Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


53. İRANDA İSLAM İNQİLABI - SADƏ... VƏ YANLIŞ CAVAB


İran islam inqilabı (1 fevral 1979) sayı bir milyardı aşmış müsəlman dünyası üçün tarixi hadisədir.  İnqilab tərəfdarları belə hesab edirdilər ki, onlar Məhəmməd peyğəmbərin hakimiyyəti dövründə mövcud olan, yəni ümumi qardaşlıq və mənəvi paklığa söykənən "ideal dövlət"i  dirçəldiblər.  İnqilab əleyhdarları isə iddia edirdilər ki, ölkədə həyatın bütün məsələlərinə dair sadə... və yanlış cavab tapmış nadan və qəddar adamların rejimi bərqərar olmuşdur.

İslam inqilabı 1953-cü ildə amerikalıların köməyi ilə ölkədə hüdudsuz hakimiyyət əldə etmiş Məhəmmədrza Pəhləvinin hakimiyyətinə son qoydu.  Məlumdur ki, o vaxtlar şahın hakimiyyətə gəlişi ilə bütün siyasi azadlıqlara yasaq qoyulmuş, ölkədə qorxu üzərində qurulmuş sabitlik yaranmış və bundan sonra şah Avropada aldığı təhsilin təsiri altında geridə qalmış ölkənin "qərbləşdirilməsi" və iqtisadi inkişaf siyasətini həyata keçirməyə başlamışdır.

20 il ərzində şah əhəmiyyətli dəyişikliklərə nail ola bilmişdir: milli sənaye, mədəniyyət, təhsil, müasir səhiyyə sistemi inkişaf edirdi;  ölkəyə böyük həcmdə xarici investisiyalar cəlb olunmuşdu, lakin dövlət xəzinəsinin başlıca gəlirini getdikcə artmaqda olan və hər il ölkəyə təxminən 90 milyard dollar gətirən neft ixracatı təşkil edirdi.

Şah öz "cib"ini də unutmurdu, belə ki, hakimiyyətdə olduğu dövrdə dünyanın ən varlı adamlarından birinə çevrilmişdi.  O öz məiyyəti ilə birgə ənənəvi Şərq meyarlarına nisbətən hədsiz təmtəraqlı və əxlaqsız bir həyat sürürdü. 

"Başqa cür düşünən"lərə qarşı repressiyalar, ölkənin tezləşdirilmiş "qərbləşdirmə" və sənayeləşdirilməsi əhalinin hiddət və narazılığını günbəgün artırırdı.  Şah zülmünə qarşı liberallar, kommunistlər, ölkənin federallaşdırılması tərəfdarları və müsəlman ruhaniləri bir cəbhədə birləşməkdə idi. 

İslamçıların aydın və doğma şüarları əksər iranlıların ürəyinə daha asan yol tapır, onları ayağa qaldırırdı.  "Üstlərinə yeriyən" müasir dünyanın aramsız böhranlarından və ədalətsizliyindən xoflanmış bu adamlar üçün islam, bir növ, son sığınacaq yeri idi.

Nümayişçilərlə qoşunların kütləvi və qanlı toqquşmalarının gedişində (1978-79) şah diktaturası devrildi.  Ölkədə indiyədək görünməmiş siyasi rejim - "islam demokratiyası" rejimi quruldu.  Bütün müsəlman ölkələrində islam dirçəlişinin tərəfdarları İranda gedən bu prosesləri maraqla izləyir, orada bərqərar olmuş üsul-idarə onlarda yeni ümidlər doğururdu.

İranın yeni Konstitusiyası vətəndaşlar üçün əsas şəxsi və siyasi azadlıqları bir şərtlə təmin edirdi ki, bunlar Quranın hərfinə və ruhuna zidd olmasın.  Qalib gəlmiş islam rejimi təliminə görə, xalqa öz problemlərini səsvermə yolu ilə həll etməyə icazə verilə bilməzdi, çünki xalq öz kəmsavadlığı səbəbindən səhvə yol verə və Qurana zidd olan şeyi seçə bilərdi.  Hər hansı bir məsələni səsverməyə çıxarmazdan əvvəl onu bir neçə yüksək rütbəli ilahiyyatçıdan ibarət olan Ali Dini Şura təsdiq etməli idi. 

Yeni rejim bərqərar olduqdan sonra İranda yaşamaq xeyli "sadələşdi" - daha şəxsi iradəyə və təşəbbüsə ehtiyac qalmadı, sadəcə olaraq, qəsəbə, şəhər, yaxud ümummilli dini rəhbərin göstərişləri ilə oturub-durmaq lazım idi.

İslam ehkamları üzərində işıqlı bir gələcək qurmaq əzmində olan islamçılar tezliklə mövcud rejimin hər cür əleyhdarlarını aradan götürdülər və bütün əhali öz dinindən, məzhəbindən asılı olmayaraq islamın orta əsr davranış normalarına riayət etmək məcburiyyətində qaldı.  Adamlar daim özlərini "o dünyadakı" sınaqlara hazırlamalı idilər, hər cür şənlik inkar və təqib olunurdu, hətta estrada musiqisi də yasaq edilmişdi, İran tədricən mədəni və iqtisadi bataqlığa çevrilirdi.  Şah üsul-idarəsi dövründə məhrum olduqları bəzi azadlıqları əldə etmiş iranlılar şəxsi azadlıqdan - yaşayış tərzini seçmək azadlığından büsbütün məhrum oldular, nəticədə beş milyon vətəndaş ölkəni tərk etdi. Aşağıda təqdim etdiyimiz sənədlər İranda insan hüquqları ilə bağlı məsələnin islam inqilabından əvvəlki və sonrakı vəziyyətini əyani göstərir.


İRANDA SÖZ AZADLIĞI


İSLAM İNQİLABINDAN ƏVVƏL...
1978-ci ildə şah İranında Milli Təhlükəsizlik Xidməti (SAVAK) tərəfindən hazırlanmış mətbuat üçün senzura qaydaları


Tənqid konstruktiv olmalı və problemlər şişirdilməməlidir.  Tənqid subyektiv olmamalıdır.


1.  Şah, şahbanu, şahzadə, baş nazir və şah ailəsi haqqında hər hansı xəbər rəsmi mənbələrdən alınmalıdır.

2.  Şah, yaxud şahbanu tərəfindən elan olunmuş hər hansı plan istehza hədəfinə çevrilməməlidir.

3.  Məsul və yüksək vəzifəli şəxslər, həmçinin vəzifəyə şah tərəfindən təyin olunmuş şəxslər hücum və ittihamlara məruz qalmamalıdır.

4.  Ölkənin hər yerində və xəbərlərin hər buraxılışında Dirçəliş Partiyası, monarxiya və Şah Milli İnqilabının 17 müddəası diqqət mərkəzində olmalı və tənqidə məruz qalmamalıdır.  Bu müddəaların yerinə yetirilməsi yolları tənqid oluna bilər, lakin bu, mülayimliklə edilməlidir.

5.  Xarici İşlər Nazirliyi və vəzifə təyinatları haqqında məlumatlar rəsmi mənbələrdən alınmalıdır.

6.  Yalnız rəsmi mənbələr mətbuata orduda və Silahlı Qüvvələrdə vəziyyət haqqında məlumat vermək səlahiyyətinə malikdir.

7.  Şahənşah məhkəməsi, təhlükəsizlik xidməti və terrorizm haqqında məlumat rəsmi mənbələrdən alınmalıdır.  Terrorçuların adları və əqidələri nəzərə çatdırılmamalı, təqdir edilməməli və onlar qəhrəman kimi təqdim olunmamalıdırlar.
     
8.  Əmək haqqının, gəlirlərin artması və muzdlu işçilərin vəziyyətində irəliləyişlər haqqında xəbərlər rəsmi mənbələrdən alınmalıdır.
     
9.  Dövlətin iqtisadiyyat, maliyyə və sənayesinin vəziyyəti haqqında, həmçinin səhiyyə, yoluxucu xəstəliklər və ərzaq məhsulları ilə bağlı problemlər haqqında hər hansı xəbər ehtiyatla verilməlidir, belə ki, o, kütləvi iğtişaş və çaxnaşma törədə bilər.
     
10.  Əhəmiyyətli nöqsanlar və rüşvətxorluq halları nəzərə çatdırılmamalı və faş edilməməlidir.
     
11.  Dövlət siyasətini və quruluşunu tənqid edən yazıçı və şairlərə qəzetlərdə heç bir yer verilməməlidir.
     
12.  Tətillər və tələbə nümayişləri haqqında xəbərlərə ehtiyatla yanaşmaq lazımdır.
     
13.  Tənqid konstruktiv olmalı və problemlər şişirdilməməlidir.  Tənqid subyektiv olmamalıdır.  Problemlərin həlli metodları və üsulları yaxşı işıqlandırılmalıdır.  Qəzetdə cavab vermək hüququna hörmət edilməli və cavab üçün qəzetdə xüsusi yer ayrılmalıdır.
    
14.  Mətbuat ictimai rəyi təhrik edə biləcək reportajlar verməyə çalışmamalıdır.  Mətbuat nə ümidlərin qızışdırılması, nə də həyəcan yaratmaq üçündür.
     
15.  İctimaiyyət ucuz mənzil, sosial təminat və əmək haqqının artırılması kimi böyük ümidlərə köklənməməlidir.
 
     


...VƏ SONRA
Mühacirətdə olan İran Yazıçıları Assosiasiyasının Frankfurtda kitab sərgisinin təşkilatçılarına məktubu (1983)
  

Tarixin dərinliklərinə gömülmüş qaba qüvvə bu gün İranda zühur edərək üzə çıxmışdır və İran mədəniyyəti və sivilizasiyasının bütün nailiyyətlərini məhv etməyə çalışır.


Ölkəmizin düçar olduğu böyük faciə bu gün artıq hamıya bəllidir.  Son beş ildə vətənimizi ən vəhşi, qeyri-humanist və primitiv dəyərlər sisteminə əsaslanan İslam Respublikası rejimi idarə edir.  İranda bir çox kişilər və qadınlar, gənclər və qocalar, hətta uşaqlar və hamilə qadınlar yalnız İslam Respublikasının totalitar rejiminə sədaqətlərini sübut edə bilmədiklərinə görə güllələniblər.
    
Tarixin dərinliklərinə gömülmüş qaba qüvvə bu gün İranda zühur edərək üzə çıxmışdır və İran mədəniyyəti və sivilizasiyasının bütün nailiyyətlərini məhv etməyə çalışır.  Bütöv sosial qruplar, xüsusilə ziyalılar əsasən əqidələrinə görə məhvə məhkum olunurlar.  Bir parça çörək üçün iztirablar içərisində əl açıb dilənənlərin sayı dəfələrlə artmışdır.

Kişilərlə qadınlar arasında emosional tellər bağışlanılmaz günah hesab edilir.  İnsanların həyat, mülkiyyət, şərəf və ləyaqətinin qorunması üçün heç bir təminat yoxdur.  Evlərin qapılarını dəhşətli kabuslara bənzəyən cürbəcür cəlladlar döyür, onlar istənilən an dağıdıcı qüvvəyə çevrilə bilərlər: cəllad atasının gözü qarşısında oğlunu öldürə, ərinin gözü qarşısında arvadını zorlaya, yaxud ədalətsiz sosial şəraitlə pis yola vadar edilmiş və buna görə Şəriət Məhkəməsinin buyuruğu ilə torpağa basdırılmış qadını ölənə qədər daşqalaq edə bilər.
   
İranı qanlı caynaqlarında saxlayan cinayət və nadanlıq dəhşəti yalnız milli faciə deyildir.  Belə ki, dünyanın istənilən guşəsində mövcud olan mədəniyyət və sivilizasiya, azadlıq və bərabərlik bəşəriyyətin bir çox nəsillərinin yüzillik mübarizəsinin, səylərinin və qurbanlarının nəticəsidir.  Öz təbiəti etibarilə bu nailiyyətlər ümumi, hamıya məxsus və qiymətlidir.  Onlar həmçinin ümumbəşəri öhdəlik və borcları da ifadə edir.  Bu gün İranda baş verənlərin müqabilində susmaq onun bütün dünyada yayılması ilə razılaşmağa bərabərdir.  1968-ci ildə yaradılan, lakin nə şah, nə də Xomeyni rejimi tərəfindən tanınan İran Yazıçıları Assosiasiyası mütərəqqi yazıçıların demokratik birliyidir və o, həmişə kobud hücumlara hədəf olmuşdur. 
   
İran Yazıçıları Assosiasiyası İslam rejimi nümayəndələrinin Beynəlxalq Kitab Yarmarkasında iştirakını kitabların açıq-aşkar murdarlanması, mədəniyyət və insanların təhqir edilməsi kimi qiymətləndirir.  İran Yazıçıları Assosiasiyası işgəncələrə, edamlara, həbslərə, sürgünlərə məruz qalmış, ehtiyaca düçar edilmiş minlərlə yazıçı, incəsənət adamı, alim, tələbə, müəllim və professorların adından, Xomeyni rejiminin viran etdiyi kitabxana və yandırdığı kitab mağazalarının müdafiəsi naminə kitab yarmarkası rəhbərliyindən Xomeyni rejiminin nümayəndələrinin yarmarkada onlar üçün ayrılmış sərgi yerlərinə buraxılmamasını xahiş edir.

                        
İran Yazıçıları Assosiasiyasının
İdarə Heyəti, Paris, 1983

Qulam Hüseyn Səid,
Nemət Mirzəzadə,
Hüma Natiq


"Index on Censorship", 1 1984,
33 Islington High Street, London N1 9LH

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan