Print Version   Download Zip File

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001

 

61. AVROPADA VƏ ABŞ-DA SÖZ AZADLIĞININ HÜDUDLARI HAQQINDA

1998-ci ildə Azərbaycanda senzuranın ləğvindən bəri özünüifadə azadlığının hansı həddəcən gedib çıxa biləcəyi haqqında mübahisələr heç cür səngimək bilmir, məhkəmələrimizdə, eləcə də qəzet səhifələrində daim müzakirələr gedir ki, nələri insanın şəxsi ləyaqətinin alçaldılması saymaq olar; bizdə prezidentin ləyaqətinin xüsusi qanunla qorunması demokratiyaya uyğundurmu; pornoqrafiyaya qadağa qoymağa zərurət varmı və ümumiyyətlə, nəyi pornoqrafiya saymaq olar; zorakılıq, müharibə və hər cür diskriminasiyanın təbliğini qadağan etməyə ehtiyac varmı və nəyi bu cür təbliğat saymaq olar?

Bütün demokratik konstitusiyalarda özünüifadə azadlığının qorunması və insanın şəxsi ləyaqətinin dövlətin qəsdlərindən müdafiəsi haqqında müvafiq müddəalar var, lakin bu konstitusiyaların əksəriyyəti, habelə insan hüquqları haqqında bütün beynəlxalq sazişlərdə belə bir müddəa da var ki, bu azadlıqlar və hüquqlar "ictimai mənafe" ilə, yəni ictimai əxlaq və təhlükəsizliklə ziddiyyətə girdiyi hallarda məhdudlaşdırıla bilər, lakin bu hüquq və azadlıqların dəqiq sərhədini necə müəyyən etmək olar?

Bundan əlavə, söz azadlığının ölçüsü ölkənin milli, yaxud dini mədəniyyətindən asılıdırmı? Axı Qərbdə məqbul sayıla biləcək bir şey Uzaq Şərqdə və ya müsəlman ölkəsində çoxları tərəfindən cəmiyyətə zidd sayıla bilər. Qeyd edək ki, bu mübahisələrin tarixçəsi mətbu sözün tarixi qədər qədimdir və bu mübahisə dünyanın demok-ratik ölkələrində bu gün də davam etməkdədir.

Yuxarıda mən heç də təsadüfən qeyd etmədim ki, demokratik konstitusiyaların əksəriyyətində (o cümlədən Azərbaycan Konstitusiyasında) ictimai mənafeyin qorunması  haqqında müddəa var, lakin ABŞ Konstitusiyas-ında əslində belə müddəaya rast gəlinmir və özünüifadə azadlığına Amerika və Avropa yanaşmasının əsas fərqi məhz elə bundadır. Bundan əlavə, ABŞ-da hakimlər 20-ci əsrin əvvəllərindən ictimai mənafe haqqında müddəanı bir vaxtlar Avropada və hazırda bizdə  təfsir edildiyindən tam fərqli şəkildə yazmağa başlamışlar. Amerika hakimləri ingilis Ceremi Bentam və Corc Stüart Millin liberal nəzəriyyəsini rəhbər tutmuşlar. Bu nəzəriyyəyə görə, geniş və açıq müzakirələri dəstəkləmək də ictimai mənafe sayılır və bunsuz demokratiya mümkün deyildir. Özünüifadə azadlığı hətta kiminsə hisslərini təhqir etdikdə belə buna dözmək lazımdır, çünki o, demokratiyanın özünü təşkil edir. Bundan çıxış edərək, ABŞ-da prezidentin, yaxud hansısa nüfuzlu ictimai xadimin şəxsi həyatına müdaxilə etmək adi vətəndaşın həyatına qarışmaqdan qat-qat asandır, çünki bunu "icti-mai mənafe" tələb edir, belə ki, insanların öz talelərinin asılı olduğu kəs haqqında hər şeyi bilmək haqqı vardır.

Daha bir vacib məqam: 19-cu əsr ingilis liberallarının "ictimai mənafe" haqqındakı bu müddəasını qəbul etdikdə də, belə bir məsələ aydınlaşdırılmamış qalır ki, pornoqrafiyanın yayılması, yaxud faşizmin təbliği hansı ictimai maraqlara xidmət edir? Bu sualın cavabını tapmaq üçün tanınmış liberal filosof, Oksford Universitetinin profes-soru Ronald Dvorkinin İngiltərədə çıxan "Index on Censorship" ("Senzura üçün dosye") jurnalında 1994-cü ildə dərc olunmuş məqaləsinə müraciət edək.


RONALD DVORKİN
Senzuranın yeni xəritəsi (1994)


... mədəniyyətimizi pornoqrafiya və ya irqi ədavətlə yoluxdurmağa heç kəsin haqqı olmadığı barədə bəyanatlarla çıxış etmək cazibəsi, tamahı bəlkə də rəfedilməz görünə bilər. Lakin hər hansı bir qadağanı tətbiq etməklə biz hətta bu cür insanların da sonralar bizim qanunlar külli-yyatına daxil ediləcək kollektiv qərarlara tabe olunmasını tələb etmək hüququmuzu təhlükə altına qoymuş olarıq.


"İndeks" jurnalının təsisçiləri söz azadlığını, eləcə də onunla bağlı vicdan və din azadlığını dünya birliyinin qorumağa borclu olduğu fundamental insan hüquqları sayırlar. Lakin hazırda sanki heç bir şübhə doğurmayan bu mövqeyə qarşı yalnız azadlığın əski düşmənləri - ondan qorxmağa əsası olan tiranlar və hakimiyyətə gəlmiş oğ-rular deyil, həm də onun yeni düşmənləri,  özlərini tiraniyanın deyil, məhz haqq-ədalətin carçıları adlandıranlar da çıxış edirlər. Sonuncular bizim üçün vacib olan digər dəyərlərdən (öz müqəddəratını təyin etmək hüququ, bərabərlik, irqi ədavət və xurafatdan azad olmaq) dəm vursalar da birincilər kimi iddia edirlər ki, söz azadlığı hüququ əsaslı məhdudlaşdırılmalıdır.

Söz azadlığına bu cür münasibət, qismən də olsa, Qərbin dəyərlərini digər mədəniyyətlərə zorla qəbul etdirmək istəməməkdən irəli gəlir. Söz azadlığının bir para tənqidçiləri deyirlər ki, bəli, söz azadlığı üzərində bizim dünyəvi cəmiyyətin yüksəldiyi ənənəyə daxildir, lakin onu tamamilə başqa həyat tərzinə şamil etmək olmaz. Biz tələb edə bilmərik ki, sosial quruluşu və milli şüuru müəyyən dinin ali nüfuzuna əsaslanan hansısa xalq öz inanclarına münasibətdə təhqir və hörmətsizlik hesab etdiyi bir şeylə razılaşsın. Gözləmək olarmı ki, müəyyən bir dinə tapınan, onu istənilən digər dəyərlərdən yüksək tutan insanlar bu dinə göstərilən açıq-aşkar sayğısızlıqla barışmış olsunlar?

Başqa tənqidçilər təsdiq edirlər ki, hətta Qərb demokratiyasında, xüsusilə ABŞ-da söz azadlığının əhəmiyyəti hədsiz şişirdilir. ABŞ Ali Məhkəməsi Skoki işiylə (1977-ci il) əlaqədar, Holokostu (yəhudilərin soyqırımını) öz gözləriylə görmüş yəhudilərin məskunlaşdığı İllinoys ştatının Skoki şəhərciyində nasist şüarlar altında yürüş keçirmək niyyətində olan neofaşistlərin nəfinə Konstitusiyaya birinci düzəliş əsasında qərar çıxardıqda bir çox ləyaqətli insanları heyrət bürüdü ki, insan hisslərinin bu cür açıq-aşkar təhqir edilməsi ədalət mühakiməsi adın-dan qanuni elan edilir(1).

Skoki işindən sonra ötən onilliklər ərzində amerikalılar belə bir fikrə daha çox inanmışlar ki, dözümsüzlük və dözümsüz davranış (hate speech and hate qesture) məşum və təhlükəli qüvvədir. "Dözümsüzlük dili"nə görə təqibetmə xüsusilə universitetlərdə təhlükəli olmuşdur, orada həm "dözümsüzlük dili"nin qurbanları qadınlar və milli azlıqların nümayəndələridir, həm də "affirmativ aksiya"ların (yəni milli azlıqlardan olan tələbələrin nümayəndələrinin sayının artırılmasına hesablanmış güzəştli proqram) doğurduğu reaksiya "dözümsüzlük dili"nə  əlavə təkan vermişdir.

Bəzi universitetlərdə rəsmi surətdə seksist yönlü çıxışlara, habelə hər hansı irq, din və ya seksual təmayül üçün təhqir sayıla biləcək ifadələrə qadağa qoyan "nitq kodeks"ləri qəbul edilmişdir; söz azadlığının bu cür açıq-aşkar pozulmasına bəraət olaraq göstərilir ki, guya bu cür məhdudiyyətlər bütün tələbələrin ləyaqət və bərabərliyinin müdafiəsi üçün zəruridir. Özü də bu zaman, "nitq kodeks"lərinin bəzi müdafiəçiləri nəinki söz azadlığı prinsiplərindən müəyyən istisnalar tələb edirlər, həm də ümumiyyətlə onun müstəsna əhəmiyyətini inkar edirlər. Onların dediyinə görə, liberal müəlliflərin bu cür canfəşanlıqla, özü də öz mənafeləri naminə tərənnüm etdikləri söz azadlığı yoxsul və məzlumlara heç bir fayda gətirmir, əksinə, çox vaxt onların sıxışdırılmasına haqq qazandırmağa xidmət edir. Bu sayaq tənqidçilərdən biri - Stenli Fiş bildirmişdir: "Heç bir söz azadlığı yoxdur və Allaha şükür ki, bu, belədir".

Lakin demokratik dünyada söz azadlığına ən çılğın hücumları feminist qadınlar edir. Onlar pornoqrafiyaya qarşı qanunların qəbul olunmasını - onun tamamilə qadağan edilməsindən tutmuş zorlamada və ya digər cinayətdə ittiham olunan şəxs andlıları məhz pornoqrafiyanın təsiri altında hərəkət etdiyinə inandırdığı hallarda naşirlərin cərimə edilməsi kimi nisbətən yumşaq tədbirlərin görülməsinə çalışırlar. Onlar iddia edirlər ki, pornoqrafiya qadına yalnız seks obyekti kimi baxıldığı və onun hər cəhətdən kişiyə tabe olduğu mədəni mühitə mənfi təsir göstərir. Etiraz edəndə ki bu cür senzura ən mühüm hüquqlardan birinin pozulması deməkdir, amerikalı feminist qadın Katarina Makkinon qəzəblə cavab verir ki, amerikalılar söz azadlığını göylərə qaldırmaqda absurda gəlib çıxıblar və dünyanın bir çox ölkələrində söz azadlığına daha ağıllı münasibət bundan ibarətdir ki, ona o daha mühüm məqsədi təhlükə altına almayana qədər yol verirlər. Hətta "İndeks" jurnalının köhnə və hörmətli dostu Tom Stoppard da söz azadlığını digər dəyərlərə tabe etdirmək üçün indiki kampaniyaya qoşulmuşdur. Xomeyn-inin Salman Rüşdinin ölümünə fitva verdiyi günün ildönümündəki nitqində Stoppard bildirmişdir ki, heç şübhəsiz, İran ruhaniliyinin Britaniyada adam öldürmək haqqında əmr verməyə heç bir ixtiyarı yoxdur, lakin bununla belə, söz azadlığını insanın fundamental hüquqlarından biri saymaq səhv olardı. O demişdir: "İrqi ədavəti qızışdırmağa imkan yaradan əsərin qadağan edilməsi ağzınacan dolu teatrda yalançı yanğın həyəcanına qadağa qoymaq kimi Qərbin liberal şüurunun ayrılmaz hissəsidir".

Bu mülahizələr xeyli ciddidir və çoxlarına inandırıcı görünə bilər. Məhz bu səbəbdən həmin fikir xüsusilə söz azadlığı üçün ciddi təhlükə doğurur - axı onun müdafiəçiləri olan bizlər hücum başqa mədəniyyətin nümayəndələri tərəfindən aparıldıqda və ya tənqid obyektinin özü bizim üçün xırda və ya dəyərsiz göründükdə mövqeyi daha asan əldən veririk.

Lakin əgər biz mövqeyi bircə dəfə belə əldən versək yalnız bu halda deyil, ümumiyyətlə, prinsipin özü ziyan çəkəcək. Buna görə söz azadlığı haqqında müzakirələrdə irəli sürülən konkret dəlillərdən müvəqqəti olaraq uzaqlaşmaq və məsələnin daha ümumi təşkilinə çalışmaq lazımdır. Söz azadlığı insanın universal hüququ, elə bir əsaslı hüququ sayıla bilərmi ki, biz hətta onun adət edilmədiyi, milli mədəniyyətə yad olduğu yerdə belə onun təmin edilməsi uğrunda mübarizə aparaq? Doğrudan, söz azadlığı elə vacibdirmi ki, onun naminə biz çirkin və fəsadlar törədə biləcək mülahizələrlə barışmağa məcbur olaq?

Sonuncu sual heç də o demək deyildir ki, mən son zamanlar söz azadlığından sui-istifadənin fəlakətli nəticələri barəsində geniş yayılmış fikirləri dəstəkləyirəm. Bu cür fikirlər çox vaxt əsassız, bəzən isə gülünc olur. Lakin əgər söz azadlığı onun bir çox müdafiəçilərinin əvvəllər düşündüyü kimi fundamental hüquqdursa, o zaman biz hətta mümkün ziyanlı nəticələrə baxmayaraq onu müdafiə etməyə borcluyuq və izah etməyi bacarmalıyıq ki, biz nəyə gedirik. Bundan əlavə, biz öz mövqeyimizi müdafiə edərkən yadda saxlamalıyıq ki, biz haqlıyıqsa nəylə barışmalı olacağıq.

Jurnalistlərin korrupsiya hallarını tədqiq edə bilməsi hüququnu, yaxud ciddi yazıçıların intellektual və ədəbi məkanın hüdudlarını təhqiq etmək hüququnu qorumaq bir o qədər də çətin deyildir. Lakin söz azadlığı ona uni-versal hüquq statusu verildikdə ayaqlarını aralamış çılpaq qadın təsvirlərini yayan pornoqrafiya məmulatı isteh-lakçılarını da müdafiə edir, dörd bir tərəfə ədavət toxumu  səpən svastikalı və bəyaz ku-kluks-klan başlıqlı irqçiləri də qoruyur.

Hər şeydən öncə, etiraf etmək lazımdır ki, söz azadlığının ən məşhur və geniş tanınmış məddahı Con Stüart Mil-lin "Azadlıq haqqında" essesi bu hüququ bu cür geniş həcmdə müdafiə edə bilmir. Mill yazırdı ki, hətta bizim qəbul edə bilmədiyimiz mülahizələrə belə dözmək lazımdır, çünki istənilən ideya üçün açıq olan azad diskussiya həqiqətin üzə çıxması üçün ən əlverişli şərait yaradır. Lakin hansısa dinin çılğın tərəfdarları, bir qayda olaraq, buna tam əmindirlər ki, həqiqət artıq onlara məlumdur və çətin ümid etmək olar ki, onlar Millin şübhə doğuran epistemologiyasını öz Əhdi-cədidlərindən üstün tutmuş olsunlar. Elə bizim özümüzü də Millin nikbinliyi söz azadlığını insanın əsas hüququ kimi qəbul edən prinsipial tərəfdarların fikrincə, barışmağın zəruri olduğu bir çox şeylərlə barışdıra və bunun zəruriliyinə inandıra bilməz. Pornoqrafiya çətin ki, "ideyalar bazarı"na mal çıxar-mağa qabil olsun və tarix irqçi fikirlərin faşizmin ifşasına imkan yaratdığına ümid etməyə, demək olar, heç bir əsas vermir. Əgər söz azadlığını mərkəzi hüquq kimi qəbul etsək, o zaman bunun üçün, azadlıq zərurətini onun müsbət nəticələrindən çıxaran Millin azadlığın faydalılığına dair misal gətirdiyi dəlillərdən fərqli əsaslara istinad edilməlidir. Söz azadlığı nəsə bir mərkəzi prinsipə söykənməlidir. Və biz bu prinsipi xülasə etmək zorundayıq. O, şəxsiyyətin ləyaqətinin tanınması ilə müəyyən edilir: dövlətin öz sərəncamında olan məcburiyyət mexanizmlərindən istifadə etməklə, başqa cür düşünənlərə kollektiv və ya rəsmi qərarı zorla qəbul etdirmək üçün qanuni hüququ yoxdur, bu yalnız o halda mümkündür ki, həmin qərar hər bir fərdin cəmiyyətin azad və bərabərhüquqlu üzvü ola bilməsi statusunu tanıyan üsulla qəbul etdirilmiş olsun.

Demokratiyaya inananlar qanunun müdafiəsi üçün (bu qanun əksəriyyətin iradəsini nəzərə alan demokratik prosedurlara uyğun qəbul edilmişdirsə) polis qüvvələrindən istifadə olunmasını ədalətli hesab edirlər. Lakin ma-joritar prosedurlar siyasi qanunçuluğun zəruri şərtini təşkil etsə də bunun üçün kifayət deyil. Əsl demokratiya üçün müəyyən demokratik özülün olması vacibdir; məsələn, vacibdir ki, hüquq səlahiyyəti olan və yetkinlik yaş-ına çatmış hər bir insan majoritar qərarların qəbul edilməsi zamanı səs verə bilsin. Bundan əlavə, lazımdır ki, hər bir vətəndaşın təkcə səs vermək hüququ deyil, həm də öz fikrini sərbəst ifadə etmək hüququ olsun; majoritar qərar yalnız o zaman ədalətli ola bilər ki, o, qəbul edilərkən vətəndaşların öz münasibətlərini, fikrini, şübhə və rəğbətini, habelə öz qərəzli rəyini və ideallarını ifadə etmək üçün (özü də təkcə başqalarına təsir göstərmək məqsədilə deyil - baxmayaraq ki, bunun üçün şəraitin olması da çox vacibdir), həm də özünü kollektiv hərəkətin passiv iştirakçısı kimi deyil, dəyərli üzvü kimi təqdim etmək üçün bərabər imkanları olsun.

Çoxluğun öz iradəsini qərar qəbul olunmazdan əvvəl ona etiraz etmək, ona qarşı çıxmaq və ya sadəcə olaraq onu müzakirəyə qoymaq imkanından məhrum edilmiş cəmiyyət üzvlərinə zorla qəbul etdirmək hüququ yoxdur. Bu, siyasətin legitimliyinin zəruri şərti kimi söz azadlığını qorumaq üçün yeganə olmasa da əsas səbəbdir.

Yalnız bu nəzərdə tutulmur ki, hakimiyyət açıq-aşkar siyasi məzmun daşıyan çıxışları və ya nəşrləri senzuradan keçirməməlidir. Belə ki, konkret cəmiyyətin qanunları və siyasəti təkcə baş məqalələr, partiyalı radioverilişlər və ya rəsmi siyasi çıxışlarla deyil, daha çox rəylərin, xurafatın, zövq və mövqelərin mürəkkəb qatışığından ibarət olan mənəvi və mədəni iqlimlə müəyyən edilir. Kollektiv iradəni zorla qəbul etdirmək və öz siyasi və ya ictimai məsləkini, zövqlərini və ya etiqadlarını qeyri-formal şəkildə ifadə etməklə bu mənəvi iqlimə öz payını vermək istəyənin ağzını yummaq hər hansı bir siyasi pamfleti polisin gücü ilə məhv etmək qədər ədalətsizdir. Bu tezis ifadə edilmiş əqidənin, zövqlərin və ya etiqadların çoxluq üçün nə dərəcədə təhqiredici olmasından və buna qarşı etirazların nə dərəcədə ağlabatan olmasından asılı olmayaraq qüvvədə qalır.

Bu prinsipdən istisnaya yol vermək və bizim ümumi mədəniyyətimizi pornoqrafiya və ya irqi ədavətlə yoluxdurmağa heç kəsin haqqı olmadığı barədə bəyanatlarla çıxış etmək cazibəsi, tamahı bəlkə də rəfedilməz görünə bilər. Lakin hər hansı bir qadağanı tətbiq etməklə biz hətta bu cür insanların da sonralar bizim qanunlar külliyyatına daxil ediləcək kollektiv qərarlara tabe olunmasını tələb etmək hüququmuzu - öz mənəvi hüququ-muzu təhlükə altına qoymuş olarıq. Biz qadınları və homoseksualistləri və azlıqların nümayəndələrini seksizmin, dözülməzliyin və irqçiliyin konkret və ziyanlı nəticələrindən qorumağa borcluyuq. Biz onları işə və ya universitetə qəbul zamanı, mənzil kirayə edərkən və ya cinayət prosesində ədalətsizlik və bərabərsizlikdən qorumağa borcluyuq və biz onları bu cür müdafiə ilə təmin edə biləcək qanunları qəbul etmək zorundayıq. Lakin biz bu ədalətsizlik və bərabərsizliyi, bizim fikrimizcə, onları qidalandıran mövqeləri və xurafatı  qadağan etməklə "beşiyindəcə" məhv etməyə çalışmamalıyıq. Belə ki, ictimai rəyi formalaşdıran bu prosesin xeyli erkən mərhələsində ona müdaxilə etməklə biz demokratların yeganə bəraətini məhv etmiş olarıq; belə ki, onlar təkid edirlər ki, qanunlara hər bir kəs, hətta bu qanunlara nifrət edib onu tanımaq istəməyən kəs də tabe olmalıdır.

Belə bir etiraz irəli sürmək olar - mənim dəlil-sübutlarım ən yaxşı halda onu sübut edir ki, demokratik cəmiyyətdə söz azadlığı zəruridir, lakin bununla heç də sübut edilmir ki, söz azadlığı elə bir universal hüquqdur ki, qeyri-demokratik cəmiyyətdə də ona nail olmağa çalışılsın. Bu etiraza belə bir cavab ağla gələ bilərdi ki, de-mokratiya öz-özlüyündə universal hüquqdur və qeyri-demokratik cəmiyyət - tiraniyadır. Lakin bu cür fikir gedişinə çox da bel bağlamaq olmaz, belə ki, biz siyasi təşkilatın bir forması olan demokratiyanı hakimiyyətin özünün bütün vətəndaşların mənafelərini eyni dərəcədə nəzərə almaq kimi daha fundamental vəzifələrindən fərqləndirməliyik. Sonuncusu isə yəqin ki, insanın fundamental hüququdur; ondan bizim tanıdığımız bir çox, daha az dərəcədə şəxsi olan hüquqlar, o cümlədən söz azadlığı hüququ törəyir.

Hətta hakimiyyət başında generalların və ya peyğəmbərlərin durduğu və adi vətəndaşın gerçək səs hüququndan məhrum olduğu ölkədə də bu vətəndaşın heç olmasa öz fikrini söyləmək, onun taleyini həll edənlərin diqqətini cəlb etmək, yaxud elə-belə öz mənliyi və heysiyyatı xatirinə onun üçün iyrənc və ya ədalətsiz görünən şeylər barəsində sadəcə olaraq öz rəyini bildirmək hüququ olmalıdır. Vətəndaşın səs hüququnu yalnız həbsxana və ya ölüm cəzası qorxusu altında əldə etdiyi hakimiyyət öz təbəələrinə korlanmış, əxlaqsız və kütbeyin adamlar kimi baxır və buna görə o, çətin ki, öz vətəndaşlarının marağını nəzərə almış olsun, belə ki, o yalnız bu vətəndaşların birləşdiyi vahid tamın qayğısına qalmaqla məşğuldur.

Əlbəttə, belə düşünməyə meyllənirsən ki, söz azadlığının müəyyən qismi universal hüquq sayılsa da o, mütləq hüquq sayıla bilməz; düşünmək istəyirsən ki, fikirləri təhlükəli, iyrənc və ya mənəvi, yaxud dini konsensusla bir araya sığmayan kəslər özünə hörmət hüququndan - şəxsiyyətin bütün hüquqlarının əsasında duran bir hüqu-qdan tamamilə məhrum edilirlər. Lakin bu cür şərt prinsipin özünü məhv etmiş olardı - o, yalnız hakimiyyətə xoş gələn və ya ən azı onun üçün qorxulu olmayan ideyaların, zövqlərin və ya etiqadların müdafiəsini təmin edə bilərdi.

Biz istərdik ki, həqarət etdiyimiz kəsləri səs hüququndan məhrum etmək səlahiyyətinə malik olaq, lakin buna yalnız siyasi legitimliyi itirməklə nail olmaq mümkündür, siyasi legitimlik isə, hər halda, bizim həqarətimizdən vacibdir.

Buna görə də bu cür şərt təhlükəlidir. Feminist qadın Ketrin Makkinon və onun tərəfdarları ABŞ-da məğlubiyyətə uğradılar - məhkəmə onların qanun layihəsini Konstitusiyaya zidd saydı. Lakin Kanadanın qanunverici orqanlarını onlar inandıra bildilər - Kanadada Konstitusiya müdafiəçilərinin qəti etirazına baxma-yaraq senzura haqqında sərt qanun qəbul edildi. Lakin Kanadanın yeni qanunlarının qüvvəsi ilk növbədə feminist qadınların qətiyyən nəzərdə tutmadığı şəxslərə şamil edildi. Bunlar görkəmli homoseksualist yazıçılar və ağlara qarşı irqi ədavəti qızışdırmaqda ittiham edilən qara dərili feminist qadın və K. Makkinonun qısa müddətə femi-nist silahdaşı Andrea Dvorkin idi.

Prinsip bölünməzdir və biz onu yalnız öz müsibətimiz hesabına bölə bilərik. Biz yaxın məqsədləri daha vacib hesab edirik deyə azadlığı məhdudlaşdırsaq yəqin tez bir zamanda aşkar edərik ki, bu məhdudiyyətlər bizim deyil, "ağzı fitvalı" fanatik ruhanilərin və öz kin-küdurətlərini əldə silaha döndərmiş fanatik moralistlərin sərəncamında olacaq.


"Index on Censorship", May/June 1994,
33 Islington High Street, London N1 9LH

____________________________________________________________________________________
1 Məhkəmə başa çatdıqdan sonra hakim Arieh Neyer demişdir: "Ola bilsin ki, yəhudilər və onların dostları Skokidə hakimiyyət başında dururlar, lakin ölkədə hakimiyyət onlarda deyil. Və onlar heç vaxt hakimiyyətə gələ bilməyəcəklər. Skokidə yəhudilər özlərini qorumaq üçün məhdudiyyətlər qoyulmasını tələb edir. Lakin bir ovuc nasisti Skoki küçələrindən yığışdırmaq çətin ki, yəhudilərin xeyrinə olsun, belə ki, bundan ilk növbədə ABŞ-da danışmaq, dərc etmək və toplaşmaq azadlığı ziyan çəkəcək... Nasistlərə səs hüququ vermək təhlükəlidir. Lakin yəhudilərə kömək harayını bir-birlərinə və dünyaya çatdırmaq lazım gəldikdə məhz onun sayəsində heç kəsin yəhudilərin ağzını yuma bilməyəcəyi həmin o qanunları məhv etmək daha təhlükəlidir" (red.).


  

"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan