Print Version   Download Zip File

Qanun Nəşriyyatı
Layihənin Direktoru:
Şahbaz Xuduoğlu


İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA AVROPA KONVENSİYASI

1953-cü il sentyabrın 3-də qüvvəyə minib


Ümumi Bəyannamədə  21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş 3 saylı Protokolun, 20 dekabr 1971-ci ildə qüvvəyə minmiş 5 saylı Protokolun, 1 yanvar 1990-cı ildə qüvvəyə minmiş 8 saylı Protokolun, 1 noyabr 1997-ci ildə qüvvəyə minmiş 11 saylı Protokolun müddəalarına uyğun olaraq dəyişdirilən və eləcə də 2 saylı Protokolun 5-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq həmin Protokolun mətnini özündə ehtiva edən mətn 21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş Konvensiyanın tərkib hissəsidir.


Roma, 4 noyabr 1950-ci il


Avropa Şurasının üzvləri olub, bu Konvensiyanı imzalayan Hökumətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 dekabr 1948-ci ildə elan olunan İnsan Hüquqlarının Ümumi Bəyannaməsini nəzərə alaraq,

Bu Bəyannamənin, onda elan olunan hüquqların hamılıqla və səmərəli tanınmasını və həmin hüquqlara əməl edilməsini təmin etmək məqsədinə malik olduğunu nəzərə alaraq,
 
Avropa Şurasının məqsədinin onun üzvləri arasında böyük birliyə nail olmasının mümkün  olduğunu, insan hüquqlarının və əsas azadlıqlarının təsdiqinin və sonradan realizəsinin bu məqsədə nail olmasının vasitələrindən biri olduğunu nəzərə alaraq,
 
Bütün dünyada ədalətin və sülhün əsası olan, əməl edilməsi başlıca olaraq, bir tərəfdən hüquqi demokratik sistemdən, digər tərəfdən isə insan hüquqlarının ümumi şəkildə dərk edilməsindən və onlara əməl edilməsindən asılı olan bu əsas azadlıqlara yaxından tərəfdar çıxdığını yenidən təsdiq edərək,

Vahid baxışlara tərəfdar çıxan, siyasi ənənələrin və idealların ümumi irsinə malik olan, azadlıqlara və hüququn aliliyinə hörmət edən, nəzərdə tutulan hüquqlardan bəzilərinin kollektiv surətdə həyata keçirilməsi yolunda ilk addımlar atan Avropa ölkələrinin hökumətləri kimi tam qətiyyətlə, aşağıdakılar haqqında razılığa gəlmişlər:                                                

Maddə 1

Ortaq Yüksək Tərəflər, onların yurisdiksiyasında yerləşən hər bir insanın bu Konvensiyanın I-ci bölməsində müəyyən edilən hüquq və azadlıqlarını təmin edirlər.


I BÖLMƏ


Maddə 2

1. Hər bir insanın həyat hüququ qanunla mühafizə olunur. Cəzalandırılması qanunla nəzərdə tutulmuş cinayətin törədilməsinə görə məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından başqa, heç kəs qəsdən həyatdan məhrum edilə bilməz.

2. Aşağıdakı mütləq zərurətlə əlaqədar güc tətbiq edilməsi nəticəsində həyatdan məhrum etməyə bu maddənin pozulması kimi baxılmır:

a) hər hansı şəxsin qanunsuz zorakılıqdan müdafiəsi üçün;

b) qanuni həbsin (həyata keçirilməsi) və ya qanuni əsaslarla tutulub saxlanılmış şəxsin qaçışının qarşısının alınması üçün;

c) iğtişaşın və ya qiyamın qanuna uyğun surətdə yatırılması üçün.

Maddə 3

Heç kəs işgəncələrə, qeyri-insani rəftara və ya ləyaqətini alçaldan cəzaya məruz qalmamalıdır.

Maddə 4

1. Heç kəs köləlikdə və ya məcburi vəziyyətdə saxlanılmamalıdır.

2. Heç kəs məcburi və ya icbari əməyə cəlb edilməməlidir.
 
3. "Məcburi və ya icbari əmək" termini bu maddənin məqsədlərinə aşağıdakıları daxil etmir:

a) bu Konvensiyanın 5-ci maddəsinin müddəalarına uyğun olaraq həbsdə olan, və ya belə həbsdən şərti olaraq azad edilən şəxsin, adətən, yerinə yetirməli olduğu hər cür işi;

b) hərbi xarakterli hər cür xidməti, dini-etik motivlərə görə hərbi xidmətdən imtinanın qanuni imtina qismində tanındığı ölkələrdə məcburi hərbi xidmət əvəzinə nəzərdə tutulan xidməti;

c) fövqəladə vəziyyət və ya əhalinin həyatına və ya əmin-amanlığına təhlükə yaradan fəlakət vaxtı hər cür məcburi xidməti;

d) adi vətəndaşlıq vəzifələrinə daxil olan hər cür işi və ya xidməti.


Maddə 5

1. Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Bununla müəyyən edilən aşağıdakı hallardan və qaydadan başqa, heç kəs azadlıqdan məhrum edilə bilməz:

a) səlahiyyətli məhkəmə tərəfindən şəxsin təqsirli bilinməsi əsasında onun qanuni olaraq tutulub saxlanması;

b) şəxsin, məhkəmənin qanuni qərarını yerinə yetirməməsinə görə və ya qanunla nəzərdə tutulan hər hansı vəzifəni yerinə yetirməsinin təmini məqsədilə qanuni həbs olunması və ya tutulub saxlanması;

c) şəxsin, hüquq pozuntusu törətməklə əsaslandırılmış şübhə üzrə səlahiyyətli məhkəmə orqanı qarşısında dayanması ilə əlaqədar və ya onun törətdiyi hüquq pozuntusunun qarşısının alınması zəruriliyinə güman etməyə, yaxud onu törətdikdən sonra gizlənməsinə mane olmağa əsaslar olduğu halda qanuni həbs olunması və ya tutulub saxlanması;

d) həddi-buluğa çatmamış şəxsin tərbiyəvi nəzarət üçün qanuni qərar əsasında və ya onun səlahiyyətli orqan qarşısında dayanmasından ötrü qanuni surətdə tutulub saxlanması;

e) şəxsin yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədilə, habelə ruhi xəstələrin, alkoqoliklərin və ya avaraların qanuni surətdə tutulub saxlanması;

f) şəxsin, ölkəyə qeyri-qanuni gəlişinin qarşısını almaq məqsədilə qanuni həbs olunması və ya tutulub saxlanması, yaxud əleyhinə sürgün etmə, və ya vermə tədbirləri tətbiq edilən şəxsin qanuni həbs olunması və ya tutulub saxlanması;

2. Həbs olunmuş hər bir şəxsə ona aydın olan dildə həbsinin səbəbləri və elan edilmiş hər cür ittiham barədə dərhal məlumat verilir.

3. Həbs olunan hər bir şəxs bu maddənin 1(v) bəndinin müddəalarına uyğun olaraq dərhal məhkəməyə və ya qanunla məhkəmə funksiyalarını həyata keçirmək səlahiyyətinə və lazımi müddət ərzində məhkəmə araşdırması, yaxud məhkəməyədək azad etmək hüququna malik olan digər vəzifəli şəxsin yanına gətirilir. Azadetmə məhkəməyə gəlmə təminatının verilməsindən asılı olaraq meydana çıxa bilər.

4. Azadlıqdan məhrum edilmiş hər bir kəsə həbsdə və ya həbs altında saxlama nəticəsində araşdırma hüququ verilir. Araşdırma gedişində məhkəmə onun tutulub saxlanmasının qanuniliyi haqqında məsələni təxirə salmadan həll edir və ya tutub saxlama qanunsuz olduqda, onun azad edilməsi barədə qərar çıxarır.

5. Bu maddənin müddəalarının pozulması ilə aparılan həbsin və ya tutub saxlamanın qurbanı olan hər bir kəs iddia qüvvəsinə malik kompensasiya hüququ əldə edir.

 

TAM MƏTN ZİP FİLE-dadır

Qanun Nəşriyyatı
Layihənin Direktoru:
Şahbaz Xuduoğlu


1 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan