Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

52. KAPİTALİZM VƏ AZADLIĞIN QARŞILIQLI ƏLAQƏSİ
Milton Fridman

Amerika iqtisadçısı Milton Fridman (1912-ci ildə doğulmuşdur) "neoliberalizm"in - insanın iqtisadi azadlığının bərpa edilməsi, iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması mövqeyindən çıxış edən iqtisadi nəzəriyyənin görkəmli nümayəndələrindən biri kimi dünyada yaxşı tanınır.  Çikaqo iqtisadi məktəbinin banisi Fridman makroiqtisadiyyat sahəsində işlərinə görə 1976-cı ildə Nobel mükafatı ilə təltif olunur.  Fridmanın işləri kağız üzərində qalmayıb, bu gün dünya onu "Çili iqtisadi möcüzəsi"nin əsas ideoloqu kimi tanıyır.  Onun işləyib hazırladığı maliyyə sisteminə monetar nəzarət üsulu keçmiş sosialist ölkələrində bazar islahatlarının keçirilməsi üçün əsas götürülmüşdür.  O, 1962-ci ildə yazılmış məşhur "Kapitalizm və azadlıq" əsərində ABŞ və Böyük Britaniya hökumətlərinin o vaxt yeritdikləri iqtisadiyyatda dövlət nəzarəti və mərkəzləşdirilmiş planlaşdırma siyasətinə, sosial ehtiyaclara dövlət tərəfindən lüzumsuz xərclərə və ümumiyyətlə, Qərbdə "ümumi rifah dövləti" deyilən siyasətə zidd ideyalarını inandırıcı şəkildə müdafiə edir.  Fridmana görə, bu cür siyasət nəinki iqtisadi cəhətdən səmərəli deyil, həmçinin insanın siyasi azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarır.  "Ümumi rifah dövləti"nin iqtisadi iflası artıq 70-ci illərin ortaları üçün tam aydın oldu və bundan sonra Fridmanın və onun kolleqalarının ideyaları Böyük Britaniya və ABŞ-da iqtisadi islahatların gedişində özünü tam doğrultdu.

* * *

MİLTON FRİDMAN
İqtisadi və siyasi azadlıqlar arasında qarşılıqlı əlaqə (1962)

Belə bir fikir geniş yayılmışdır ki, siyasət və iqtisadiyyat ayrı-ayrı və bir-biri ilə, demək olar ki, əlaqəsi olmayan şeylərdir; şəxsi azadlıq siyasi, maddi rifah isə iqtisadi məsələdir və istənilən siyasi quruluşu istənilən iqtisadi quruluşla uyğunlaşdırmaq olar.  Bu təsəvvürün əsas müasir təmsilçiləri "demokratik sosializm"in çoxsaylı tərəfdarlarından ibarətdir.  Onlar Rusiyada "totalitar sosializm"in şəxsi azadlıqları məhdudlaşdırmasını qeyd-şərtsiz pisləyirlər və əmindirlər ki, ölkə oradakı iqtisadi quruluşun əsas cəhətlərini rəhbər götürə və bununla yanaşı, siyasi tədbirlərlə şəxsi azadlıqları təmin edə bilər.

Bu fəslin başlıca tezisi ondan ibarətdir ki, bu fikir yanlışdır - iqtisadiyyat və siyasət arasında sıx bağlılıq mövcuddur, cəmiyyətin siyasi və iqtisadi quruluşunda yalnız müəyyən uyğunlaşdırmalar mümkündür və məsələn, sosialist cəmiyyəti həmçinin demokratik cəmiyyət ola bilməz (bu mənada ki, o, şəxsi azadlıqlara təminat verə bilməz).

İqtisadi quruluş azad cəmiyyətin inkişafına iki cəhətdən yardım edir.  Bir tərəfdən, iqtisadi münasibət azadlığı özlüyündə geniş mənada azadlığın bir hissəsini təşkil edir, ona görə də iqtisadi azadlıq özü məqsəddir.  Digər tərəfdən, iqtisadi azadlıq həmçinin siyasi azadlıq əldə etmək üçün zəruri vasitədir...

İkinci dünya müharibəsindən sonra valyuta məhdudiyyətlərinə görə öz məzuniyyətini ABŞ-da keçirə bilməyən İngiltərə vətəndaşı öz məzuniyyətini keçirmək üçün siyasi baxışlarına görə Rusiyaya girə bilməyən Amerika vətəndaşından heç də az şəkildə azadlığın əsas formalarının birindən məhrum edilməmişdir...

Müxtəlif ştatlarda mövcud olan qanunlara görə, patent, yaxud lisenziya almadan istədiyi fəaliyyət növü ilə məşğul ola bilməyən ABŞ vətəndaşı da eyni dərəcədə öz azadlıqlarının xeyli hissəsindən məhrum edilir...

İqtisadi azadlığa siyasi azadlıq əldə etmək vasitəsi kimi baxsaq, iqtisadi quruluş hakimiyyətin təmərküzləşdirilməsi və cəmləşdirilməsinə təsir baxımından çox əhəmiyyətlidir.  Bilavasitə iqtisadi azadlığı təmsil edən iqtisadi quruluş (məhz azad rəqabətə əsaslanan kapitalizm) siyasi azadlıqların artmasında da təsir göstərir, belə ki, o, iqtisadi hakimiyyəti siyasi hakimiyyətdən ayırır və bununla birinin digərinə qarşı tarazlıqda olmasına şərait yaradır.

ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan