Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


44. ETNOQRAFİK MİLLƏT VƏ SİYASİ MİLLƏT

80-ci illərin sonlarında "soyuq müharibə"nin bitməsi ilə keçmiş "kommunist düşərgəsi"nin ərazisini millətlərarası münaqişələr bürüdü.  Balkanlarda, Cənubi və Şimali Qafqazda, Moldovada baş vermiş qanlı hadisələr bütün dünyada narahatlıq və təşviş doğuraraq alimləri, siyasətçiləri və ictimaiyyəti bu problemi ciddidən də ciddi öyrənməyə, araşdırmağa vadar etdi.  Bunun üçün ilk növbədə millətçiliyin mənşə və mənasından baş çıxarmaq lazım idi. 

Əksər tədqiqatçıların fikrincə, millətçiliyin "doğum" tarixi 17-ci əsrdən - istehsalın kəskin artımı ilə əlaqədar Avropada yeni növ dövlət quruluşunun yarandığı dövrdən  gəlir.  18-ci yüzilliyin Amerika, ələlxüsus Fransa inqilabının irəli sürdüyü tələb - dövlətin idarə olunmasında vətəndaşların da iştirak etməsi tələbi həm bir ölkənin vətəndaşları arasında, həm də əhali və dövlət arasındakı əlaqələrin yeni xarakter almasına gətirib çıxardı.  Fransa inqilabının gedişində irəli sürülmüş şüar -  "millətlərin öz müqəddəratını təyinetmə hüququ" şüarı Avropanın siyasi xəritəsini dəyişdirərək yeni millət-dövlətlərin yaranmasına və bu cür dövlətlərin daxilində millətlərarası problemlərin meydana çıxmasına təkan verdi. 

SSRİ-nin mövcudluğunun son illərində milli problemlərlə birincilər sırasında Azərbaycan toqquşmalı oldu.  Burada azərbaycanlıların müstəqil dövlət yaratmağa yönəldilmiş millətçiliyi Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkatı ilə yanaşı inkişaf edirdi. 

Bundan əlavə, bugünəcən ölkədə müxtəlif etnik qruplar arasında çox vaxt qarşılıqlı inamsızlıq və şübhələrlə səciyyələnən münasibətlərdə də müəyyən problemlər duyulur.

Azərbaycanda mövcud olan millətlərarası problemlər artıq on ildir ki, ölkənin ictimai həyatında qızğın mübahisə və müzakirələr doğurur.  Bu müzakirələrin gedişində həll edilməli olan başlıca məsələ "mənsubiyyət məsələsi"dir.  Bu ölkənin tamhüquqlu sahibi kimdir: əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri, yoxsa Azərbaycanın bütün əhalisi, bütün vətəndaşları?  Hər hansı bir etnik qrupun nümayəndəsinin öz uşaqlarını ana dilində oxutmağa haqqı varmı, yoxsa onlar böyük əksəriyyətin mədəniyyət və dilini mənimsəməyə "borcludurlar"?  Azərbaycanda qeyri-türk millətin nümayəndəsi təkcə Konstitusiyaya görə deyil, reallıqda da ölkə prezidenti ola bilərmi? Və s.

Problemin müzakirəsi zamanı milli məsələnin bizə SSRİ-dən miras qalmış dolaşıq terminologiyası məsələni bir az da qəlizləşdirir.  Yeri gəlmişkən, bu terminologiyanın yozumu müxtəlif ölkələrdə və elmi məktəblərdə müxtəlifdir.  Azərbaycanlılar, Azərbaycan xalqı; Azərbaycan milləti; Azərbaycan türkləri - bütün bu terminlər bəzən eyni bir mənanı daşıyır, bəzən isə respublika vətəndaşlarının tamamilə müxtəlif qruplarını əhatə edir.

Məsələn, Fransada, Böyük Britaniyada və ABŞ-da "millət" bu ölkələrin bütün vətəndaşlarını əhatə edən termindir.  Britaniyada pasportun "millət" (Nation) qrafasında "ingilis", yaxud "irland" yazılmır, "Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı" yazılır.

Bizdə "milli adətlər" dedikdə bir qayda olaraq məhz Azərbaycan türklərinin adətləri nəzərdə tutulur, "futbol üzrə milli yığma komanda" söylədikdə isə göz qabağına istənilən etnik mənşəli Azərbaycan vətəndaşlarından təşkil olunmuş komanda gəlir.  Və nəhayət, Birləşmiş Millətlər Təşkilatında hansı millət təmsil olunub? Əgər orada təmsil olunan Azərbaycan millətidirsə, onda bu termin nəyi bildirir?

Ümumiyyətlə, etnoqrafik millət (yəni vahid genotipi olan toplum) mövcuddurmu, yoxsa bütün dünya ölkələrinin əhalisi bir-birinə elə qaynayıb-qarışıb ki, etnik millətdən söhbət belə gedə bilməz?  Məsələn, orta əsrlərdə Prussiya "Slavyan krallığı" adlanırdı, lakin artıq yüz il sonra prussiyalılar özlərini xalis alman sayır və başqaları tərəfindən də o cür qəbul olunurdular.

Məlumdur ki, keçmişlərdə imperiyalar dağılanda da bu cür millətlərarası münaqişələr dalğası qopurdu.  Bu mənada biz rus etnoqrafı V. Vodovozovun 1910-cu ildə Sankt-Peterburqda dərc olunmuş və Avstriya-Macarıstan və Rusiya imperiyalarının çökməsi ərəfəsində Avropada mövcud olan millətçilik probleminə, həmçinin demokratik dövlətin milli məsələdə yürütdüyü siyasətə həsr olunmuş məqaləsini təqdim edirik(1).

* * *

V. VODOVOZOV
Milliyyət və dövlət (1910)

Antropologiya indiyə qədər milliyyətin nə olduğunu aydınlaşdıra bilməmişdir; bundan savayı, belə bir məsələ də tam həll olunmuş hesab edilə bilməz ki, o, real antropoloji təzahür kimi mövcuddur, yaxud milli tip haqqında təsəvvür insanın xülyasından başqa bir şey deyildir...  Milli məsələnin antropoloji tərəfini tamamilə kənara qoyaraq onu dövlət-hüquqi baxımdan nəzərdən keçirməyə cəhd edək və ona görə də məsələni belə qoyaq: dövlət onun ərazisində yaşayan müxtəlif milliyyətlər arasında münasibətləri necə nizamlamalıdır ki, etnoqrafik baxımdan əhalisi rəngarəng olan bütün dövlətlərdə milliyyətlərin apardıqları gərgin, ağır və bəzən qanlı çəkişmələrdən özünü xilas etsin...

Biz, hər halda, terminlərlə bağlı əvvəlcədən şərtləşməliyik. Termin kimi işlədilməsinə baxmayaraq, "xalq", "millət", "milliyyət" hələ də dürüst və hamının qəbul etdiyi məna daşımır.


TAM MƏTN ZİP FİLE-dadir

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan