Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


55. MÜHARİBƏDƏN SONRAKI ŞƏRQİ AVROPADA DEMOKRATİYA


Faşist qoşunlarından azad olunmuş Avropa ölkələrinə müttəfiqlər tərəfindən demokratik seçkilər keçirmək vəd edilir.  Lakin bu cür seçkilər yalnız ABŞ və Böyük Britaniya qoşunlarının tutduqları Qərbi Avropa ölkələrində keçirilir.  Sovet ordusunun "azad etdiyi" ölkələrdə isə artıq 1948-ci ilə qədər yerli kommunist partiyaları sovet süngüsünün köməyilə hakimiyyəti ələ keçirib öz ölkələrində sovet rejiminin eyni olan bir üsul-idarə qurur.

Şərqi Avropa ölkələri, amansız repressiyalara baxmayaraq, müharibədən dərhal sonra hər cür vasitə ilə kommunist əsarətindən xilas olmağa cəhd edir.  Nə qədər ki, sərhəd bağlanmamışdı, Şərqi Almaniyanın sakinləri kütləvi surətdə ABŞ və Böyük Britaniyanın idarəsi altında olan Qərbi Berlinə qaçmağa başlayırlar; Şərqi Almaniyada (1953), Polşada (1956), Macarıstanda (1956), Çexoslovakiyada (1968) ümummilli etiraz və üsyan aksiyaları qopur, lakin bu qiyamlar sovet tanklarının tırtılları altında öz qanına bələnir. 

Antisovet çıxışlardan sonra baş qaldıran irtica demokratik hərəkatı yalnız bir neçə illiyə yatırmağa qadir idi, sonra yenə qiyamlar qalxır və ən müxtəlif formalar alır. 

BMT tərəfindən əsası qoyulmuş bütün dünya ölkələrində insan hüquqlarının müdafiəsi hərəkatının Şərqi Avropada və SSRİ-də genişlənən demokratik hərəkata böyük köməyi olur.  1968-ci ildə Qərbin demokratik ölkələrinin təzyiqi altında BMT-nin 35 üzvü "Mülki və siyasi hüquqlar haqqında Pakt"ı və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ı imzalayır.  Bu paktları imzalamış ölkələr bu sənədlərin müddəalarını milli qanunvericiliyə daxil etmək və bunlara əməl olunması barədə BMT-nin İnsan Hüquqları  Komitəsinə hesabat vermək öhdəliyini öz üzərlərinə götürürdülər.

Bu paktlarda qeyd olunmuş insan hüquqları 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Müşavirəsi (bugünkü ATƏT) Yekun Aktında təsdiq edilir.  Aktı bütün Avropa ölkələri, habelə ABŞ və Kanada imzalamışdır.

Helsinkidəki danışıqlarda SSRİ liderləri sazişə müharibədən sonrakı Avropada sərhədlərin toxunulmazlığı haqqında müddəanı daxil etməyə can atdıqları halda, Qərb ölkələri sazişin mətnində insan hüquqları haqqında maddələrin əks etdirilməsinə çalışır.  Qərbin liderləri bildirirdilər ki, öz "ev"lərində insan hüquqlarına məhəl qoymayan ölkələrə hərb və sülh məsələlərində heç cür etibar edə bilməzlər. 

Helsinki müqaviləsi imzalandıqdan dərhal sonra Şərqi Avropada və SSRİ-də insan hüquqlarının müdafiəçiləri müqaviləyə əməl olunmasına nəzarət üzrə "Helsinki komitələri" yaratmağa başlayırlar.  1977-ci ilin yanvarında çex ziyalılarının kiçik bir qrupu "Xartiya-77" təşkilatının yarandığını elan edir.  Bu təşkilatdan məqsəd insan hüquqları sahəsində Helsinki razılaşmalarının yerinə yetirilməsinə nəzarət etmək idi. 

Bu hadisədən az sonra "Xartiya-77" hakimiyyət dairələrini öz vətəndaşlarının hüquqlarının pozulmasına son qoymağa çağıran bəyannamə yayır.  Üç dissidentin, o cümlədən demokratik Çexoslovakiyanın gələcək prezidenti, dramaturq Vatslav Havelin imzaladığı bu bəyannamə elan edildikdən dərhal sonra onu daha 200 nəfər imzalayır və bu adamlardan hər biri hökumət tərəfindən təqib olunur, "Xartiya-77" liderləri isə həbs edilirlər.  Lakin qəbul edilmiş taktikaya uyğun olaraq, hər sonrakı il üç yeni şəxs özünü "Xartiya-77"nin rəhbərləri elan edir və onlar da öz növbəsində hökumət tərəfindən həbsə alınırlar.

"Xartiya-77" fəaliyyət göstərdiyi illər ərzində ölkədə hakimiyyət tərəfindən dissidentlərin təqib olunması üzrə məlumatları toplayaraq bütün dünyaya yayır, ictimaiyyətə ünvanlanmış yüzlərlə müraciətnamə qəbul edir. "Xartiya-77"nin müraciətnamələrini ümumən 1500 Çexoslovakiya demokratı imzalamışdı.  İlk baxışda 15 milyonluq bir ölkə üçün bu rəqəm çox da böyük görünmür, lakin yadda saxlamaq lazımdır ki, həmin dövrlərdə hökumət əleyhinə çağırışın altından imza atmış şəxs müddətsiz həbs, fiziki işgəncə və mənəvi ölümlə qarşılaşmalı olurdu. 

Bütün repressiyalara baxmayaraq, kommunist hakimiyyəti bu hərəkatı boğa bilmədi və 1989-cu ildə hərəkatın liderləri "məxməri inqilab"ın başında durdular ki, bu da son nəticədə Çexoslovakiyada kremlpərəst rejimin devrilməsinə və demokratiyanın bərqərar olmasına gətirib çıxardı. 

 


YAN PATOÇKA, VATSLAV HAVEL VƏ İRJİ HAYEK
"Xartiya-77"nin bəyannaməsi (1 yanvar 1977-ci il)
     
              
Bu gündən vətəndaşlarımız bu paktlarda göstərilən hüquqlara, dövlətimiz isə vəzifələrə yiyələnir. 


1976-cı il oktyabrın 13-də Çexoslovakiya Qanunları Toplusunda (N-120) respublikamız adından 1968-ci ildə imzalanmış, 1976-cı ildə Helsinkidə təsdiqlənmiş və 1976-cı il martın 23-də bizdə qüvvəyə minmiş "Mülki və siyasi hüquqlar haqqında Pakt" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt" dərc edilmişdir.  Bu gündən vətəndaşlarımız bu paktlarda göstərilən hüquqlara, dövlətimiz isə vəzifələrə yiyələnir.  
 
İnsanların bu paktlarla zəmanət verilən hüquq və azadlıqları sivilizasiyanın ən mühüm dəyərləridir; onların əldə edilməsi bəşər tarixində bir çox mütərəqqi qüvvələrin səyləri nəticəsində mümkün olmuşdur; onların qanunvericiliyə daxil edilməsi cəmiyyətimizdə insanların inkişafına xeyli kömək göstərə bilər...
 
Ancaq bu paktların dərc edilməsi bizə onu da xatırladır ki, hələ nə qədər əsaslı mülki hüquqlar bizdə kağız üzərində qalır.  Məsələn, birinci paktın 19-cu maddəsi ilə müəyyənləşdirilən öz fikrinə əngəlsiz malik olmaq hüququ daha çox xülya kimi görünür: on minlərcə vətəndaşa əsasən rəsmi baxışdan fərqli mövqe tutduğuna görə öz peşəsi ilə məşğul olmaq yasaq edilmişdir.
 
Eyni zamanda onlar hakimiyyət tərəfindən ayrı-seçkiliyin müxtəlif formalarına və təqiblərə məruz qalırlar; müdafiə imkanından məhrum olan insanlar, beləliklə, aparteidin müəyyən bir növünün qurbanına çevrilirlər...
 
Yüz minlərcə vətəndaş  "qorxudan azadlıq" hüququnu itirmişdir (birinci paktın girişinə bax), çünki öz fikrini açıq bildirərsə, işləmək və digər bu kimi imkanlarını itirmək təhlükəsi altında yaşamağa məcbur edilmişdir... 
 
İkinci paktın hamının təhsil hüququna zəmanət verən 13-cü maddəsini pozaraq, gənclərin böyük hissəsinin qarşısına onların öz əqidəsinə, yaxud valideynlərinin əqidəsinə görə təhsildə sədd çəkirlər.  Sonsuz sayda vətəndaş ona görə qorxu içərisində yaşamağa məcburdur ki, öz əqidələrinə uyğun fikir söyləsələr, onlar özü və yaxud uşaqları təhsil almaq hüququndan məhrum edilə bilər. 
 
"Dövlət sərhədlərindən çəkinmədən informasiya və ideyaların bütün növlərinin şifahi, yazılı yolla, yaxud mətbuat və ya bədii formalar vasitəsilə alınması və yayılması" hüququ (birinci paktın 19-cu maddəsinin 2-ci bəndi) təkcə "qeyri-qanuni" deyil, həmçinin "qanuni yolla", çox vaxt cinayətkar məhkəmə təqibləri yolu ilə (gənc musiqiçilər üzərində davam etməkdə olan məhkəmələr buna sübutdur) hücumlara məruz qalır.
 
Öz fikirlərini açıq ifadə etmək azadlığı bütün rabitə vasitələri, nəşriyyatlar və mədəni institutlar üzərində Mərkəzin nəzarəti ilə boğulur.  Rəsmi ideoloji, yaxud estetik çərçivələrdən azacıq kənara çıxan heç bir siyasi, fəlsəfi, elmi, yaxud bədii əsər dərc edilə bilməz; cəmiyyətdə böhran əlamətlərinin aşkar tənqidi yasaqdır; rəsmi təbliğatın  quraşdırılmış və alçaldıcı ittihamlarından açıq müdafiə olunmaq imkanı yoxdur (birinci paktın 17-ci maddəsi ilə zamanət verilən "şərəf və ləyaqətin təhqir olunması"ndan məhkəmə yolu ilə müdafiə hüququ praktikada mövcud deyildir); saxta ittihamları təkzib etmək mümkün deyil, məhkəmə vasitəsilə əvəz alınmasına istənilən cəhd isə əbəsdir...
 
Birinci paktın 18-ci maddəsi ilə zəmanət verilən din azadlığı hakimiyyətin  özbaşınalığı ilə daim məhdudlaşdırılır: keşişlərin fəaliyyəti dayandırılır, kilsələrdə ibadət üçün dövlətin verdiyi icazələrin geri alınması ilə hədələyirlər; dini əqidəsini danışıq və ya hərəkətləri ilə ifadə edənlər isə işini itirə, yaxud başqa cəzalara məruz qala bilərlər; dini təhsil sıxışdırılır və s. 
 
Bizdə bir çox mülki hüquqların məhdudlaşdırılması, çox vaxt isə boğulması üçün alət kimi istifadə olunan sistem mövcuddur; onun vasitəsilə dövlətin bütün institutları və orqanları hakim partiyanın aparatından verilən göstərişlərə və hakimiyyət qurumlarında təsiri olan şəxslərin qərarlarına tabe etdirilmişdir.  ÇSSR-in Konstitusiyasında, onun qanun və normativ aktlarında bu əmrlərin nə forması, nə məzmunu, nə də tətbiqi göstərilib.  Onlar çox vaxt şifahi verilir,  vətəndaşların onlardan xəbəri olmur və onlara nəzarət edə bilmirlər.  Bu əmrləri verən adamlar özlərindən və birbaşa rəhbərlərindən başqa heç kəsin qarşısında məsuliyyət daşımırlar; bu adamlar hakimiyyətin qanunverici, icraedici və məhkəmə orqanları, həmkarlar ittifaqları, ictimai təşkilatlar, digər siyasi partiyalar, zavodlar, müəssisələr...  üzərində həlledici təsirə malikdirlər...  Və bu əmrlər hər hansı qanundan yüksəkdə dayanır... Təşkilat, yaxud şəxs öz hüquqlarını yozumlayarkən bu cür qərarlarla ziddiyyət yarananda  qərəzsiz bir orqana müraciət edə bilmirlər, çünki belə orqan yoxdur.  Bütün bunlar birinci paktın 21-ci və 22-ci  maddələrindən (yığıncaqlar azadlığı və onun tətbiqinə hər hansı məhdudiyyətin yasaq edilməsi), 25-ci maddədən (dövlət işlərində iştirak etmək üçün bərabər hüquqlar) və 26-cı maddədən (qanun qarşısında istənilən ayrı-seçkiliyin yasaq edilməsi) irəli gələn hüquqları kobud şəkildə pozur.  Bu şərait həmçinin fəhlə və qulluqçuların öz iqtisadi və sosial maraqlarını müdafiə etmək və tətil hüququnu azad şəkildə həyata keçirmək üçün (ikinci paktın 8-ci maddəsinin 1-ci bəndi) müstəqil həmkarlar ittifaqları və digər təşkilatlar yaratmasına əngəl törədir. 
 
"Şəxsi və ailə həyatına, mənzil toxunulmazlığına, yaxud yazışmaların gizliliyinə" (birinci paktın 17-ci maddəsi)  əsassız müdaxilənin qəti şəkildə yasaq edilməsi daxil olmaqla digər mülki hüquqlar da bir çox yollarla ciddi pozulur.  Məsələn, Daxili İşlər Nazirliyi vətəndaşların həyatını nəzarət altında saxlamaq üçün mənzillərdə  telefon və adi danışıqlara gizlicə qulaq asır, poçtla göndərilən şeyləri açır, adamları izləyir, evlərdə axtarışlar aparır, cəmiyyətdə xəbərçilər şəbəkəsi (adamlar çox vaxt belə əməkdaşlığa hədə, yaxud vədlərlə cəlb olunurlar) yaradır və s.                
 
Nazirlik də çox vaxt işədüzəltmə məsələlərinə qarışır, rəsmi idarələri vətəndaşlara qarşı ayrı-seçkilik hərəkətlərinə sövq edir, mass mediada kampaniyalar aparır.  Bütün bu hərəkətlər heç bir qanunla nizamlanmır, örtülü şəkildə həyata keçirilir və vətəndaşlar onların qarşısında acizdirlər. 
 
Siyasi təqib şəraitində istintaq və məhkəmə orqanları ittiham olunanın  hüquqlarını, o sıradan müdafiə hüququnu pozurlar, halbuki bu hüquqlara birinci paktın 14-cü maddəsi və Çexoslovakiya qanunları ilə zəmanət verilir.  Bu yolla məhkum edilmiş adamlar həbsxanada insan ləyaqətini alçaldan, sağlamlığı pozan hərəkətlərə və  mənəvi təhqirlərə məruz qalırlar.     
 
Vətəndaşların öz ölkəsini tərk etmək hüququ (birinci paktın 12-ci maddəsinin 2-ci bəndi) hər yerdə pozulur, bu, "milli təhlükəsizliyin qorunması" (orada, 3-cü bənd) bəhanəsi altında baş verir, bu hüququ hakimiyyət müxtəlif yerinəyetirilməz şərtlərlə bağlamışdır.  Xarici təbəələrə viza verilməsi üçün də özbaşına qaydalar qoyulmuşdur, onların çoxu Çexoslovakiyada əsasən təqib olunan əməkdaşı  və dostu olduğuna görə ölkəyə gələ bilmir. 
 
Bəzi vətəndaşlar insan hüquqlarının və demokratik azadlıqların daim pozulması haqqında iş yerlərində gizli, yaxud açıq şəkildə (bu, yalnız xarici mass mediada mümkündür) məlumat verir və konkret hadisələrə dair tədbir görülməsini tələb edirlər.  Lakin onların tələbi cavabsız qalır, yaxud onlar hakimiyyətin təqiblərinə uğrayırlar...  

Ölkəmizdə mülki hüquqların təmin edilməsinin məsuliyyəti hər şeydən əvvəl siyasi və dövlət rəhbərliyinin üzərinə düşür.  Lakin təkcə onun üzərinə yox: yaranmış vəziyyətə görə hər kəs məsuliyyət daşıyır və müvafiq olaraq, bütün vətəndaşlar və hökumətlər üçün məcburi olan, qanunla rəsmiləşdirilmiş paktlara riayət olunmasına görə hamının məsuliyyət payı var. 
   
Məhz bu məsuliyyətdaşlıq hissi, onu bölüşdürməyə dair vətəndaşların dərk olunmuş qərarlarının vacibliyinə inamımız, ona yeni və daha səmərəli məzmun verilməsinin zəruriliyi bizi "Xartiya-77"nin yaradılması ideyasına gətirib çıxardı.  Biz bu gün onun yarandığını hamıya bəyan edirik.
    
"Xartiya-77" müxtəlif baxışları, dinləri və sənətləri təmsil edən və bütün xalqlara Helsinki müşavirəsinin Yekun Aktı, həmçinin müharibə, zorakılıq və ictimai, yaxud mənəvi zülmü  pisləyən digər çoxsaylı beynəlxalq sənədlərlə verilmiş və BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsində ətraflı ifadə edilmiş mülki və insan hüquqlarına hörmət edilməsi üçün həm öz ölkəsində, həm də bütün dünyada təklikdə və birgə mübarizə aparmaq istəyinin birləşdirdiyi adamların qeyri-formal, açıq, sərt daxili qaydaları olmayan birliyidir.

"Xartiya-77" həyatda və əməkdə eyni ideyadan ruhlanan insanların arasında dostluq və həmrəylik prinsiplərinə əsaslanır.

"Xartiya-77" təşkilat deyil.  Onun qaydaları, daimi orqanları, yaxud rəsmi üzvlüyü yoxdur.  Onun prinsiplərinə şərik olan və işində iştirak edən hər kəs özünü onun tərkibində hesab edə bilər.  O, müxalifətçi siyasi fəaliyyət tribunası deyil.  Qərbin və Şərqin müxtəlif ölkələrində vətəndaşların təşəbbüsü ilə yaradılmış çoxlu buna bənzər təşkilatlar kimi, onun da məqsədi ictimai marağın inkişaf etdirilməsinə yardımçı olmaqdır.
 
O, qarşısında siyasi, ya da sosial islahatlara, yaxud dəyişikliklərə dair özünün xüsusi platformasını yaratmaq məqsədi qoymur.  Onun vəzifəsi imkan daxilində siyasi və dövlət qurumları ilə əməli dialoqlar keçirməkdən, o sıradan diqqətin mülki  və insan hüquqlarının pozulmasına cəlb edilməsi ilə belə halları sənədlə rəsmiləşdirməkdən və bu problemlərin həlli yollarını təklif etməkdən, bu hüquqların və onların təminat mexanizminin möhkəmləndirilməsinə yönəlmiş daha ümumi xarakterli təkliflər irəli sürməkdən, elecə də hüquqların pozulmasına gətirə biləcək münaqişə vəziyyətlərində vasitəçi kimi çıxış etməkdən və s. ibarətdir.
 
Qurumun "Xartiya-77" adlandırılması rəmzidir.  Bu ad onun Siyasi məhbuslar ili e'lan olunmuş ilin əvvəlində yaradıldığını, həmin vaxtda Helsinkidə götürülmüş öhdəliklərin yerinə yetirilməsinin gedişini müzakirə edəcək Belqrad konfransının keçiriləcəyini nəzərə çatdırır.
 
Biz, aşağıda imza edənlər, bununla d-r Yan Patoçkaya, Vatslav Havelə və professor İrji Hayekə "Xartiya"nın rəsmi nümayəndələri kimi hərəkət etmək səlahiyyəti veririk.  Bu adamlar həm ölkə daxilində, həm də xaricdə dövlət, ictimai və digər təsisatlarda onun maraqlarını təmsil etmək üçün zəruri səlahiyyətlərə malikdirlər və onların imzası "Xartiya" tərəfindən qəbul edilmiş sənədlərin həqiqiliyini təsdiq edir.  Biz və bizə məsləkdaş kimi qoşulanların hamısı istənilən zəruri danışıqlarda iştirak edəcək, konkret vəzifələrin yerinə yetirilməsinə qoşulacaq və bütün məsuliyyət yükünü bölüşəcəyik.
 
Biz hesab edirik ki, "Xartiya-77" Çexoslovakiyanın bütün vətəndaşlarına azad insan kimi yaşamağa və işləməyə imkan yaradacaqdır. 

 


  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan