Print Version   Download Zip File

"AZADLIĞIN DÜSTURU"
Tərtibçi: Səidə Qocamanlı
Redaktorlar: Zərbalı İmanov,
Validə Babayeva
Tərcüməçilər: Rəna Əhmədova,
Etibar Məmmədov

 

HAKİMİYYƏT VƏ FƏRD (Məqalələr Toplusu)

Marek Novitski (Polşa)

İçindəkilər.

- İnsan Hüquqları Nədir?
- Hakimiyyət və Fərd
- QHT-nın fəaliyyət strategiyası
- İctimai maraqların müdafiəsi üzrə QHT-nin fəaliyyət növləri


* * *


İnsan Hüquqları Nədir?

İnsan hüquqları - fəlsəfə və hər şeydən əvvəl etika, hüquq və siyasi elmlərlə sıx bağlı olan bilik sahəsidir. Bu sahə müasir şəkildə ikinci dünya müharibəsindən sonra yaranmış olsa da, onun mənbəyini  qədim dövrlərdə, orta əsrlərdə və əlbəttə ki, İntibah dövründə axtarmalıyıq. Kommunizm dövründə insan hüquqları tədqiqat predmeti olmadığından heç bir yerdə tədris edilməmişdir. Lakin  "burjua insan hüquqları" adı altında bizə aşılanan Qərb ideyalarını  qəsdlə təhrif edərək, təbii ki, "sosialist" epiteti ilə tamamlanan "insan hüquqları" ifadəsi 70-80-ci illərdə meydana çıxmağa başladı..

90-cı illərdə insan hüquqları konsepsiyası Polşada geniş inkişaf etməyə başladı, lakin ictimai şüurun yarıməsrlik geriliyini aradan qaldırmaq üçün bir neçə il kifayət deyil, xüsusən də,  həm Polşa Xalq Respublikasının ideologiyası, həm də yenidənqurma dövrünün siyasətçiləri tərəfindən insan hüquqları ilə  bağlı olan terminlərin: demokratiya, sol partiyalar, sağ partiyalar və s. mənasının təhrifi hələ də bir sıra anlaşılmazlıqlar yaratmaqdadır.

Əsas anlayışların mənasını müəyyən etmədən söhbət aparmaq olmaz. Buna görə də ümumi qəbul edilmiş təyin təklif etməyə cəhd göstərmədən (həm də belə təyin yoxdur) insan hüquqları haqqında bizim diskussiyada istifadə etdiyimiz əsas anlayışları müəyyən etməyə çalışaq.

İlk şübhəni DEMOKRATİYA termini yaradır. Jurnalistlər tez-tez sual verirlər ki, əgər "artıq bizdə demokratiya hökm sürürsə", onda insan hüquqları ilə məşğul olmağın nə mənası? Onlar demokratiyanı əksəriyyətin hakimiyyəti ilə eyniləşdirirlər. Onların fikrincə, buna sübut - azad, düzgün seçkilərdir. Lakin, tarix göstərir ki, əksəriyyətin hakimiyyəti ayrı-ayrı insanlara və müxtəlif azlıqlara münasibətdə çox qəddar ola bilər. Sokrata ölüm hökmünü çıxaran məhz əksəriyyət oldu və çətin ki, biz belə hesab etmiş olaq  ki, bu Afinanın siyasi quruluşu haqqında yaxşı təsəvvür yaradır. Əgər biz, bir qrup insandan  onların özünü, ya da onların vəziyyətini xarakterizə edən 10 və ya 20 əlamətin siyahısını tutmağı xahiş etsək, məlum olacaq ki, belə siyahılarda üstünlüyü azlıqlar üçün xarakterik olan cəhətlər təşkil edir. Əksəriyyət isə adətən azlıqların problemlərinə biganədir. Hətta bəzi problemlər  əksəriyyətdə düşmənçilik mövqeyi yaradır. Deməli, əksəriyyətin qeyri-məhdud hakimiyyəti ayrı-ayrı şəxslər və qruplar üçün təhlükə yaradır. Buna görə də bizim anlamda demokratiya - əksəriyyətin məhdudlaşdırılmış hakimiyyətidir, ayrı-ayrı insanlara şamil olan bütün hüquq və azadlıqlarla məhdudlaşan hakimiyyətdir. Əksəriyyətin bu hüquq və azadlıqları pozmaq hüququ yoxdur. Beləliklə, insanın hüquq və azadlıqları əksəriyyətin iradəsini məhdudlaşdırır.

Məhdud hakimiyyət prinsipi çox vaxt konstitusion prinsipi adlandırılır. Bizim dövrdə bu prinsip Konstitusiyanın insan hüquqları və azadlıqları haqqında fəsillərdə öz əksini tapır. Həmin fəsillər ilk növbədə, qanunvericinin hakimiyyətini məhdudlaşdırır, çünki parlament üzvləri əllərini qaldırmaqla  sabah  bütün oğruların edam olunmalarına, Polşadan qaraçıların qovulmasına, yaxud torpaq sahiblərindən torpağı alacaqlarına səs verə bilməzlər. Beləliklə, demokratik cəmiyyətdə insan hüquq və azadlıqları əksəriyyətin hakimiyyətinin sərhədlərini müəyyənləşdirir.

İnsan hüquqları sahəsində həlledici anlayışlardan biri  Hüquqi Dövlət anlayışıdır. Polşada qüvvədə olan konstitusion müddəaların 1-ci maddəsinə görə "Polşa Respublikası - demokratik hüquqi dövlətdir". Hüquqi dövlət fərd və hakimiyyət arasında dəqiq, stabil və hamıya məlum olan oyun qaydalarının mövcud olduğu dövlətdir. Bu elə bir dövlətdir ki, orada hər bir insan artıq aydın müəyyən edə bilər ki, hakimiyyət onun davranışına necə reaksiya verə bilər. Çünki bu dövləti özbaşına məmurlar və vəzifəli şəxslər deyil, dəqiq qanun idarə edir.

Təbii ki, hüquqi dövlət heç də həmişə demokratik, və ya demokratik dövlət hüquqi dövlət deyil.

İnsan hüquq və azadlıqları  müstəsna olaraq fərdin dövlətlə münasibətlərinə aiddir. Bu həmin hüquqların şaquli adlandırılan təsiridir. İnsan hüquqları metodologiyası və terminologiyasını insanlar arasındakı münasibətlərə tətbiq etmək cəhdləri (bu hüquqların üfüqi adlandırılan təsiridir) özünü doğrultmadı və bu gün biz, insan hüquqlarından danışanda insan və dövlət arasındakı qarşılıqlı münasibətləri nəzərdə tuturuq. Və əgər ailə, məhəbbət, dostluq və ya qonşuluq bir sıra hüquq və vəzifələrin mənbəyi olsa belə, insan hüquqları anlayışı onlara tətbiq edilmir.

İnsan hüquqları kollektiv deyil. Onlar fərdi hüquqlardır və onların subyekti kimi  insan çıxış edir. Buna görə də insan hüquqları çərçivəsində siyasət predmeti olan azlıqların hüquqları haqqında yox  (bu kimi kollektiv hüquqa  misal kimi muxtariyyət hüququnu göstərmək olar), həmin azlıqlara mənsub olan fərdlərin hüquqları haqqında,  yaxud da müxtəlif qrup  əlillərin hüquqları haqqında deyil, hər bir əlilin ayrılıqda hüquqları haqqında danışmaq lazımdır. Bu qaydadan yeganə istisna 60-cı illərdə BMT-nin İnsan Hüquqlarına dair hər iki Beynəlxalq Paktına daxil edilmiş 1-ci maddədir. Həmin maddəyə əsasən "Bütün xalqların öz müqəddəratını təyin etmək hüququ vardır". Xalqların hüquqları fərdi hüquqlardan irəli gəlmir - bu hüquqlar tipik kollektiv hüquqlardır. Həmin maddə Beynəlxalq Pakta siyasi mülahizələrə əsasən daxil edilmişdir. Biz isə insan hüquqları haqqında danışarkən xalqın, ictimai sinfin və ya təbəqənin hüquqlarını deyil, ayrı-ayrı şəxslərin hüquqlarını nəzərdə tuturuq.

İnsan hüquqlarının iki əsas qrupu mövcuddur: maddi hüquqlar və prosessual hüquqlar.

Maddi hüquqlar insana mənsub olan konkret hüquq və azadlıqları: söz azadlığını, vicdan azadlığını, yaşayış yeri seçmə azadlığını, təhsil hüququnu və s. əhatə edir.

Prosessual hüquqlar insanın sərəncamına verilən təsir üsulları və onlarla bağlı olan institutlardır ki, insan onların köməyi ilə hakimiyyəti onun hüquqlarına riayət etməyə və yerinə yetirməyə məcbur edir.

Bu bölgü həmişə dəqiq olmur. Məsələn, bəzi hallarda məhkəmə baxışı hüququna maddi hüquq kimi (biz məhkəməyə digər şəxslə mübahisəmizi həll edəcək arbitr kimi müraciət etdikdə), digər hallarda ( biz məhkəməyə hüquqlarımızı pozan təşkilatdan şikayət verdikdə) isə prosessual hüquq kimi baxmaq olar.


TAM MƏTN ZİP FİLE-dadır

"AZADLIĞIN DÜSTURU"
Tərtibçi: Səidə Qocamanlı
Redaktorlar: Zərbalı İmanov,
Validə Babayeva
Tərcüməçilər: Rəna Əhmədova,
Etibar Məmmədov


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan