Print Version   Download Zip File

ALMANİYA FEDERATİV RESPUBLİKASININ KONSTİTUSİYASI
(23 may 1949-cu il)

PREAMBULA

Allah və insanlar qarşısında məsuliyyətini dərk edən, milli və siyasi birliyini qorumaq və birləşmiş Avropada bərabər hüquqlu üzv kimi bütün dünyada sülhə xidmət əzmilə hərəkət edən Alman xalqı, Baden, Bavariya, Bremen, Hamburq, Hessen, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalis, Şlezviq-Qolişteyn, Vürtemberq-Baden və Vürtemberq-Hopenzollern əyalətlərində,(1) keçid dövrü üçün, dövlət quruluşunun yeni qaydasını qoymaq məqsədilə, öz konstitusiya təsis etmə səlahiyyətinə əsaslanaraq, Almaniya Federativ Respublikası Konstitusiyasını qəbul etmişdir.

O, (alman xalqı) bu işdə iştirakları qadağan olunmuş almanlar adından da hərəkət etmişdir.(2)

Alman xalqı, bütövlükdə, öz taleyini sərbəst təyin edərək, Almaniyanın birlik və azadlığını tam gerçəkləşdirməyə çağırılır.

 

I BÖLMƏ

ƏSAS PRİNSİPLƏR

Maddə 1. 1) İnsanın şərəf və ləyaqəti toxunulmazdır. Hər bir səlahiyyətli dövlət orqanı və nümayəndəsi ona hörmət etməyə və onu qorumağa borcludur.

2) Alman xalqı, bu səbəblə, yer üzündə hər insan cəmiyyətinin, sülhün və ədalətin əsası olaraq insanın toxunulmaz və zaman keçdikcə dəyişilməz hüquqlarını tanıyır.

3)(3) Aşağıda göstərilən əsas hüquqlar bilavasitə tətbiq oluna bilən hüquq kimi, qanunverici, icra və məhkəmə orqanlarını özünə bağlayır.

Maddə 2. 1) Hər kəsin, başqalarının hüquqlarını pozmadığı, Konstitusiya qaydasına və ya əxlaq normalarına qarşı çıxmadığı müddətdə, öz şəxsiyyətini azad inkişaf etdirmə hüququ vardır.

2) Hər kəsin, yaşamaq hüququ və fiziki toxunulmazlıq hüququ vardır. Şəxsiyyət azadlığı toxunulmazdır. Bu hüquqlara, yalnız qanun əsasında müdaxilə oluna bilər.

Maddə 3. 1) Bütün insanlar qanun önündə bərabərdirlər.

2) Kişilər və qadınlar eyni hüquqludurlar.

3) Heç kimə onun cinsinə, soyuna, irqinə, dilinə, vətəninə və doğulduğu yerə, etiqadına, dini ya siyasi baxışlarına görə ziyan yetirilə, yaxud imtiyaz verilə bilməz.

Maddə 4. 1). Din və vicdan azadlığı, habelə dini və fəlsəfi baxışları açıqlama azadlığı toxunulmazdır.

2) Dini ehtiyacların sərbəst rəf edilməsinə təminat verilir.

3) Heç kim müharibə zamanında inancına zidd olaraq, silahlı xidmətə məcbur edilə bilməz. Təfərrüatlar, federal qanunla müəyyən edilir.

Maddə 5. 1) Hər kəs öz fikrini söz, yazı və rəsm yolu ilə sərbəst açıqlayıb yaymaq, hamıya açıq olan mənbələrdən maneəsiz informasiya əldə etmək hüququna malikdir. Mətbuat azadlığı, radio və kino vasitəsiylə informasiya vermək   azadlığı təminat altına alınır. Senzura qoyula bilməz.

2) Bu hüquqlar ümumi qanunların hökmləriylə, gəncliyin qorunması haqqındakı qanun müddəalarıyla və şəxsin şərəf hüququ ilə məhdudlaşdırılır.

3) Elm və sənət, araşdırma və tədris azaddır. Tədris azadlığı Konstitusiyaya sədaqət borcundan azad etmir.
 
Maddə 6. 1) Nikah və ailə dövlətin xüsusi himayəsi altındadır.

2) Uşaqlara qayğı və onların tərbiyəsi, ata-ananın təbii hüququ və ən birinci vəzifəsidir. Dövlət onların bu vəzifəni yerinə yetirməsinə nəzarət edir.

3) Uşaqları tərbiyə hüququna malik şəxslərin iradəsi əleyhinə, uşaqların ailələrindən ayrılmaları, yalnız qanuna əsaslanaraq və tərbiyə etməli olanlar bu vəzifələri yerinə yetirmədikdə, yaxud uşaqlar digər səbəblər üzündən sahibsiz qalmaq təhlükəsi altında olduqda mümkündür.

4) Hər ananın cəmiyyətin himayə və yardımına hüququ vardır.

5) Qanun, qeyri-qanuni nikahdan doğulmuş uşaqlara, fiziki və zehni inkişafları və cəmiyyətdəki vəziyyətləri baxımından, qanuni nikahdan doğulmuşlara verdiyi təminatları verir.

Maddə 7. 1). Məktəb təhsili bütünlüklə dövlətin nəzarəti altındadır.

2) Uşaqların din dərslərində iştirak edib etməyəcəklərinə qərar vermək, uşaqların tərbiyəsinə hüququ olan şəxslərin hüququdur.

3) Dinin tədrisi dünyəvi məktəblərdən başqa bütün dövlət məktəblərində məcburidir. Dini tədris dövlətin nəzarət hüququna xələl gəlməyəcək şəkildə, dini cəmiyyətlərin əsas prinsiplərinə uyğun olaraq keçirilir. Heç bir müəllim öz iradəsi əleyhinə din dərsi verməyə məcbur edilə bilməz.

4) Xüsusi məktəblər açmaq hüququ təminat altına alınır. Rəsmi məktəblər kimi fəaliyyət göstərəcək xüsusi məktəblər, dövlətin icazəsi ilə açılır və əyalətlərin qanunlarına tabedirlər. Tədris təşkilat baxımından, habelə pedaqoji personalın elmi ixtisaslığı baxımından rəsmi məktəblərdən geri qalmırsa və şagirdlərə münasibət onların valideynlərinin maliyyə vəziyyəti ilə ölçülmürsə xüsusi məktəblər açılmasına icazə verilir. Müəllimlərin iqtisadi və hüquqi vəziyyətlərinin kifayət dərəcədə təminat altına alınmamışsa, icazədən imtina edilir.

5) Xüsusi bir xalq məktəbi açılmasına yalnız, xalq təhsili İdarəsinin bunda xüsusi pedaqoji fayda olduğunu qəbul etməsi yaxud uşaqların tərbiyəsinə hüququ olanların tələbi üzrə, ümumi məktəb, dini və ya dünyəvi bir məktəb olaraq həmin icma daxilində bu növ xalq məktəbi olmaması halında icazə verilə bilər.
 
6) Hazırlıq məktəblərinin fəaliyyətinə qoyulan qadağan qüvvədə qalır.

Maddə 8. 1). Bütün almanların öncədən xəbər vermədən və icazə almadan, dinc niyyətlə və silahsız olaraq toplanma hüququ vardır.

2) Bu hüquq, açıq havada keçirilən toplantılar üçün, qanunla yaxud qanuna əsaslanaraq məhdudlaşdırıla bilər.

Maddə 9. 1). Bütün almanların dərnək və ittifaq yaratmaq hüququ vardır.

2) Məqsəd və ya fəaliyyətləri cəza qanununa zidd kələn, konstitusion quruluşa yaxud xalqların sazişə gəlməsi ideyasına qarşı olan dərnəklər qadağandır.

3) Əmək şəraitini və iqtisadi şəraiti qorumaq və yaxşılaşdırmaq məqsədilə birliklər yaratmaq hüququ hər kəs və bütün peşələr üçün təminat altına alınmışdır. Bu hüququ məhdudlaşdırmağa yaxud onun həyata keçməsinə mane olmağa yönələn müqavilələr etibarsızdır və bu sahədə görüləcək tədbirlər qanuna ziddir. 12a, 35 (2 və 3-cü abzaslar), 87a (4-cü abzas) və 91-ci maddələrə uyğun olaraq görülən tədbirlər bu abzasın birinci cümləsində göstərilən birliklərin əmək şəraitini və iqtisadi şəraiti qorumaq və ya yaxşılaşdırmaq üçün edəcəkləri çıxışlara qarşı yönələ bilməz.(4)


TAM MƏTN ZİP FİLE-dadır

ALMANİYA FEDERATİV RESPUBLİKASININ KONSTİTUSİYASI
(23 may 1949-cu il)


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan