Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

48. AVROPANI XİLAS ETMİS ADAM
Uinston Çörçill

Etiraf etməliyik ki, hələ də ictimai şüurumuzda demokratik liderlərin surətləri məşhur fateh və diktatorların obrazları qədər parıltılı və yaddaqalan izlər buraxmayıb.  Məgər Perikl, Kromvel, Linkoln, Xruşşov kimi xilaskarların sönük obrazlarını Makedoniyalı İsgəndər, Napoleon, Hitler, Stalin kimi paranoiklərin cəzbedici, "epik" portretləri ilə müqayisə etmək olarmı?

Bu "böyük, lakin bədəməl" insanların hər addımı, hər sözü, hər hərəkəti tarixçilər tərəfindən məftunluqla dönə-dönə təsvir olunub və indinin özündə də meşşanların ruhunu oxşamaqda davam edir.  Lakin burada istisnalar da var - bu, Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin zaman ötdükcə əsatirləşən obrazıdır. Bu şəxsiyyət bizdə o qədər populyardır ki, bəzən qəzetlərimizdə hər hansı bir ingilis sitatını onun adına yazırlar.

Uinston Leonard Spenser Çörçill (1874-1965) - Britaniyaya bir sıra görkəmli siyasətçi və sərkərdələr bəxş etmiş Malboro hersoqlarının köhnə kübar nəslindəndir.  Çörçill uşaq vaxtı tez-tez xəstələnir, pis oxuyurdu, buna görə atası onun üçün hərbi karyera seçir.  Uinston yalnız üçüncü cəhddə kral hərbi kollecinə daxil olur, lakin təhsili əla qiymətlərlə, birincilər sırasında başa vura bilir. Hərbi qulluğa daxil olan Çörçill eyni zamanda, məqalə və esseləri oxucular tərəfindən sevilə-sevilə oxunan jurnalist kimi fəaliyyət göstərir.  1899-cu ildə Çörçill siyasətçi olmaq və çörəkpulunu qələmlə qazanmaq üçün hərbi karyeradan imtina edir.

1900-cü ildə o, Konservatorlar Partiyasının namizədi kimi ikinci cəhddə parlamentə seçilir.  Dörd il sonra isə partiya rəhbərliyi ilə ixtilaf səbəbindən Liberallar Partiyasına keçir və hökumət tərkibində bir sıra mühüm vəzifələrdə çalışır.  1911-ci ildə o, dəniz donanması naziri təyin olunur və hərbi donanmanı uğurla modernləşdirir.  Lakin Birinci dünya müharibəsi onun üçün böyük uğursuzluqla başlanır: Hallipolidə britaniyalıların türk ordusu ilə döyüşdəki (1915) ağır məğlubiyyəti Çörçilli istefa verməyə məcbur edir.  İstefadan sonra Çörçill tezliklə cəbhəyə adi zabit kimi qayıdır, lakin az sonra yenidən siyasi mübarizəyə qoşulur.  Kommunizmin və bolşevik Rusiyasının barışmaz düşməni kimi ad çıxaran Çörçill hərbi təchizat naziri qismində bu ölkəyə qarşı müdaxiləyə rəhbərlik edir.

Parlamentə növbəti seçkini uduzan Çörçill ötən müharibədən bəhs edən və sonralar ona şöhrət və böyük gəlir gətirmiş hərbi-tarixi əsərlər üzərində işləməyə başlayır. 1924-cü ildə Çörçill Konservatorlar Partiyasına qayıdaraq orada mühüm vəzifələrdə çalışır. 1931-ci ildə partiya rəhbərliyi ilə növbəti fikir ayrılığından sonra Çörçill istefa verir və yenə öz tarixi tədqiqatlarına qayıdır.

1933-cü ildə hakimiyyətə gəlmiş Hitlerin doğurduğu böyük təhlükə Çörçilli siyasi fəaliyyətə qayıtmağa sövq edir.  Bütün ölkənin diqqətini bu ölümcül təhlükəyə yönəltmək üçün Çörçill yorulmadan səy göstərir, böyük təbliğat işi aparır.  Lakin ilk dövrlərdə onun səyləri bir səmərə vermir: britaniyalılar Hitlerin Şərqi Avropadakı zəfər yürüşünü dayandırmaq naminə vuruşmaq istəmirlər.  Britaniya aristokratiyasının bir qismi, elə əlahəzrət kralın özü də Hitlerə açıq-aşkar rəğbət bəsləyirdi.  Çörçillə BBC dövlət radiostansiyası ilə öz həyəcanlı nitqləriylə çıxış etmək qadağan olunur.  Lakin Hitlerin iştahası artdıqca ictimai rəy Çörçillin xeyrinə dəyişməyə başlayır.  1939-cu ildə faşistlərin Polşaya hücumundan sonra Britaniya və Fransa Hitler Almaniyasına müharibə elan edirlər.  Tarixə İkinci dünya müharibəsi adı ilə daxil olmuş bu böyük müharibə beləcə başlanır.  Çörçillin şöhrəti günbəgün artır.  O, Konservatorlar Partiyasına qayıdır və 1940-cı ildə ölkənin baş naziri olur.

Qısa müddət ərzində Çörçill ölkəni bir amal ətrafında birləşdirməyə və ordunun modernləşdirilməsində öldürülmüş vaxtı doldurmağa nail olur.  Çörçillin başqa böyük bir uğuru SSRİ və ABŞ-ın da daxil olduğu güclü antihitler koalisiyasının yaradılmasıdır.

Faşizm üzərində Çörçillin xüsusilə böyük payı olduğu həlledici qələbədən cəmi bir neçə gün sonra onun partiyası demokratiyanın istehzası ilə seçkiləri leyboristlərə uduzur.  Çörçill baş nazir vəzifəsini tərk edərək müxalifətə başçılıq etməyə başlayır.  İndi onu yalnız bir qayğı - dünya demokratiyasını hədələyən yeni dəhşətli təhlükə: sovet süngüsüylə yaradılmış və getdikcə genişlənən dünya kommunist sisteminin məşum varlığı narahat və məşğul edir.  Çörçill bu təhlükəyə qarşı Britaniya-Amerika hərbi ittifaqının yaradılmasını və Qərbi Avropa demokratik ölkələrinin Avropa İttifaqında birləşməsini təklif edir.  O, Amerikanın Fulton Universitetində söylədiyi "Dünyanın əzələləri" adlı məşhur nitqində (bu nitq bizdə "Dəmir pərdə" adıyla tanınır) prezident Trumeni, ABŞ və Britaniya ictimaiyyətini keçmişin səhvlərini təkrarlamamağa və kommunist təhlükəsini dəf etmək üçün yubanmadan hazırlıq görməyə çağırır.

Öz ədəbi fəaliyyətinə görə Çörçill 1953-cü ildə Nobel mükafatə layiq görülmüsdür. Onun dünyada yeni düzən layihəsi bu gün tamamilə həyata keçmisdir.

* * *

UİNSTON ÇÖRÇİLL
Sülhün əzələləri (1946)


Cənab Rektor Maklür, ledi və centlmenlər və nəhayət,
Amerika Birləşmiş Ştatlarının Prezidenti!

Mən çox şadam ki, bu gün Vestminster kollecində çıxış edirəm və xeyli məmnunam ki, təmiz adı hamıya yaxşı bəlli olan bu təhsil ocağı mənə fəxri elmi dərəcə vermək qərarına gəlmişdir...

Əvvəla, izn verin bildirim ki, mənim heç bir rəsmi missiyam, yaxud hər hansı xüsusi statusum yoxdur və mən indi yalnız öz adımdan çıxış edirəm.

Buna görə mən öz həyat təcrübəmə istinad etməklə tam hərbi qələbəmizdən dərhal sonra qarşılaşdığımız problemlərə toxunmağı, bu cür qurbanlar və məhrumiyyətlər bahasına əldə edilənlərin bəşəriyyətin gələcək şərəfi və təhlükəsizliyi naminə qorunub saxlanılacağına əmin olmaq üçün səy göstərməyi özümə borc bilirəm.

Ledi və centlmenlər, hazırda Birləşmiş Ştatlar öz cahanşümul qüdrətinin ən yüksək zirvəsindədir.  Amerika demokratiyası üçün bu, çox mühüm bir məqamdır.   Belə ki, güc üstünlüyü müəyyən öhdəliklər yaradır və gələcəkdə məhz bu öhdəliklər üzrə hesabat vermək lazım gələcək.  Ətrafınıza nəzər salsanız təkcə öz vəzifənizi yerinə yetirdiyinizə görə məmnunluq hissi deyil, həm də təşviş hissi keçirmiş olarsınız - necə edək ki, əldə olunmuş səviyyədən aşağı enməyək, ad-sanımıza layiq olmaqda davam edək?  Tamamilə aydındır ki, hər iki ölkəmiz üçün əlverişli məqam yetişmişdir.  Əgər biz özümüzü elə göstərsək ki, guya bu belə deyil və yaranmış imkanları saya salmasaq, bu ona gətirib çıxarar ki, əldən verilənlərə görə bizi gələcəkdə qınağa çəkərlər.  Prinsiplərə sədaqət, ünvanlı məqsəd və qərarların müdrik sadəliyi ingilisdilli xalqların həyatını və siyasətini müharibə illərində olduğu kimi, dinc dövrlərdə də müəyyən etməlidir.  Biz buna qadir olduğumuzu sübut etməliyik və mən bilirəm ki, biz bunu sübut edə biləcəyik.


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan