Print Version   Download Zip File

Azərbaycan Respublikasının
Konstitusiyası (2002-ci il)


Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir.


Birinci bölmə

Ümumi müddəalar

I FƏSİL

Xalq hakimiyyəti


Maddə 1. Hakimiyyətin mənbəyi

I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.


Maddə 2. Xalqın suverenliyi

I. Sərbəst və müstəqil öz müqəddaratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.


Maddə 3. Ümumxalq səsverməsi - referendum yolu ilə həll edilən məsələlər

I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.

II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:

1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:

1) vergilər və dövlət büdcəsi;

2) amnistiya və əfv etmə;

3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.


Maddə 4. Xalqı təmsil etmək hüququ

Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.


Maddə 5.  Xalqın vahidliyi

I. Azərbaycan xalqı vahiddir.

II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.


Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi

I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

II FƏSİL

Dövlətin əsasları


Maddə 7. Azərbaycan dövləti

I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

- Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

- İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

- Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.


TAM MƏTN ZİP FİLE-dadır

Azərbaycan Respublikasının
Konstitusiyası (2002-ci il)


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan