Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

43. DEMOKRATİK LİDER 
Cimmi Karter

Müasirləri Amerika prezidenti Ceyms Erl Karterin dövrünü (1977-1981) o qədər də yüksək qiymətləndirmirdilər.  Onun baha başa gələn iqtisadi, sosial və inzibati islahatları Konqres tərəfindən müdafiə olunmadı və həyata keçirilmədi.  Karter prezident kürsüsündə yalnız bir müddət qaldıqdan sonra populyarlığını itirir və seçkiləri Ronald Reyqana uduzur.  Ronald Reyqan isə müasirlərinin xatirində ölkənin iqtisadi dirçəlişinin ilhamçısı və Sovet İttifaqına qarşı "soyuq müharibə"ni udan uğurlu prezident kimi qalmışdır.

Lakin 20 ildən sonra Karterin prezidentliyinə verilən qiymət dəyişmişdir.  Bu gün Amerika tarixçiləri, siyasətçiləri, ictimai xadimləri və insan haqları uğrunda hərəkatın fəalları özünün xarici görünüşü, davranışı və siyasəti ilə prezidentlik institutunu demokratikləşdirmiş, onu avtoritar görünüşdən və dəbdəbədən uzaqlaşdırmış Amerika prezidentlərindən biri kimi bu insana hörmətlərini bildirirlər.  Karter ABŞ-ın xarici siyasətini insan haqları ilə uzlaşdırmağa çalışır, diktator rejimi olan ölkələrdə, xüsusilə də Sovet bloku ölkələrində dissidentləri hərtərəfli müdafiə edir, amerikalıların Vyetnam müharibəsi dövründə itirdikləri özlərinə və ölkələrinə mənəvi inam hissini tədricən geri qaytarırdı.

Karter Varşava Müqaviləsi ölkələri ilə gərginliyin zəiflədilməsi siyasətinin təşəbbüskarlarından biri, SSRİ ilə strateji silahların məhdudlaşdırılması haqqında mühüm müqavilənin imzalanmasına nail olmuş, Misir və İsrail arasında sülhün yaradıcısı olmuşdur.

Cimmi Karter 1977-ci ilin iyununda Notr-Dam Universiteti məzunlarının qarşısında söylədiyi nitqdə ölkə vətəndaşlarını təcridçilik siyasətindən əl çəkməyə və dünyada insan haqlarının müdafiəsinə yönəlmiş xarici siyasəti dəstəkləməyə çağırdı.  Bu nitqi ilə Karter ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun amerikalılar içərisində populyar olan Birləşmiş Ştatlar "başqalarının deyil, özünün qayğısına qalmalıdır" fikrinə qarşı çıxdı.

* * *

CİMMİ KARTER
İnsan haqları və ABŞ-ın xarici siyasəti (1977)

...Mən ötən həftə Kaliforniyada ölkəmiz üçün gündəlikdə dayanan daxili məsələlərdən danışmışam: adamlarımızın ehtiyaclarını ödəmək üçün daha səmərəli fəaliyyət göstərməli; zəmanəmizin bədbinliyinin əksinə olaraq nümayiş etdirməliyik ki, hökumətimiz həm səriştəli, həm də daha humanist ola bilər.

Lakin mən bu gün xaricdə bizim hərəkətləri millətimizin səciyyəvi xüsusiyyətləri ilə birləşdirən bağlardan danışmaq istəyirəm.  Mən inanıram ki, biz demokratik, köklü dəyərlərə əsaslanan gücümüzdən və nüfuzumuzdan humanist məqsədlər üçün istifadə edəcək xarici siyasətə malik ola bilərik.  Biz həmçinin amerikalıların müdafiə etdikləri xarici siyasətə malik ola bilərik.  Və bu siyasət dəyişdirilərsə, onlar qabaqcadan məlumatlanacaq və onu başa düşəcəklər.

Mən siyasi sistemimizə inanıram.  Demokratiyanın özünü doğrultduğunu bildiyimizə görə insan haqlarını öz əhalisi üçün çox görən hökumətlərin arqumentlərini rədd edirik...

Biz gücümüzə inanırıq, ona görə də nüvə silahlarının qarşılıqlı şəkildə məhdudlaşdırılmasına nail ola bilərik.

Demokratiyanın Hindistanda, Portuqaliyada, İspaniyada, Yunanıstanda son böyük nailiyyətləri göstərir ki, bizim bu sistemə inamımız əbəs deyildir.  Öz gələcəyimizə əminlik yarandıqdan sonra biz bu ifrat kommunizm qorxusundan - bizim qorxumuza şərik olan istənilən diktatorun ağuşuna atan qorxudan yaxamızı qurtarmışıq.  Mən şadam ki, bu vəziyyət dəyişir.

ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan