Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

51. XOŞBƏXTLİYİN LİBERAL İDEALI
İsayya Berlin

Britaniya tarixçisi, yazıçısı və siyasi filosofu İsayya Berlin (1909) öz valideynləri ilə birgə Sovet Rusiyasından İngiltərəyə 1920-ci ildə mühacirət etmişdir.  Oksford Universitetindəki təhsilini yüksək göstəricilərlə başa vurduqdan sonra həyatını elmə və müəllimliyə həsr edən Berlin başlıca elmi əsərlərində - "Karl Marks. Həyatı və mühiti" (1939), "Maarif əsri" (1956), "Azadlıq haqqında dörd esse" (1969) adlı yazılarında totalitar sistemlərdə, eləcə də müasiri olduğu Qərb demokratiyalarında azadlıq və azad iradə problemlərindən söhbət açır və Qərb demokratiyasını cəmiyyəti "xoşbəxt etmək" işində hədsiz şövq və həvəsin təhlükəsindən xəbərdar edir.

Berlinin liberalizm nəzəriyyəsinin inkişaf etdirilməsi və təbliği sahəsindəki fəaliyyəti Qərbdə olduqca yüksək qiymətləndirilir.  Bunu göstərmək kifayətdir ki, 1957-ci ildə o, kraliça tərəfindən cəngavərlik rütbəsinə və "Xidmətlərə görə" ordeninə layiq görülür.

Onun Oksford Universitetində oxuduğu "Azadlığın iki konsepsiyası" (1958) (sonralar "Azadlıq haqqında dörd esse"yə daxil edilmişdir) adlı məşhur mühazirəsi mütəxəssislərin yekdil fikrincə, müharibədən sonrakı siyasi nəzəriyyədə ən sanballı işlərdən sayılır.

Berlinin bu mühazirəsi Qərbin demokratik ənənəsində azadlıq anlayışının təhlilinə həsr olunmuşdur.  O, azadlığı iki qismə bölür: neqativ və pozitiv azadlıq.  Berlin pozitiv azadlığı bəşəri və ya ictimai məqsədlərin əldə edilməsi azadlığı kimi müəyyənləşdirir.  Neqativ azadlıq isə cəmiyyət və dövlətin insanın muxtariyyətinə müdaxilə etməməsi üçün gərək olan azadlıqdır.

Bu hər iki azadlıq Qərbin "demokratik həyat" anlayışına daxil edilib.  Lakin bununla belə, Berlin göstərirdi ki, 20-ci əsrdə bəzi dövlətlərin insanı zorla "xoşbəxt etmək" kimi sərsəm və fəlakətli cəhdləri bizi pozitiv azadlığa həddindən artıq meyl göstərməkdən çəkindirməlidir, belə ki, məsələn, kommunist və faşist rejimlərində pozitiv azadlığın bolluğu neqativ azadlığı büsbütün məhv etmişdi.

Bəs bəzi millət atalarına nə haqq verir ki, insanın əvəzinə onun taleyini həll etsinlər?  Görünür, onlara elə gəlir ki, sadə insan həqiqi xoşbəxtliyin nədən ibarət olduğunu dərk etməkdə acizdir, bunu yalnız hakimi-mütləqlər bilə bilər.

Berlin bu cür xoşbəxtliyi qəbul etmir.  O, həyatın mənasına və dəyərlərinə müxtəlif
baxışların olması və onların prinsipcə bir araya sığmaması haqqında tezisi irəli sürür.  Berlinin qəti əqidəsincə, insanlar onların həyatının dəyərinin nədən ibarət olduğunu özləri həll etməlidir.  Seçmək azadlığı elə "həqiqi və humanist ideal" deməkdir. 

* * *

İSAYYA BERLİN
Azadlığın iki konsepsiyası (1958)

İnsanı məcbur etmək onun azadlığını əlindən almaq deməkdir, lakin nədən azadlığını?..  Mən onun iki бbaşlıca mənasını nəzərdən keçirməyə hazırlaşıram; bunlar bəşər tarixinin keçmişinin olduğu kimi, cəsarətlə deyirəm ki, gələcəyinin də böyük hissəsini ehtiva edir.

Azadlığın bu siyasi mənalarından birincisini mən (daha çox presedentə istinad edərək) neqativ adlandıracağam və bu məna aşağıdakı suala cavabda nəzərdə tutulur: "Hüdudları daxilində subyektə - insan, yaxud insan qrupu olsun - qabiliyyəti çatanı etməyə, yaxud digər adamlar tərəfindən müdaxiləyə məruz qalmadan bacardığı kimi olmağına icazə verilən və ya icazə verilməli olan o sahə necədir?".

ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan