Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


58. İSLAM VƏ DEMOKRATİYA


20-ci yüzilliyin ikinci yarısı bizi görünməmiş dəyişikliklərlə qarşılaşdırdı. Dünya tarixində xarakterinə, sürətinə və miqyasına görə belə dəyişikliklərə rast gəlinməmişdi. Mürtəce millətçiliyin inkişafı  və süqutu, kütləvi antimüstəmləkə hərəkatı, sovet sosializminin yayılması və iflası - bunların hamısı, Britaniyanın baş naziri Makmillanın məşhur sözləri ilə desək, bütün istiqamətlərdə "dəyişikliklər küləyi"nin tüğyan etməsindən xəbər verirdi.

Bu gün çoxları belə bir fikrə gəlib ki, sayı bir milyarda çatan islam dünyası öz tarixində köklü dəyişikliklər etmək ərəfəsindədir. Bu dəyişikliklər dünyanın 50-yədək ölkəsindəki ənənəvi islam cəmiyyətlərini demokratikləşdirməli və zamanın tələbinə uyğunlaşdırmalıdır.

Çağdaş islam ölkələrində insan haqlarının vəziyyəti acınacaqlıdır.  Yalnız 2 müsəlman ölkəsində - Türkiyədə və Livanda dünyəvi dövlət və azad seçkilər var.  Həmin dövlətlərdə insan haqlarının vəziyyəti isə demokratik dünya birliyini daim narahat edən məsələlərdən biridir.  Ərəbistan yarımadasındakı ölkələrin feodalizm quruluşu, eləcə də İran, İraq, Liviya  və başqa müsəlman ölkələrində repressiv rejimin hökm sürməsi üzündən bəzi müşahidəçilər belə bir tələsik nəticə çıxarıblar ki, islam, xüsusən də ərəb mədəniyyəti ilə demokratiya bir araya sığa bilməz.  Amerikadakı Harvard Universitetinin məşhur professoru Samuel Hantinqton böyük hay-küyə səbəb olan "Sivilizasiyaların toqquşması?" (1993) adlı məqaləsində  yazmışdı: "Əksər müsəlman ölkələrində demokratiyanın uğursuzluğunun başlıca səbəbi islam mədəniyyətidir".  Daha sonra elə həmin məqalədə iddia edilirdi ki, demokratiyanın uğurlu inkişafı üçün guya ən zəruri şərt elə Qərb xristianlığıdır.

Bu mövqeyi dəstəkləyənlər unudurlar ki, Avropanın ateist mütəfəkkirləri xristianlığa qarşı məhz həmin iradları irəli sürürdülər.  Məsələn, Nitsşe deyirdi ki, xristianlıq insanın iradəsini əlindən alan və onda canlı nə varsa, hamısını məhv edən bir dindir (bax: F.Nitsşe, "Antixristian").  Qərbin Platondan Hegelə, Börk və Marksadək gəlib çıxan möhkəm antidemokratik ənənəsi də unudulur.  Bunu da yaddan çıxarırlar ki, 50-ci illərədək Avropada demokratik hüquqi dövlət quruluşu qayda yox, istisna hal sayılırdı. 

Yəhudilik, xristianlıq və islam mənbələrini obyektiv nəzərdən keçirərkən müəyyən etmək olar ki, hər dinin elə müddəaları var ki, onları həm demokratiya, həm avtoritarizm kimi təsnif etmək olar.

* * *

HİKMƏT HACIZADƏ
İslam dünyası demokratik islahatlar ərəfəsində (1998)

İslamda demokratiya

...İslam dedikdə biz bu gün nəyi başa düşürük? İslam orta əsrlər dahilərinin mədəniyyəti, yoxsa əfqan taliblərinin cahilliyidir? İslam - müstəbid dövlətdə zülm və korrupsiya, yoxsa müstəqillik və ləyaqət uğrunda mübarizəyə ruhlandıran bir idealdır?

İslam ölkələrindəki çoxsaylı təriqətlərə və üsul-idarə formalarına baxmayaraq, bütün müsəlmanlar qəbul edirlər ki, dünyada ancaq bir islam var və onun qaynaqları Quran və sünnədədir (Məhəmməd peyğəmbərin kəlamları və gördüyü işlər).  İslam qaynaqlarını öyrənərkən aşkar etdim ki, burada seçmək azadlığı, bərabərlik, insan ləyaqəti, dini azadlıq, milli fərqlərlə hesablaşma, xalq suverenliyi, ictimai saziş, qanunun aliliyi, sosial dövlət və insanın fəal həyatı mövqeyi haqqında külli miqdarda müddəalar var.


Qurani-Kərimdən bəzi sitatlara nəzər salaq: 


İnsanlar və millətlər arasında bərabərlik. "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra  sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız" (49-cu surə: 13-cü ayə).

(Quranın bu ayəsini BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsi ilə müqayisə etmək maraqlı olardı: "Bütün insanlar öz hüquqları etibarilə azad və bərabər doğulurlar.  Onlara ağıl və vicdan bəxş edilmişdir və onlar bir-biri ilə qardaşlıq münasibətində olmalıdırlar").


Xalq hakimiyyəti. Allahın yerdəki müavini hökmdar yox, dini nüfuz sahibləri yox, hətta peyğəmbər də yox, xalqdır! Yalnız xalq öz müqəddəratını həll edə bilər: "Mən yer üzündə müavinimi (insanı) yerləşdirəcəyəm" (2:30).  "Siz insanlar üçün yaradılan ən gözəl ümmətdiniz.  Düzgünlüyü buyurardınız, adamları fənalıqdan qoruyardınız" (3:110).  Yəni yer üzündə öz həyatlarını idarə etmək və daim abadlaşdırmaq məhz insanların vəzifəsidir."O kəslər ...işlərini öz aralarında məsləhət-məşvərətlə görərlər..." (42:38); "Buna görə öyüd-nəsihət ver.  Sən ancaq öyüd verənsən!  Onların üzərində hakim deyilsən!" (88:21-22).


Vicdan azadlığı. "Dində məcburiyyət yoxdur" (2:256).  "İnsanları inanmağa sənmi məcbur edəcəksən?!" (10:99).


Ümumun razılığı prinsipi. Peyğəmbər şəxsən özü qərar qəbul etməməlidir.  O, ümumun razılığına uyğun iş görməlidir: "... İşlərini məşvərətlə həll eləyirlər" (42:38), "...Onlarla məsləhətləş..." (3:159), "Andırsana bunları onlara, Sənin borcun onları inandırmaqdır.  Sən onlara hökm eləyən deyilsən" (88:21,22).


Seçmək azadlığı. İslama görə, insan seçmək hüququna malikdir.  İnsanın Allah qanununu qəbul etməməyə haqqı var, bu halda o özü Allah qarşısında cavab verməli olacaq: "De ki, Rəbbinizin dərgahından gəlmiş haqq.  İnanmaq istəyən inansın, istəməyən dansın onu" (18:29).


Vicdan azadlığı. "Dində məcburiyyət yoxdur" (2:256).  "Sənmi zor işlədirsən insanları [imana] gətirmək üçün?" (10:99).  "...Heç məcbur edərik ki, istəməyə-istəməyə bunları qəbul edəsiniz?" (11:28).


Şəxsi təhlükəsizlik. "Özgənin evinə nəbadə icazəsiz, sahibinə salamsız girəsiniz" (24:27).


Fəal həyat mövqeyi. "... Allah istəsəydi əgər, onlardan intiqamı özü alardı.  Ancaq sizləri bir-birinizlə imtahana çəkmək istəyər O" (47:4).


Ailə. "[Ailədə] kimin gücü nəyə çatırsa onu öz boynuna götürsün"... "[Ailədə kişi ilə arvad] işlərini məşvərətlə və ümumi razılıqla [etməlidirlər]" (2:233).


Sosial təminat. "Və onların var-dövlətində əl açanın və ehtiyacı olanın payı da var idi" (51:19)


İslamın əsas tələbi. "Üzünüzü şərqə, ya qərbə çevirməyiniz hələ yaxşılıq demək deyil.  Yaxşı o kəsdir ki...  Allah sevgisiylə yaxınlara, yetimlərə, yoxsullara, yolçulara, dilənçilərə, boyunduruq altında olanlara mal paylamış...  əhdində vəfalı olmuş, çətində-darda və savaş zamanında səbr göstərmişdir..."  (2:177)


ƏSƏRİN TAM MƏTNİNİ ZİP FAYLINDAN OXUYA BİLƏRSİNİZ

  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan