Print Version   Download Zip File

Sahib Məmmədov                   

OMBUDSMAN TƏSİSATI
                   Biz Onun Haqqında Nə Bilirik

Bakı- 2002

İçindəkilər
- Giriş
- Ombudsman təsisatı haqqında
- Digər ombudsman təsisatları və ombudsman təsisatlarına oxşar qurumlar
- Postsovet ölkələrində ombudsman Təsisatının fəaliyyəti ilə bağlı təcrübə
- Beynəlxalq statuslu ombudsman
- Azərbaycan respublikasında ombudsman təsisatının perspektivi
- Yekun
- Ombudsman təsisatına dair digər ölkələrin Qanunvericilik aktlarından nümunələr
- AzResp insan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında AzResp Konstitusiya Qanunu
- Zəruri ünvanlar
- Ədəbiyyat

* * *

Sahib Məmmədov                   
(Vətəndaşların əmək hüquqlarını Müdafiə liqası)         

OMBUDSMAN TƏSİSATI

Giriş
 
İnsan hüquqlarının və əsas azadlıqların təmin olunması uğrunda həyata keçirilən çoxəsrlik mübarizə ikinci dünya müharibəsindən sonra daha da geniş vüsət aldı. Müharibədən dərhal sonra 1945-ci ilin oktyabrında BMT-nin nizamnaməsi qəbul olundu və az sonra bu nizamnamənin  68-ci maddəsinə uyğun olaraq İnsan hüquqları komissiyası yaradıldı.

Məhz bu komissiyanın səyləri nəticəsində 1948-ci ilin dekabr ayında İnsan Hüquqlarına dair Ümumi Bəyannamə qəbul olundu. Bir sıra Avropa dövlətləri 1949-cu ilin avqustunda Avropa Şurasının nizamnaməsini qəbul edərək əsas məqsədi insan hüquqlarının müdafiəsi olan  beynəlxalq təşkilatın əsasını qoydular. Avropa Şurasını təsis etmiş dövlətlər 1950-ci ilin noyabrında Romada "İnsan hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa Konvensiyası"nı qəbul etdilər. Konvensiyada əks olunmuş prinsiplərə uyğun olaraq 1959-cu ildə Strasburqda İnsan hüquqları üzrə Avropa Məhkəməsi fəaliyyətə başladı. 1966-cı ildə BMT-nin himayəsi ilə "Sosial-İqtisadi və mədəni hüquqlara dair Beynəlxalq Pakt", "Mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakt" və ona əlavə olaraq Qeyri-məcburi protokol qəbul olundu. Bu sənədlər zəruri ratifikasiya səslərini toplayaraq 1976-cı ildə qüvvəyə mindi və Bu pakta əsasən İnsan Hüquqları Komitəsi fəaliyyətə başladı. Protokolu qəbul etmiş ölkələrdə yaşayan insanların Bu komitəyə fərdi qaydada şikayət etmək imkanı yarandı. Bu mühüm hadisədən bir il öncə isə 1975-ci ildə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə "Helsinki yekun Aktı" qəbul edildi. Mühüm hadisələrin baş verdiyi dövrdə İnsan hüquq və azadlıqlarının təmin olunmasına yönəlmiş çoxsaylı beynəlxalq sənədlər qəbul olunaraq qüvvəyə minmişdir.

Sosializm sisteminin süqutu dünyada insan hüquqlarının tamamilə bərqərar olunması istiqamətində ciddi dönüş yaratdı və 1990-cı ilin noyabrında ATƏM-in Paris sammitində "Yeni Avropa üçün Paris Xartiyası" adlanan sənəd qəbul edildi. 2001-ci ildə bütün tərəqqipərvər bəşəriyyət aparteidin ləğvinin onuncu il dönümünü qeyd etdi.

Yuxarıda sadalanan bu hadisələrin hamısı yaxın onilliklərdə-ikinci dünya müharibəsindən sonra baş vermişdir. Təəssüflə qeyd olunmalıdır ki, insan hüquqlarının bərqərar olunması və əsas azadlıqların təmin edilməsi istiqamətində həyata keçirilən bu nəhəng işlər indiyədək yer planetində İnsan hüquqlarını tamamilə təmin edə bilməmişdir. Bu gün dünyanın onlarla ölkəsində insan hüquqları kobud surətdə pozulur və bu baxımdan İnsan hüquqlarının müdafiəsi bəşəriyyəti düşündürən ən aktual problemlərdən biri olaraq qalmaqdadır. Qeyd olunduğu kimi insan hüquqları kütləvi şəkildə totalitar və avtoritar rejimlərin hakim olduqları ölkələrdə baş verir. İnsan hüquqları, demokratiyanın hakim olduğu ölkələrdə də pozulur. Lakin totalitar və avtoritar rejimlərdən fərqli olaraq demokratik rejimlərin mövcud olduğu ölkələrdə hakimiyyət insan hüquqlarının pozulmasının qarşısının alınması üçün səylər göstərirlər və bu baxımdan həmin ölkələrdə hüquq pozuntuları total xarakter daşımır. Hüququ pozulan şəxs isə öz pozulmuş hüquqlarını bərpa etmək imkanına malikdir. Totalitar və avtoritar rejimlərin hakim olduqları ölkələrdə isə insanların hüquqlarının pozulmasına hakimiyyətin yuxarı eşelonları, yaxud diktator özü rəvac verir və ona rəhbərlik edir. Demokratik rejimlərdə hakimiyyət insan hüquqlarının pozulmasının qarşısını almaq məqsədi ilə əlavə qanunlar qəbul edilməsinə və mexanizmlər yaradılmasına çalışırlar. Totalitar və avtoritar rejimlərdə isə hakimiyyət, yaxud diktator insanları daha da müti etmək, qorxu xofu içərisində saxlamaq, cəza növləri tətbiq etmək üçün mexanizmlər və metodlar fikirləşirlər. Demokratiyanın hakim olduğu ölkələrdə inzibati idarəetmə orqanları tərəfindən insan və vətəndaş hüquqlarına əməl olunmasına nəzarəti həyata keçirən müxtəlif təsisatlar mövcuddur.

Hazırda insan hüquqlarının müdafiəsi konsepsiyasının praktik olaraq təkcə dövlətin fəaliyyətinin bütün sferalarına deyil, həm də müasir cəmiyyətdə ictimai və şəxsi həyata aidiyyatı vardır. Odur ki, hazırda insan hüquqlarına hörmət bəsləyən hər bir ölkədə bu hüquqların qorunmasını təmin edən müxtəlif mexanizm və qurumlar mövcuddur. Belə qurumların içərisində həmkarlar ittifaqları, dini təşkilatlar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, dövlət qurumlarından isə məhkəmələr, parlament komissiyaları, icra strukturlarına tabe olan təsisatlar vardır.

Fəaliyyəti İnsan hüquq və azadlıqlarının təmin olunmasına yönələn dövlət qurumlarını (məhkəmələr istisna olunmaqla) əsasən iki böyük qrupa bölmək olar. Bunlar İnsan hüquqları üzrə komissiyalar (bəzən komitələr) və Ombudsmandır (insan hüquqları üzrə müvəkkil) Biz aşağıda insan hüquqları komissiyaları və onların fəaliyyəti haqqında qısa məlumatdan sonra ombudsman təsisatı haqqında məlumatlar verəcəyik.

Bir çox ölkələrdə insan hüquqları üzrə xüsusi komissiyalar insan hüquqlarına dair qanunvericilik normalarının effektiv fəaliyyətinin və tətbiqinin təmin edilməsi məqsədi ilə yaradılır. Belə komissiyalar dövlət orqanları tərəfindən təşkil olunmalarına (istər parlament, istərsədə icra hakimiyyəti) bir çox hallarda müstəqil  olurlar və yalnız fəaliyyətləri və insan hüquqlarına dair vəziyyətlə bağlı onları yaratmış qurumlara hesabat verirlər. Komissiyaların fəaliyyəti insan hüquqlarının müxtəlif aspektlərini əhatə edir. Məsələn, bir komissiya diskriminasiya problemləri, digəri qadın və ya uşaqların problemləri ilə məşğul ola bilər. Bununla belə elə komissiyalar da vardır ki, (məsələn, insan hüquqları ilə bağlı parlament komissiyası) onlar konstitusiyada əks olunmuş bütün hüquqlara dair pozuntulara baxa bilir.

Göründüyü kimi insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində belə komissiyalar ciddi rol oynaya bilərlər və bir çox ölkələrdə bu qurumların rolu olduqca böyükdür. Bununla belə nəzərə almaq lazımdır ki, belə komissiyalar bir qayda olaraq qərar qəbul etmək səlahiyyətinə malik olmurlar. Onların tövsiyyələri hüquqi dövlətlərdə ciddi əhəmiyyətə malik olmasına baxmayaraq demokratik ənənələrin zəif olduğu ölkələrdə diqqətdən kənarda qala bilər. Belə olan halda insan hüquqlarının müdafiəsində daha effektiv rol oynaya biləcək digər təsisatların yaradılması zərurəti ortaya çıxır.

Belə təsisatlardan biri də Ombudsman institutudur.

Çoxəsrlik tarixə malik olan, son otuz ildə isə populyarlaşaraq dünyanın əksəriyyət regionlarını əhatə etmiş və insan hüquqlarının müdafiəsində görünməmiş nailiyyətlər əldə etmiş bu fenomen - Ombudsman indi də Azərbaycana gəlir. Bu təsisat Azərbaycanın həyatına daxil olmaqdadır və yaxın dövrlərdə o reallığa çevriləcəkdir.


OMBUDSMAN TƏSİSATI HAQQINDA

İnsan hüquq və azadlıqlarına səmərəli təminat verən mexanizm və təsisatlardan biri olmaqla ombudsman təsisatının (insan hüquqları üzrə səlahiyyətli şəxs) rolu olduqca böyükdür.

Ombudsman təsisatının mənşəyi haqqında bir çox mülahizələr mövcuddur. Tarixin müxtəlif dönəmlərində bir çox ölkələrdə müasir Ombudsmanın fəaliyyəti ilə bu və ya digər şəkildə oxşarlıq təşkil edən təsisatlar mövcud olmuşdur. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu Ekspertlər Şurasının üzvü Reha Yılmaz Bu haqda yazır: "Ümumiyyətlə xalq müdafiəçisinin tarixi prosesdə yerinə baxdıqda dünyanın müxtəlif ölkələrində yerli xüsusiyyətlərə əsaslanan bu kimi bir çox təsisat mövcud olmuşdur. Bu baxımdan Çindəki Xan Xanədanlığı dövründə (e.ə. 220-206) Yuan Nəzarət Təşkilatı kimi ortaya çıxan təşkilatın, Roma mədəniyyətində Xalq Toplantıları, XVII əsrə gəlincə Amerika müstəmləkələrində Censors adlandırılan təşkilatın adını çəkə bilərik... Osmanlı dövləti dövlətçilik baxımından islam mədəniyyətində əhəmiyyətli bir yer tutur. Bu çərçivədə ombudsman təsisatının dövlət quruluşundakı yerinə baxdıqda bunun ekvivalenti kimi hakimlər hakimi mənasında anlaşılan "Kadıl Kudatlıq" irəli sürülə bilər. XII Karlın Osmanlı dövlətində məcburi yaşadığı zaman öyrəndiyi və özlərinə uyğunlaşdırılaraq İsveçdə yaradılmasını əmr etdiyi təşkilat, Kadıl Kudatlığın davamı olan Kazaskerlik təşkilatıdır"* Müəllifin arqumentləri olduqca güclüdür və bu təsisatın Avropaya gəlişi İsveç kralının Osmanlı dövlətində müvəqqəti yaşamasından sonra baş vermişdir.

Bununla belə müasir dünyada belə hesab olunur ki, müasir Ombudsman Təsisatı mənşə etibarı ilə XVI əsrdə İsveçdə yaranmış Baş Seneşal (drotsen) təsisatının (Baş Seneşal yüksək vəzifəli şəxs idi) davamıdır.

Ombudsman təsisatı haqqında danışarkən və müxtəlif ölkələrdə mövcud olan bu təsisatları təsnif edərkən ilk növbədə iki halı nəzərə almaq lazımdır. Birincisi Ombudsman təsisatının Məqsədləri, ikincisi isə Ombudsman təsisatının səlahiyyət və funksiyaları. Müxtəlif ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərən bu təsisatları bir - biri ilə eyniləşdirən də məhz bu iki xüsusiyyətin bu və ya digər şəkildə oxşar olmasıdır. Əksəriyyət ölkələrdə bu təsisat parlament tərəfindən seçilmiş səlahiyyətli şəxs tərəfindən idarə olunur və insan hüquqlarına əməl olunması ilə bağlı icra orqanları (bəzən həm də məhkəmə) üzərində nəzarəti həyata keçirir. Ümumiyyətlə bu təsisatın təyinatı, səlahiyyətləri ilə bağlı çoxsaylı müəyyənləşdirmələr vardır. Aşağıda onların bir qismini təqdim edirik. Beləliklə:

Klassik anlamda Ombudsman - dövlət orqanları məmurlarının fəaliyyəti ilə bağlı şikayətləri qəbul edən və bu şikayətləri araşdırdıqdan sonra qanun gücünə malik olmayan tövsiyyələr verən müstəqil vəzifəli şəxsdir. Yaxud,

 Ombudsman institutu - İcra (Administrativ) orqanların fəaliyyətinə parlament nəzarətini həyata keçirən təsisatdır (yaxud şəxs). Onun səlahiyyətinə - insanların əsas hüquq və azadlıqlarını müdafiə etmək və bu sahədə İcra orqanları üzərində cari nəzarəti həyata keçirmək kimi geniş funksiyalar daxildir.

Digər müəyyənləşdirmələr:
1972-ci il Britaniya ensiklopediyası tərəfindən verilən tərif: Ombudsman qanunverici orqanın müvəkkili olmaqla vətəndaşları bürokratik aparatın sui-istifadə hərəkətlərindən verdiyi şikayətləri araşdırmaq məqsədi ilə yaradılmışdır.

Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının tərifi:
Yüksək ranqlı vəzifəli və müstəqil ictimai şəxs tərəfindən rəhbərlik edilən və konstitusiyada və ya qanunverici orqanın aktında nəzərdə tutulmuş və bu orqan qarşısında məsul olan, dövlət orqanları, məmurlar və işəgötürənlər tərəfindən zərərə məruz qalmış şəxslərin təqdim etdikləri şikayətlər və ya öz mülahizələri ilə təhqiqatlar aparan, tənzimləyici fəaliyyət tövsiyyə edən və hesabat təqdim edən xidmətdir.

"Rusiya Federasiyası Konstitusiyası" Ensiklopedik lüğəti:
Parlament tərəfindən vətəndaşların qanuni hüquq və maraqlarına əməl olunması istiqamətində icra orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə nəzarət etmək üçün müvəkkil edilmiş şəxs. Və s.

Az qala iki yüz il diqqətdən kənarda qalmış bu təsisat son onilliklər ərzində "müzəffər yürüş" edərək dünyanın bir çox ölkələrində fəaliyyətə başlamışdır.

Son onillikdə isə ombudsman təsisatı və müstəqil ombudsman ideyası Şərqi Avropa ölkələrində də geniş yayılmağa başlamışdır. Şərqi Avropa ölkələri içərisində bu təsisatın yaradılması istiqamətində ən uğurlu addım Polşaya məxsusdur. Bu təsisat Polşada 1988-ci ildə yaradılmışdır və tez bir zamanda insan hüquqlarının müdafiəsi istiqamətində mühüm bir quruma çevrilmişdir.

Daha sonralar Polşanın nümunəsi əsasında digər Şərqi Avropa və Baltikyanı Respublikalarında da öz modellərinə uyğun olan analoji təsisatlar yaradıldı. Daha sonra isə bu proses postsovet respublikalarına da gəlib çatdı. Bu barədə bir qədər sonra.


TAM MƏTN ZİP FİLE-dadır

  

Sahib Məmmədov                   


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan