Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


45. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
Müstəqilliyin elan olunması (1918)

XIX əsrin əvvəllərində ölkənin Rusiya və İran arasında bölüşdürülməsindən bəri Azərbaycan vətənpərvərlərinin ürəklərində özünə yuva salmış müstəqillik arzuları Rusiya monarxiyasının süqutu ilə konkret cizgilər əldə etməyə başladı.  Birinci dünya müharibəsinin üç ili ərzində Rusiya imperiyası fəlakət həddində idi.  Rusiyada liberal-demokratik inqilab başlandı, 1917-ci ilin fevralında II Nikolay taxt-tacdan əl çəkdi.  Hakimiyyətə gələn Müvəqqəti hökumət 1917-ci il noyabrın sonuna Müəssislər Məclisinə seçkilər təyin etdi.  1917-ci il noyabrın 7-də Müvəqqəti hökumətin bolşeviklər tərəfindən yıxılmasına baxmayaraq, Müəssislər Məclisinə seçkilər keçirildi.  Bolşeviklər bu seçkilərdə yerlərin əksəriyyətini qazanmağa ümid edirdilər...

Cənubi Qafqaz bu seçkilərdə vahid seçki dairəsini təşkil edirdi.  Burada seçicilərin səslərini almaq uğrunda bolşeviklər və mülayim sosialistlər, unitar Rusiya dövləti tərəfdarları və federalistlər (Rusiya imperiyasına daxil olan ölkələr üçün geniş muxtariyyət istəyənlər) mübarizə aparırdılar. Cənubi Qafqaz seçki dairəsində seçkilər sonuncuların tam qələbəsi ilə nəticələndi.

Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci il noyabrın 26-28-də keçirildi.  Seçkidə 2.455.274 seçici iştirak edirdi.  Seçkilərin nəticələrinə görə, öz ölkələrinin muxtariyyəti tələbini müdafiə edən namizədlər seçicilərin səslərinin dörddə üçünə qədərini aldılar (gürcü menşevikləri - 26,9%, Azərbaycanın Müsavat Partiyası - 25,1%, erməni Daşnaksütyun Partiyası - 22,7%).  Azərbaycan əhalisi arasında Müsavat Partiyası səslərin 66,5%-ni aldı.  Bu, əhalinin Müsavat Partiyasının irəli sürdüyü milli dövlətçiliyin inkişafı ideyasını tam müdafiə etdiyini göstərirdi.

Bu dövrün tanınmış tədqiqatçılarından olan tarixçi Aydın Balayevin(1) göstərdiyi kimi, Müsavatın seçkiqabağı platformasında aşağıdakı müddəalar əks olunurdu: Rusiyanın federativ demokratik respublikaya çevrilməsi və onun tərkibində Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi; insanın əsas haqlarının təmin edilməsi; qadınların hüquq bərabərliyi; istifadə olunmayan malikanə, xəzinə, kilsə və s.  torpaqlarının pulsuz olaraq zəhmətkeşlərin ixtiyarına verilməsi; səkkiz saatlıq iş günü; tətil və həmkarlar ittifaqları azadlıqları və s.

Seçkiləri uduzan bolşeviklər 1918-ci ilin yanvarında Peterburqda öz işinə başlamaq istəyən Müəssislər Məclisini buraxırlar.  Lakin davam etməkdə olan dünya və vətəndaş müharibələri mərkəzin ucqarlarda təsirini zəiflədir, Rusiya qoşunları Cənubi Qafqazı nizamsız şəkildə tərk edirlər.  Bu vaxt Müəssislər Məclisinin Cənubi Qafqazdan seçilmiş deputatları (34 nəfər) Tiflisdə toplaşaraq 1918-ci il fevralın sonunda Cənubi Qafqaz Seymini - regionun qanunverici orqanını yaradırlar.  Bu, faktik olaraq, Azərbaycan, Gürcüstan və Ermənistanın ərazilərində Rusiyadan asılı olmayan Cənubi Qafqaz  Federasiyasının (Zaqafqaziya Federasiyası) yaradılmasına gətirib çıxarır.

Cənubi Qafqaz Seyminin ilk addımlarından biri Osmanlı Türkiyəsi ilə sülh danışıqlarının başlanmasından ibarət oldu.  Türkiyə hər an keçmiş Rusiya imperiyası ərazilərinə hücumlarını bərpa edə bilərdi.   Osmanlı hökuməti Seymi Cənubi Qafqaz ölkələrinin Rusiyanın tərkibindən çıxması haqqında qərar qəbul etməyə çağırır, eyni zamanda Batum, Qars və Ərdəhan sancaqlarının Türkiyəyə verilməsini də tələb edirdi.  Birlikdə əksəriyyət təşkil edən gürcü və erməni fraksiyaları Türkiyənin təkliflərini qəbul etmədilər və Türkiyəyə qarşı vuruşan ölkələrin emissarlarının təhriki ilə ona müharibə elan etdilər.  Bu müharibə 8 gün davam etdi və Türkiyənin tam qələbəsi, Batum və Qarsı türk qoşunlarının ələ keçirməsi ilə nəticələndi.  1918-ci il aprelin 19-da Azərbaycan deputatları Cənubi Qafqazın dərhal müstəqil elan olunmasını tələb etdilər və bildirdilər ki, əks halda onlar müstəqil Azərbaycan Respublikasının yaradıldığını elan edəcəklər.  Ertəsi gün Cənubi Qafqazın müstəqilliyi ideyasını gürcü deputatlar da müdafiə etdilər.  Aprelin 22-də Seym Cənubi Qafqazı müstəqil federativ respublika elan etdi.  Lakin türk qoşunları Gürcüstan və Ermənistana hücumlarını davam etdirirdi.  Gürcüstana himayədarlıq edən alman hökumətinin məsləhəti ilə gürcü deputatlar mayın 27-də Gürcüstanın müstəqilliyini elan etdilər.  Onlar ümid edirdilər ki, Gürcüstan beynəlxalq hüququn subyekti statusunu aldıqdan sonra türk qoşunlarının hücumlarının qarşısı alına bilər.

Mayın 27-də azərbaycanlı deputatlar özlərinin fövqəladə yığıncağında Azərbaycanın müvəqqəti Milli Şurasının yaradılması haqqında qərar qəbul edirlər, Məmməd Əmin Rəsulzadə (Müsavat Partiyası) onun sədri seçilir.  1918-ci il mayın 28-də Tiflisdə Milli Şura Azərbaycanın müstəqilliyini və İstiqlaliyyət Bəyannaməsini elan edir.

* * *


Azərbaycan Xalq Cümhuriyyətinin
İSTİQLALİYYƏT BƏYANNAMƏSİ
(28 may 1918-ci il)

Böyük rus inqilabının gedişində Rusiyada elə bir siyasi quruluş bərqərar oldu ki, o, dövlət orqanizminin ayrı-ayrı hissələrinin dağılmasına və rus qoşunlarının Zaqafqaziyanı tərk etməsinə gətirib çıxardı.  Öz qüvvələrinin ixtiyarına buraxılmış Zaqafqaziya xalqları talelərini həll etmək işini öz əllərinə aldılar və Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar.  Lakin siyasi hadisələrin sonraki gedişində gürcü xalqı Zaqafqaziya Federativ Respublikasından çıxmaqla müstəqil Gürcüstan Demokratik Respublikası yaratmağı daha münasib hesab etdi.

Rusiya və Osmanlı imperiyası arasında müharibənin ləğv olunması ilə bağlı Azərbaycanın müasir siyasi vəziyyəti, həmçinin ölkənin daxilindəki görünməmiş anarxiya Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan üçün öz dövlət quruluşunu yaratmağı xüsusi hökmlə zəruri edir ki, Azərbaycanın xalqlarını düşdükləri bu daxili və xarici vəziyyətdən çıxarmaq mümkün olsun. 

Xalq səsverməsi ilə seçilmiş Azərbaycan Milli Şurası bunun əsasında indi bütün xalqa elan edir:

1.  Bu gündən etibarən Azərbaycan xalqları suverenlik hüququna malikdir və Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil bir dövlətdir.

2.  Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyyəti olaraq müəyyənləşdirilir.
 
3.  Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xalqlar ilə dostluq münasibəti yaradır.

4.  Azərbaycan Xalq Cümhuriyyəti millət, din, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir. 
 
5.  Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün geniş imkan verir.

6.  Milli Məclis toplanana kimi Azərbaycan idarəsinin başında ümumi səsvermə ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsul olan Müvəqqəti hökumət durur.

 


________________________________________________________
1 Aydın Balayev, "Azərbaycan milli hərəkatı. 1917-1918-ci illər". Bakı, "Elm", 1998.


  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan