Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

47. MİLLİ MƏDƏNİYYƏT VƏ DEMOKRATİYA
Corc Oruell

Corc Oruell (Erik Artur Bleirin təxəllüsüdür) (1903-1950) 20-ci yüzilliyin görkəmli yazıçı və esse ustalarından biridir.  Onun antiutopiya romanları, demokratiya və totalitarizm haqqında düşüncələri Qərb insanı mədəniyyətinin tərkib hissəsinə çevrilib.

Oruell Hindistanda yoxsul ingilis məmuru ailəsində doğulub. 1911-ci ildə ailəsi ilə birgə İngiltərəyə köçən Oruell elə orada da məktəbə gedir. O, ilk çağlardan şagirdlər arasında öz yoxsulluğu və parlaq qabiliyyəti ilə seçilir.  Məktəbi bitirdikdən sonra nüfuzlu İton kollecinin təqaüdünə layiq görülən ilk əsərlərini də orada, kollec toplusunda dərc etdirir.  Kolleci bitirdikdən sonra atasının yolu ilə gedərək Birmada müstəmləkə idarəsində işə girir. 

Əvvəllər "ağ adamın xüsusi missiyası"nın nəcibliyinə sidq-ürəkdən inanan Oruell Britaniya müstəmləkəçiliyinin əsl siması, iç üzü ilə yaxından tanış olduqdan sonra öz rüsvayçı karyerasına son qoymaq qərarına gəlir.  Oruell belə nəticəyə gəlir ki, onun və həndəvərində olanların bəhrələndiyi maddi nemətlər cəmiyyətin aşağı təbəqələrinin və müstəmləkə xalqlarının çapılıb-talanması hesabına əldə olunub.  Oruell isteblişmentlə olan əlaqələrini qırır və bir neçə il, sanki öz günahlarını yuyurmuş kimi, Londonun və Parisin ən yoxsul fəhlə məhəllələrində yaşayır.  1933-cü ildə dərc olunmuş "Həyatın dibində - London və Parisin ucqar məhəllələrində" sənədli əsəri ona ədəbi şöhrət qazandırır.  Oruellin antiimperializmi və anarxizmi tezliklə onu kommunizm ideyasına gətirib çıxarır.  1937-ci ildə Avropanın bir çox mütərəqqi sənət adamları kimi Oruell də İspaniyaya faşistlərlə döyüşməyə yollanır.  Burada o, "əsl" kommunistlərlə - onlardan fərqli düşünən hər bir kəsi məhv etməyə çalışan bu qorxunc fanatiklərlə rastlaşır.  Oruell onlarla mübarizə aparmağa cəhd etsə də, tezliklə ölüm təhlükəsi altında İspaniyanı tərk etməli olur.  Kommunistlərin iç üzünə bələd olan Oruell ömrünün sonunacan onlardan nəinki aralı gəzir, həm də imkan düşdükcə onları ifşa etməyə can atır.  İkinci dünya müharibəsinin ilk günlərindən başlayaraq Oruell BBC radiosunda çalışır, lakin söz yaradıcılığından da qalmır, demokratik ingilis ədəbiyyatının problemləri, kommunizm və faşizmin mahiyyəti və daxili oxşarlığı haqqında və misilsiz ustalıqla qələmə alınmış məqalə və povestlərini çap etdirir.

1944-cü ildə Oruellin "Mal-qara ağılı" povesti işıq üzü görür.  Sovet İttifaqının ilk illərinin satirik və alleqorik təsvirini yaradan bu parlaq əsər ona ümummilli şöhrət və maddi cəhətdən müstəqillik gətirir.  "Mal-qara ağılı"nda bərqərar olmuş "bərabərlik və qardaşlığ"ı Oruell sonralar zərb-məsəl və dillər əzbəri olmuş bircə tutumlu ifadəylə  əks etdirir: "Burada bütün heyvanlar bərabərdir, lakin onlardan bəziləri o biri heyvanlardan daha bərabərdir".

"1984" adlı antiutopiya romanı isə Oruellə artıq dünya şöhrəti qazandırır.  Bu əsərdə o, "Üçüncü dünya müharibəsi"ndən sonra İngiltərədə bərqərar olmuş totalitar dövlətin qorxunc mənzərəsini yaradır və əsəri oxumağa başlayan hər kəs elə ilk cümlələrdən bu dəhşətli təsvirin real SSRİ-dən götürüldüyünü dərk edir.  "Sovet İngiltərəsi"ni Böyük İnkvizitorun bir "növ"ü olan və hər bir adamın ictimai və şəxsi həyatda atdığı hər addımı ara vermədən izləyən Böyük qardaş idarə edir.  "Azadlıq köləlikdir", "Müharibə əmin-amanlıq və sülhdür", "Nadanlıq böyük gücdür", - xəyali "Sovet İngiltərəsi"ni və real SSRİ-ni idarə edən ideologiyanın mahiyyəti, məğzi məhz bunlardan ibarətdir.  Oruellin bu qorxunc "vəhylər"i ingilislərin beynində özünə elə möhkəm yer eləmişdi ki, 1984-cü ildə bütün İngiltərə Oruellin irəlicədən söylədiklərinin həyata keçmədiyinə sevinərək bu tarixi az qala ümummilli bayram kimi qeyd edirdi.

Oxuculara təqdim etdiyimiz "İngiltərə, Sizin İngiltərə" essesində Oruell öz qarşısında hələ 100 il bundan əvvəl Tokvillin "Amerikada demokratiya" adlı əsərində can atdığı məqsədə bənzər vəzifə qoyur. O, əsasən belə bir suala cavab arayır: görəsən, ingilislərin mədəniyyət və ənənələrindəki məhz hansı cəhətlər bu ölkədə demokratiyanın uğurunu irəlicədən müəyyən edib? Oruellin təsvirə çəkdiyi ingilislər heç də Tokvillin amerikalıları qədər dindar və zirək deyil, lakin bu xalqlar bir şeydə çox oxşardır: hər ikisinə ədalətə, azadlığa, həqiqətin obyektivliyinə - Oruellin istehza ilə "xəyali" adlandırdığı, lakin özünün də inandığı anlayışlara dərin inam xasdır. 

* * *

CORC ORUELL
İngiltərə, Sizin İngiltərə (1943)

...Burada ingilis xarakterinin çox qabarıq üzə çıxan, amma az-az xatırlanan bir maraqlı cəhətinə nəzər yetirməyə dəyər - bu, gül-çiçəyə olan məhəbbətdir. Xaricdən, ələlxüsus Cənubi Avropadan bu ölkəyə təşrif buyuranda gözə dəyən ilk şeylərdən biri də bu olur. Yaxşı, bəs gül-çiçəyə bu aludəçilik ingilislərin incəsənətə biganəliyinə zidd deyilmi? Əsla yox! Çünki gözəllik duyğusundan büsbütün məhrum adamlar da gülü xoşlayırlar. Özü də bu sevgi ingilislərin bizə çox doğma olan, doğmalığına görə sezilməyən başqa bir xarakterik cəhətiylə bağlıdır - mən sevimli məşğuliyyətlərə, əyləncələrə aludəçiliyi, ingilis həyatının fərdi təbiətini  nəzərdə tuturam.  Biz gülçü millətik, lakin biz həm də filatelçilər, quşbazlar, həvəskar dülgərlər, reklam kuponu toplayanlar və krossvord düşkünləri millətiyik. Mədəniyyətdəki ən çox milli olan şeylər bizdə elə qəribə formalarda üzə çıxır ki, hətta ictimai xarakter daşıyanda da rəsmiləşmir, rəsmiləşənlər, adətən, pab(1), futbol oyunu, dal həyətdəki bağça və çay dəstgahı həndəvərində cəmləşir. Burada əvvəllərdə az qala 19-cu yüzillikdə olduğu kimi şəxsiyyət azadlığına hələ də inanırlar. Amma bu azadlığın iqtisadi azadlıqla - qazanc xatirinə başqalarını istismar edə bilmək hüququyla heç bir əlaqəsi yoxdur. Bu o azadlıqdır ki, şəxsi evin olsun, boş vaxtında könlün istəyən şeylə məşğul ola biləsən, özün üçün əyləncəni özün seçəsən, bunu sənə yuxarıdan sırımağa yol verməyəsən.


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan