılıqlı əlaqədə olduğu ölkələrdə insan hüquqlarını müdafiə etməsi üçün təsir göstərməyə məcbur edir.  1941-ci ildə prezident Ruzvelt ABŞ-ın İkinci dünya müharibəsinə girməsinin başlıca səbəbi kimi dünyada insan hüquqlarının müdafiəsini göstərmişdir.  İnsan hüquqları ABŞ və Böyük Britaniya tərəfindən BMT-nin Xartiyasına daxil edilir və müharibədən sonrakı dünya nizamının əsas prinsiplərinə çevrilir.

Lakin Qərbin demokratik ölkələri ilə SSRİ-nin başçılıq etdiyi kommunist bloku arasında böyük strateji qarşıdurma və həmçinin ölkənin iqtisadi maraqları ABŞ-a  dünyada insan hüquqlarının müdafiəsi siyasətinə ardıcıl əməl etməsinə imkan vermirdi.  Bunun aydın nümunələri kimi Hind-Çində müharibəni, Latın Amerikasında və Ərəb ölkələrində diktator rejimlərinin müdafiə olunmasını göstərmək olar.  Ancaq bu hallarda hökumət, xüsusilə də Konqres Vətəndaş Hüquqları Uğrunda Ümummilli Hərəkat, Human Rights Watch, Amnesty International, Trans-Africa kimi beynəlxalq hüquq müdafiəsi təşkilatları, həmkarlar ittifaqları, müxtəlif kilsə şuraları, intellektuallar və adi seçicilər tərəfindən ardıcıl və kütləvi təzyiqə məruz qalırdılar.  Amerikalıların əksəriyyəti hesab edirdi ki, ölkə eyni vaxtda öz daxilində demokratik siyasət yeridə, xaricdə isə diktaturanı müdafiə edə bilməz.  Onların vicdanı hökumətlərinin öz vətəndaşlarının hüquqlarını pozan müttəfiq rejimlərə yardım etməsinə sakit baxmağa imkan vermirdi.

1976-cı ildə Konqres ictimai əhval-ruhiyyəni nəzərə alaraq prezident Cerald Fordun vetosunu dəf etdi və "Beynəlxalq təhlükəsizlik və silah ixracı üzərində nəzarət haqqında" qanuna insan hüquqlarının müdafiə olunması haqqında müddəanı daxil etdi.  "Xarici yardım və insan hüquqları" adını almış bu müddəa dövlət quruculuğu tarixində ilk dəfə öz vətəndaşlarının hüquqlarını kütləvi surətdə pozan ən yaxın dost rejimlərə də yardım göstərilməsini hökumətə qadağan edirdi.

Bununla yanaşı, Konqres ölkənin strateji maraqlarını da nəzərə alırdı.  Belə ki, hökumətə müstəsna hallarda hər hansı xarici dövlətə təcili yardım göstərilməsinin milli maraqlar baxımından son dərəcə zəruri olduğuna Konqresi inandırdıqdan sonra bu qadağadan yan keçməyə icazə verilirdi.

Lakin ABŞ-ın dünyada artan strateji və iqtisadi maraqlarına baxmayaraq, Konqres hər halda Çili, Argentina, Cənubi Koreya, Uqanda, Mərkəzi Amerika ölkələri, Cənubi Afrika Respublikası və bu kimi digər Amerikaya dost rejimlərə müxtəlif cür yardımların göstərilməsinə, onlarla əməkdaşlıq və ticarət əlaqələrinə qadağa qoydu.

* * *

 "BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK VƏ SİLAH İXRACI ÜZƏRİNDƏ NƏZARƏT HAQQINDA" QANUN (1976)

III fəsil. Ümumi məhdudiyyətlər

İNSAN HÜQUQLARI

1961-ci il tarixli "Xarici yardım haqqında" qanunun 301-ci bölməsinin 502V yarımbölməsinə aşağıdakı düzəlişlər edilir:


502V yarımbölməsi.  İnsan hüquqları. - (a)(1) BMT Xartiyasında əks olunmuş beynəlxalq öhdəliklərinə, Konstitusiya irsinə və ənənələrinə uyğun olaraq Birləşmiş Ştatların siyasəti irqindən, dilindən, yaxud dinindən asılı olmayaraq insan hüquqları və fundamental azadlıqlarına daha çox hörmətlə yanaşılmasına yardım və onu təqdir etməkdən ibarətdir.   Buna görə də Birləşmiş Ştatların xarici siyasətinin başlıca məqsədi bütün ölkələrin beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına daha çox riayət etməsinə yardımçı olmaqdan ibarətdir.

(2) Beləliklə, Birləşmiş Ştatların siyasəti (bu bölmədə müəyyən olunmuş hallardan başqa) elə olmalıdır ki, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını ardıcıl olaraq pozan hər hansı ölkəyə təhlükəsizlik baxımından heç bir yardım göstərilməsin.

(3) Bu siyasəti aparmaq üçün prezident Birləşmiş Ştatların Beynəlxalq Təhlükəsizlik Yardımına elə bir proqram formalaşdırmalı və həyata keçirməlidir ki, o, insan hüquqlarını müdafiə və inkişaf etdirsin və bu yardım proqramları ilə öz adamlarının beynəlxalq səviyyədə tanınmış hüquqlarını və köklü azadlıqlarını pozan hökumətlərlə...  Birləşmiş Ştatların (ictimai rəy tərəfindən) eyniləşdirilməsinə imkan verməsin.


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan