Print Version   Download Zip File

Siyasi Biliklərin Əsasları
"İNAM" Plüralizm Mərkəzi,
Layihənin Rəhbəri: Vahid Pərviz
Elmi Redaktor: Rasim Musabəyov

 

BMT- nin Milli,  yaxud  Etnik, Din və Dil Azlıqlarına
Məxsus  Şəxslərin Hüquqları Haqqında Bəyannaməsi.

 


BAŞ MƏCLİS

Birləşmiş Millətlər Təşkilatı öz nizamnaməsində elan etdiyi əsas məqsədləri: irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, insanın əsas hüquqlarını və azadlıqlarını təsdiq edərək, onların təşviqini və inkişafını təqdir edir.

Bir daha insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərinə, kişilərlə qadınların hüquq bərabərliyinə, böyük və kiçik millətlərin bərabərliyinə və birgə yaşayışına inamını bildirir.

BMT-nin nizamnaməsinin prinsiplərinin, İnsan Hüquq Haqqında Ümumi Bəyannamənin, "Genosid cinayətinin baş verməsi barədə xəbərdarlıq və onu törədənlərə qarşı cəza tədbirləri haqqında" Konvensiyanın, "İrqə görə hüquq pozuculuğunun bütün formalarının ləğvi haqqında" Beynəlxalq Konvensiyanın, İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, "Dinə, yaxud inamına görə hüquq pozuculuğunun bütün formalarına yol verilməməsi haqqında" Bəyannamənin, Uşaq Hüquqları haqqındakı Bəyannamənin, eləcə də ümumdünya və yaxud regional səviyyədə qəbul olunmuş sənədlərin, BMT-nin üzvü olan ayrı-ayrı dövlətlər arasında bağlanan müqavilələrin həyata keçirilməsinə çalışır;

Etnik, din və dil azlıqlarına aid şəxslər üçün nəzərdə tutulmuş Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsini əldə rəhbər tutur;

Milli, yaxud etnik, dil və din azlıqlarına mənsub şəxslərin hüquqlarının təşviq edilməsi və qorunmasını onların yaşadıqları dövlətlərdə siyasi və sosial stabilliyin əsası sayır;

Milli, yaxud etnik, dil və din azlıqlarına mənsub olan şəxslərin hüquqlarının mütəmadi olaraq təşviq olunması və həyata keçirilməsi, onların demokratik çərçivələrdə qanunun aliliyi əsasında cəmiyyətin inkişafının tərkib hissəsi sayılması xalqlar və dövlətlər arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə səbəb olacağını qeyd edir;

BMT-nin azlıqların müqəddəratı ilə bağlı məsələlərin həllində əsas rol oynamasını vacib sayır;

İndiyədək BMT sistemi çərçivəsində, eləcə də İnsan Hüquqları üzrə Komissiyada, Azlıqların Hüquq Pozuculuğu üzrə Xəbərdarlıq yarımkomissiyalarında, həmçinin insan hüquqlarını və azlıqların milli, yaxud etnik, dil və din sahəsində onların hüquqlarını təşviq və müdafiə edən başqa beynəlxalq müqavilələrin yerinə yetirilməsini məqbul sayır;

Milli,yaxud etnik, dil və din azlıqlarına mənsub şəxslərin hüquqlarının təşviq olunması və qorunması sahəsində dövlətlərarası və qeyri- dövlət təşkilatlarının gördüyü işlərin əhəmiyyətini qeyd edir;

Milli,yaxud etnik, dil və din azlıqlarına mənsub şəxslərin beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüquqlarının daha səmərəli həyata keçirilməsinin vacibliyini etiraf edir;

Milli, yaxud dil və din azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında bu Bəyannaməni elan edir:

MADDƏ 1

1. Milli, yaxud etnik, mədəniyyət, dil və din azlıqlarının özünəməxsusluğunu dövlətlər öz ərazilərində qoruyaraq, həmin xüsusiyyətlərin daha da inkişaf etdirilməsi hallarını təşviq edir.

2. Dövlətlər bu məqsədə nail olmaq üçün lazımi qanunlar qəbul edir və başqa tədbirlər görür.

MADDƏ 2

1. Milli, yaxud etnik, dil və din azlıqlarına mənsub olan şəxs (gələcəkdə milli azlıqlara mənsub şəxslər adlanacaq), öz milli mədəniyyət dəyərlərindən istifadə etmək, öz dinlərinə etiqad göstərmək və dini mərasimlərini keçirmək, eləcə də öz ana dilindən həm şəxsi həyatında, həm də ictimai yerlərdə heç bir təzyiqə məruz qalmadan istifadə edə bilər.

2. Azlığa mənsub olan şəxslər dövlətin mədəni, dini, ictimai və iqtisadi həyatında fəal iştirak edə bilərlər.

3. Azlığa mənsub olan şəxslər milli qanunvericiliyə zidd olmayan ümumxalq səviyyəsində, hətta lazım gələrsə, onların mənafeyi ilə bağlı regional səviyyədə qərarların qəbul olunmasında iştirak etmək hüququna malikdirlər.

4. Azlığa mənsub olan şəxslər öz assosiasiyalarını yarada və  onun fəaliyyətini təşkil edə bilərlər.

5. Azlığa mənsub olan şəxslər hər hansı bir hüquq məhdudiyyətinə yol verilmədən öz milliyyətlərinə aid olan qrupların nümayəndələri ilə,  eləcə də başqa dövlətlərin ərazilərində yaşayan və onlarla milli,  etnik, dil və din bağlılığı olan azlıqlarla müstəqil sülh  müqavilələri bağlaya bilərlər

MADDƏ 3

1. Azlığa mənsub olan şəxslər öz hüquqlarını, eləcə də bu Bəyannamədə nəzərdə tutulan hüquqları heç bir hüquqi məhdudiyyətə məruz qalmadan həm fərdi şəkildə, həm də qrupun başqa üzvləri ilə birgə həyata keçirə bilərlər.

2. Öz hüquqlarından və bu Bəyannamədə göstərilən hüquqlardan lazımınca istifadə edən azlıqlara və onların nümayəndələrinə hər hansı bir formada və qaydada heç bir məhdudiyyət qoyulmur.

MADDƏ 4

1. Azlıqlara mənsub şəxslərin bütün insani hüquqlarını və əsas azadlıqlarını daha səmərəli  şəkildə həyata keçirərkən hər hansı bir qanun pozuculuğuna yol verilməməsinə, eləcə də qanun qarşısında hamının tam bərabərliyinin təmin edilməsi üçün dövlətlər lazım gələn bütün tədbirləri görürlər.

2. Dövlətlər azlıqlara mənsub şəxslərə elə əlverişli şərait  yaradır ki, onlar özünəməxsus xüsusiyyətləri təzahür etdirərək öz  mədəniyyətlərini, dillərini, dinlərini, adət və ənənələrini daha da  inkişaf etdirsinlər. Fəqət onların bu fəaliyyəti  milli  qanunvericiliyi və beynəlxalq normaları pozmamalı, onlarla ziddiyyət  təşkil etməməlidir.

3. Dövlətlər belə tədbirləri o zaman görürlər ki, azlıqlara mənsub şəxslər bunları öz ana dillərində həyata keçirmək iqtidarında olsunlar.

4. Dövlətlər lazım gələrsə, təhsil sahəsində elə tədbirlər  görməlidirlər ki, ölkə ərazilərində yaşayan azlıqlar öz tarixlərini,  adət-ənənələrini, dillərini və mədəniyyətlərini daha yaxşı öyrənə  bilsinlər. Onlar həmçinin bütövlükdə cəmiyyət tərəfindən toplanmış  bilikləri də mənimsəməyə qadir olmalıdırlar.

5. Dövlətlər elə lazımi tədbirlər görməlidirlər ki, azlıqlara mənsub olan şəxslər ölkənin iqtisadi tərəqqisində və inkişafında bütün bacarıqları ilə iştirak etsinlər.

MADDƏ 5

1. Milli siyasət və proqram elə planlaşdırılıb aparılmalıdır  ki, onlarda azlıqlara mənsub olan şəxslərin qanuni maraqları  tamamilə öz əksini tapmış olsun.

2. Dövlətlərarası əməkdaşlıq və qarşılıqlı kömək proqramları elə planlaşdırılmalıdır ki, onlarda azlıqlara mənsub şəxslərin maraqları da öz əksini tapsın.

MADDƏ 6

Qarşılıqlı anlaşmanı və etibarı təşviq etmək məqsədilə dövlətlər öz aralarında azlıqlarla əlaqədar məsələlər sahəsində də təcrübə və informasiya mübadiləsi aparmalıdırlar.

MADDƏ 7

Dövlətlər bu Bəyannamədə nəzərdə tutulan hüquqlara hörmətlə  yanaşdıqlarını və onları təşviq etdiklərini göstərərək səmərəli  əməkdaşlıq etməlidirlər.

MADDƏ 8

1. Bu Bəyannamədə azlıqlarla əlaqədar dövlətlərin beynəlxalq öhdəçiliklərinə mane olan heç nə yoxdur. Əksinə, dövlətlər iştirakçısı olduqları beynəlxalq müşavirələrdə öz öhdələrinə götürdükləri öhdəçilik və vəzifələri, bağladıqları müqavilələri,  əldə etdikləri razılaşmaları vicdanla yerinə yetirməlidirlər.

2. Bu Bəyannamədə həyata keçirilməsi elan edilən hüquqlar hamı tərəfindən qəbul olunan insan hüquqlarının və əsas azadlıqlarının yerinə yetirilməsinə heç bir xələl gətirmir.

3. Bu Bəyannamədə nəzərdə tutulan hüquqların daha səmərəli həyata keçirilməsi üçün dövlətlərin gördüyü tədbirlər  İnsan Hüquqları  haqqında Ümumi Bəyannamədə nəzərdə tutulan prinsiplərlə heç bir  ziddiyyət təşkil etmir.

4. Bu Bəyannamədə nəzərdə tutulan müddəalar BMT-nin əsas  məqsəd və prinsipləri ilə dövlətlərin suverenliyi, bərabərliyi, ərazi  bütövlüyü və siyasi müstəqilliyi prinsiplərinin əksinə getmir.

MADDƏ 9

BMT-nin orqanları və ixtisaslaşdırılmış müəssisələri öz səriştələri daxilində bu Bəyannamədə təsbit edilmiş hüquq və prinsiplərin  tamamilə həyata keçirilməsinə tam şərait yaradır və onlara daha da  kömək edir.

* * * 
.

 

 

Siyasi Biliklərin Əsasları
"İNAM" Plüralizm Mərkəzi,
Layihənin Rəhbəri: Vahid Pərviz
Elmi Redaktor: Rasim Musabəyov


1 -2 -

All Materials From This Site Can Be Used Only For Educational Purposes
All Rights Reserved � FAR CENTRE-2002, Baku-Azerbaijan