Print Version   Download Zip File

"AZADLIĞIN DÜSTURU" kitabıdan
Tərtibçi: Səidə Qocamanlı


Söz Azadlığı Azad Fikir Bazarı Olacaqmı?

Viyeslav Vatslavçek (Polşa)


Rus dissidenti Vladimir Bukovski bir vaxtlar demişdi: "Qərb fikir mübadiləsi, Şərq isə fikirlərin zorla qəbul etdirilməsi deməkdir". O, haqlı idimi?

Bu haqda düşünərkən yadıma dörd il əvvəl CNN kanalında, bir amerikalı tanışımla birgə izlədiyim "Cey Lino ilə bir axşam" televerilişini xatırlayıram. Aparıcının sayəsində bu tok-şou, ABŞ-ın hüdudlarından uzaqlarda belə böyük populyarlıq qazanmışdır. Söhbət gedən verilişdə Cey Lino küçədə iki qıza yaxınlaşıb, onlardan xristianlığın on ehkamı haqda bildiklərini soruşurdu. Artıq ilk baxışdan aydın idi ki, qızların bu sahədə bilikləri məhduddur. Onlar tərəddüd içində gülümsəyir, duruxur, söz tapmayıb yenə gülümsəyir, özləri haqda xoş təəssürat yaratmağa çalışırdılar. Lino onlara kömək etmək üçün heç olmasa bir ehkamı yada salmağı təklif edir. O zaman qızların biri ürəklənib cavab vermək istəyərkən, "Buyurun, xanım." deyə Lino onu ruhlandırırdı. "Söz azadlığı!", - deyə, qız sevincək cavab verir.

Lino bir anlığa heyrətdən susur, sonra isə artıq gülməyini saxlaya bilmir. Adətən o, tamaşaçıları güldürürdü. Bu dəfə isə başqa cür oldu. Hamı gülürdü, tamaşaçılar da, mənim amerikalı həmkarım da.

Şübhəsiz, bu tineycerlər "ağıl dəryaları" deyildilər. Lakin razılaşmalıyıq ki, gənc amerikalı qızın cavabı, təkcə bu xristian ölkəsində bəzilərini güldürən, bəzilərini isə hiddətləndirə biləcək cəhalətdən xəbər vermir. Bu cavab gənc qızın tərbiyə olunduğu mühitdə söz azadlığının böyük əhəmiyyətindən xəbər verirdi. Elə  bu səbəbdən də o, söz azadlığını ən mühüm ehkam hesab etmişdir.

Amerika qitəsində yaranan yeni dövlətin - ABŞ-ın tarixinin ilk çağlarında əmtəə bazarı fəaliyyət göstərirdi. 81 il əvvəl ilk dəfə orada azad fikir bazarı haqda danışmağa başlamışdılar. Bu anlayışı ilk dəfə Ali Məhkəmənin hakimi Oliver Uendell Holms  araya gətirmişdi ki, bu da 1919-cu ildə   "Abrahams Birləşmiş Ştatlara qarşı" məhkəmə prosesini araşdırarkən baş vermişdir (bax Hikmət Hacızadə, "Demokratiya gediləsi uzun bir yol", məqalə No-39 - red.).

Bu iş üzrə məhkum  olunan rusiyalı dörd gənc vətəndaş on ildən artıq idi ki, Birləşmiş Ştatlarda yaşayırdılar. Onlar ruspərəst və almanpərəst kommunistlər idi və Almaniya ilə müharibə zamanı ABŞ-ın siyasətinə zidd hərəkətlərdə ittiham olunurdular. İttiham olunanlar fəhlələri silah istehsalından çəkindirərək,  Birinci  Dünya müharibəsi zamanı  ABŞ-ın Rusiyaya qarşı intervensiyasına etiraz əlaməti olaraq  vərəqələr yaydıqlarına görə 20 il həbs cəzasına məhkum olunmuşlar. Ali Məhkəmə onlar barədə çıxarılan qərarları qüvvədə saxlamışdır.

Lakin məhkəmənin belə qərarı ilə hakimlərin hamısı razı deyildilər. Onlardan biri, Oliver Uendell Holms  xüsusi bir mülahizə ilə çıxış edirdi. Onun fikrincə, məhkumlar əqidələrinə, kommunizmə inandıqlarına görə məhkum olmuşlar ki, bu da onların cahilliyinə və inkişafdan uzaq olmalarına dəlalət edirdi. Lakin bu hal, hakimin fikrincə, işin nəticəsinə əsaslı təsir göstərməməli idi. Öz fikrini əsaslandıraraq, Holms yazırdı: "Zənnimcə, biz nifrət edib, dağıdıcı hesab etdiyimiz fikirlərə daimi diqqətimizi əldən verməməliyik. Nə olsun ki, bu fikirlər əsaslandırılmış və çox mühüm məramlarımız üçün real təhlükə yaradır və belə fikirlərin ifadəsinin qarşısını alaraq biz ölkəni xilas etmiş olarıq".

"Abrahams Birləşmiş Ştatlara qarşı" adlanan iş üzrə Holmsun fikri "azad fikir bazarı" nəzəriyyəsi adını aldı. Nəzəriyyəyə görə, bu cür təhlükəli fikirlərlə mübarizədə ən yaxşı vasitə onlara qarşı əks fikirlərlə çıxmaqdır. Qoy həqiqət qalib gəlsin.

Bəs azad fikir bazarı nəzəriyyəsi bütün fikirlərin həmin bazara yol tapmasını dəstəkləyirmi? Başqa sözlə desək, azad fikir bazarı son dərəcə azad olmalı, yoxsa azad söz naminə hər informasiya, rəy, yaxud nəzər nöqtəsi xatirinə mütləq müdafiə olunmalıdır?

Holms belə düşünmürdü. Onun fikrincə, bəzi hallarda bu azadlıq məhdudlaşdırılmalıdır ki, bunun da əsasında "öz xarakterinə görə konkret bir fikir aktual və real təhlükə yarada bilərmi ki, bunun da zərərli nəticələrinin qarşısını almaqda (ingiliscə: clear and present danger)  Konqressin haqqı olsun?" meyarı durur.

Təkrar edirəm, yalnız zərərli nəticələr yarada bilən aktual və real təhlükə, Holmsun fikrincə, söz azadlığını məhdudlaşdıran meyar ola bilər.

Zərərli nəticələrin aktual təhlükəsi anlayışı nə deməkdir?

Bunu ABŞ Ali Məhkəməsində 1927-ci ildə araşdırılan "Uitni Kaliforniyaya qarşı" prosesi zamanı hakim Lui Brandeys aydınlaşdırmağa çalışmışdır. Lui Brandeys demişdir: "Aktual və real təhlükənin mövcudluğunu aydınlaşdırmaq üçün, bir başa zorakılığın gözlənildiyini, yaxud belə bir zorakılığa çağırışın səsləndirildiyini sübut etmək lazımdır".

Luis Brandeys qeyd edirdi ki, inqilab yolu ilə Amerikaya müstəqillik qazandıran adamlar qorxaq olmayıb və intizamı azadlıqdan uca tutmayıblar. Luis Brandeysin fikrincə, fikirlərin ifadəsi nəticəsində ortaya çıxan təhlükə yalnız o halda real və aktual hesab edilir ki, "ehtiyat etdiyimiz təhlükə o qədər yaxındır ki, həqiqi diskussiyaya vaxt qalmır". Yox, əgər müzakirə yolu ilə saxtalığı, yalanı üzə çıxarıb şərin qarşısını almağa kifayət qədər vaxtımız varsa, əl atacağımız yeganə vasitə yalnız hərtərəfli diskussiya olacaq.

Təkrar etməyə dəyər ki, mübahisəli məsələlərdə həqiqət uğrunda mübarizədə ən düzgün üsul məcburi sükut yox, hərtərəfli diskussiyadır. Bu doğrudanmı belədir, yoxsa bunlar Luis Brandeysin gözəl arzularıdır?

Amerikalı hakim öz fikrini Ziqmund Freydin psixoanalizinin  dünyada artıq məşhurlaşdığından sonra söyləmişdir. Psixoanalitikin zənnincə, fikirlərin ən yanlış ifadəsi belə, zorakılıqdan və davakarlıqdan yaxşıdır. İlk dəfə məhz Freyd söyüşü sivilizasiyaya doğru addım hesab etmişdir: söyüş gərginliyi azaldır, döyülmə və ölüm hadisələrinin qarşısını alır. Həqiqətən inandırıcı tezis, özü də bunu  bədbinlikdə suçlandırılan Freyd irəli sürürdü!.

Avropaya nisbətən Freydin fikirləri bixeviorizmi psixologiyada inkişaf etdirən Amerikada az qəbul olunurdu. Sual doğur: biz cəmiyyətdə söz azadlığının əhəmiyyəti haqda psixoanalizin banisi Ziqmund Freydin və hakim Luis Brandeysin söylədikləri arasında yaxınlıq görmürükmü? ABŞ-ı yaradanlar haqqında hakim Brandeysin "Uitni Kaliforniyaya qarşı" prosesi ilə bağlı dediklərini də nəzərinizə çatdırıram: "Onlar bilirdilər ki, qaydalar insanlara onları pozduqlarına görə verilən cəza qarşısında qorxularına zəmanət verə bilməz. İnsanları ümiddən, təfəkkürdən ayırmaq təhlükəlidir. Qorxu - depressiyaya, depressiya isə nifrətə səbəb olur. Nifrət isə hakimiyyətin sabitliyinə təhlükə yaradır.  Ən təhlükəsiz yol - yanlış incikliklərin və təklif edilən əks-təsir üsullarının azad müzakirəsi yoludur. Və, ən nəhayət, pis məsləhətçilərdən ən yaxşı müdafiə, yaxşı məsləhətçilərin olmasıdır. İdrakın qüvvəsinə inam, ilk növbədə, özünü açıq müzakirədə büruzə verir".

Hakimlərdən Holms və Brandeys azad fikir bazarının nəzəriyyəsini formalaşdırdılar. Lakin bu nəzəriyyə Ali Məhkəmənin qərarlarında dərhal öz əksini tapmadı. Onların mövqeyi yalnız  60-cı illərdə, söz azadlığı məsələlərinin baxılmasında əsas kimi qəbul edilmişdir. Demək olar ki, bu sahədə ən mühüm iş 1964-cü ildə Ali Məhkəmə tərəfindən araşdırılan "Nyu-York Tayms" Sallivana qarşı" işi oldu.


TAM MƏTN ZİP FİLE-dadır

  

"AZADLIĞIN DÜSTURU" kitabıdan
Tərtibçi: Səidə Qocamanlı


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan