Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

60. AZƏRBAYCANDA SİYASİ SENZURANIN LƏĞV EDİLMƏSİ


Azərbaycanda yadfikirliliyin təqib olunması tarixi heç də Avropa praktikasından geri qalmır.  Orta əsr padşahlıqları dövründə dissidentləri həm siyasi, həm də dini hakimiyyətlər izləyirdi.  Məsələn, Nəsimi və onun hürufi həmfikirləri cəmiyyətin mənəvi həyatına nəzarət etməli olan müctəhidlərin - yeddi ortodoksal din xadiminin hökmü ilə "küfr" üstündə edam edilmişdilər.

Çap məhsulu, teatr tamaşaları və sairin mənəvi və siyasi xüsusiyyətləri üzərində ilkin nəzarət, yəni bizim indi senzura(1) adlandırdığımız şey Azərbaycanda Rusiya işğalından sonra, kitab çapı və qəzetçiliyin başlanması ilə tətbiq olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətində (1918-1920) ilkin senzura mətbuat haqqında qanunla tam ləğv edilmişdi, lakin Sovet hakimiyyəti gəldikdən sonra 70 il ərzində ölkədə insan həyatının bütün sahələri ən ciddi nəzarət altına alındı.  Sovet hakimiyyətinin ilk on ili ərzində minlərcə mütəfəkkir, ədəbiyyat və incəsənət xadimi, müəllim fikirləri Kommunist Partiyasının hakimiyyətdə olan fraksiyasının baxışları ilə üst-üstə düşmədiyinə görə repressiyaya məruz qalmışdı.  Bütün nəşriyyatlar, kütləvi informasiya vasitələri dövlətə məxsus idi, lakin bu dövlət müəssisələrinə də etibar etmirdilər.  SSRİ-də ilkin senzuranı hər şeyə qadir olan Qlavlit - Baş Ədəbiyyat İdarəsi həyata keçirirdi.  Sonralar onun adı dəyişdirilərək Mətbuatda Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi qoyulsa da, o, bütün dünyada ilk adı ilə məşhurdur.  Qlavlitin əməkdaşları 80-ci illərin sonunda kommunist rejiminin süqutuna qədər bu nəhəng ölkənin bütün ərazisində nəşriyyatların buraxdıqları, rəssamların çəkdikləri, radio və televiziyanın yayımladıqları hər şeyi diqqətlə nəzərdən keçirməli və icazə verməli idilər.

Azərbaycanda senzura ilə gərgin mübarizə 1988-1991-ci illər milli-azadlıq hərəkatı dövründə, ilk müstəqil qəzetlər yarandıqdan sonra başlandı.  1989-cu il ümummilli nümayişlər və tətillər vaxtı rejim o qədər sarsılmışdı ki, Qlavlitin Azərbaycan şöbəsi demokratik nəşrlərin və onlara arxa duran Xalq Cəbhəsinin təzyiqinə davam gətirməyərək elan etmişdi ki, qəzetlər bundan sonra ilkin senzuradan keçməyə bilər.  Bu halda qəzetlərin redaktorları baş verə biləcək nəticələrə görə məsuliyyəti yazılı şəkildə öz üzərlərinə götürməli idilər və bir çox qəzet redaktorları Qlavlitin "xidmət"indən həvəslə imtina etdi.

1990-cı il faciəli 20 Yanvar hadisələrindən sonra SSRİ hökuməti fövqəladə vəziyyət tətbiq etdi.  Fövqəladə vəziyyət haqqında qanuna uyğun olaraq respublikada siyasi senzura bərpa olundu.  Onu Bakıya yeridilmiş Sovet ordusu hissələrinin komandanlığına tabe olan hərbi və mülki senzorlar həyata keçirdi.

Lakin SSRİ-nin və insan üzərində ümumi nəzarət sisteminin dağılması prosesini dayandırmaq mümkün deyildi.  1991-ci ilin əvvəlində hərbi vəziyyət ləğv edilir, Qlavlit isə hələ də qalmasına baxmayaraq, artıq qəzetlərə çap olunana qədər baxmır.

1993-cü ilin aprelində Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar Xalq Cəbhəsi hökuməti ölkədə fövqəladə vəziyyət tətbiq edir və həmçinin yenidən ilkin senzura bərpa olunur.  Onu yenidən qurulmuş Qlavlit həyata keçirir.  Elə həmin keçmiş sovet senzorları hökumətin fəaliyyətini tənqid edən materialları qəzet səhifələrindən kəsib çıxarmağa başlayırlar.  Bir aydan sonra jurnalistlərin və ictimaiyyətin təzyiqi altında Qlavlitin köhnə rəhbərliyi uzaqlaşdırılır və senzuraya rəhbərlik etmək Xalq Cəbhəsinin gənc üzvlərindən birinə tapşırılır.  Lakin o, vəzifəsində çox qala bilmir. 1993-cü ilin yayında hakimiyyətə gələn Heydər Əliyev "köhnə yoxlanılmış kadrlar"ı öz yerlərinə bərpa edir. 

Heydər Əliyev 1993-cü ilin payızında fövqəladə vəziyyəti ləğv edir, lakin ilkin senzura qalır. 1996-cı ildə, qəzet redaktorlarının sözlərinə görə, senzura yumşaldılır, indi prezident və onun ailəsindən başqa hər kəsi, hər şeyi tənqid etmək olardı. 

Senzura bu şəkildə 1998-ci ilə qədər davam edir.  Həmin il növbəti prezident seçkiləri ərəfəsində ölkəni azad və ədalətli seçkilər keçirilməsi və vətəndaş azadlıqlarının müdafiə edilməsi tələbləri ilə kütləvi mitinq və nümayişlər dalğası bürüyür.  Azərbaycanda senzuranın ləğv edilməsi uğrunda mübarizəyə beynəlxalq demokratik təşkilatlar da ciddi dəstək verirlər.  Onlar təkidlə Azərbaycan hökumətindən senzuranın ləğv olunmasını tələb edirlər.  1998-ci il avqustun 6-da, seçkilər ərəfəsində Heydər Əliyev öz fərmanı ilə Qlavliti ləğv edir.  Söz azadlığı uğrunda mübarizə məhkəmə zallarına keçir...

İlkin senzuranın ləğv edilməsi Azərbaycan cəmiyyətinin inkişafında bütöv bir dövrün başa çatması ilə əlaqədardır.  Axırıncı senzorla birlikdə həyatımızdan labüd olaraq özündə avtoritar dünyagörüşü, həyat tərzi və idarəetmə formasını cəmləşdirən bütöv bir nəsil də gedir.  Çox çəkməyəcək ki, yeni nəsillərin bizim dövrü və onun qəhrəmanlarını təsəvvür etməsi çətin olacaqdır.  Tanınmış telejurnalist Çingiz Sultansoyun Qlavlitin ləğv olunması haqqında fərmandan dərhal sonra bu idarənin sədr müavinindən götürdüyü müsahibə məhz məsələni güzgüdəki kimi əks etdirdiyinə görə dəyərlidir.  Bundan başqa, azadlığın müdafiəsinə dair səmimi (və qeyri-səmimi) nitqlər tez-tez səslənir, lakin azadlığın əleyhinə açıq çıxışlara müasir tariximizdə nadir hallarda rast gəlinir.

 

 

ÇİNGİZ SULTANSOY
Sonuncu senzor (sentyabr 1998)


O vaxtlar...  cəmiyyətin özündə belə bir tərbiyə var idi: hamı bilirdi ki, nəyi olar, nəyi olmaz.


"...1965-ci ildə məktəbi qurtardım.  Təyinatla üç il rayonda işlədim, sonra Bakıya qayıtdım.  Təsadüf idi, 1969-cu ildə yaxın  jurnalist dostum mənə dedi ki, bəs onlarda Qlavlitdə iş yeri var.  Gəldim idarə rəisinin yanına, o mənimlə söhbət etdi, dünyagörüşüm, savadım barədə müəyyən suallar verdi.  Sənədlərimi təqdim etdim və məni işə qəbul etdilər.  Görünür, mən bu idarəyə lazım olan səviyyədə olmuşdum. 

İşləməyə başladığım dövrdə SSRİ vaxtları idi, o vaxt iş maraqlı idi.  O vaxt televiziya, radio komitəsi, informasiya agentliyi, kinostudiya - bu obyektlərə Qlavlit baxırdı.  Söhbət ondan getmir ki, nəyisə çıxarasan, nəyəsə imkan verməyəsən.  Söhbət ondan gedir ki, sadəcə olaraq həyatın ən qaynar nöqtələrində olursan... 

Hərənin bir peşəsi, sənəti olar.  Hər kəs ilk növbədə o işə vicdanla yanaşmalıdır.  Arxaya baxanda mən öz işimə görə xəcalət çəkmirəm, nə də heç kəsin qabağında gözükölgəli deyiləm, eyni zamanda 29 il bu sahədə işlədiyimə də bir peşmançılıq çəkmirəm, çünki bu da işdir, dövlət işidir və kimsə burada işləməli idi...

Qayıdıram öz işimə.  SSRİ vaxtında mən Qlavlitdə sıravi redaktor işləmişəm, şöbə rəisi olmuşam və [eyni zamanda] yaradıcılıqla məşğul olmuşam.  Mənim radioda, televiziyada, qəzetlərdə, jurnallarda, hətta kinostudiyada da verilişlərim gedib.  Mən özüm yazıçıyam.  Elə olurdu ki, bir ayda mən maaşımdan artıq qonorar almışam.  Mən öz ailəmi təmiz zəhmətlə, təmiz əməyimlə dolandırmışam.  

İşlədiyim dövrdə elə bir hadisə olmayıb ki, şairlərimizin, yazıçılarımızın, jurnalistlərimizin yaradıcılığına zərbə vuran, mane olan dəqiq bir şey olsun.  O vaxt [Azərbaycan Kommunist Partiyasının] Mərkəzi Komitə[si] də var idi, elə-belə deyildi, təkcə Qlavlitlə iş bitmirdi.  

O vaxtlar istər yazıçılarda, şairlərdə, jurnalistlərdə, cəmiyyətin özündə belə bir tərbiyə var idi: hamı bilirdi ki, nəyi olar, nəyi olmaz.  Siyasi baxımdan.  Bu, onların daxili senzurası idi...

1992-ci ildə, SSRİ dağılandan sonra, təbii ki, bu idarə də istər-istəməz öz fəaliyyətini bir az məhdudlaşdırıb və dövlət sirrinin mühafizəsi məsələsi ilə məşğul olubdur.  1996-cı ildən sonra kitablar, jurnallar, bütün nəşrlər heç bir nəzarət olmadan çap olunub.  Yeganə qəzetlər ancaq dövlət sirlərinin mühafizəsi baxımından baxılıbdır.  Mən hərdən yoldaşlara deyirəm: əgər senzura vardırsa, onda nəyə görə ölkədə 500-600 müstəqil qəzet istədiyini yazır? 1998-ci il 6 avqustda prezident Heydər Əliyev cənablarının fərmanı ilə Mətbuatda Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv olundu.  Siz o vaxtkı müxalifət qəzetlərini götürün - "Yeni Müsavat", "Azadlıq", "Müxalifət" - onlar bu gün hansı mövzuya toxunurlarsa, həmin şeydən o vaxt da yazırdılar.  O vaxt elə bir senzura söhbəti yox idi.  Sadəcə olaraq bir az, düzdür, beynəlxalq  təşkilatlar deyirdilər ki...  Amma bizdə senzura? Yenə deyirəm sizə -  bizim idarə ancaq dövlət sirlərinin mühafizəsi ilə məşğul idi və bu baxımdan biz, bəli, müəyyən şeyləri çıxarırdıq.  Yəni Azərbaycan dövlətçiliyinə xələl gətirə bilən məlumatları, həqiqətən də, biz çıxarırdıq.  

İmkan vermək lazımdır ki, yavaş-yavaş tarixi proseslər nəticəsində müəyyən nöqsan varsa, qüsurlar varsa, onlar proses nəticəsində kənarlaşdırılsın. Yoxsa zorən beş-altı ildir ki, müstəqillik yolu ilə addımlayan Azərbaycan bu gün Fransa olsun, Amerika olsun... 

Prezidentin fərmanından əvvəlki vəziyyətlə indikinin fərqini soruşursunuz.  Bir misal deyim.  Müdafiə Nazirliyi mətbuat xidmətinin [bu yaxınlarda] bir bəyanatı çap olundu və bu bəyanatda deyildi ki, mətbuatı mühafizə edən baş idarə ləğv olunandan sonra bəzi qəzetlər Azərbaycan ordusuna iftira, böhtan xarakterli yazılarla hücuma keçiblər. Bunların arasında hətta hərbi sirlər də açıqlanıb.  Ona görə də bu günlərdə hər bir qəzetin redaktoru, hər bir jurnalist hərbi mövzuda yazı yazarkən o mövzuya qarşı çox diqqətli olmalıdır.   

Bundan başqa, ola bilər ki, bu gün qəzetlərdə şəxsiyyətə, onun ləyaqətinə, millətin əxlaqına uyğun gəlməyən müəyyən şeylər gedir.  Qabaq onu məqsədəuyğun saymayıb müdaxilə edirdik.  Deyirsiniz bu işlərə məhkəmə qarışsın.  Axı bizdə bu mexanizm hələ yeni yaranır.  Təbii ki, nə vaxtsa o da olacaq.

Mən sizə bir şey deyim.  Mütəxəssislər belə bir fikri irəli sürürlər ki, canavar sürüdə xəstə heyvanları məhv edir, sürünü sağlamlaşdırır.  Sürüdə xəstə heyvan olacaqsa, sabah o kəsiləndə insan onun ətini yeyəcəksə, deməli, xəstələnəcək.  Yəni canavar çox böyük təmizlik işi aparır.  Yəni bir var, bütün profilaktik işləri aparasan ki, insan xəstələnməsin, bir də var, gözləyəsən ki, insan xəstələnsin, sonra başlayasan onun müalicəsinə.  Sabah elə bir yazı, məqalə çıxa bilər ki, böyük bir hadisə törənər, düşmənçilik olar, qəza da ola bilər.  Amma haradasa biz ona baxanda belə şeylərin də qarşısını almışıq, redaktor bilmədən onu qorumuşuq, kənar təzyiqlərdən onu qorumuşuq.  Bəli, belə şeylər olub, belə şeylər var... 
  
Dövlət sirlərini mühafizə edən idarənin ləğvi seçkiqabağı ona görə vacib idi ki, xaricdə insan hüquqlarını müdafiə edən təşkilatlar və daxildə müxalifət deyirdilər ki, qəzetlərə nəzarət var, senzura var.  Bu, ləğv olunmalı idi ki, bu söz-söhbət yığışdırılsın və hamı görsün ki, burada hər kəs azad şəkildə öz fikrini mətbuatda izah edə bilər... 

Jurnalistlərlə bizim fərqimizi soruşursunuz, bilirsiniz, o bundadır ki, jurnalist heç vaxt istəmir ki, onun yazısına, balaca olsa da müdaxilə olsun, demirəm senzura nəzarəti baxımından, hətta redaktə baxımından onun yazısına əl çəkilsin, toxunulsun.  Onlar bunu istəmədiyi halda bizim sahədə elə olur ki, həmin jurnalistin məqaləsində hansısa fikri, sözü dəyişdirəsən, çıxarasan.  İşin özü də, tutduğun  metod, mövqe, gördüyün iş də tələb edir ki, yəni bu, dövlət sirri, hərbi sirr olmasın.  O yazır, bu çıxarır.  Bunun fərqli cəhətləri var"... 

 


______________________________________
1 Cenzura (lat.) - dövlət nəzarəti - red.


  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan