Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

46. ÜMİDSİZ MÜQAVİMƏT
Alber Kamyu

Fransız yazıçısı və dramaturqu, fəlsəfi və ədəbi ekzistensializm məktəbinin görkəmli nümayəndəsi Alber Kamyu (1913-1960) o zamanlar Fransanın müstəmləkəsi olan Əlcəzairdə fransız kolonisti ailəsində doğulmuşdur.  Kamyu atasını erkən yaşlarında itirmiş,  anası ilə birgə yoxsulluq və səfalət içində yaşamışdır.  Uşaqlıqdan təhsilə böyük maraq göstərən Kamyu klassik və müasir fransız ədəbiyyatı ilə tanış olur, ekzistensializmə qapılır; gənc solçu intellektuallar arasında dolaşır; qısa müddətə (1934-1937) Kommunist Partiyasının üzvü olur, İspaniya respublikaçılarının müdafiəsinə qalxır. Fəhlə teatrı üçün yazdığı ilk esse və pyeslərini Kamyu 1937-ci ildən başlayaraq çap etdirir.  1940-cı ildə o, Fransaya köçür və alman işğalçılarına qarşı mübarizə aparan müqavimət hərəkatına qoşulur.

Kamyu yaradıcılığı ekzistensializm cərəyanı və ideyaları ilə sıx bağlıdır.  İnsanın həyatın mənasını dərk etmək istəyi ilə bu fani dünyanın mənasızlığı arasında yaranan absurd haqqındakı ekzistensializm ideyası Kamyu əsərlərinin ruhuna, canına işləmişdir.  Kamyunun "Yad" (1942), "Taun" (1948), "Süqut" (1948) kimi böyükhəcmli əsərləri, gözəl hekayə və pyesləri ona dünya şöhrəti qazandırır.  1957-ci ildə Kamyu ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür.  Üç ildən sonra isə avtomobil qəzasında həlak olur. 

Kamyunun 1942-ci ildə, işğal olunmuş Parisdə qələmə aldığı "Sizif haqqında mif.  Absurd haqqında esse" əsəri onun bütün yaradıcılığı üçün açar sayıla bilər.  O zamanlar alman işğalına qarşı intellektual müqavimətin manifesti kimi baxılan bu əsərdə Kamyu sübut etməyə çalışır ki, həyatın mənasızlığı hələ ümidsizliyə qapılmaq, yaxud intihar etmək üçün səbəb və bəhanə ola bilməz.  İnsan üçün həyatı mənaya mindirən bir şey varsa, o da həyatın mənasızlığını dərk etmək və eyni zamanda ədalətsizliyə qarşı üsyana qalxmaq, insan çöhrəli dünya naminə bütün insanların həmrəyliyidir.

Kamyunun əsərinin qəhrəmanı yunan mifindəki, allahların onların "sirlərini aləmə yaydığına" görə əbədi əzablara məhkum etdikləri Sizifdir.  Sizifin xilas olub qurtulacağına, yaxud tanrılar tərəfindən bağışlanacağına heç bir ümidi yoxdur.  Bununla belə, daxili azadlıq sahibi olan Sizif tanrıların cəza kimi ona təyin etdikləri tale ilə barışmaq istəmir, onu rədd edir, öz taleyindən yüksəyə qalxır, qurtulmağa hətta cüzi ümidi olmasa da, var gücüylə müqavimət göstərir. 

** *

ALBER KAMYU
Sizif haqqında mif (1940)

Allahlar Sizifə cəza kəsdilər ki, o, azman bir daşı dağın kəlləsinə qaldırsın, daşsa ora çatar-çatmaz təzədən üzüaşağı yuvarlanmış olsun.  Allahlar ona da əmin idilər ki, yer üzündə xeyirsiz və hədər zəhmət qədərincə ağır cəza yoxdur.

Homerə inanmış olsaq, Sizif bəndələrin ən ağıllısı, ən tədbirlisiymiş.  Ancaq başqa bir mənbəyə görə, onun əlindən qarət də gəlirmiş.  Burada bir ziddiyyət görmürəm.  Sizifin cəhənnəmin əbədi zəhmətkeşi olması barədə çatan bir söz deyir.  Hər şeydən əvvəl onu allahları saya almadığına görə qınayıblar.  Sizif onların sirlərini aləmə bəyan eləyirmiş.  Asopun qızı Eginanı Yupiter qaçırıbmış.  Atası qızın birdən-birə yoxa çıxdığına mat qalıb öz dərdini Sizifə danışır.  Sizif də qızın başına gələni bilirmiş, şərt qoyur ki, əgər Asop Korinf qalaçasına su versə, onun işinə yarımağa hazırdır.  Sizif göylərin qəzəbli ildırımından yer üzündəki suyun bərəkətini üstün saydı.  Bunun cəzası    cəhənnəm əzabı oldu.  Homer orasını da deyir ki, Sizif, sən demə, Ölümün özünü qandallayıbmış.  Pluton öz səltənətinə çökən kimsəsizliyə və sükuta göz qaldırıb baxmağa dözmürmüş.  Onda müharibə allahını göndərir ki, Ölümü onun qəniminin çəngindən xilas eləsin.

ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan