Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

49. BÜTÜN DÜNYA ÜÇÜN İNSAN HÜQUQLARI

İkinci dünya müharibəsi ərəfəsində insan hüquqları, daha dəqiq desək, "insanın dövlətin özbaşınalığından müdafiə olunmaq hüquqları" Qərb ölkələrinin yalnız bir neçəsinin Konstitusiyasında əks olunmuşdu.  Bundan əlavə, o dövrdə dövlətlərin öz vətəndaşları ilə  davranışı hər yerdə dövlətin digər dövlətlərin qarışmağa haqqı olmadığı sırf daxili işi sayılırdı.

Müharibənin və faşist diktaturasının dəhşətləri dünyanın öncül demokratik dövlətlərinin ictimaiyyətlərini belə fikrə gətirib çıxardı ki, dünya ölkələri öz "evlər"ində insan hüquqlarını pozmağa son verməyənə qədər dünyanı ədalətli şəkildə nizama salmaq mümkün olmayacaqdır. 

Müharibə başa çatdıqdan sonra qalib dövlətlər ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə dövlətlər arasında sülhü və bütün dünyada insan hüquqlarını təmin edə biləcək daimi beynəlxalq təşkilatı - Birləşmiş Millətlər Təşkilatını yaratmaq qərarına gəldilər.  BMT-nin 26 iyun 1945-ci ildə qəbul olunmuş xartiyasının (nizamnaməsinin - red.) maddələrinin birində göstərilirdi ki, bu təşkilatın vəzifəsi "hamı üçün irqinə, cinsinə və dininə görə heç bir ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət və əməl edilməsinə kömək etməkdir" (1.55-ci maddə).  Beləcə, insan hüquqlarının beynəlxalq hüququn subyekti kimi tanınması yolunda ilk addım atıldı.

Demokratik ölkələrin təşəbbüsü ilə ABŞ prezidenti Ruzveltin arvadı Eleonorun başçılıq etdiyi xüsusi komitə özündə dövlətin poza bilməyəcəyi əsas insan hüquqlarının siyahısını əks etdirməli olan beynəlxalq bəyannamə üzərində işə başladı.  Bu, böyük gərginlik və həssaslıq tələb edən bir iş idi: Qərb ölkələri bəyannamədə əsasən siyasi və vətəndaş hüquqlarının əks olunmasına çalışdıqları halda, SSRİ nümayəndələri tələb edirdilər ki, bəyannamədə üstünlük sosial və iqtisadi hüquqlara verilsin, belə ki, onların fikrincə, bu hüquqlar SSRİ-də lazımınca təmin edilmişdi və bunlarsız siyasi hüquqların heç bir əhəmiyyəti yox idi.  Bəyannamədə hər iki tələbə əməl olundu, lakin sosialist ölkələri onu imzalamaqdan imtina etdilər.

Bəyannaməni 10 dekabr 1948-ci ildə BMT-nin 48 ölkəsi qəbul etdi (həmin gün Beynəlxalq insan hüquqları günü sayılır).  Sənədi din azadlığı barədəki müddəa ilə razılaşmaq istəməyən Səudiyyə Ərəbistanı, irqi bərabərliklə razılaşmaq istəməyən Cənubi Afrika Respublikası və bəyannamədə göstərilmiş siyasi hüquqlardan ehtiyatlanan SSRİ, Polşa, Çexoslovakiya və Yuqoslaviya imzalamaqdan imtina etdilər. 

Bəyannamənin beynəlxalq sənəd statusu yox idi, o, yalnız insan hüquqları sahəsində ölkələrin can atmağa vəd etdikləri beynəlxalq standart kimi qəbul olunmuşdu.  Lakin bu sənədin olduqca böyük mənəvi və ideoloji əhəmiyyəti var idi.  İlk dəfə etiraf olunurdu ki, insan hüquqları universal - ümumdünya xarakteri daşıyır və dünya ölkələri arasındakı mədəni, tarixi və ictimai fərqlərdən asılı deyildir.  Bundan başqa, insan hüquqları daha ölkənin daxili işi sayıla bilməzdi. 

Bir çox ölkələr hələ də bəyannamənin ayrı-ayrı maddələrini pozmaqda davam etsə də, açıq şəkildə ona qarşı çıxmağa heç kəs cəsarət göstərmir də.  Sənədin mətni insanları hökumətin bəyannamədə göstərilmiş standarta uyğun şəkildə təmin etməyə borclu olduğu hüquqlar uğrunda mübarizəyə ruhlandırırdı.


Bəyannamədə yazılmış hüquqları
təxminən bir neçə qrupa bölmək olar:


Fərdi hüquqlar - fiziki və mənəvi təhlükəsizliyin minimum təminatlarını qoruyur (1; 2; 4; 5; 6; 15-ci maddələr);

Prosessual hüquqlar - insanın dövlətin hüquq-mühafizə sistemi ilə qarşılaşanda onun prosedur müdafiəsini təmin edir (9; 10; 11-ci maddələr);

Vətəndaş azadlıqları - dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm də ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə müdaxiləsinə məhdudiyyətlər qoyur (18; 19; 20-ci maddələr);

Siyasi hüquqlar - insanın dövlətin idarə olunmasında və onun üzərində nəzarət işində iştirak etmək hüququdur (21-ci maddə).  Siyasi hüquqlara həmçinin bəzi vətəndaş azadlıqları - fikir, vicdan, söz, mətbuat, yığıncaqlar və təşkilatlar azadlığı da aid edilir;

Yaşamaq (ömür sürmək) hüququ - insanın sağ qalıb yaşaması üçün minimum zəruri şərtləri təmin edir; bu, başlıca olaraq qidaya və tibbi xidmətə aiddir (25-ci maddə);

İqtisadi hüquqlar - buraya sosioloji təhlükəsizlik, əmək, istirahət və həmkarlar azadlığı hüquqları daxildir (22; 23; 24-cü maddələr);

Sosial hüquqlar - bunlar təhsil almaq, ailə qurmaq və onu qoruyub saxlamaq hüquqlarıdır (12; 16; 26-cı maddələr);

Mədəni hüquqlar - cəmiyyətin mədəni həyatında iştirak etmək hüququdur.  Bəzən buraya təhsil hüququ da aid edilir (27-ci maddə).


1966-cı ildə BMT Qərb ölkələrinin təzyiqi ilə insanların "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" və "Mülki və siyasi hüquqlar haqqında" Ümumdünya Bəyannaməsinin müddəalarını inkişaf etdirən paktları qəbul edir.  Bu paktların artıq beynəlxalq müqavilə statusu var idi.  İnsanların "Mülki və siyasi hüquqlar haqqında Pakt"da, bu sənədi imzalamış ölkələrdə insan hüquqları üzərində beynəlxalq nəzarət mexanizmi müəyyən edilmişdi.  Bu paktlardan sonra BMT qadınların, uşaqların, dini azlıqların və b. hüquqlarının tapdalanması hallarının kökünün kəsilməsinə yönəldilmiş külli miqdarda paktlar və konvensiyalar qəbul edir. 

Bütün bu sənədləri Azərbaycan da imzalamışdır və onların yerinə yetirilməsi yalnız özümüzdən asılıdır.  Bu gün BMT Bəyannaməsində yazılmış insan hüquqları yeni-yeni demokratik ölkələrin konstitusiyalarına daxil edilir, bu hüquqlar Azərbaycanın 1995-ci il Konstitusiyasında da əks olunmuşdur.

1998-ci ildə bəyannamənin qəbul olunduğu gündən əlli il ötdü.  BMT-nin üzvü olan bütün ölkələr bu əlamətdar hadisəni təntənə ilə qeyd etməklə dünyanın simasını dəyişmiş sənədə ehtiramlarını bildirdilər. 


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan